“Jak Şirak (indi isə Makron) qudurub…” – millətsevər ziyalı Şamil Qurbanov

JAK ŞİRAK (MAKRON) QUDURUB…

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Şamil Qurbanovu Milli Məclisdə məşhurlaşdıran bir hadisə olmuşdu…
2000-ci ilin əvvəlində Milli Məclisdəki müzakirələr zamanı o zamankı Fransa prezidentinin ünvanına sərt ifadə işlədən Şamil müəllim onda təkcə əcnəbiləri deyil, daxildə də bəzilərini hiddətləndirmişdi…

Şamil Dünyamalı oğlu Qurbanov 1934-cü il mayın 10-da Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1955-1960-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil alıb.
Şamil Qurbanov əmək fəaliyyətinə “Azərbaycan məktəbi” jurnalı redaksiyasında ədəbi işçi kimi başlayıb. Bir müddət Bakı Dövlət Universitetinin jurnalistika kafedrasında baş laborant işləyib, sonra aspiranturaya daxil olub və 1965-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
1965-1968-ci illərdə “Bakı” qəzetinin redaksiyasında ədəbi şöbənin müdiri işləyib.
Şamil Qurbanov 1968-ci ildən etibarən əmək fəaliyyətini pedaqoji işlə davam etdirib, universitetin müəllimi, baş müəllimi və dosenti kimi çalışıb. O, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə edib, 1980-ci ildə isə professor elmi adı alıb.
Şamil Qurbanov 1981-1991-ci illərdə universitetin Filologiya fakültəsinin qiyabi və axşam şöbələrinin dekanı olub. 1989-cu ildən ömrünün sonuna qədər Bakı Dövlət Universitetinin Şərqi slavyan və türk xalqları ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.
Şamil Qurbanov pedaqoji fəaliyyəti ilə yanaşı, elmi araşdırmaları ilə də tanınan alim idi. Onun elmi fəaliyyətinin əsas istiqamətləri klassik Azərbaycan ədəbiyyatı, ədəbi əlaqələr, mühacirət ədəbiyyatı, repressiya qurbanları olmuş ədiblərin yaradıcılığı problemlərinin tədqiqi idi. Alim 20-yə qədər kitabın, yüzlərlə məqalənin müəllifidir. O, “Açılmamış səhifələr”, “Ədəbi dostluq”, “Klassik rus poeziyası Azərbaycanda”, “Ömrün fikir dünyası”, “Cəmaləddin Əfqani və türk dünyası”, “Nəriman Nərimanov dünyası” kimi əsərlərin müəllifi kimi də tanınmışdı.
Onun Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, M.Ə.Rəsulzadə haqqında da dərin tədqiqat əsərləri var. Onun ən böyük ədəbi xidməti Ömər Faiq Ne’manzadə və Şeyx Cəmaləddin Əfqani haqqında tədqiqatlarıdır. (Yeri gəlmişkən, Şamil Qurbanov Ömər Faiq Nemanzadənin kürəkəni idi.)
Şamil Qurbanov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən ictimai xadim kimi də yaxşı tanınırdı. O, birinci və ikinci çağırış Milli Məclisin deputatı olmuşdu.
Həm 1995-ci, həm də 2000-ci ildə seçkilərə bitərəf namizəd kimi qatılan Şamil Qurbanov Milli Məclisə 12 sayı Nizami seçki dairəsindən deputat seçilmişdi.
O, parlamentin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü kimi müstəqil Azərbaycan Respublikasında qanunvericilik aktlarının hazırlanıb qəbul edilməsində yaxından iştirak etmişdi. Onun Azərbaycanla Gürcüstan arasında parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsində də xidmətləri böyük idi.
Yeri gəlmişkən, Şamil Qurbanov doğulduğu el-obanın – Borçalı mahalının problemlərini yüksək tribunalardan söyləməyi unutmayan deputatlardan idi. Çox təəssüf ki, indi parlamentdə bir nəfər belə olsun Borçalıdan millət vəkili yoxdur.
Yadımdadır, 1992-ci ildə Borçalıda soydaşlarımızın yaşadığı kəndlərin adlarının dəyişdiri­lə­rək gürcüləşdirilməsinə və diskriminasiya hallarına etirazımızı bildirmək məqsədilə Gürcüstanın o vaxtkı prezidenti Eduard Şevardnadze ilə Bakıda, Prezident aparatında Borçalı ziyalıları Abbas Abdulla, Eyvaz Borçalı, Şamil Qurbanov və Şərif Kərimlinin iştirak etdiyi görüşdə Şamil nüəllim kəskin mövqe bildirmişdi.
Professor rus və alman dillərini bilirdi. O, iki övlad atası idi.
2000-ci ildə parlament iclasında Qarabağla bağlı müzakirə zamanı Şamil Qurbanov yeni bir qalmaqalın əsasını qoymaqla məşhurlaşmışdı. Belə ki, Fransanın o zamankı prezidentinə xitabən dediyi “Jak Şirak qudurub!” replikası Milli Məclisin işində iştirak edən əcnəbi diplomatlar tərəfindən birmənalı qarşılanmamışdı.
Onda Fransa Senatının ermənipərəst davranışları təbiətən sakit, mülayim xasiyyətli deputatı özündən çıxarmış və o, xarici diplomatların iclasda iştirak etməsinin fərqinə varmadan Milli Məclisin tribunasında hiddətini boğa bilməmiş, “Jak Şirak qudurub!” söyləmişdi.
Parlament zalında əyləşən xarici diplomatlar “Jak Şirak qudurub!” ifadəsinə etirazlarını Milli Məclisin iclasını yarımçıq tərk etməklə bildirmişdilər. Deyilənə görə, həmin iclasdan sonra Şamil müəllim bəzi “özümüzünkülər” tərəfindən sıxma-boğmaya məruz qalmış və axırda infarkt keçirmişdi.
Tanınmış ictimai xadim, təcrübəli alim-pedaqoq Şamil Qurbanov 2004-cü il yanvarın 16-da ömrünün 70-ci ilində vəfat edib. Qəfil ürəktutması mandat müddətini bitirməyə bir ili qalmış professora aman verməmişdi.
Qeyd edək ki, “Jak Şirak qudurub!” replikası siyasət aləmində uzun müddət aforizmə çevrildi. Hətta bəzən bu gün də zərb-məsəl kimi işlədilir.
Kim bilir, bəlkə də Şamil Qurbanov hələ yaşasaydı, Fransanın indiki prezidenti Emmanuel Makronun davranışlarını görüb daha sərt sözlər işlədərdi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir