Misralardan boylanan şair ömrü – Ağamir Cavad. Leyla Məcidova yazır

“Bir insan ömrünü girov qoymuşam,
Bir şair ömrünü yaşatmaq üçün”.
Nəriman Həsənzadə, Xalq şairi.

Öz ömrünü yaşamağa nə var ki…Tanrı verən, alın yazın, barmaqla sayılası ömrü yavaş-yavaş özünçün yaşa da. Amma tale yazın, qədər payın olan,üçcə dəqiqəyə barmaqla sayılası ömrü xalqa, əhatənə, necə deyərlər, çevrənə xəsislik etmədən xərcləmək – baxın, əsl hünər budur! Təbii ki, belə xərcləmədə yaşadığın illər həndəsi silsilə ilə bəlkə də birə üç artır. Bax onada fiziki kəmiyyətcə ömrün faydalı iş əmsalı yüksəldikcə yüksəlir. Ağamir Cavad da öz ömrünü sadəcə özü üçün yox, xalqına, millətinə, dövlətinə – çevrəsinə xərcləməkdədir. Həm də bu xərcləmə xəsiscəsinə yox, əliaçıqlıqla gedir desəm şübhəsiz yanılmaram. Nəzərə alsaq ki,

Alimin qələmi nadan əlində,
Cahillər qılıncla tutub cahanı.
Ədalət hakimin susub dilində,
Haqqı sevənlərin tökülür qanı…

  • baxın, onda bu ömür xərcləmənin əsl hünər olduğunun şahidi olarıq. Elə Nəriman Həsənzadə demiş, Ağamir Cavad da, bir insan ömrünü girov qoyaraq çözələnə-çözələnə bir şair ömrünü yaşadır.
    Cənub kökənli, Lənkəran ünvanlıdır Ağa. Cənubumuzun mirvarisi Lənkəranın axar-baxarlı Veravul kəndində anadan olub. Lənkəran Dövlət Universitetinin filologiya ixtisasını bitirib. Saf, təmiz və məhsuldar yaradıcılığı ilə həm doğma Veravulun, həm də Lənkəranın sərhədlərini çoxdan aşıb Ağamir Cavad. Bu gün həm də, AYB Lənkəran bölməsinin ədəbi məsləhətçisi, “Söz” jurnalının redaktor müavinidir. 2017-ci ildə Prezident təqaüdünə layiq görülüb.
    Ağamir Cavadı mən hələ çox erkən – gənclik illərindən tanıyıram.Universitet illərindən tanışıq bir fakultədə oxumuşuq. Onda da, elə indi də Ağa yorulmadan yazır, yaradır. Özü ilə baş-başa qalanda da elə hey sözü “bişirməklə” məşğul olduğunu sezirdin. Sözü seçər, qəlibləyər, özünküləşdirib sevənlərinin ixtiyarına verərdi. Bir insan kimi də, bir şair, söz adamı kimi də orijinaldır Ağamir Cavad. Dünyaya, insanlara, təbiətə sayğı, sevgi oxunur onun şeiriyyətindən. Elə bundan dolayı da saf sevginin, məhəbbətin gücünə inanır, Ağa . Məhəbbət üstündə qurulub cahan,
    Dünyanı isidən sevgi qorudu.
    Dövran zor qılıncın qaldıran zaman
    İnsanlar özünü eşqlə qorudu. Sakit, mülayim təbiətli, üzündə daim xoş bir təbəssüm, məsumluq var Ağanın. İnsana qarşı həmişə mülayim, çevrəsinə təvazökardır. Arı müxtəlif çiçəklərdən zərrə-zərrə bal topladığı kimi Ağa da insanlarla ünsiyyət qurmağa can atır, necə deyərlər, onlarla ünsiyyətd olmaqdan yorulmur. Böyük, ciddi, bir-birindən gözəl, oxunaqlı, sevilən əsərlərə imza atan şair insan psixologiyasına, onların mənəvi dünyasına nüfuz edərək, çox oxunaqlı, maraqlı, hamının anlaya biləcəyi dildə şerlərini yazmağa müvəffəq olur. Təbii ki, bu, heç də hər bir şairə qismət olmayan xoşbəxtlikdir. Oxucunun dilində oxucu ilə danışmaq bəlkə də ən böyük hünərdir. Bu hünərə də Ağa öz gərgin əməyi, zəhməti hesabına nail olur. Baxın, sözün həqiqi mənasında, bu onda gözəl alınır.
    Mövzu rəngarəngliyi, poetik forma müxtəlifliyi, misraların axıcılığı, ahəngdarlığı, qafiyə intihabı, şeirin yığcamlığı, maraqlı kompozisiya Ağamir Cavad yaradıcılığını səciyyələndirən keyfiyyətlərdir. Əruz və heca vəzninin imkanlarından geniş istifadə edən şair, klassiklər kimi, qəzəl janrında da qiymətli sənət nümunələri ərsəyə gətirib. O da sırf Azərbaycan dilli qəzəlin inkişafına böyük töhfələr verib. Yazıçı-publisist Əli Nəcəfxanlının təbirincə, Ağamir Cavadın Füzuli sözünün işığında yazdığı bu misralar onun Vətən sevgisinin mayası sayıla bilər. Şairin bu yaxınlarda işıq üzü görmüş “Dəniz adam” adlı kitabında 12 qəzəli də yer alıb. Bunun özü onun klassik janra dəyər verdiyini və bu sahədə yetərincə bacarıqlı olduğunu göstərir. Məncə, dostum yaşının bu müdrikləşən, yetkin çağında qəzəl janrında bitkin şeirlər yazmağa daha çox meyillənsə, uğurlarını daha da möhkəmləndirər və poeziyamız da bundan qazanar. Əlbəttə, daha yaxşısını özü bilər, necə ki yazıb:
    Ən böyük ustad qəzəlxan böyük Allahdır.
    Ən böyük sevgi ilə yazdığı dastanı mənəm.
    Yazdıqca yanır, yaxud yana-yana yazır, yandıqca da yaşayır Ağa. Eşqi elə yayılıbdır, Qəm-qüssədən oyulubdur.
    İçi qarla yuyulubdur, Həsəddən uzaq ürəyim. Dağ üstündən dağ qurtarmır,
    Səs gəlmir, soraq qurtarmır.
    Ürəyimdə yağ qurtarmır,
    Hey yanır çıraq ürəyim. Başının üstündə daim Tanrını görür Ağa. Bütün yazıları ilə də, elə gündəlik həyat tərzi ilə də Tanrıya tapınaqlı, İlahi aşiqidir o. Ömrün insan oğluna elə-belə, boşuna verilmədiyini anlayır və son haqq-hesabata hazırlaşır Ağamir Cavad: Günlər seltək axır, ötüşür ay, il,
    Dərd-qəmin içində toy büsatıdır.
    Bu həyat, bu ömür əyləncə deyil.
    İnsanın Tanrıya hesabatıdır.

Bu günlərdə şair Ağamir Cavad ömrünün 60-cı baharına qədəm qoyur. Şairin 60-na xoş gəldin deyir, uzun ömür, möhkəm can sağlığı və təbii ki, yaradıcılıq uğurları arzulayıram.

Ürəyim bir dünya oddur, ocaqdır,
Köz ömrü qədərdir dünyanın ömrü.
Tanrının sözüylə yaranıb yanar
Söz ömrü qədərdir dünyanın ömrü.

Odur ki, gah sevinc, gah da dərd umar,
Sıxar ürəyimi kirkirə söz
Sinəm dərd zəmisi yığıb ovcuma,
Səpirəm varağa bakirə sözlər.

     Bu gün asın məni, daşqalaq edin,

Hər daşdan bir çınqı köz göyərəcək.
Ruhuma ölçülmüş dar ağacından,
Bir misra, bir ayə söz göyərəcək.

Ürəkdən tanrıya sevgi yolunda,
Bir ürək köz ömrü yaşayacağam.
Tutub bir misranın ətəklərindən,
Bir dünya söz ömrü yaşayacağam…

Sevimli şairimiz Ağamir Cavada Əlahəzrət Söz ömrü arzusuyla 60 yaşın mübarək.

Leyla Qadir qızı Məcidova,
Publisist, tarix üzrə fəlsəfə doktoru,
Lənkəran Dövlət Universitetinin baş müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir