Mədəniyyətdə nə baş verir? – çirkli pullar, muzey maxinasiyaları barədə şayiələr baş alıb gedir… VCA və YYSİB sədri Aydın Xan Əbilovdan kəskin tənqidi fikirlər

Aydın Xan Əbilov: “Mədəniyyət ocaqlarımızda çox dəhşətli hallar mövcuddur”

Mədəniyyət xalqın simasını əks etdirməlidir. Təəssüflər olsun ki, Azərbaycan mədəniyyət sistemində əcaib olayların baş verdiyinin şahidi oluruq. Çox qəribədir ki, qonşu dövlətlərdə mədəniyyət sahəsinə rəhbərlik edənlər öz xalqlarının tarixini qədimləşdirmək üçün gecə-gündüz çalışırlar, amma bizdə bunun tam əksi baş verir, qədim olan nəyimiz varsa sanki qəsdən yoxa çıxarılır.

Son 30 ildə Azərbaycanın mədəniyyət sferasında elə olaylar yaşanıb ki, buna sakit yanaşmaq mümkün deyil. Keçən əsrin 90-cı illərində rayon tarix-diyarşünaslıq muzeylərində, rəsm qalereyalarında, şəhər muzeylərində qiymətli eksponatların, xüsusən də arxeoloji materialların, xalçaların, qiymətli əşyaların mədəniyyət sahəsinə rəhbərlik edən məmurların əli ilə qara bazara çəkilib satıldığı, milyonlarla dollara alınıb xarici ölkələrə aparıldığı barədə çox danışılır, biz də bu barədə konkret faktlar əsasında çox yazmışıq. Maraqlıdır ki, o illərdə buna görə heç bir kəs məsuliyyətə cəlb olunmayıb, milyardlar qazananlar xalqın tarixi irsini alver predmetinə çeviriliblər. Çox təəssüflər olsun ki, köhnə ənənə sonradan da davam etdirilib. Mədəniyyət Nazirliyinin strukturlarında baş verən neqativ hallar həll edilmək əvəzinə daha da genişlənir. Nazirliyin strukturları sanki cinayət yuvasına çevirilib. Bilirik ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirməsi nəticəsində nazir müavini Rafiq Bayramov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və digər vəzifəli şəxslər həbs edildi və hazırda onlar həbsxana həyatı yaşayırlar. Onların ittiham edildiyi maddələr barədə də geniş bəhs edilib deyə dərinliklərə varmırıq. 2022-ci ilin noyabr ayının 1-də  DTX növbəti dəfə Mədəniyyət Nazirliyində əməliyyat keçirdi və nazirin birinci müavini digər vəzifəli şəxslər həbs edildi. Mədəniyyət Nazirliyi strukturunda baş verən neqativ proseslər cəmiyyətdə ciddi şəkildə müzakirə edilir. Eyni zamanda da bir sıra məsələlərlə bağlı şaiələr və iddialar mövcuddur. Mədəniyyət sferasında, eləcə də ictimaiyyətdə saysız şaiələr dolaşır ki,  bu gün də muzeylərdə, mədəniyyət ocaqlarında, kitabxanalarda, musiqi məktəblərində və başqa yerlərdə dəhşətli maxinasiyalar baş baş verir. Muzeylərdə dəhşətli vəziyyət yarandığını barədə dolaşan söz-söhbətlərə görə, bəzi muzeylərdə eksponatların, xalçaların, qədim sikkələrin əslini götürüb onu dublikatla əvəz edirlər. Qədim xalçaların, palazlar yerinə bənzərinin qoyulduğu barədə də söhbətlər var. Bunun nə dərəcədə doğru olub olmadığını deyə bilmərik, iddia etmirik ki, bunlar doğrudur. Amma belə söz-söhbətlər var. Eyni zamanda da muzeylərlə müxtəlif yerlərdən eksponatların alınması sahəsində ciddi maxinasiya olduğu deyilir. Gəzən şaiələrə görə, tutaq ki, eksponat 5 manata alınırsa o 2 min manata “oformut” edilir, yaxud 2 min manata alınan xalçanın qiyməti 50-60 min manta göstərilir. Bununla da çox dəhşətli maliyə fırıldaqlarına, maxinasiyalara yol verlir. Hesab edirik ki, əlbəttə, bu şaiələr də əlaqədar qurumlar tərəfindən araşdırılacaq. Əgər dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan milyonlar, milyardlar məmurun cibindən, yaxud seyfindən çıxırsa, bu artıq vəziyyətin hansı şəkildə olduğunu ortaya qoyur.

Nazirliyin strukturlarında maliyə yeyintiləri həmişə olub, lakin nazirlikdə bunun qarşısını alan bir kimsə olmayıb. Sanki kimlərsə, Mədəniyyət Nazirliyinin strukturlarını maliyə yeyintisi olaraq seçib və bunun da acı nəticələrini görürük.

Bütün bu məsələlərlə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə cəhd etsək də, alınmadı, ona görə də ekspertə müraciət etdik. Amma nazirlikdən hər hansı bir mövqe bildirilərsə, onu da işıqlandıracağıq.

  • “…Bir sıra korrupsiya halları var”

Yeni Yazarlar və Sənətçilər Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində bildirdi ki, Mədəniyyət Nazirliyi sistemində baş verən neqativ hallarla bağlı müxtəlif vaxtlarda “Bakı-Xəbər” vasitəsilə fikir bildirib, lakin indiyə qədər heç bir müsbət nəticə olmayıb. A.X.Əbilov vurğuladı ki, tənqidlərdən, iradlardan nəticə çıxarılmayıb və təkliflərdə diqqət yetirilməyib, son ucda vəziyyət daha da pisləşib. “İctimai qınaq irəli sürülsə də, tənqidlər bildirilsə də, vəziyyət get-gedə bir az da qəlizləşib. Mədəniyyət sistemində, kitabxana, teatr, muzey və digər millətin kultroloji sərvətini yaratmalı olan təsisatlarımızda çox böyük problemlər yaşanır. Baxmayaraq ki, mədəniyyət naziri dəyişdirildi, struktur yeniləndi, yeni nazir və komandası iş başına keçdilər. Amma təəssüflər olsun ki, həm dövlətin, həm ictimaiyyətin, xüsusən də kultroloqların, mədəniyyətşünasların gözləntiləri özünü doğrultmadı. Təsəvvür edin ki, Mədəniyyət Nazirliyinin nəzdində ictimai şura yaradılıb. İctimai şuranın üzvlərinin bir çoxu heç adlarını yaza bilmirlər. Çünki onların bir çoxunu ən azından tanıyırıq. Onlar mədəniyyətlə bağlı hansı fikirlər söyləyə bilərlər? Əgər nazir öz yerlisini ictimai şuranın sədri qoyursa, biz ondan ictimai nəzarəti soruşa bilərikmi? Bəlkə də hər şey bundan başlayır? Dövlət qurumlarının nəzdində olan ictimai şuraların üzvləri, onların fəaliyyəti, şəxsiyyəti, intellektual səviyyəsi imkan verirmi ki, onlar dövlət qurumlarına nəzarət edə bilsinlər, tənqid edə bilsinlər? Halbuki, kənarda qalanlar var ki, onlar seçki oyunbazlığı nəticəsində kənarda qalıblar. Onlar KİV-lərdə bu sahələrdə analitik təhlillərini, analizlərini ortaya qoyurlar. Baxın, Mədəniyyət Nazirliyinin strukturlarında bu və digər nöqsanlar bundan sonra daha da çoxalacaq. Kinoteatrlarımızda, muzeylərimizdə, teatrlarımızda, mədəniyyət ocaqlarımızda çox dəhşətli hallar mövcuddur.  Kitabxana özü yoxdur, amma ştat var, kitabxanaçı var, maaş kartları da müdirlərin cibindədir. Mədəniyyət Evləri bərbad vəziyyətədir, təmir edilmir, oralara heç kim getmir, amma direktoru da, süpürgəçisi də var. Dövlətin milyonlarla pulu axır, amma təəssüf ki, nəticədə heç nə əldə edə bilmirik. İllərdir ki, bir çox kəndlər kino, teatr, konsert üzünə həsrətdir. Mədəniyyət Nazirliyi Bakıdadır və nazirliyin yüksək vəzifəli şəxsləri, məmurlar özlərinə cürbə-cür təşkilat yaradırlar. Nazirliyin ictimai qurumlara ayrılmalı olan vəsaiti nazirliyin keçmiş məmurlarının və indiki federasiya rəhbərlərinin cibinə axır”.

A.X.Əbilov qeyd etdi ki, bu şəxslər xaricdən götürdükləri layihələri “kopya” edirlər və iki-üç əməkdaşlarının iştirakı ilə saxta təlimlər keçirlər, guya kreativ saytlar açırlar və sair. Ekspertin sözlərinə görə, buna isə nəzarət edən də  yoxdur, heç Hesablama Palatası da  buna baxmır. “Sağ olsun, DTX artıq neçənci dəfədir ki, Mədəniyyət Nazirliyi sturukturunda yenilənmə aparır. Bu insanlar məsuliyyətə cəlb olunurlar, həbs edilirlər. Çox təəssüf ki, yenə də həmin o sistem korrupsiya yuvası olaraq pul yığmağa başlayır. Musiqi, incəsənət məktəblərində vəziyyət nə yerdədir. Tanınmış mədəniyyət, incənət, ədəbiyyat adamları bu dövlətdən incik salınır. Bir sıra şəxslərin, o cümlədən də mənim 50-55 illik yubileyimiz olur, amma dövlət buna reaksiya vermir. Bu da təbiidir, çünki bunu dövlətə çatdırmalı olan Mədəniyyət Nazirliyidir, o da çatdırmır. Nazirlik bunu yuxarı instansiyalara çatdırmalıdır ki, bu insanların yubileyidir, onlar ömrünü dövlətin incəsənətinə, mədəniyyətinə, hümanitar-estetik düşüncəsinin inkişafına həsr edilib. Amma onlara nə fəxri ad verilir, nə prezident təqaüdü. Bizim kitabxana.net portalımız var, Qafqazın vən dünyanın ən tanınmış ictimai açıq kitabxanasıdır. İndiyə qədər Mədəniyyət Nazirliyi bir qəpik də olsun bu kitabxanaya pul verməyib ki, bu kitabxana Azərbaycanın sərvətidir və o inkişaf etməlidir. Nazirliyin özünün elektron kitabxanalarının çoxunda bizim kitabxananın materiallarını oğurlayıb yerləşdirirlər. Sonra da hökumətə hesabat evrirlər, hökumətdən milyonlarla pul alırlar, isti kabinetlərdə otururlar, kompüterlərlə təmin olunublar. Biz kompüter təchizatı ilə bağlı da bir sıra korrupsiya halları var. Muzeylərdə vəziyyət daha da bərbaddır. Lənkaranda “Dəyirmi Qala” deyilən çox unikal tarixi abidə var. Lənkəranlılar deyirlər ki, vaxtilə Mədəniyyət Nazirliyi onu təmir edib, indi o dağılıb. Astarada “Ulduz” filmində çəkilən “Ləm” var, o dağılıb, amma bu nazirliyin vecinə də deyil. Alt qatda olan tarixi abidələrin mühafiəzsi ilə bağlı Dövlət Xidməti tədbir görmür. Oradakı maxinasiyalar da üzə çıxıb. Eksponatların yerdəyişməsi edilir. Bir regionda aşkarlanan eksponatın başqa bir yerə göndərilməsi də maxinasiyanın bir yoludur. Xalqdan da ucuz qiymətə tarixi əşyalar alıb baha qiymətə “oformut” edirlər. İndiyə qədər muzeylərdən xalçalar, qiymətli əşyalar, eksponatlar inkin düşür. Təcili surətdə Hesablama Palatası Mədəniyyət Nazirliyinin bütün strukturunda yoxlama aparmalıdır. Muzeylərdə mühafizə gücləndirilməlidir, videokameralar yerləşdirilməlidir, hər kəs bilməlidir ki, bircə eksponatın yeri belə mütəxəssislərin və rəhbər şəxslərin icazəsi olmadan dəyişdirilə bilməz, nəinki onları yeniləmək, əvəzləmək, oğurlayıb satmaq”.

A.X.Əbilov hesab edir ki, indiyə qədər Mədəniyyət Nazirliyinin ictimai şurası seyirçi mövqe tutub və bu nöqsanlar barədə həyacan təbili çalmayıb, bu səbəbdən də ictimai şura ləğv edilməli və yerində ekspertlər şurası yaradılmalıdır. O təklif edir ki, Mədəniyyət Nazirliyinin işçisi olmayan, oradan maaş almayan şəxslər  ekspertrlər şurasına üzv qəbul edilsin, onlar nazirlik sistemində öz layihələri, planları, təklifləri ilə çıxış etsinlər, dövlətin mədəniyyət siyasətinin formalaşmasında həm iştirak etsinlər, həm də məmurlara nəzarət funksiyasını yerinə yetirsinlər.  

İradə SARIYEVA,https://www.baki-xeber.com/medeniyyet/147409.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir