VCA və YYSİB sədri Aydın Xan Əbilov: “Prezident İlham Əliyev elə bir inkişaf yolu götürüb ki…”
“Azərbaycanın inkişafı, müasir cəmiyyət quruculuğu, ərazi bütövlüyünün və suverenliyinin bərpasında İlham Əliyev və onun seçdiyi peşəkar şəxslərin rolu var”
2022-ci il sona çatır. Hər başa çatan il Azərbaycan üçün ən müxtəlif sahələrdə nəzərəçarpan hadisələrlə tarixə düşür. Uğurlar da böyükdü, təbii ki, müəyyən problemlər də yaranır və zamanında həll edilir.
Dövlət və cəmiyyət həyatımızda baş verən dəyişikliklər, heç şübhəsiz ki, ilk növbədə Prezident İlham Əliyevin apardığı siyasət və diplomatiya ilə birbaşa bağlıdır. Prezidentin siyasəti bütünlüklə cəmiyyət həyatında, eləcə də vətəndaşların yaşamında, eləcə də dövlətimizin adının və mövqeyinin möhkəmlənməsində hansı dəyişdirici rol oynayır? İlham Əliyev öz fəaliyyəti ilə “Xalqların və dövlətlərin taleyini əsasən onun lideri müəyyən edir” kimi müdrik deyimin həqiqət olduğunu nə dərəcədə sübut edir?
Mövzunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilovla müzakirə etdik.
O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, mərhum president Heydər Əliyev vaxtilə İlham Əliyevi baş nazir vəzifəsinə təyin edərkən bilirdi ki, Azərbaycanı gələcəyə hansı möhkəm əllər, dəmir məntiqli şəxsiyyətin öhdəsinə buraxır: “Məlumdur ki, İlham Əliyev Azərbaycan parlamentinin üzvü olub, Azərbaycan Olimpiya Komitəsinin Prezidenti, Avropa Parlament Assambleyasının vitse-prezidenti və müxtəlif beynəlxalq təşkilatlarda rəhbər vəzifələrdə çalışıb. Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik etmək İlham Əliyev üçün həm asan, həm də çətin idi. Ona görə asan idi ki, o Heydər Əliyev məktəbini keçmişdi. Çətinliyi isə o idi ki, Heydər Əliyevin dəmir məntiqi, dəmir dövlətçilik siyasətini hər adam davam etdirə bilməzdi. Ancaq İlham Əliyev bu işin öhdəsindən uğurla gəldi və gəlir. Bu baxımdan da Azərbaycanın son 15 ildə inkişafı göz önündədir. Azərbaycanın inkişafı, müasir cəmiyyət quruculuğu, ərazi bütövlüyünün və suverenliyinin bərpasında İlham Əliyev və onun seçdiyi peşəkar şəxslərin rolu var. Ancaq dövləti uğurlu idarə etmək hər siyasətçinin işi deyil. Qonşu ölkələrə nəzər salsaq görərik ki, müxtəlif demokratiya modelləri gətirilsə də, vəziyyət göz önündədir. Danılmaz faktdır ki, cənab İlham Əliyev Azərbaycanda sabit iqtisadi, siyasi islahatlar apara-apara əhalinin və dövlətin iqtisadi mənafeyini qoruyub. Prezident İlham Əliyev elə bir inkişaf yolu götürüb ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bununla da Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazandı. Məhz bunun nəticəsidir ki, İlham Əliyev Qoşulmama Hərəkatının rəhbəri seçildi və dünya ölkələri onunla razılaşdı. İstər Avropa, istər Şərq ölkələri, istərsə də Türk dünyasında Azərbaycanın nüfuzu get-gedə artdı. Belə bir şəxsiyyət yalnız və yalnız Heydər Əliyevin məktəbinin davamçısı ola bilər”.
A.Əbilov hesab edir ki, Azərbaycan xalqı xoşbəxtdir ki, məhz onların belə bir dövlət başçısı var: “Sizin qəzetiniz vasitəsilə ölkə ziyalıları, yazarları və jurnalistləri adından Prezident İlham Əliyevi təbrik edirəm və bu işlərin davamını arzu edirəm. Məlumdur ki, Prezident əvvəllər ad gününü məcburi köçkünkənlərin yanında qeyd edərdi. İnşallah, növbəti il dövlət başçısı ad gününü Xankəndidə, Xocalıda qeyd edər”.
Günel CƏLİLOVA


