Ədəbiyyatımızın Zəlimxan Yaqub havası… Yazıçı-kulturoloq, YYSİB sədri, kitabxana.net portlının rəhbəri Aydın Xan Əbilovdan kulturoloji yazı

Zərüri qeyd: Boynuma alıram, onun şeirləri zövqümcə olmasa da, xalq şairi Zəlimxan Yaqub humanitar-poetik düşüncəmizdə yeri olan yaradıcı şəxsiyyətlərdən idi. Bir yazımda yazarların şərti “ədəbi nəsil” təsnifatını verəndə, – onun imzasını unutduğuma görə – xətrimi dünyalarca istəyən Zəlimxan qaqa məndən möhkəm incimişdi: ozamankı baş redaktorum Elçin Hüseynbəyli nə qədər eləsə də, mən redaksiyamıza gəlib salamımı dilucu alan şair dostumdan üzrxahlıq diləmədim, tərsliyim tutmuşdu: sonra ürəyimlə bacarmadım və haqqında bu məqaləni yazdım. Azər Turan baş redaktorluğa keçəndən sonra yazı qəzetimizdə çap olundu, şair ona zəng edib Aydın Xanın qələmindən yaradıcılığı haqqında belə sevgidolu yazı çıxacağına inanmadığını söyləmişdi. Mənə xüsusi minnətdarlığını bildirmişdi. Fəqət, ürəyim sınmışdı ondan, bir yazıdakı ad getmədiyinə görə illərin dostunu incitməkmi olardı?!..

İndi artıq bunların heç bir əhəmiyyəti yoxdur: bir Zəlimxan Yaqub vardı aramızda, köçdü qəlbimizə…

Ədəbiyyatımızın Zəlimxan Yaqub havası…

Soyuqməntiqli ədəbiyyatşünasların – nəzəriyyəçilərlə ədəbi tənqidçilərin onlarla tərifinə baxmayaraq, poeziya, xüsusən də onun lirik istiqaməti dil hadisəsidir: düşüncə, intellektdən çox, duyğular – hisslərlə bağlı ruhi halın poetik məqamlarını özündə əks etdirir. XX əsr Azərbaycan şerinə fikir verəndə, bu mənada maraqlı imza sahibləri ilə rastlaşırıq. Onlar öz yaradıcılığında xalqın ruhi şifrələri ilə yanaşı onun dilini, təfəkkürünü, tarixi-etnik mədəniyyətini, bir sözlə, toplumu millət edən əsas cəhətlərinin daşıyıcısı kimi çıxış edirlər. Əslində, çox maraqlı kulturoloji-estetik hadisə olan bu mürəkkəb etno-poetik prosesin ilk mərhələsi hələ Şah İsmayıl Xətainin Qızılbaşlar – Səfəvilər dövlətinin yaranmasına səbəb olan orta əsrlərdə başlamışdı: xatırlayırsızsa, o zaman indi müstəqil inkişaf edən Azərbaycan dili – eləcə də Türkiyə türkcəsi, özbək, türkmən, qazax və s. – ümumtürk dilindən boy ataraq müstəqil ədəbi-poetik, rəsmi dövlət dil səviyyəsi məqamına yüksəldi, sarayda işlək ünsiyyət vasitəsinə çevirildi, əsl ədəbiyyat – poeziya vahidi kimi yüksək xətlə inkişaf etdi. Məhəmməd Füzuli, Nəsimi, Xətai kimi əsasını xalq danışığından – aşıq sənətindən götürən, klassik ərəb-fars poetik məktəbi ilə rəqabət aparan, Azərbaycan türkcəsində yaradılan bu ədəbiyyat və deməli həm də dilimizin ədəbi-poetik üslubu Vaqif, Axundov, Mirzə Cəlil, S.Vurğun, R.Rza və eləcə də 70-ci illər mərhələlərini keçdi, möhkəmləndi, cilalandı və indi dünyanın 55-60 milyon azərbaycanlısının əsas ünsiyyət vasitəsinə çevrildi…

Səməd Vurğunun xalq qaynaqlarından süzülüb gələn şeriyyətinin dili ilə dünyanı gözəl öyrənmiş Rəsul Rza intellektuallığının, poetik düşüncə tərzinin əsasında inkişaf edən sintetik milli poeziya məktəbimizin dəyərli nümayəndələrindən biri də mürəkkəb yaradıcılıq imkanları sona qədər açıqlanmayan, son 50-40 ilin milli şerimizdə açdığı özünəməxsus çığırıyla söz-fikir sənəti tariximizin tanınmış nümayəndəsinə çevrilən xalq şairi Zəlimxan Yaqubdur. O, şəxsiyyət və şair kimi tarixi estetik-kulturoloji məkanımızın – bütöv məmləkətimizin mərkəzində – Qərbi, Cənubi, Şimali Azərbaycanımızın, eləcə də Anadolu torpaqlarımızın ortasında duran Borçalı torpağının yetişdirməsidir.

Yaradıcılğında qədim şamanizm – Tanrıçılıqdan tutmuş, Zərdüştlük – atəşpərəstlik, Alban xaçpərəstlik və İslam – müsəlman inancları, Şərq-türk, Qafqaz və Azərbaycan mədəniyyətlərinin dövrümüzə qədər gəlib çatmış şifrələrini yaşadan, aşıq – şifahi xalq şerilə peşəkar yazılı – klassik ədəbiyyatın incəliklərini daşıyan, ən əsası isə poetik dilində – fikrində qədim türk baxışlarını, folklor elementlərindən tutmuş, ozan dünyagörüşlərini, Şərq sufi fəlsəfəsini, Avropa-rus intellektuallığı və çağdaş sivil-kreativ dəyərlərimizi cəmləyən Zəlimxan Yaqub şair olaraq həm də mürəkkəb, məsuliyyətli bir tarixi-etnik vəzifənin daşıyıcısıdır. Almanların kültürtrager adlandırdıqları, bizim dilimizdə mədənyyət daşıyıcısı anlamını verən bu müqəddəs borc – vəzifə artıq ədəbiyyat tariximizdə özünəməxsus yeri – mövqeyilə fərqlənən xalq şairimizin nəinki yaradıcılığında, həm də gündəlik həyatında – çoxlarına görk olan fəaliyyətində, zəngin ömür yolunda da özünü göstərir: şair, publisist, düşüncə adamı, aşıq sənətinin yorulmaz təbliğatçısı, keçmiş millət vəkili, Respublika Aşıqlar Birliyinin sədri, AYB vətənpərvərlik komissiyasının rəhbəri, televiziya verilişlərinin yaradanı, aparıcısı, eksperti, ictimai xadim və s. (Yazı qələmə alınanda, Z.Yaqub sağ idi və geniş ictimai-mədəni fəaliyyət ilə məşğul idi. – Müəl.)

Fəqət onun əsas İlahi missiyası, sözsüz, şairliyidir: əsrlərdən süzülüb gələn ana dilimizin keşikçisi, öncülü, poetik əsgəri olaraq Zəlimxan Yaqub, zəmanəmizin başqa görkəmli söz-sənət adamlarının ön cərgəsində bu tarixi-kulturoloji vəzifəsini çox uğurla yerinə yetirir. Milli poeziyamızın, qədim və çağdaş türk – Azərbaycan şerinin canlı hafizi, poetik ensiklopediyası kimi onun unikal poetik-ədəbi yaddaşına həsəd aparmamaq mümkün deyil. İmzası artıq ədəbiyyat – poeziya brendinə – kreativ markaya çevrilən Zəlimxan Yaqub çağdaş Azərbaycan ədəbi-poetik dilinin zənginliklərinə enərək onu tamam fərqli bir yüksəkliklərə qaldıran şair kimi tanınır. Onun yaradıcılığının şeir – poetik istiqaməti haqqında çox danışılıb, deyilib, araşdırılıb, hətta kitablar və monoqrafiyalar yazılıb: mədəniyyət tariximizdə – ədəbiyyatımızda bir Zəlimxan Yaqub havası, yeri-mövqeyi bəllidir. Amma nədənsə araşdırmaçılar müdriklik çağını yaşayan xalq şairimizin düşüncə, fikir sahibi kimi tanıtmaqda, ictimai-mədəni xadim kimi dəyərli cəhətlərini vurğulamaqda xəsislik ediblər. Halbuki Zəlimxan Yaqub qələminin dəyərli-uğurlu nümunələrindən sayılan “Böyük ömrün dastanı”, “Hüseyn Saraclı dastanı” (dastan-roman), “Əbədiyyət dastanı” (poemalar), “Peyğəmbər” (epik roman), “Millətdə, dövlətdə, sənətdə” (ictimai-siyasi, elmi-mədəni yazılar), “Düşüncələrin simfoniyası” (Azərbaycan və dünya klassiklərinin əsərləri haqqında qeyd və fikirləri), eləcə də müxtəlif qəzet-dərgi səhifələrindəki müsahibələri, teleradio verilişlərindəki söhbətləri, ekspert rəylərini ümumiləşdirəndə, sözün hər mənasında xalqımızın etnik-milli ədəbi-kulturoloji dəyərlərini yaşadan, yaradan, zənginləşdirərək gələcək nəsillərə çatdıran dəyərli şair, şağdaş ədəbiyyat – fikir sahibilə üz-üzə durmuş oluruq.Sadalanan irihəcmli epik-fəlsəfi əsərlərilə şair həm öz yaradıcılığına, həm də ümumiyyətlə, indi artıq unikal kulturoloji hadisəyə çevrilən çağdaş Azərbaycan yazılı poetik-ədəbi fikir tarixinə sənət damğasını vurmuş olur.

Axı indi İnternet, sosial şəbəkələr, televiziya – görüntülü, virtual – multimedik imkanlar, sürət əsrinə qədəm qoymuşuq: dəyərli şeir-poema yazan, dastan yaradan və həm də oxuyanlar tapmaq müşkül məsələyə çevrilib. Deməli, etnik-ruhi şifrələrimizi özündə əks etdirən, yazı mədəniyyətimizin bariz nümunələri sayılan, dilin zənginliklərini gələcəyə ötürən ədəbiyyat – poeziya vasitəsilə insanların könlünü ələ almaq, təfəkkürünə təsir etmək, düşüncəsini cilalamaq çox çətindir. İstənilən halda nə qədər yeniliklər, dəyişikliklər, texnologiyalar gəlsə də, şeri – poeziyanı əvəzləyən ruhi vasitə çətin tapıla: bunu yeni nəsil nümayəndələri tərəfindən vaxtaşırı İnternetdə yaradılan resuslarda, eləcə də Zəlimxan Yaqubun http://zalimxanyaqub.com/ ünvanlı fərdi saytı kimi yüzlərlə elektron səhifələrdə, eləcə də sosial şəbəkələrdə xalq şairimizin, ümumiyyətlə, istedadlı qələm sahiblərimizin yaradıcılığından yerləşdirilən, paylaşdırılan seçmə poetik nümunələrə gənclərin, çoxsaylı oxucuların estetik-ədəbi tələbatlarından da sezmək mümkündür.

Düzü, ustad Zəlimxan Yaqubun “Ədəbiyyat qəzeti”nin səhifəsində oxucularımıza təqdim olunan yeni şeirləri haqqında yazmalıydım, fəqət xalq şairimizin yaradıcılığına, dünyagörüşünə, poetik-fəlsəfi imkanlarına fərqli bir yöndə nəzər salmağı qəraraaldım: bu, məndə nə qədər alındı, deyə bilmərəm, amma ədəbiyyatın da böyüklüyü, istedadın da hüdudsuzluğu ondadır ki, ona fərqli baxışlar sərgiləməklə bir çox tərəflərini dəyərləndirmək mümkündür…

“Ədəbiyyat qəzeti”. 2014.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir