Aydın Xan Əbilov: “Vasif Talıbovun övladlarının adları bu tip hadisələrdə hər zaman hallanıb”

Gənc Talıbovların “qadın” şoumenlərə xərclədiyi ənamlar da yüz milyonları ötəcək…

Cəmiyyətdə əli bir az pul tanıyan adamların çoxu pulunu xərcləməyə yer axtaranda şou-biznesçiləri, şou adamlarını, “üç badam bir qoz” oxuyanları axtarıb tapır, onlara bəs deyincə pul xərcləyirlər.

İndiyə qədər bu fikri təsdiqləyən saysız hadisələrin şahidi olmuşuq. Təbii ki, şou-biznesçilərə, şoumenlərə pul xərcləyən, sərmayə yatıranlar barədə hər zaman yerli mediada məlumatlar yayılıb. Düzdür, adları olaydan keçən şou-biznesçilər bunu inkar ediblər, amma iddialar səngimək bilməyib. Son günlər yerli mətbuatda Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğulları Rza Talıbov və Seymur Talıbovun şou-biznesçilərlə əlaqələri barədə iddialar yayılıb və bəzi müğənnilərin Talıbovlarla əlaqəsi haqda yazılıb.

Bəzi KİV-lərdə yayılan iddialara görə, R.Talıbov Əməkdar artist, müğənni Röya Ayxana 8 milyonluq mülk hədiyyə edib. Bu iddiaya görə, Bakı-Buzovna yolunda, Zuğulba prospektində yerləşən həmin dəbdəbəli saray 20 sot torpaqda inşa olunub. R.Ayxanın sözçüsü iddianı inkar edib.

Mətbuatda gedən digər iddiaya görə isə, Seymur Talıbov Damlaya konserti müqabilində yüksək qonorar verib. Damlanın da meniceri iddianı rədd edib, deyib ki, heç S.Talıbovu tanımırlar.

Bir sözlə, mediada Vasif Talıbovun övladları Seymur və Rza Talıbovların müğənnilərə bahalı hədiyyə və yüksək məbləğdə qonorar verməsi barədə iddialar yayılıb.

  • “Burada söhbət çirkli pulların yuyulmasından və korrupsiya faktından gedir ki…”

Mətbuatda yayılan iddialara şərh verən analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, iş adamlarının, bəzi keçmiş məmurların, əlində imkan olan şəxslərin çoxunun  

 müğənnilərə bahalı hədiyyələr və yüksək məbləğdə qonorarlar verməsi, onlara mülklər bağışlaması barədə məlumatlar yayılıb. “Son bir neçə ildə müğənnilərimizlə bağlı xoşagəlməz xəbərlər yayılır. Bir çox şou müğənnilərinin adlarının rüşvətxor məmurlarla, kriminal aləmdəki şəxslərlə çəkilməsi müsbət fakt sayıla bilməz. Bəli, bir çox tanınmış xanım müğənnilərin adları Hacı Məmmədovun yanında hallanıb. Onun istirahət mərkəzində konsertlər verməsi ilə bağlı məlumatlar yayılıb. Burada söhbət xalq və əməkdar artistlər, titullu sənətçilərdən gedir ki, onları hər kəs yaxşı tanıyır. Nəinki qadınların, hətta bəzi kişi müğənnilərin də adı bu tip qalmaqallarda hallanıb. Həm seksual xarakterli, həm də digər məsələlərdə müğənnilərin adları səsləndirilib. Bu çox təhlükəli bir tendensiyadır…Müğənnilərin çoxu həm kriminala, həm də digər çirkin işlərə bulaşıb. Vaxtilə bəzi kriminal aləmdən gələn hansısa şirnikləndirici pullarla ortaya çıxırdılarsa, indi “hacı” axtarışı ilə ad qazanırlar. Təsəvvür edin, bizim ölkədə bir sıra  müğənnilər var ki, rüşvətxor və korrupsiyaya bulaşmış insanların əlləri ilə pul qazanırlar. Məsələn, xarici ölkələrdə hansısa müğənninin adı bir korrupsionerlə hallansaydı həmin müğənninin konserti boykot edilərdi, ona qarşı güclü qınaq olardı. Onlar nəinki böyük konsert salonlarına, hətta kiçik bir məkana buraxılmazdılar.  Bu da onların faəliyyətinə mənfi təsir edər. Amma Azərbaycanda belə deyil. Nə qədər çox “hacı”, “hacı”, desələr, nə qədər çox kriminal aləmə yaxın olsalar bir o qədər toylarının da sayı artır, daha çox reklam olunurlar. Təəssüflər olsun ki, telekanallar da onları “bəh-bəh”lə öz verilişlərinə çağırır.

Naxçıvan Muxtar Respubklikasının sabiq sədri Vasif Talıbovun  övladlarının adları bu tip hadisələrdə hər zaman hallanıb. Onların adları nəinki bu hadisədə, hətta rüşvət, korrupsiya, zorla insanların var-dövlətinin əlindən alınması, eyni zamanda gülməli qadağalara, keçmiş məmurların, iş adamlarının başlarına gətirdikləri oyunlara görə də hallandırılıb. Mediada müxtəlif faktlar, şayiələr və məlumatlar işıqlandırılıb. Onların incəsənət adamlarını öz fəaliyyətlərinə cəlb etməsi düzgün deyil. Ona görə də biz bu məsələni qınayırıq. Naxçıvanda məmur kimi yüksək vəzifə tutublar, dövlətin var-dövlətini sağa-sola xərcləyiblər. Dövlətin pulunun havaya sovurulmasına heç kəsə icazə verirlər. Hansısa bir müğənni təşkilatçıların səyi nəticəsində Naxçıvanda konsert verib ondan yüksək qonorar qazanıbsa buna heç kəs heç nə deyə bilməz. Amma kiməsə villa, bahalı maşın bağışanıbsa, kiməsə Nazirlər Kabinetinin qəbul etdiyi qonorar normativindən kənara çıxıb böyük məbləğdə pul bəxşiş edilibsə bu artıq korrupsiya cinayətidir, çirkli pulların yuyulması faktıdır. Burada söhbət çirkli pulların yuyulmasından və korrupsiya faktından gedir ki, bu məsələni də hüquq-mühafizə orqanları araşdırmalıdır. Biz ictimaiyyət nümayəndələri olaraq bu məsələni qınaq obyektinə çeviririk. Biz rüşvətxor məmurları tənqid edirik, camaat da bu cür hallara qarşı barışmaz olmalıdır ki, başqalarına görk olsun. Yəni xalq adı korrupsioner məmurlarla hallandırılan, onların hesabına ev, villa, var-dövlət sahibi olan müğənniləri boykot etməlidir, onları öz toylarına, şənliklərinə dəvət etməməlidir. Yoxsa belə hallar daha da artacaq. “hacı” mövzusunu ortaya atıb onun ətrafında qalmaqal yaradan müğənnicikləri, istər kişi, istərsə də qadın olsun, boykot etmək lazımdır”-deyə A.X.Əbilov vurğuladı.

Əli TURABOV – https://www.baki-xeber.com/siyaset/160135.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir