“Ədəbiyyata gələn hər bir şəxs məsuliyyətli olmalıdır”… VCA və YYSİB sədri Aydın Xan Əbilov

Olaylar” qəzeti və eyniadlı sayta MÜSAHİBƏ…

Müsahibimiz Yeni Yazarlar və Sənətçilər İctimai Biirliyinin sədri, www.kitabxana.net saytının qurucusu və rəhbəri, yazıçı, kulturoloq Aydın Xan Əbilovdur.

-Aydın müəllim, dünya ədəbiyyatında kulturoloji baxımdan hansı yazıçını özünüzə daha yaxın hesab edirsiniz?

-Bildiyimiz kimi, dünya ədəbiyyatı deyiləndə, çox böyük imzalar, böyük əsərlər, ədəbiyyatın özünün xüsusi gedişatı və estetik, kreativ tərəfləri var. Ona görə də burada birmənalı olaraq hansısa yazıçının adını çəkmək çətindir. Amma ruhən mənə yaxın olan bir neçə yazıçı var ki, istər qədim zamanlarda, istərsə də müasir zamanda həmişə onlar məni düşündürüb. Tutalım, mənim xüsusi dəyər verdiyim dünya fəlsəfəsində Sokratdı, dünya ədəbiyyatında Borxesdi, Azərbaycan ədəbiyyatında Nizami Gəncəvidir. Yəni mən sözün əsil mənasında bu üç böyük yazıçı ilə hər zaman maraqlanmışam. Onların həyatı, yaradıcılığı, bəşəriyyətə verdikləri estetik, kulturoloji enerji məni hər zaman düşündürüb. Borxesi ona görə sevirəm ki, onun yazı texnikası, o cümlədən düşüncə tərzi, həyatı, dünya ədəbiyyatına olan təsiri mənim maraq dairəmdə olub. Mən hətta ondan dördə yaxın yazı da tərcümə etmişəm. Bu yazılar internet portallarda, istərsə də qəzet və jurnallarda dəfələrlə nəşr olunub. Bilirsiz ki, Borxes Argentina milli kitabxanasının direktoru olub, uzun müddət görmə qabilliyyəti olmadan fəaliyyət göstərib. O irihəcmli əsərlər demək olar ki, yazmayıb. Böyük hekayələri, şeirləri, esseləri, araşdırmaları var. Amma bu əsərlər o qədər estetik, kulturoloji energi ilə zəngindir ki, o həm öz dövründə, həm də indiyə qədər də dünya ədəbiyyatını sanki istiqamətləndirib. Azərbaycan ədəbiyyatına gəldikdə isə deyə bilərəm ki, mən ədəbiyyatımızda Nizamidən böyüyünü tanımıram. Nizami sırf Azərbaycan deyil, dünya ədəbiyyatıdır, Şərq ədəbiyyatının, intibahının hadisəsidir. Onun milliləşdirilməsinin, lokallaşdırılmasının qəti əleyhinəyəm.

-Məqalələrinizin birində Orxan Pamuku çağdaş türk ədəbi tarixinin yaradıcısı hesab etmisiniz. Bunu onun hansı keyfiyyətinə görə demisiniz?

-Konkret olaraq mən onun müasir türk nəsrinə və ədəbiyyatına verdiyi töfhəsini nəzərdə tutmuşam. Doğurdan da türk ədəbiyyatı Orxan Pamuk qədər dünyaya dəyərli bir yazıçı indiyə kimi ixrac etməyib. O artıq Türkiyənin kreativ ixracatıdır. Yəni öncələr türk ədəbiyyatından danışdığımızda Nazim Hikmət yada düşürdü, Rumi yada düşürdü, digər yazıçılar yada düşürdüsə onlar daha lokal hadisələr idi və uzaqbaşı Şərqə çıxa bilirdilər, uzaqbaşı Azərbaycana, türk dünyasına çıxa bilirdilər, amma türk ədəbiyyatının son zamanlar tanınması, Nobel mükafatı zirvəsinə qalxmasında Orxan Pamukun rolu çox böyükdür və düşünürəm ki, artıq əgər onun “Məsumiyyət muzeyi” əsərinə İstanbulda muzey yaradılırsa bu artıq dünya tərəfindən qəbul edilmiş və Türkiyədə qəbul edilmiş bir incəsənət brendidir.

-Gürcü qızları gəlin köçərkən Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” əsərini cehiz kimi aparırlar. N.Gəncəvinin “Xəmsə”sini cehiz aparmaq niyə gəlin köçən qızlarımızın yadına düşmür?

-Vaxtilə bu ən dəbdə olan bir fikir idi. Tutalım, Ermənistanda “Ocaq” kitabı və yaxud sizin dediyiniz kimi “Pələng dərisi geymiş pəhləvan” əsərini gürcülər nəsillikcə ötürürdülər. Vaxtilə Şirvani də Sabirə məhz Nizami Gəncəvinin “Xəmsə”sini hədiyyə etmişdi. Düzdü, müqayisə bir az birtərəflidir, amma, Azərbaycanda da kitab kultu olub. Bizdə ənənəvi olaraq həmişə gəlin köçən qızlara “Qurani-kərim” hədiyyə edilirdi. Bu tendensiya günümüzdə də müşahidə olunur. Amma ermənilərdə, gürcülərdə bir kitab hədiyyə edilirdisə, Azərbaycanda bu tendensiya geniş yayılıb. Məsələn bizdə Nizaminin “Xəmsə”sini hədiyyə etsək, Füzulinin ruhu inciyəcək. Bildiyimiz kimi Füzuli, Nəsimi və başqa bu kimi yazıçılarımız əsərlərini üç dildə qələmə alırdılar. Amma qonşu xalqlarda belə bir ənənə yoxdur. Ona görə də bizdə hər hansı bir kitabı hədiyyə etmək çətindir.

-Televiziya kanallarının kulturologiya sahəsindəki işini qənaətbəxş hesab edirsinizmi?

-Hər dövrün özünün sevimli terminləri olur. Yəni 90-cı illərin sonu, 2010-cu illərə kimi kulturologiya, kulturoloji fikir dəbdə idi. Bu termin olaraq tez-tez səslənirdi. Azərbaycanda bu terminin tanıdılmasında qismən bizim də xidmətimiz var. Bunu televiziyaya, ictimai düşüncəyə, mətbuata daşıyanlardan biri də biz idik. Hətta insanlar bu termini tez-tez eşidəndə qıcıqlanırdılar, kulturologiya, kulturoloq sözlərini ironiya tez-tez bizə də müraciət edirdilər ki, nə üçün siz bu qədər bu elmi təbliğ edirsiniz, amma mən onlara anlada bilmirdim və indi də anlada bilməkdə çətinlik çəkirəm ki, çoxdan bu mərhələ olaraq özünü təsdiq edib. Düzdür, Azərbaycanda bir sıra ali məktəblərdə kulturologiya ilə bağlı dərsliklər var, amma bu təbii ki, incəsənətin bir sahəsi kimi öyrənilir. İndi daha çox kreativlik, kreativ düşüncə, bütün sahələrə kreativ münasibət kulturologiyanın yeni bir formasıdır. Televizayada, mətbuatda bu sahəyə çox az yer verilir. Bu elm bizdə hələ oturuşmayıb, mütəxəssislərimiz demək olar ki, çox azdır. İnsanlarımızın kreativ düşüncəsi, kulturolji baxışları aşağı səviyyədə olduğundan bu elm öz təsdiqini tapa bilmir.

-Ədəbiyyatımızın orta nəslinin nümayəndəsisiniz. Gənclərin arasında gələcəyin Aydın Xanlarını görürsünüzmü?

-Əlbəttə, ədəbiyyat ümumiyyətlə düşüncə, poeziya elə bir sahədir ki, bu durmadan inkişaf edir, yeni nəsil gəlir, gəncləşmə gedir, siz bilirsiniz ki, mən qurum sədriyəm, həmçinin kitabxana.net elekton kitabxanasının yaradıcısı və rəhbəriyəm. Və bizim daim təmasda olduğumuz insanlar məhz gənclərdir. Mən indi xalq yazıçıları Anara, Elçinə nəyisə öyrədə bilmərəm, amma dünyada olan müəyyən tendensiyalar barədə onları bilgiləndirə, maarifləndirə bilərəm. Amma gənclərə nələrisə ötürə bilərəm. Nizamidən, Borxesdən aldığımı gənclərimə ötürə bilərəm ki, onlar da gələcəkdə bunları mənim övladlarıma, nəvələrimə ötürə bilsinlər, milləti maarifləndirə bilsinlər. Çoxlu Aydın Xanlar var, çoxlu istedadlı gənclər var. Və bu istedadlar get-gedə çoxalır, düzdür, gələnlərin hamısı ədəbiyyatda qalmır, müəyyən hissəsi çıxıb gedir, qızlar ərə gedir ədəbiyyatı unudur, oğlanlar çörək pulu qazanmaqla məşğul olduqlarına görə, yaxud xaricə getdiyinə görə ədəbiyyatı buraxır, amma ən azından beş nəfər belə qalsa bu da gələcək ədəbiyyatımız üçün olduqca önəmli bir haldır.

-Milli kitablarımızı qlobal hadisəyə çevirmək üçün durmadan çalışırsınız. Bu işi hansı səviyyəyə qədər görə bilirsiniz?

-Aydın məsələdir ki, hansısa bir işi görmək üçün maliyyə imkanları olmalıdır. Sovetlər dövründə elə idi ki, dövlət ədəbiyyatın, mədəniyyətin təbliği ilə məşğul olurdu, həm də ondan xeyir götürürdü. İndiki zamanda ədəbiyyatdan biznes mənbəyi kimi istifadə etmək qeyri-mümkündür. Nəşriyyatlar özlərini maliyyələşdirməklə işləyirlər, yazıçı və şairlərimizin kitabları məhz onların hesabına çap olunur. Onların da çox hissəsi satılmır, dost-tanışa hədiyyə edilir. Ona görə də biz yeni formatlar axtardıq və ayrı-ayrı qurumların köməyi ilə, burda mən xüsusilə Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, Azərbaycan Yazıçılar Birliyinin adlarını qeyd etmək istəyirəm. Bu qurumların maddi və texniki dəstəyindən istifadə edərək, onlara layihələr təqdim edərək və layihələrin bir qismi maliyyələşdirildiyinə görə Azərbaycan ədəbiyyatı, düşüncəsi, kulturologiyası ilə bağlı layihələr gerçəkləşdirilir. Biz bu günə kimi 400-ə yaxın elekton kitab hazırlayaq oxucuların, istifadəçilərin öhdəsinə buraxmışıq.

-Bəziləri hesab edir ki, internetdə yalnız intellekt səviyyəni artırmaq mümkündür. Amma düşünürəm artıq e-kitabxanalar da var. Və bu pdf formatlı kitabları bilgisyara, planşetə və b. bu kimi qurğulara yükləyib asanlıqla oxumaq olur. Bu yeniliklərin yaranması geniş oxucu kütləsinə hansı şəkildə təsir edir?

-Sözsüz ki, internet bütövlükdə geniş kütləyə təsir etmək üçün yaranmış bir formatdır və onun hipertekstuallığı insanların intellektual inkişafına təsir etmək üçün nəzərdə tutulub. İnternetdə bilirsiniz ki, çoxlu saytlar, resurslar var. Amma bu resursların böyük əksəriyyəti əlbəttə ki, müəyyən insanlara ünvanlansa da əslində həm də elektron oxu, elektron mütailə üçün geniş imkanlar yaradan elektron kitabxanalar e-kitablar olan bir məkandır. Əgər bizim vaxtımızda tələbələr bir kitabı oxumaq üçün Axundov adına Milli Kitabxanaya, AMEA-nın kitabxanasına gedib günlərlə, saatlarla növbəyə dururdularsa, indi dünyanın hər yerində axtarış verib, istənilən kitabı əldə etmək mümkündür. Düzdür, bu anlamda Azərbaycan internet resursları bir qədər zəifdir, biz artıq bununla bağlı yeni-yeni layihələr həyata keçiririk. Amma müəyyən maliyyə imkanları olmadan bu cür layihələri həyata keçirmək mümkün deyil. Bizim dünyaya səpələnmiş 50 milyonluq xalqımız, həmçinin də güneydə yaşayan soydaşlarımız üçün bu olduqca vacib amildir. Bu anlamda Azərbaycan Prezidenti yanında İnternet resurslarının inkişafı ilə bağlı xüsusi fonda ehtiyac var.

-Yaxın günlərdə hansı lahiyəni gerçəkləşdirmək fikrindəsiniz?

-Bu yaxınlarda biz xüsusi olaraq Azərbaycan internet məkanında ümumiyyətlə elekton kitabxanalarda yeni bir layihəyə hazırlaşırıq. İndi layihə, qrant elanları olanda ya bunu Gənclər Fonduna, ya da ki QHT-lərə Dövlət Dəstəyi Şurasına verəcəyik və yaxud Gənclər və İdman Nazirliyinin xətti ilə biz bu layihəni həyata keçirəcəyik. Birinci layihəmiz ölkəmizdə elekton dərsliklərin hazırlanmasıdır. İkincisi Azərbaycan elekton kitabxanalarının, milli internet resurslarının təbliğiylə bağlı müəyyən bir layihədir. Üçüncüsü isə Azərbaycan dilində fəlsəfə kitablarının elektron seriyasının hazırlanmasıdır. Bax, bu üç layihəni xüsusi olaraq biz Yeni Yazarlar və Sənətçilər Qurumu olaraq hazırlamışıq və bunu yaxın gələcəkdə çalışacağıq ki, dövlət qurumlarının maliyyə imkanlarından yararlanaraq həyata keçirək. Digər bir layihəni isə Azərbaycan Yazıçılar Birliyi ilə birgə həyata keçirmək niyyətindəyik. Bu da cəzaçəkmə müəssisələrində yazıçılarımızla orada cəza çəkən məhbusların görüşünü keçirməkdən ibarətdir.

-Azərbaycanda milli azlıqların ədəbi nümunələrini ardıcıl izləyirsiniz. Bu xalqların dillərində yeni-yeni ədəbi nümunələr yaranırmı?

-Bilirsiniz ki, Azərbaycan müxtəlif dinlərin yayıldığı və etnik qrupların yaşadığı bir məkandır. Və burada yaşayan azsaylı xalqların özlərinə məxsus bir kulturoloji, kreativ məkanları var. O cümlədən də, ölkəmizdə yaşayan ləzgilər, talışlar, avarlar, tatlar, kürdlər, saxurlar , dağ yəhudiləri, hətta Xınalıq kimi bir kəndi əhatə edən azsaylı millətlərin öz dillərində əlbəttə ki, həm folkloru, həm də ədəbiyyat nümunələri var. Bu da daha çox irihəcmli yox, daha çox orta və kiçik həcmli nəsr əsərləri, povest və hekayələr təşkil edir. Nağıllar, şeirlər və başqa poetik nümunələrlə biz yaxından tanış ola bilirik və bizim “Azərbaycanda yaşayan azsaylı xalqların antologiyası” adlı maraqlı bir lahiyəmiz var idi. Biz bu toplunun kağız və elektron formatında hazırlayanda çox maraqlı və qəribə nümunələrlə rastalaşdıq. Onu da qeyd etmək istəyirəm ki, bu xalqların ədəbiyyat nümayəndələri daha çox azərbaycan dilində yazıb-yaradırlar, amma onlar həm də öz xalqlarının dillərində yaratmış olduqları əsərləri ilə ədəbiyyatımızı zənginləşdirirlər.

-Çağdaş ədəbiyyatımızda sizə də məlum olduğu kimi posmodernizm cərəyanı mahiyyətindən kənar başa düşülür. Sizcə bu cərəyan ədəbiyyatımıza lazımınca tətbiq oluna bilirmi?

-Bilirsiniz, posmodernizm bizim həyat tərzimizə, düşüncəmizə, istifadə etdiyimiz bilgisayardan tutmuş geyim tərzimizə qədər, eyni zamanda artıq hər bir sahəyə təsir etmiş bir düşüncə texnologiyasıdır, həyat tərzidir və onun bizim düşüncəmizdən asılı olmayaraq artıq bu bizim həyatımızda oturuşub, incəsənətimizə, düşüncəmizə, ədəbiyyatımıza, həmçinin də televiziyada gedən proseslərə ciddi şəkildə təsir edir. Azərbaycan ədəbiyyatında ümumiyyətlə posmodernizm bir cərəyan olaraq Rusiya, Türkiyə, İrandakı kimi bir təsirə malik olmasa da bu və ya digər dərəcədə özünü göstərir. Azdan-çoxdan həm gənc nəsil, həm də yaşlı nəsil nümayəndələri bu cərəyandan maksimum yararlanıb əsərlər ortaya qoyurlar. Bu əsərlər artıq araşdırmaya cəlb olunmalıdır və təəssüflər olsun ki, AMEA Ədəbiyyat İnstitutu hər şeylə məşğul olur, nəinki müasir dövrün ədəbi cərəyanlarıyla, o cümlədən posmodernizm, modernizm, virtualizm kimi yeni cərəyanlar, yen istiqamətlər tədqiq edilmir. Heç şübhəm yoxdur ki, yeni-yeni tədqiqatçılar yetişəcək və məhz bu cərəyanların Azərbaycan ədəbiyyatına, Azərbaycan düşüncəsinə təsiriylə bağlı araşdırmalar aparacaqlar.

-Tanınmış ədəbiyyatçı, kulturoloq kimi ədəbiyyata yenicə qədəm gənc qələmlərə nəyi məsləhət görərdiniz?

-Ədəbiyyat indi çox çətin və pul gətriməyən bir sahədir. Ədəbiyyat milli ruhu, milli kökü, düşüncəni ortaya qoyan, zənginləşdirən bir sahədir. Bu sahəyə gələn hər bir şəxs bir məsuliyyət daşımalıdır. Kreativ, ideoloji, intellektual bir məsuliyyəti olmalıdır. Maksimum səviyyəni saxlamanı bacarmaq lazımdır və intellektuallığı yüksəltmək və öz yaradıcılığınla fərqli bir mövqe ortaya qoymaq lazımdır. Hər kəsin gördüyünü, yazdığını yox, hər kəsin görə bilmədiyini, yaza bilmədiyini ədəbiyyata gətirmək və bununla da Azərbaycan ədəbiyyatını dünyaya tanıtmağa çalışmalıdır.

Söhbətləşdi: Yeqzar Jafarli – Yeqzar Cəfərli

http://olaylar.az/news/culture/63140

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir