Tarix Əliyevlə Aydın Xan Əbilovun qarşıdurması. Tolik aparıcıları “topa tutdu”… “Bu sözləri Tolikdən gözləməzdim…”

Tolik aparıcıları “topa tutdu”: “Camaatın anasını gətirib…”

Son gündər tanınmış kulturoloq Aydın Xan Əbilovla vəkil Şəfiqə Məmmədova arasında demək olar ki, hər gün efirdə qalmaqal yaşanır. 

Ekspertlərin son qalmaqalına səbəb kulturoloqun “Ümid ilə gəl” verilişində “ictimai nəqliyyatda yaşlılara, hamilə qadınlara yer verməyin” fikirlərini səsləndirməsi olub. 

Onların efirdə yaşadığı qalmaqallar tez-tez sosial şəbəkələrdə paylaşılaraq müzakirə mövzusuna çevrilir. 

Bəzi tamaşaçılar isə bu qalmaqalların şou xarakterli olduğunu iddia edir, davaların reytinqi qaldırmağa xidmət etdiyini deyirlər. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Ümid ilə gəl” verilişinin aparıcısı, prodüser Tarix Əliyev (Tolik) vəkil Şəfiqə Nağıyevanın reklama ehtiyacı olmadığını bildirib:

“Şəfiqə Nağıyevanın reklama ehtiyacı yoxdur, bəlkə, Aydın Xan müəllimin buna ehtiyacı var, ona görə özü edir, bilmirəm. Amma Aydın Xan müəllim bir ictimai xadim, alim kimi bizim verilişimizə gəlir, ona hörmətim də var. Amma səsləndirdiyi fikirlər qalmaqallıdır, şəxsən mən özümü bilə-bilə camaata söydürmərəm. Əgər Aydın Xan müəllim bunu bilə-bilə edirsə, deməli, onun problem var, nolsun ki, mənim efirimə gəlir? Hətta mən bundan narazıyam”. 

Tolik digər sosial mövzulu verilişlərdən fərqli olaraq, efirdə şou yaratmadığını qeyd edib: 

“Aydın Xan müəllim mənim ekspertimdir, kulturoloqdur, ona çox böyük hörmətim var, amma səsləndirdiyi ifadələr onun xoşuna gəlirsə və bunu deyirsə, bu onun şəxsi fikridir. Mən verilişimdə digər verilişlərdən fərqli olaraq şou yaratmıram. Mənim verilişimdə bu günə qədər bir qadının ürəyi gedib, onun da qarşısını almışam. İstəsəm, gündə 10 nəfərin efirdə ürəyi gedər. 5 aya yaxındır ki, sosial mövzulu veriliş aparıram, bu çox adama yer eləyib, amma bilin ki, efirdə oyun qurmuram. Yanıma bir şikayətçi gəlib, 19 gündür ki, xanımın qızı yoxdur, mən 1 saatın içində zəng vurmuşam, məsələ nədir öyrənmişəm, bilirəm. Mən o biri aparıcılar kimi, camaatın anasını efirə gətirib aylarla ağlatmıram. Onlardan üstünlüyüm odur ki, aktyorluğu bacarmıram”. 

https://www.yenisabah.az/tolik-aparicilari-topa-tutdu-camaatin-anasini-getirib

Aydın Xan Əbilov: “Bu sözləri Tolikdən gözləməzdim” – “Savadı, düynyagörüşü, səviyyəsi olmayan…”

Son gündər tanınmış kulturoloq Aydın Xan Əbilovla vəkil Şəfiqə Məmmədova arasında tez-tez efirdə qalmaqal yaşanır. Onların efirdə yaşadığı qalmaqallar, kulturoloqun səsləndirdiyi fikirlər tez-tez sosial şəbəkələrdə paylaşılaraq müzakirə mövzusuna çevrilir. 

Bəzi tamaşaçılar isə bu açıqlamaların reklam xarakterli olduğunu iddia edir. Yenisabah.az-a danışan teleaparıcı Tarix Əliyev kulturoloqun bu açıqlamalarının reklam xarakterli olub-olmadığına aydınlıq gətirməyib.

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, bir qrup sosial şəbəkə istifadəçiləri ziyalılara qarşı əks mövqedə dayanıblar: 

“Mən elə bir ikinci cəmiyyət tanımıram ki, öz danışan dili, düşünən beyni olan ziyalısını bu qədər aşağılasın, tənqid etsin, yeri gəldi-gəlmədi söysün. Bu dəhşətli haldır! Azərbaycanda elə bir şərait yaranıb ki, müəyyən qara kütlə ölkənin ziyalısını, intellektual şəxslərini o dəqiqə xalqın gözündən salmağa çalışır. Ən dəhşətli hal odur ki, böyük kütlənin savadı, intellektual səviyyəsi, dünyagörüşü  o qədər aşağıdır ki, “qara kütlə”nin təsiri altına o dəqiqə düşür. Baxın, Azərbaycanda normal təklif verən, danışan, tez-tez verilişlərə ekspert kimi gedən insanlara qarşı nə qədər qarayaxmalar, aşağılayıcı rəylər yazan sosial media fırıldaqçıları var. Bu heç bir cəmiyyətdə yoxdur. Başqa ölkələrdə öz qələm sahibinə, ziyalısına qarşı bu cür aqressiya göstərən kütlə görə bilməzsiniz”. 

Kulturoloq açıqlamaların qətiyyən gündəmə gəlmək, özünü reklam etmək məqsədi daşımadığını qeyd edib: 

“Kütlə anlamalıdır ki, Aydın Xan hansısa verilişə gedib 3 saat oturub fikir söyləyir və başqa vəkillər, psixoloqlar kimi verilişlərin sponsoru deyil, verilişlərə maliyyə ayırmır. Aydın Xan bunlarda iştirak etmir. Barmaqla sayılacaq qədər düşüncə adamları var ki, onlar da artıq verilişlərə getmirlər, fikirləşirlər ki, gedib vaxtımı, enerjimi itirəcəyəm, həmin vaxta pul qazana bilərəm. Nəyimə lazımdır gedim fikir söyləyim, hələ bu fikrə görə də təhqir edilim, aşağılanım, başı ilə deyil, 6-cı hissi ilə düşünən insanlar da üstümə düşsünlər, məni, ailə üzvlərimi təhqir etsinlər. Ona görə də ziyalılar bu cür verilişlərə getmirlər. 

Bilmirəm Tarix Əliyev bu sözləri hansı mənada işlədib, amma yəqin ki, ironiya ilə işlədib. Çünki Tarix bəy bilir ki, Aydın Xanı o verilişə və digər verilişlərə dəfələrlə dəvət edəndən sonra gedir. Aydın Xan hər verilişə getmir. Mən dəvət alıramsa, ağlıma, intellektimə, televiziya  estetikasına cavab verə bildiyim üçün bu dəvəti alıram. Mən müğəni, vəkil, həkim deyiləm ki, efirə çıxıb özümü reklam edib. Bu absurd bir iddiadır. Bu sözləri Tarix bəydən heç gözləməzdim. Mənim, ümumiyyətlə, reklama ehtiyacım yoxdur. Bir ölkədə kulturoloq deyəndə Aydın Xan Əbilov yada düşürsə, bütün verilişlər onu dəvət edirsə, hər gün beşdən çox sayta ekspert rəyi, müsahibə verirsə, onun reklama ehtiyacı varmı? Mən özümü kimə, niyə, nə üçün tanıtmalıyam? Əgər sənin tanınmağın sənə reklam, pul gətirmirsə, mənasız yerə nə üçün qalmaqal etməlisən ki? “

Əsmətxanım RZAZADƏ

https://www.yenisabah.az/bu-sozleri-tolikden-gozlemezdim-savadi-duynyagorusu-seviyyesi-olmayan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir