Ədəbi birliklər konfederasiyası yaradıla bilər… Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri Aydın Xan Əbilov

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri Aydın Xan Əbilov Azərbaycanda vahid bir mədəniyyət fondunun yaradılması tərəfdarı olduğunu söyləyir…
“Əslində beş ilə yaxındır ki, Azərbaycanda xüsusi mədəniyyət fondunun yaranması təklifi ilə çıxış etmişik. Fikirləşirik ki, dünyanın bir sıra ölkələrində olduğu kimi, ədəbiyyat, mədəniyyət və incəsənətin digər sahələrinin inkişafı, xüsusən də alternativ sənət növlərinin irəli çıxması üçün ya dövlət, ya da özəl bir qurum, yaxşı olar ki, prezident yanında mədəniyyət fondu təsis edilsin. Analoji mədəniyyət fondları dünyanın bir sıra ölkələrində istər yaşlı, istərsə də orta və təzə nəslin nümayəndələrinə il ərzində vəsait ayırıb onları yaradıcılığa həvəsləndirir.
Eyni zamanda biz bir neçə dəfə çıxış etmişik ki, Azərbaycandakı peşəkar yaradıcı qurumlar bir konfederativ təşkilatda təmsil olunsunlar. Çünki sənət elə bir hadisədir ki, nəticə etibarilə onun kütləviliyə ehtiyacı olur. Üstəlik, dünyanın bir sıra ölkələrində kreativ biznes deyilən birlik forması var. Orda təkcə ədəbi deyil, həm də internetüstü, televiziyaüstü qurumlar təsis olunur, dövlət onlara qrant ayırır, sonra isə həmin fondlardan gələn gəlir vasitəsilə kreativ biznes təşkil olunur. Almaniyada mən bildiyimə görə, milyardlarla gəlir gətirir.
Böyük Britaniyada və Amerikada da həmçinin. Əgər bizim dövlətin mədəniyyət fondu olsa və mədəniyyətlə bağlı xüsusi komissiya fəaliyyət göstərsə, bundan ancaq xeyir görərik. Onsuz da bunun işartıları var, toy biznesidi, konsert təşkilidi, teleserialların çəkilişidi…
Bütün bunlar kreativ sənayenin Azərbaycanda olan işartılarıdır. Fikrimcə, ayrıca bir qurum yaradılsa, Azərbaycanda kreativ sənayenin və mədəniyyətin inkişafında çox böyük rol oynayar”.
Teleqraf.az saytı və qəzeti. 2016

