Vasif Talıbovun sensasion Naxçıvan planı: Ramiz Mehdiyevin bağında görün nələr baş verib? Vasif Talıbov deputatlıqdan da gedir
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefası ilə bağlı müxtəlif versiyalar səsləndirilsə də, ortaya çıxan bəzi gerçəklər sensasion hadisələrin baş verdiyini deməyə əsas verir.
Əldə etdiyi yeni məlumatlara görə, Vasif Talıbovun istefasının arxasında da heç də düşünüldüyü qədər sadə proseslər dayanmır.
Mənbəmiz bildirir ki, Talıbovun qəzəbə tuş gəlməsinin əsas səbəbi bu yay Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Mərdəkandakı bağ evində keçirilən gizli toplantı olub.
Qeyd edilir ki, sözügedən toplantıda V.Talıbov və ev sahibi R.Mehdiyevdən başqa Naxçıvandan olan bəzi deputatlar, iş adamları iştirak edib. Qonaqlar arasında deputat Siyavuş Novruzovun da olduğu deyilir. Məlumata görə, toplantıya Milli Məclisin vitse-spikeri Adil Əliyev də dəvət olunub, lakin o, iştirakdan qəti şəkildə imtina edib.
“Zirvə Toplantısı”nda “konsey” yaradılması haqda qərar qəbul edilib. “Konsey”in ilk məqsədi Prezident İlham Əliyevin siyasi idarəsinə dirəniş təşkil etmək, Naxçıvan klanının qanunsuzluqlarına qarşı tədbirlərə mane olmaq, ölkədə aparılması zəruri olan kadr və digər islahatların qarşısını almaq olub.
İddiaya görə, toplantıda iştirakçılardan biri “qurduğumuz dövlət bizə qarşı çıxır, təcili tədbirlər görməliyik” cümləsini işlədib. Məsələnin heyrət doğuran tərəfi isə məhz bu “təcili tədbir” hissəsidir.
Bildirilir ki, “konsey” üzvləri “təcili tədbir” məsələsində geniş müzakirələr aparıblar və V.Talıbovun tövsiyəsi ilə B variantı üzərində dayanıblar. Məlumatlı mənbənin dediyinə görə, toplantıda gələcəkdə fors-major vəziyyət yarandığı halda Naxçıvanı müstəqil dövlət elan etməklə bağlı razılığa gəliblər. “Konsey”in növbəti hədəfi isə Azərbaycan Ordusunun Naxçıvanda yaradılacaq separatçı rejimin varlığına son qoyub ölkənin suverenliyini bərpa etməsinin qarşısını almaq üçün İranla maksimum yaxınlaşmaq olub. Xatırladaq ki, V.Talıbovun İranın siyasi, hərbi və dini çevrələri ilə yaxın münasibətlərinin olduğuna dair indiyədək məlumatlar yayılıb. Və bu məlumatların heç biri təkzib edilməyib. Hətta mediada yazıldığına görə, SEPAH generalları Naxçıvana gələrək V.Talıbobla təkbətək görüşüblər.
İran hakimiyyətinə yaxın media və Teleqram kanallarının Naxçıvanla bağlı zaman-zaman bənzər iddia ilə çıxış etməsi məsələnin kifayət qədər ciddi olduğunu, hətta “konsey”in rəsmi Tehranla bu barədə razılaşdığı da ehtimal edilir.
Mənbə bildirir ki, bu toplantı dövlətin aidiyyatı qurumları tərəfindən təsbit edilib. Vasif Talıbov əvvəl yığıncaqda iştirakını boynuna almayıb. İnkardən gəlib. Həmin vaxt ona toxunulmamasının səbəbi kimi dövlətin işin əslini öyrənmək istəməsi olduğu deyilir. Uzun müddətli araşdırmalar ortaya dəhşətli faktlar çıxarıb. Məlum olub ki, Talıbov-Mehdiyev tandemi dövlətə və Prezidentə qarşı sözün əsl mənasında xəyanət yolu tutublar. Onlar unitar dövlətin içində ayrıca müstəqil dövlət yaradıb, Azərbaycanı bölmək yolu seçiblər. Bu “müstəqil” dövləti də ilk tanıyan İran olacaqmış. Hər halda qaynağımızın bilgisində belə deyilir. Bu informasiyalardan belə qənaətə gəlmək olur ki, Vasif Talıbova Ramiz Mehdiyev faktiki qiyam və ya çevriliş planına start veriblərmiş.
Vasif Talıbov o məmurlardandır ki, ona qarşı asanlıqla belə radikal qərarlar verilməzdi. Ortada haqq-say, keçmişdə göstərdiyi xidmətlər, fədakarlıqlar var. Onun bu fəaliyyəti 30 ilə yaxındır nəzərə alınır. Ona görə də müəyyən istisnalar olmaqla, Talıbova böyük güzəştlər edilirdi. Təsəvvür edin, Vasif Talıbov Bakıya faktiki tabesizlik göstərirdi. Heç bir naziri, digər yüksək rütbəli məmuru saya salmırdı. Naxçıvanı istədiyi formada idarə edirdi. Bir zamanlar göstərdiyi xidmətlərin qarşılığı olaraq Naxçıvan ona həvalə və hətta hədiyyə edilmişdi. Lakin o, bu şansını, imkanlarını pis niyyətləri üçün istifadə etməyə başladı. Vasif Talıbov nə qədər ki, dövlətin unitar quruluşuna, onun təhlükəsizliyinə, Prezidentin ali iradəsinə qarşı çıxmırdı, onun hər şıltaqlığına, ərköyünlüyünə göz yumulurdu. Elə ki, mövzu Azərbaycan dövlətinin milli təhlükəsizliyi oldu, o zaman ali iradə onu durdurdu, zərərsizləşdirdi və faktiki olaraq 30 illik karyerasını bitirdi.
Bu gün hədəfdə olan bəzi generalların da bu xəyanətkar planın içində yer aldığına dair iddialar var. Globalinfo.az bu bilgiləri dəqiqləşdirməyə çalışır. Əlimizə çatan ilkin məlumatlarda elə adlar var ki…
Çoxları deyirdi ki, Ramiz Mehdiyev artıq qocalıb, yaşlanıb, onun indən belə nəsə etməsi imkanları məhduddur. Gələn informasiyalar, baş verən proseslər bunun heç də belə olmadığını deməyə əsas verir. Yəqin bu, R.Mehdiyevin dövlət və millət əleyhinə son cəhdi olar. Həmçinin yerdə qalanların da…
Vasif Talıbov deputatlıqdan da gedir, hazırlıq başlayıb
“Naxçıvanda gedən proseslər ölkə gündəminin hələ də ən aktual mövzusu olaraq qalır. Bilirsiniz ki, bu yaxınlarda DTX-nin Muxtar Respublikada keçirdiyi əməliyyatlar nəticəsində silsilə həbslər oldu. Naxçıvanın ləğv edilmiş Dövlət Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərov, MR-in maliyyə naziri Rəfael Əliyev və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edildi. Bu şəxslərin 500 milyon manata yaxın vəsaiti mənimsədiyi artıq açıqlanıb”.
Bu sözləri TNS.az saytının baş redaktoru Tural Səfərov bildirib.
T.Səfərovun sözlərinə görə, bu qədər vəsaiti həbs edilən adamların tək mənimsədiyini düşünmək sadəlövhlük olardı:
“Araşdırmalar dərinləşdikcə daha ciddi faktlar, böyük məbləğlər ortaya çıxacaq. Reallıq budur ki, uzun müddət Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışmış Vasif Talıbovun yaxın ətrafına məxsus şirkətlər həm vergidən yayınıblar, həm də bu şirkətlərin Naxçıvana ixrac etdiyi məhsullardan gömrük rüsumu alınmayıb. Bundan başqa, Naxçıvana ayrılan dotasiyadan tikinti-quruculuq işləri üçün nəzərdə tutulan vəsait də mənimsənib. Yəni ya nəzarətsizlikdən, ya da bilərəkdən Vasif Talıbov dövlət büdcəsinə milyardlarla manat ziyan vurub. Buna görə də onun istefası labüd idi. Talıbov dekabrın 12-də Bakıya dəvət olundu. O, ölkə rəhbəri ilə görüşmək istəsə də mümkün olmayıb. Ona izah olunub ki, bu qədər qanunsuzluqlardan sonra vəzifədə qalması doğru hesab edilmir”.
Baş redaktor qeyd edib ki, V.Talıbov sədr vəzifəsindən istefa versə də, Naxçıvan MR Ali Məclisinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır:
“Bildirilir ki, guya səhhətinə görə istefa verib. Səhhətində ciddi problem varsa, deputat kimi öz fəaliyyətini necə davam etdirə bilər? Onun deputat mandatı əlindən alınmalıdır.
