Anar Kərimovun vurulmasını əsaslandıran faktlar: VCA və YYSİB sədri Aydın Xan Əbilov gizli faktları açıqladı. Növbədə hansı məmurlar var?!

Son illər Mədəniyyət Nazirliyində baş verən xoşagəlməz hadisələr, kütləvi korrupsiya və rüşvətxorluq halları, eyni zamanda nazirliyin çox yüksək vəzifəli şəxslərinin həbs edilməsi və sair cəmiyyətdə ciddi müzakirə edilir.

Onu qeyd edək ki, Əbülfəs Qarayevin nazir olduğu dövrdə onun müavini və Xidmət rəisi, eləcə də digər yüksək çinli məmurlar həbs olundu. Sabiq mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov, eləcə də digəriləri həbs edildikdən sonra bəziləri belə qənaətə gəlirdi ki, daha nazirlikdə korrupsiya, rüşvətxorluq, dövlət əmlakını dağıtmaq, mənimsəmək kimi halların kökü kəsildi. Prezidentin sərəncamı ilə Əbülfəs Qarayev nazir postundan kənarlaşdırılandan sonra dedilər ki, nazirlikdə hər şey yaxşı olacaq. Anar Kərimov nazir təyin edildikdən sonra mədəniyyət adamları ümid edirdilər ki, korrupsiya, rüşvətxorluq hallarına son qoyulacaq, mədəniyyətimiz bataqlıqdan çıxacaq. Amma təəssüf ki, belə olmadı. 

Bildiyimiz kimi, ölkə başçısının sərəncamı ilə Anar Kərimov mədəniyyət naziri vəzifəsindən çıxarılıb. Bu arada nazirin vəzifəsindən uzaqlaşdırılmasının bir sıra ilginc səbəbləri yayılıb. Gəzən söz-söhbətlərə, sosial şəbəkələrdə və yerli saytlarda gedən məlumatlara görə, A.Kərimovun nazir postundan uzaqlaşdırılması təsadüfən olmayıb. İddialara görə, o, Əbülfəs Qarayevdən qalan nöqsanları düzəltmək əvəzinə, nazir vəzifəsinə gəldikdən az sonra Bakıda milyonlarla qiyməti olan mülklər alıb, ailə üzvlərinə bahalı əmlaklar hədiyyə edib. Sabiq nazirin eyş-işrət aludəsi olduğu və öz işinin öhdəsindən gələ bilmədiyi barədə də fikirlər var. Onun nazir vəzifəsini itirməsinin daha ilginc səbəblərindən biri isə, qeyd edilənə görə, A.Kərimovun öz yerini bilməməsi olub. Mətbuatda gedən məlumatlara görə, A.Kərimov Heydər Əliyev Sarayında Prezidentin əyləşməsi üçün nəzərdə tutulan və protokol hesab edilən sırada əyləşib. 

İddialara görə, sabiq nazirin idarəçilik sahəsində yarıtmazlığı nəticədə mədəniyyətimiz daha da xaosa yuvarlanıb, eyni zamanda, nazirlikdə korrupsiya halları daha da genişlənib. Əlbəttə, bu korrupsiya hallarını Anar Kərimov yaratmayıb, amma özündən əvvəlkilərin “mirasına” sahib çıxıb, “ənənəni” davam etdirib.

  • “Anar Kərimovun  öz vəzifə səlahiyyətlərini aşması, ayrı-ayrı xoşagəlməz işlər görməsi barədə də…”

Məsələyə münasibət bildirən analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı bildirdi ki, Azərbaycanda son 10 ildə aparılan dövlətçilik islahatlarının, dövlət strukturlarında dəyişikliklərin, məmurların tez-tez yerlərinin dəyişdirilməsinin, istefaya göndərilməsinin, işdən çıxarılmasının şahidi oluruq: “Hətta bir sıra icra başçılarının, nazir müavini səviyyəsində yüksək ranqlı məmurların öz səlahiyyətləri daxildində onlara həvalə edilən işləri yerinə yetirə bilmədiyi, etimadı doğrultmadığı üçün cinayət məsuliyyətinə cəlb edilməsi onu göstərir ki, cənab Prezidentin nəinki xarici, eləcə də daxili siyasətdə çox aydın, uzunmüddətli, on illərə hesablanmış xüsusi proqramı var. İllər keçdikcə bu proqramların bəndlərinin həyata keçirilməsinin şahidi oluruq. Biz mədəniyyət sahəsində də bu islahatları görürük. Təəssüflər olsun ki, mədəniyyət naziri baxımından Azərbaycanın bəxti heç gətirmir. Əvvəlki mədəniyyət nazirləri Polad Bülbüloğlu və Əbülfəs Qarayev kimi Anar Kərimovun da fəaliyyət istiqamətləri müsbət deyil, mənfiyə doğru gedirdi. Əlbəttə, cənab Prezident bu nöqsanları görən kimi tədbir gördü, onları işdən uzaqlaşdırdı. Mədəniyyət Nazirliyinin strukturunda gedən mənfi proseslər, mənfi hallarla bağlı dəfələrlə kütləvi informasiya vasitələrində fikirlərimizi bölüşmüşük, nöqsanların aradan qaldırılması üçün təkliflərimiz olub. Təəssüflər olsun ki, Mədəniyyət Nazirliyi bu ictimai tənqidi və ictimaiyyətdən gələn təklifi əhəmiyyətsiz sayırdı. Bu da onunla nəticələndi ki, nazirliyin strukturunu korrupsiya bürüdü, muzeylər, kitabxanalar boşaldı, musiqi məktəblərində, teatrlarda problemlər yarandı, bir çox sənət adamları qanunsuz olaraq işdən çıxarıldı, incidildi. Nəticədə, bəzi sənət adamları ölkəni tərk etmək istəyirdilər. Ola bilsin, sabiq mədəniyyət nazirinin beynəlxalq aləmlə bağlı hansısa təcrübəsi, praktik işləri vardı, amma təəssüflər olsun ki, ölkənin daxilində mədəniyyət siyasətinin həyata keçirilməsində çox böyük əngəllər yaratdı. Sabiq nazirin təcrübəsizliyi üzə çıxdı. İndinin özündə də lətifələr gəzir ki, illər əvvəl rəhmətə getmiş bəstəkarın oğlu ilə görüşdə sabiq nazir ona “atanız necədir, məndən salam söyləyin” deyib. Bu da ətrafdakıların gülüşünə və ironiyasına səbəb olub. Sabiq nazir bu cür ironiya doğuran sözlərlə də yadda qalıb. Sözsüz ki, belə bir insanın belə məsul vəzifədə qalması mümkün deyildi. Mədəniyyət siyasəti ölkənin əsas prioritet sahələrindən biri kimi götürülüb. Həm də ki, azərbaycanlılar öz mədniyyətində, musiqisində, ədəbiyyatında, muğamında yaşayır. Çünki biz doğulandan ölənə qədər şeirlə yaşayan xalqıq. Ona görə də bu sahəyə dövlət başçısı xüsusi əhəmiyyət verir”.

Mədəniyyət Nazirliyinə həvalə edilən bütün işlərə, tədbirlərə başdansovdu yanaşıldığını deyən ekspert hesab edir ki, Yaylaq Festivalı ilə bağlı yaşanan biabırçılıqlar bunlardan biridir. “Eyni zamanda digər tədbirlər zamanı da üzə çıxan problemlər bu insanın yerində olmadığını göstərirdi. Baş verən proseslər göstərir ki, Mədəniyyət Nazirliyində çox ciddi problemlər var. Mədəniyyət nazirinin işdən çıxarılması, nazir müavininin həbsi, idarə rəislərinin işdən çıxarılıb həbs olunması göstərir ki, bu qurumda dərin islahatlar lazımdır. Nazirliyin idarələrində saysız  maxinasiyalar vardı və Anar Kərimovun vaxtında da bu hallar davam etdi. Ağır ittihamlarla birinci müavini işdən çıxarıldı, həbsi xəbəri yayıldı və sair. Dəfələrlə Anar Kərimovun  öz vəzifə səlahiyyətlərini aşması, ayrı-ayrı xoşagəlməz işlər görməsi barədə də xəbərlər yayılıb. Bunlar mətbuatda yer alıb. Təbii ki, öz vəzifəsinin öhdəsindən gələ bilməyən bir adamın nazir vəzifəsindən uzaqlaşdırılması gözlənilirdi. Buna görə cənab Prezidentə  təşəkkür edirəm ki, vaxtında ictimaiyyətin səsini eşidib Anar Kərimovu vəzifəsindən azad etdi. Hesab edirəm ki, Mədəniyyət Nazirliyində ciddi yoxlamalar davam edəcək, çünki burada kütləvi korrupsiya halları var. Fikrimcə, sabiq nazirin dövrünün araşdırılması üçün aidiyyəti qurumlar xüsusi komissiya təşkil etməlidir, çünki bu vacibdir. Nazirdən və nazirlikdən şikayətlər hədsiz dərəcədə çox idi. Sabiq nazirin bütün fəaliyyəti araşdırılmalıdır.

Məndə olan məlumata görə, sənət adamları, görkəmli mədəniyyət xadimləri tərəfindən Mədəniyyət Nazirliyindən yuxarı instansiyalara şikayətlər edilib. Yəni birinə fəxri ad verilməyib, o biri təqaüdə salınmayıb. Əlbəttə, bütün bu hallar yolverilməzdir. Hər kəsin əməyinə qiymət verilməlidir. Elə mənim özümün 50 illik yubileyimlə bağlı nazirlik heç bir iş görmədi. Baxmayaraq ki, müraciət edilmişdi. Nazirlik müraciətə bir cümlə ilə cavab verdi ki, vaxtı gələndə biz bu məsələ baxacağıq. Belə-belə insanları inctdirdilər. Bunun da sonu onun nazir postunu itirməsi oldu. Nazirliyin strukturunda ciddi dəyişiklik olmalıdır, Bakı Şəhər Mədəniyyət İdarəsinə də nəzər yetirilməlidir, nazirliyin nəzdindəki ölü quruma çevrilən İctimai Şuranın tərkibi dəyişməlidir”-deyə A.X.Əbilov vurğuladı.

Əli TURABOV

https://www.baki-xeber.com/siyaset/149784.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir