Çağdaş poeziyamızın Yoldarı: şair-tərcüməçi Çingiz Əlioğlu. “Atlantlar”: ədəbi inci, poetik-sənət nümunəsi. Aydın Xan Əbilovdan kulturoloji gəzişmə
“Atlantlar”: ədəbi inci, poetik-sənət nümunəsi
Son vaxtlar dünya nəşriyyat-poliqrafiya müəssisələrində işıq üzü görən dəyərli, beynəlxalq çap standartlarına tam cavab verən ədəbi-bədii nəşrlər çoxalıb. Belə nəşr məhsullarının arasında elələrinə rast gəlirik ki, çap olunan kimi kitab – ədəbiyyat tarixində öz yerini tutur, nadir mədəniyyət – sənət nümunəsinə çevrilir. Mütəxəssislər, eləcə də kulturoloqlar bu cür kitabları “ədəbi inci”, “sənət nümunəsi”, “nəşr mədəniyyətinin uğuru” adlandırırlar və onlar uzun müddət çap standartları üçün müqayisə obyekti, dəyər nümunəsi hesab olunurlar.
Yaranan zaman uğurlu nəşr nümunəsi sayılan bu kitablar vaxt keçdikcə, tarixi-mədəni irs kimi milli və dünya mədəniyyətinin dəyərli nümunəsi tək qiymətləndirilir, bəşəriyyətin tarixi üçün qorunub saxlanılır. Milli Azərbaycan kitabı tarixində belə çap incilərinə nadir hallarda rast gəlirik. Zaman-zaman elə kitablar yaradılıb və bu qəbil nəşrlər günübugün də araya-ərsəyə gətirilir. Vaxtilə Təbriz, Gəncə, Şamaxı, Ərdəbil kimi qədim Azərbaycan kitab və miniatur sənəti mərkəzlərində – müxtəlif şəhərlərimizdə araya-ərsəyə çıxarılmış kitablar – “Qurani-Kərim”, Nizami Gəncəvi, Məhəmməd Füzuli və başqa şairlərin divanları indi dünya muzeylərini bəzəyir, bizim milli kitab sənətimizin qədimliyinin və yüksək səviyyəsinin simvolu kimi Şərq – Azərbaycan sivilizasiyasının hələ də açılmamış sirlərini, oxunmamış kodlarını özündə gizlədir…
Yeni fəaliyyətə başlamasına baxmayaraq, artıq çağdaş nəşr-poliqrafiya sahəsində öz sözünü demiş “Aspoliqraf” nəşriyyatında bu il nəşr olunmuş, artq bir sıra milli və beynəlxalq kitab müsabiqələrində qalib gəlmiş Çingiz Əlioğlunun “Atlantlar” poetik toplusu çap tariximizdə yeni, dönüş səhifəsinə çevrildi.
Tanınmış şair-tərcüməçi, publisist Çingiz Əlioğlunun ayrı-ayrı illərinin poetik yaradıcılıq məhsulları əsasında tərtib edilmiş, yüksək zövqlə, dünyanın çağdaş poliqrafik-nəşr standartlarına uyğun nəşr olunmuş yeni poetik toplusu ölkəmizdə keçirilən VI Bakı Kitab Bayramının “İlin poetik incisi” nominasiyasına layiq görüldü.
“Atlantlar” toplusu, eyni zamanda, bu yaxınlarda qonşu Rusiya Federasiyasının paytaxtı Moskva şəşərində keçirilən MDB ölkələri III Beynəlxalq Kitab Sənəti Müsabiqəsində ən yüksək qiymət alaraq birinci yeri tutdu, münsiflər heyətinin və müsabiqə iştirakçılarının böyük rəğbətini qazandı…
Bütün bu statistik faktları sadalayandan sonra əvvəlcə “Atlantlar” kitabının kulturoloji enerjisi barədə danışmaq istəyirəm. Adından da göründüyü kimi, bu növbəti kitabıyla şair Çingiz Əlioğlu Avropa ilə Asiyanın qovuşduğu – Şərqlə Qərb sivilizasiyasının görüşdüyü, xristian və İslam mədəniyyətinin təmasa girdiyi Azərbaycanın, sözün fəlsəfi mənasında, açıq mədəniyyətinin – ədəbiyyatının nümayəndəsi kimi özünün yaradıcılıq potensialını kitab sənətinin nümunəsinə – dünya standartlarına cavab verən nəşr məhsuluna çevirərək dünya oxucusuna təqdim etdi.
Bəli, məhz içində azərbaycanlı, türk, rus, ingilis, fransız və başqa yüzlərlə xalqın nümayəndəsindən ibarət dünya oxucusuna: sirr deyil ki, Azərbaycan, ümumiyyətlə, keçmiş SSRİ-yə daxil olan respublikalarda yaşayan poeziyasevərlər milli bədii-poetik düşüncəmizin dəyərli söz sahibini, şair-intellektualı – Çingiz Əlioğlunu gözəl tanıyırlar.
Məhsuldar yaradıcılığı ilə – şeir və poemalarıyla, ədəbi-publisistik yazılarıyla, analitik materiallarıyla, gözəl bədii-poetik tərcümələriylə, çoxsaylı kitabıyla, qəzet, jurnal və elektron informasiya vasitələrindəki ədəbi söhbətləriylə, naşirlik təcrübəsiylə, ictimai-dövlət fəaliyyəti, həmçinin ədəbi-mədəni işləriylə, ən əsası isə milli ədəbiyyatımıza gətirdiyi yenilikləriylə və gənc ədəbi qüvvələrə göstərdiyi qayğısıyla tanınan bu yaradıcı şəxsiyyət istər Azərbaycanda, istərsə də yaxın və uzaq xarici ölkələrdə nüfuzlu söz sahibi kimi çağdaş mədəniyyətimizi, ədəbi-bədii söz sənətimizi layiqincə təmsil edir.
Şairin “Atlantlar” adılı yeni poetik toplusunun yaranmasında Azərbaycan, Türkiyə, Rusiya, Finlandiya, ABŞ, Böyük Britaniya, Ukrayna, Qırğızıstan, Latviya, Litva və başqa ölkələrin nümayəndələrinin – poliqrafiyaçıların, rəssamların, tərcüməçilərin, eləcə də digər sənət adamlarının iştirakı, böyük formatlı, 663 səhifəlik, hər vərəqində yazıaltı kölgə-şəkillər, həmçinin müxtəlif mövzularda rəngli şəkillərlə bəzədilmiş bu möştəşəm kitabın yarısı Çingiz Əlioğlunun dünya xalqları dillərinə edilmiş poetik-bədii tərcümələrinə ayrılıb. Bu cəhətinə görə kitab həm çağdaş Azərbaycan şerinin istedadlı nümayəndəsi kimi Çingiz Əlioğlunun yaradıcılığı ilə dünya oxucusunu tanış etmək baxımından maraq kəsb edir, həm də milli söz sənətimiz vasitəsilə Azərbaycan dilini öyrənən əcnəbilər üçün bədii-poetik vasitə kimi dəyərlidir. Ən əsası isə milli nəşr sənətinin dəyərli nümunəsi kimi bu qiymətli nəşr-ədəbiyyat məhsulu dünyanın istənilən ölkəsində nümayiş etdirilə bilər.
Söz yox ki, milli ədəbiyyatı tədqiq edən bir şəxs kimi mənim üçün “Atlantlar” toplusundakı əsərlərin ədəbi-poetik mahiyyəti, kitabın kulturoloji əhəmiyyəti və Çingiz Əlioğlunun çağdaş söz sənətimizə gətirdiyi estetik-sənət yenilikləri daha çox maraqlandırır və bu yazımda da bu məsələlər barədə fikirlərimi ədəbi-mədəni ictimaiyyətin nümayəndələri, ədəbiyyatsevər oxucularla bölüşmək istəyirəm…
Öncə bir məsələni vurğulamaq istəyirəm: “Atlantlar” kitabını əlinə alan peşəkar ədəbiyyat adamı o dəqiqə hiss edər ki, bu topluda qədim Şərq – Azərbaycan divan-şeir poetikasıyla – əlyazmalar-miniatür sənətinin incəlikləri ilə çağdaş Avropa – dünya ədəbiyyat hadisələri və nəşr standartları çox ustalıqla sintezləşdirilib. Ayrı-ayrı səhifələrdəki yerli və əcnəbi rəssamların modern incəsənət əsərləri sanki kifayət qədər qalın – 663 səhifəlik şeir kitabını oxuyan şəxsin gözünün və zövqnün “yorulmasının” qarşısını alır: lap qədim əlyazmalardakı miniatürlər kimi…
Kitabdakı fərqli illərin və dəyişən ovqatın – mən hələ topludakı üslub, mövzu, janr, həcm, ədəbi növ rəngarəngliyini qoyuram bir qırağa – ədəbi-fəlsəfi düşüncənin məhsulu olan lirik-poetik nümunələr elə sıralanıb ki, toplunu istənilən səhifəsindən açıb oxumaq olar. Bu mənada “Atlantlar” kitabı ədəbiyyat-kitab tariximizdə az-az təsadüf edilən poetik supermətn formasında oxuculara təqdim edilib.
Şeirlər, poemalar, irili-xırdalı poetik nümunələr, bədii-fəlsəfi düşüncələr, həmçinin zamana, dünyaya, insanlara xitabən yazılmış lirik əsərlərdən ibarət kitab şairdən çox dövrümüzün ictimai-siyası, ədəbi-mədəni, fəlsəfi-həyati məsələlərinə biganə qalmayan, bütün yaradıcılığıyla nümayəndəsi olduğu millətinin bəşəriyyətin qabaq cərgəsində durduğunu subut etməyə çalışan bir intellektual-estet kimi Çingiz Əlioğlunu oxucuya sevdirir.
Yuxarıda qeyd etdiyim kimi, ədəbiyyatımızdakı yaradıcılıq yolunu müntəzəm izlədiyim istedadlı imza sahiblərindən biri olaraq Çingiz Əlioğlunun istər əvvəlki kitablarındakı şeirlərindən, istərsə də “Atlantlar” toplusundakı poetik nümunələrdən çıxış edərək tam məsuliyyəti ilə söyləyə bilərəm: şairin yaratdıqlarının böyük hissəsi Şərq – Azərbaycan sufi ədəbiyyatı ilə çağdaş Avropa modern poeziyasının sintezi olan intellektual – poetik-ədəbi məhsul sayılmalıdır. Bəlkə də bu cəhətindən irəli gəlir ki, Çingiz Əlioğlu poeziyası çağdaş Azərbaycan şerinin böyük bir istiqamətinin inkişafına təkan vermiş, bir sıra şairlərin üslubunun formalaşmasına səbəb olmuşdur…
Ədəbi-bədii söz sənəti tarixindən də məlumdur ki, dünya ədəbiyyatında poetik-mistik şeirləri ilə məhz sufi şairlər – aralarında əsərlərini dövrün poeziya dili sayılan farsca yazan Azərbaycan-türk poetik düşüncə saşibləri daşa çoxluq təşkil edirdi – poeziyanın intellektual qolunu yaradaraq inkişaf etdiriblər. Böyük alman mütəfəkkir şairi İ.Hötedən bu yana məhz sufilərin təməlini qoyduğu intellektual poeziyanın Avropa istiqamətini inkişaf etdirdilər. XX əsrdə isə intellektual poeziya özünün Avropadakı modern formasına qədər inkişaf etdi.
İrsən sufi poeziyasını poetik genində gəzdirən – Məhəmmd Füzuli kimi o da məşhur Qarabağın Bayat elindəndir – Azərbaycan şairi kimi Çingiz Əlioğlu intellektual poeziyasının başlanğıcı ilə son mərhələsini – fəlsəfi şerilə modern poeziyanı – birləşdirən növbəti bir estetik düyün kimi fərdi-fərqli şeirlərini yazır, milli poetik-bədii söz sənətində, həm də dünya ədəbiyyatında öz missiyasını yerinə yetirir.
Ulu Yaradan – Tanrı ilə insan arasında vasitəçi qəbul etməyən, ilahi münasibətlərə can atan, Böyük yolun gedənləri – Yoldarları sayılan sufilərin yaratdığı intellektual poeziya və şəxsiyyət azadlığını Ali Həqiqətin cığırı kimi görən yenilikli şairlərin şeirləri öz dövrlərində mövcud cəmiyyətin böyük hissəsi tərəfindən çətin qəbul edilib. Bəlkə də buna görədir ki, intellektual-poetik nümunələr yaradan şairlər cürbəcür basqılara, haqsız hücumlara məruz qalmış, yaratdıqları isə ya küfr, ya da ədəbiyyata dəxli olmayan qeyri-adi əsərlər hesab edilmişdir. Axı təbiətən insanlar dərk etmək iqtidarında olmadıqları hadisələrdən yan qaçır, anlayışları yaxına buraxmır, yazıları – düşüncələri inkar etməyə daha həvəslidirlər. Fəqət illər keçir, o əsərlərin poetik-fəlsəfi kodları oxunub, onların ilahi qatları açılandan sonra bəşəriyyət dərk edir ki, ali məqamı anlamadığına görə, bir çox şeyləri əldən buraxmış, öz inkişafını ləngitmişdir.
Çingiz Əlioğlunun “Atlantlar” kitabındakı “Qum saatı… ilbiz və ilan” adlı ilk şeri sanki bu fikrimi tamamlayır:
…dağılıb-çilənib laxtalanmış vaxt
yaşar hər yarpaqda şəvəldə-şaxda
tək onun hökmüylə axtalanmış
bax günahsız körpə də, amansız şah da…
Bəli, əsl çağdaş sufi şairi – yoldarı kimi şair hardansa gələn ilahi informasiyanı modern poetik biçimdə oxuculara ötürür…
“Atlantlar” toplusundakı şeirləri, poemaları oxuduqca, məndə elə təəssürat yaranırdı ki, bu əsərlər sanki yaradanın, dünyanın, zamanın, ali həqiqətin, həyatın, insanın kölgəsidir – yazı, şeir şəklində kitabın səhifələrinə səpələnib. Başlanğıca – Yaradana aparan yolun yoldarı olaraq Çingiz Əlioğlu bu şeirləri, poetik əsərləri vasitəsilə insanların qolundan tutub onlarla birgə şəqiqətə doğru addımlamaq istəyir. Kitabdakı intellektual-modern poetik nümunələrdə şairin şəxsiyyəti fəlsəfi mənlə əvəzləndiyinə görə hər kəs bu şeirləri əsl ilahi yol kimi qət edər: söz yox ki, intellektual-estetik səviyyəsindən, ədəbi-mədəni zövqündən, fəlsəfi dünyagörüşündən asılı olaraq, hərə bir cür onları qavraya, anlaya bilər. Fəqət, bu dəqiqdir ki, məhz yuxarıda sadaladığım cəhətlərinə görə, Çingiz Əlioğlunun şeirləri həm Azərbaycan oxucusu, həm də müxtəlif dillərə edilmiş tərcümələr vasitəsilə dünya ədəbiyyatsevərləri üçün dəyərli sənət nümunələri kimi yaxşı, rahat anlaşılandır…
Ötən əsrin 70-ci illərində milli ədəbiyyat meydanına qədəm qoyan Çingiz Əlioğlu geniş dünyagörüşünə, intellektual səviyyəsinə, şəyat və zaman olaylarına fərqli baxışlarına, beynəlxalq ədəbi prosesə həssaslığına və digər fərdi keyfiyyətlərinə görə çağdaş Azərbaycan poeziyasında – əgər belə ifadə etmək qüsurlu sayılmazsa – ədəbi-poetik “dəb” təklif edən, xüsusi təkan verən azsaylı şairlərimizdəndir: bu yeni kitabdakı bədii nümunələrdən də biz bunları müşaşidə edirik. Vaxtilə modern və bənzərsiz şeirləri ilə ədəbi ictimaiyyətimizi tez-tez təəccübləndirən Çingiz Əlioğlu fərdi yaradıcılığı və ədəbi prosesimizdəki fəal iştirakıyla bir qrup yeni düşüncəli şairin – ədəbiyyatımız üçün yenilik sayıla biləcək – dəyərli estetik mövqeyinin formalaşmasına təkan vermiş oldu. Hətta indinin özündə də şəxsini “ağ”, yaxud sərbəst vəzndə şeir tərəfdarı sayan modern və postmodern şairlərin əksəriyyətinin yaradıcılığında Çingiz Əlioğlunun poetik izini asanca görmək mümkündür.
Onu da qeyd edim ki, bu baxımdan Çingiz Əlioğlunun bütün yaradıcılıq məhsullarını nümunə göstərmək olmaz: hər bir şairdə olduğu kimi, onun da şeirlərinin arasında zəifi, ortababı və güclüsü var. Bu, təbii qarşılanmalıdır – heç kim anadan dahi şair kimi doğulmur. Yaradıcı insan kamillik dövrünə qədər uzun və bəzən yorucu bir kulturoloji yolu qət etməlidir.
Dünya ədəbiyyatı tarixində Çingiz Əlioğlunun Azərbaycan ədəbiyyatındakı missiyasına oxşar bu cür kulturoloji şadisələrə çox rast gəlmək olar. Amma bircə məsələni unutmaq olmaz ki, Çingiz Əlioğlunun ədəbiyyatımız, estetik düşüncəmiz üçün gördüyü işləri dünyadakıları yamsılamaq kimi qəbul etmək mümkün deyil. Bu, daşa çox içində millətinə böyük sevgiylə gəzdirdiyi kulturoloji enerjidir ki, ustad şairi şəmişə axtarışda, başqalarına bənzəmədən yenilikçiliklə məşğul olmağa vadar edir…
Qayıdıram yenə də şairin yeni və dəyərli yaradıcılıq şesabatı sayılan “Atlantlar” poetik toplusuna. Ənənəvi ədəbiyyatşünaslıq üslubundan – ədəbi-tənqidi təşlildən yan keçərək, yəni kitabdakı şeirlərdən gen-bol nümunələr gətirməklə, onların poetik dəyərini, estetik cəşətlərini sübut etmək fikrindən daşınaraq, “Atlantlar” toplusu barədə gəldiyim qənaətləri sənətsevərlərlə bölüşmək istəyirəm. Kitabdakı poetik əsərlərin özüm üçün kəşf etdiyim kulturoloji kodlar şaqqında bəzi fikirlərim ola bilər ki, bir çoxlarının zövqünə uyğun gəlməsin: bunu təbii qarşılayıram – ədəbi zövq və intellekt fərdi, fərqli məsələdir…
Doğrudan da bu kitab oxucuda bütov bir mətn – poetik hipertekst təəssüratı yaradır. Kitabda çağdaş insanı narahat edən bir çox həyati və fəlsəfi problemlər, adamların gündəlik qayğıları, ictimai-siyasi, hətta ədəbi-mədəni məsələlər, zəmanənin ağrıları, tarixin amansızlıqlırı, ömrün sirləri, poetik fərdin iç dünyası, insanın duyğuları, şəyəcanları, sevgisi kimi çox şeyləri özündə əks etdirən “Atlantlar” kitabı Çingiz Əlioğlunun poetik-fəlsəfi düşüncələrindən yaranmış – sənətkarcasına yaradılmış müstəqil bir dünyadır. İstənilən azad şəxs – müstəqil düşüncə sahibi şairin yaratdığı bu virtual-poetik dünyaya baş vura, orada əbədi və ədəbi sakin ola bilər. Ən maraqlısı isə budur ki, bu dünya nə zaman genişliyinə, nə məkan darlığına, nə də insan iradəsinə tabe deyil: o öz ilkinliyini xaosdan götürərək – söhbət mövzu çoxluğundan, janr rənarəngliyindən gedir – İlahi nizama doğru istiqamət götürür; Şərqdən başlayır, yunanıstandan keçir, Türk dünyasından ötür və Avropaya çatır, Rusiyaya dəyərək Azərbaycana tərəf yönəlir, Bakıdan Qarabağa – Bayat elinə, Füzuliyə yollanır; bir sözlə, Çingiz Əlioğlunun qəlbindən mənim – milli və dünya oxucusunun ürəyinə qədər iz buraxır…
Bu nəhəng yolun yorulmaz Yoldarı Çingiz Əlioğludur:
Zaman pusqudadır sərvət qəsdində.
Hər başı qəzalı gecə-karvanın,
Ulduzlar qızılı-gümüşləridir…
Bəxti gətirəndə Karvanqıranın
Allahın göz yaşı şeşlər üstündə,
Qımışan şeytanın gülüşləridir…
“Atlantlar” kitabında müəllifin XX əsr Azərbaycan ədəbiyyatında bu və digər dərəcədə yeri, nəfəsi, səsi olan bir çox qələm adamlarına – şair-yazıçı dostlarına, eyni zamanda bilgi və mədəniyyət xadimlərimizə, dost-tanışa, doğmalarına həsr edilmiş şeirlərinə də geniş yer ayrılıb. Maraqlıdır, görəsən, zövqlü oxucu hiss edəcək ki, bu kitab həm də incə bir poetik-ədəbi, bədii-fəlsəfi ensiklopediyadır: heç də quru faktlara, müxtəlif tarixi anlara və rəqəmlərə, qısa məzmuna malik, bizim öyrəşdiyimiz köhnə məlumat-informasiya toplusunu demirəm, əksinə, hər misrasında duyğular, sevgilər, münasibətlər sezilən bu kitab oxucusunu ədəbiyyatın yaratdığı əbədiyyət barəsində kövrək düşüncələrə məcbur edir. Bu poetik nümunələr, sanki hamının qəlbindəkilərini – hər kəsin içindəkilərini əks etdirir:
…Sonuncu quyunu qazırıq dosta…
Alıb öz payını
Göz yumur torpaq.
Sən orda əbədi
Sönmuş bir oda,
Burdasa cücərmiş yaşıl ota bax…
Şair onu düşündürən və cəmiyyətin müzakirəsinə verdiyi əksər mövzulara özünün fərqli sənətkar baxışlarını yönəldir: topludakı şeir və poemalarda istər dünyamızın hər bir sakini, istərsə də Azərbaycan insanını tarixən, lap elə indinin özündə də qayğılandıran ağrılı problemlərə bir ədəbi-fəlsəfi münasibət sezilir.
Bu kitabda sadə insanlar, sənətkarlar, doğma yurd və ata-baba torpaqları, Azərbaycan və şairin şəxsən gəzdiyi çoxsaylı böyük şəhərlər, Türk dünyası, türkçülük, bəşərili və çağdaşlıq, tarix və zaman, sevgi, azadlıq, vətəndaşlıq mövqeyi, milli və bəşəri dəyərlər, söz sənəti, Tanrı, incəsənətin ayrı-ayrı sahələri, daha bir çox məsələləri özünəməxsus bir tərzdə, incə üslubla, ən əsası isə sənətkarlıqla şeirə-poeziyaya gətirmiş – ədəbi-bədii düşüncə predmetinə çevirə bilmiş müəllif bir daha sübut edir ki, bədii-poetik fikir sərhəd, hər hansı bir çərçivə bilmir.
Şair sələfləri Xaqani, Nizami, Füzuli, Vaqif, Cavid, Sabir, Səməd Vurğun, Rəsul Rza kimi görkəmli sənətkarların mədəni missiyasını davam etdirir: Azərbaycan poeziyası Çingiz Əlioğlu simasında çağdaş şairlərin yaradıcılıq nümunələri ilə – milli təəssübkeşliyi qorumaqla – dünya mədəniyyət xəzinəsinə yeni-yeni qiymətli ədəbi incilər bəxş etmiş olur.
Çingiz Əlioğlu bu yeni poetik kitabı ilə çağdaş humanitar-kulturoloji, filoloji-mədəni sahənin mütəxəssislərinə yeni araşdırma mövzusu verir: kitab sənəti, incəsənət, qrafika, rəssamlıq, ədəbi tənqid, dilçilik, filolologiya, kulturologiya kimi sahələrin biligiləri “Atlantlar” kitabının məziyyətləri barəsində hələ çox yazacaq, polemika və elmi-estetik mübahisələr aparacaqlar.
Mən kitabdakı bütün əsərlərin eyni səviyyədə, sənətkarlıqla qələmə alınması barədə mülahizələr yürütmək fikrində deyiləm. Bu şeirlərin bir çoxu ovqatdan yarandığını və günmüzün problemlərinin ağırlığından publisistik ruha malik olduğunu və başqa cəhətlərə görə də kitabdakı bütün poetik nümunələr eyni səviyyədə deyildir. Amma bu şeirlərin hamısında onların yaradıcısı kimi Çingiz Əlioğlunun ruhunun bir zərrəsi oxucuların qəlbinə işıq salır və bir anlıq da olsa, insanı yer basqılarından, zəmanə dərdlərindən, dünya zülmətindən azad edib haralarasa, bəlkə də ruhların məkanına aparır…
Söylədiyim kimi, böyük formatlı, 663 səhifəlik bir şeir kitabı haqqında bir yazıda fikirləri geniş izah etmək çətin olduğunu anlasam da, bu ədəbi inci ilə ilkin tanışlıq zamanı içimdə yaranan və yalnız bir nəfərin qəlbində gizlənmək istəməyən düşüncələrimdir bu qeydlərim.
İnanmaq istərdim ki, Çingiz Əlioğlunun hələlik son yaradıcılıq uğurlarından sayılan bu möhtəşəm poetik toplu haqqında tənqidçilərimiz və ədəbiyyatşünaslarımız – peşəkar filoloqlarımız öz kulturoloji qənaətlərini daha geniş formada ədəbi ictimaiyyətin nümayəndələriylə, həmçinin ədəbiyyatsevər oxucularla bölüşəcəklər…