Vasif Talıbov 27 ildir ki, Azərbaycan Parlamentinin deputatıdır. O, 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputat seçilib. Bu müddət ərzində o, heç 27 dəfə parlamentin iclaslarında iştirak etməyib. Milli Məclisin daxili nizamnaməsinə görə, bir il müddətində parlamentin ard-arda 15 iclasında iştirak etməyən deputat barədə İntizam komissiyasına təqdimat verilməli və onun deputatlıq səlahiyyətlərinə xitam verilməsinə baxılmalıdır. 2020-ci ilin fevral ayında keçirilən seçkilərdən sonra Milli Məclisin yalnız ilk iclasında iştirak edib. Bu müddət ərzində parlamentin yüzdən çox iclası keçirilib. Buna görə də onun orada qalmağa nə qanuni, nə də mənəvi haqqı var”.
T.Səfərov xatırladıb ki, V.Talıbovun kiçik oğlu Seymur Talıbov da Naxçıvan MR Ali Məclisinin deputatıdır:
“Bu mənimsəmə faktlarında Seymur Talıbovun çox böyük rolu var. Yəni həbs olunan məmurlar mənimsədikləri vəsaiti ona veriblər. Ona görə oğul Talıbovun məsuliyyətdən kənar qalması qəbuledilməzdir. Onun məsuliyyətə cəlb olunması üçün gərək deputat mandatı əlindən alına. Hesab edirəm ki, Ali Məclisin növbəti iclasında onların hər ikisinin məsələsinə baxılmalıdır”.
O bildirib ki, artıq Naxçıvanda yeni dövr başlayıb, MR üzrə Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılıb və ona səlahiyyətli nümayəndə təyin olunub:
“Naxçıvan MR-ə Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunan Fuad Nəcəfli çox yaxşı kadrdır. O, indiyədək çalışdığı sahələrdə özünü doğruldub, heç bir korrupsiya proseslərinə bulaşmayıb, vicdanlı kadr kimi öz işinin öhdəsindən gəlməyə çalışıb. Fuad Nəcəfli Vasif Talıbov dövründən yığılıb qalmış problemləri aradan qaldıracaq. Hesab edirəm ki, Naxçıvan MR-i daha xoş günlər gözləyir. Orada yeni bir idarəçilik sistemi yaradılıb. İnanıram ki, yeni təyin olunan kadr bu işlərin öhdəsindən layiqincə gələcək və Prezidentin etimadını doğruldacaq”.
T.Səfərov əlavə edib ki, Naxçıvan 27 ildə çox ağır bir dönəm keçirib, əhalisi zülm içində yaşayıb:
“MR-in bundan sonrakı taleyinin necə olacağı, oradakı idarəetmə quruluşunun necə formalaşacağı əlbəttə ki, cənab Prezidentin səlahiyyətində olan məsələdir. Artıq yerli icra hakimiyyəti orqanları səlahiyyətli nümayəndəliyin tərkibinə verilib. Hesab edirəm ki, Naxçıvandakı bütün nazirlik və komitələr Azərbaycandakı mərkəzi icra hakimiyyəti orqanlarına birləşdirilməlidir. Proseslər də ona doğru gedir. Artıq Naxçıvan Dövlət Təhlükəsizliyi Xidməti və Naxçıvan Gömrük Komitəsi ləğv edilərək baş idarələr yaradılıb. Yeni yaradılan baş idarələr çox yaxşı işləyir. İnsanların onlara ümidi artıb. Həm DTX-nın Naxçıvan Baş İdarəsinə, həm də Naxçıvan Baş Gömrük İdarəsinə yüzlərlə vətəndaş müraciət edir.
Azərbaycan unitar dövlətdir. Dövlət içində dövlət olmaz. Yəqin ki, gələcəkdə referendumla Naxçıvanın muxtariyyət məsələsinə də baxılacaq. Buna qədər oradakı idarəçilik sistemini qaydaya salmalıyıq. Naxçıvanda müstəqil dövlət üçün lazım olan bütün təsisatlar yaradılmışdı. MR demək olar ki, Azərbaycandan qoparılmışdı. Bu gün sevinirəm ki, dövlətimiz vaxtında müdaxilə edib və artıq Naxçıvan Vasif Talıbov rejimindən xilas olub. Biz indi rahatlıqla “Naxçıvan Azərbaycandır!” deyə bilirik”.
Gülnar Səlimova