Prezident “Bakı KOB evi”nin açılışında iştirak etdi. Prezidentlə xanımı Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov paytaxtın Nərimanov rayonunda yerləşən “Bakı KOB evi” barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, sayca 3-cü olan “Bakı KOB evi”nin ümumi sahəsi 11 min 262 kvadratmetrdir. Üçmərtəbəli binanın ilk iki mərtəbəsi sahibkarlara xidmət göstərilməsi, üçüncü mərtəbə isə işçi heyət üçün nəzərdə tutulub. “Bakı KOB evi” gün ərzində beş min sahibkara xidmət göstərmək potensialına malikdir. Binada yaradılmış görüş, təlim, startap, mediasiya otaqları və konfrans zalı da sahibkarların xidmətində olacaq.

“Bakı KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətlər göstəriləcək. Sahibkarlar fəaliyyət üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulma, bank, sığorta və digər məsələlərlə bağlı “Bakı KOB evi”nə müraciət edə bilərlər. Bununla yanaşı, “Bakı KOB evi”ndə yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında gömrük və idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər də təqdim ediləcək.

Diqqətə çatdırılıb ki, KOB evləri sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi vahid məkandır. Burada xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir.

Hazırda fəaliyyətdə olan Xaçmaz və Yevlax KOB evlərində indiyədək sahibkarlara 170 mindən çox xidmət göstərilib ki, bu xidmətlərin 165 mindən çoxu dövlət-biznes (G2B), 9 minə yaxını isə biznes-biznes (B2B) xidmətləridir. Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98 faizdir.

Qeyd edək ki, Azərbaycanın davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkarlığın, xüsusilə kiçik və orta biznesin rolunun artırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Ölkəmizdə özəl sektorun inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlərin davamı olaraq dövlətimizin başçısının 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb.

KOBİA tərəfindən sahibkarlara informasiya, məsləhət, təlim-tədris, maraqların müdafiəsi, bazarlara və maliyyə resurslarına çıxışın yaxşılaşdırılması, dövlət və özəl qurumlarla əlaqələndirmə və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir. Bu dəstək və xidmətlər KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən geniş infrastruktur şəbəkəsi – KOB dostları, KOB inkişaf mərkəzləri və KOB evləri vasitəsilə həyata keçirilir. Belə ki, KOB inkişaf mərkəzləri KOB-ların biznes biliklərini artırmaq üçün ödənişsiz olaraq informasiya, məsləhət, təlim və biznes planın hazırlanması xidmətlərini təklif edir. Ölkənin regionlarında KOB-ların maraqlarının müdafiəsi, lazımi dəstək və xidmətlərə çıxışı 38 şəhər və rayonda fəaliyyət göstərən “KOB dostu” şəbəkəsi vasitəsilə reallaşdırılır.

Bundan başqa, KOBİA tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir, daxili bazar araşdırmasının aparılmasına, təhsil, elm, tədqiqat və dəstək layihələrinə maliyyə dəstəyi göstərilir, onların ödənişsiz olaraq sərgilərdə iştirakına və ticarət şəbəkələrinə çıxışına dəstək təmin olunur.

Prezidentlə xanımı Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, “STEAM İnnovasiya Mərkəzi”nin dördmərtəbəli yeni binasında aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları mövcuddur.

Qeyd edək ki, müasir dünya reallıqları gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yetişməsi üçün təhsil qarşısında bir çox mühüm vəzifələr qoyur. Həyatın bütün sahələrində işlərin yeni dünya düzəninə uyğun qurulması üçün təhsil ocaqlarında öyrənmək maraqlı olmalı, bilik təcrübədə tətbiq edilməli, təlim maraqlı formada keçilməlidir. Yəni, bu günün məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Elə bu məqsədlə də Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verib. STEAM – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. Hazırda ölkəmizin bir sıra məktəblərində STEAM otaqları və mərkəzləri fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, “STEAM Azərbaycan” layihəsinin davamı olan “STEAM İnnovasiya Mərkəzi”nin fəaliyyəti orta məktəblərdə eyniadlı mövcud mərkəzlərin tədris proqramına görə fərqlənir. Bu Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəblilər və tələbələr XXI əsr bacarıqlarını – kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər. Uşaqlar real həyat problemləri ilə qarşılaşdıqda, STEAM metodu vasitəsilə onun rahatlıqla ən uyğun həlli yollarını tapmağa çalışacaq və yaradıcı yanaşmalarını nümayiş etdirəcəklər.

Məlumat verilib ki, bu Mərkəzin məqsədi şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. STEAM tədris üsulu müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələrini verəcəklər.

Bu Mərkəzin yaradılması dövlətimiz tərəfindən ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir