Məxfi sovet hərbi hissəsi Aydın Xan Əbilovdan necə qurtuldu? Gizlinlərlə dolu maraqlı müsahibə…
“Romantik sevgi sərgüzəştlərim olub”…
O məxfi sovet hərbi hissəsi Aydın Əbilovdan necə qurtuldu?!
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin (Qurumu) sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın rəhbəri, tanınmış ictimai-ədəbi xadim, sevimli pedaqoq, televiziya kanallarında maraqlı ekspert çıxışlarıyla tamaşaçıların marağını cəmləyə bilən, eləcə də müxtəlif yazılı, elektron, yeni media səhifələrindəki
müsahibələri, kulturoloji-bədii yazılarıyla intellektual-ədəbi ictimaiyyətimizin diqqət mərkəzində olan, feysbuk statuslarıyla, +18 heklayələri və fəlsəfi şeirləri ilə gənclərin sevimlisinə çevrilmiş yazıçı-kulturoloq Aydın Xan (Əbilov) həm də ədəbiyyatsevərlərin sevimli müəllifidir. Çağdaş ictimai-mədəni düşüncəmizdə, ədəbi-kulturoloji fikrimizdə fərqli mövqeyi, orijinallığıyla seçilən bu maraqlı şəxsiyyətin gənclik illəri asanmı keçib? Avropa.info olaraq dəyərli yazarın artıq arxada qoyduğu əsgər illərinə birgə qiyabi səyahət etməyə çalışacağıq və Aydın Xana “SƏN ƏSGƏR OLANDA” deyib onun xatirələrini canlandıracağıq. Beləliklə:
– Aydın bəy, siz əsgər olanda neçənci illər idi və harada xidmət etmisiz?
– 1989-cu ildə Bakıda – 12 saylı Texniki-peşə məktəbini əla qiymətlərlə bitirsəm də, təcrübə keçmək üçün bizə imkan vermədilər, həqiqi hərbi xidmətə çağırdılar. İndi də xatırlayıram, mən kinomexanikliyi bitirmişdim və arzum o idi ki, keçmiş Leninqrad Kinomühəndislər İnstitutunun kinorejissorluq ixtisasına sənədlərimi verim. O zaman Azərbaycan SSR-in Ali Sovetinə – günümüzün anlayışı ilə ifadə etsəm, parlamentə seçkilər keçirilirdi. Mərhum xanım spikerimiz Elmira Qafarova da Nərimanov rayonundan namizədliyini vermişdi və seçiciləri ilə görüş zamanı söz alıb bu problemimi qabartdım. Sağ olsun Elmira xanım, o dəqiqə məsul şəxslərə tapşırdı ki, mənim məsələmlə ciddi məşğul olsunlar. Məsələ ondaydı ki, peşə məktəbini əla qiymətlərlə bitirsəm də istehsalat təcrübəsinə gedə bilmədiyimə görə, o dövrün mövcud qaydalarına əsasən, mənə qırmızı diplom düşmürdü. 12 saylı texniki-peşə məktəbinin Azərbaycan bölməsində oxuyan tək-tük, bəlkə də bu təhsil ocağının tarixində yeganə azərbaycanlı idim ki, əla qiymətlərlə oranı bitiridim. Qısası, Nərimanov rayon hərbi komissarlığı ən yaxşı halda Bakı dəniz donanmasında 3 illik xidməti təklif edə biləcəklərini söyləyəndə, qəti əleyhinə oldum və mübahisə edib Rusiya ərazisində, ən çətin hərbi hissələrin birində əsgərlik etmək istədiyimi dilə gətirdim. 1989-1991-ci illərdə Kostorama vilayətinin eyniadlı şəhərində, nüvəbaşlıqlı qitələrarası raketlərin beyin mərkəzi sayılan qapalıtipli rabitə hissəsində əsgəri xidmətimi layiqincə yerinə yetirdim. Yeri gəlmişkən, o hərbi hissənin necə ciddi bir təsisat olduğunu anlatmaq üçün bircə faktı söyləyim: Ora 20 il Qafqazdan əsgər çağırmamışdılar. Amma SSRİ-nin sonuna yaxın əsgər çatışmadığına görə Azərbaycan və Ermənistan gənclərini salmışdılar bu hərbi hissəyə. Mülki həyatda isə Azərbaycan – Ermənistan müharibəsi, Qərbi Azərbaycan torpaqlarının boşaldılması, Qarabağ münaqişəsi, Sumqayıt, Bakı olayları, 20 Yanvar qırğını, SSRİ-nin dağılması kimi qlobal proseslər baş verirdi…
– İki illik hərbi müddət ərzində siz də özünü yaxşı aparmamısız? Bəs,”molodoyluğunuz” necə keçdi, “stariklərlə” anlaşa bilirdiniz?
– Əslində, başqalarına, hətta rus, belarus və digər millətlərdən olan əsgərlərə nisbətən savadlı və qanunları bilən demaqoq idim: hətta mənə orada professor ləqəbi də qoymuşdular. Təbiətən sakit və münaqişəyə meylli olmasam da, əsgərlikdə yaşamaq uğrunda savaşmağı bacarmaq lazım olduğundan bir sıra problemlərlə rastlaşmışam. Təsəvvür edə bilməzsiz, mən ümumi iclaslarda durub siyasi işlər üzrə hərbi hissə komandirinin müavini ilə mübahisə edirdim ki, əgər müttəfiq respublikalarıqsa, niyə milli respublikaların kommunist partiyalarının baş katiblərinin hamısı Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun həqiqi üzvləri seçilmir. Ən maraqlısı da odur ki, bir neçə aydan sonra mənim təklifim reallaşırdı. Məsələ ondadır ki, mən kitabxanamızda olan bütün qəzetləri oxuyur, partiya qərarları, qurultay materiallarını əzbər bilir, dünyada və ölkədə baş verən prosesləri diqqətlə izləyirdim. Axı 1988-ci ildə mitinqlərdə gəncliyimizi xərcləyən inqilabçılardan idim. Üstəlik yaradıcı insan olaraq fəhmim məni heç zaman aldatmırdı. Özü də mən hərbi hissənin rəhbərlərinin hamısı ilə yaxından tanış idim və onlar da təəcüblənirdilər ki, “qara millət”dən nə əcəb belə başı əla işləyən əsgər çıxıb? Düzü, özümün də hər zaman həyat devizim belə olub ki, əgər yaşamaq və uğur qazanmaq istəyirsənsə, başda olanlarla birbaşa təmasda ol və onlarla işlə… Əslən bakılı olan yəhudi kapitanla 20 yanvar məsələsinə görə mübahisəmiz düşüb dalaşanda ukraynalı polkovnik dostum məni “disbat”dan xilas edib, ya da dembellərlə dalaşanda, rota komandirimiz mənim arxamda durub… İndi onların hamısını sayqıyla yad edirəm. Mən orada da oxumuşam: 3 ay aşpazlığı öyrənəndən sonra isə məni komandirlər üçün yemək hazırlayan təyin etdilər və burada dembellərlə toqquşmam olub. Amma onlar da bilirdilər ki, savadlı ilan olaraq quyruğumu əzsələr başlarını əzəcək qədər hikkəm vardı. Bir maraqlı cəhəti də vurğulayım, kiminlə dalaşırdıqsa, sonra o əsgər mənim ən yaxın dostum olurdu – qəribə idi, hələ o zamanlar insanları cəzb edəcək xüsusi enerjim vardı sankı…
– O zamanlar eyni ölkə olsaq da, qəribçilik sayılırdı. Evdən, doğmalarından sarı, necə, darıxırdız?
– Düzünü desəm, darıxanda qələmə sarılırdım: hissədə və rotamızda hamı bilirdi ki, səhər düzülüşündən sonra əsgərlərə xüsusi tapşırıqlar verilsə də, Əbilova dəyib-toxunmaq olmazdı: o, mütləq səhər saat 10-dan 12:40-a qədər ümumi kitabxanada qəzet, jurnal və kitabların içində eşələnməlidir. Sonra günorta yeməyi, ardınca bir qədər gəzmək və təkrarən mütaliə, şam yeməyi gəlirdi: meydandakı gəzinti zamanı əgər kiminləsə dalaşmasam, bütün axşamı TV qarşısında oturmağı xoşlayırdım. Hərdən gecələr qızğın azəri əsgərləri ilə hərbi hissədən aradan çıxır, gözəl rus qızları və gəlinləri ilə sevgi macəraları yaşayardıq…Belə bir rejimi olan kəs heç kəndistan üçün darıxardımı: bizimlə gələnlərin çoxları ölkədəki xaosdan istifadə edib respublikaya qaçsa da, mən və başqa dostlarım sona qədər əsgəri xidmətimizi davam etdik. Doğmalarım, sevgilim və dostlarım üçün, söz yox, yaman darıxırdım, amma kişilk məktəbindən də qaça bilməzdik axı. O zamanlar belə gənclərə pis baxırdılar…
– Komandirinin tapşırıqlarını necə yerinə yetirirdiz?
– Ümumi tələblərə hər zaman riayət etməyə çalışırdım: qanunun aliliyinə sayğım həmişə güclü olub. Ancaq əgər belə demək mümkünsə, son həddə qədər əsgəri xidmətdən yararlanmağa çalışırdım. Məsələn, mülki həyatda ovcuma mismar batmışdı, sümüyüm əzilmişdi, onu əməliyyat etdirdim, burnumun artıq ətini kəsdirdim, dişlərimi düzəltdirdim, sınan əlimi sağaltdım. Xidmətin sonuncu ayını isə əsgər dostlarımla idman zalında mübarizə aparan zaman əlimi sındırmışdım deyə, gedib hərbi prokurorluğa şikayət etmişdim. O zaman ilk dəfə olaraq müvəqqəti hərbi xidmətə çağırılan şəxslərin sığortalanması məsələsi qanunla rəsmiləşdirilmişdi. Mən də bunu bilirdim deyə, 700 rubl qabağa düşmək istəyirdim… Hamı üstümə minnətə gəlirdi ki, iddiamdan əl çəkim, amma mən tərsliyimə salıb inadımdan geri çəkilmirdim. Bircə hərbi hissə komandirimizin sözündən çıxa bilmədim: ərizəmi geri götürdüm, çünki o mənim yaxın dostum idi…
– Əsgərlikdə komandirin qızı, yaxud arvadı ilə aranızda bir şey olub? Sizə də komandir polk demişdi qızımı al, instituta qoyum, şərait yaradım? Siz də yaşlı ananızın həsrətinə dözmədiz? Sovet dönəminin azərbaycanlı əsgərlərinin çoxu belə deyir…
– Yox, elə şey mümkün deyildi, çünki mən komandirlərimin əksəriyyəti ilə dost idim. Bizim hərbi hissədə bir mülki xanım işləyirdi və dar don geyməyi xoşlayırdı. O yolda quş kimi süzəndə, əsgərlərin az qala “ağzı sulanırdı”… Bir dəfə əsgər yoldaşlarımla mübahisə etdim, gedib o qadınla tanış oldum və hər dəfə işə gələndə və ya evə qayıdanda, onu həyət darvazasına qədər ötürürdüm. Onu da boynuma alım ki, bu qadın məndən az qala iki dəfə yaşlı olduğundan ona meylim yox idi, sadəcə, çox savadlı olduğundan, biz onunla yalnız söhbət edir, bəzən isə rus ədəbiyyatı mövzusunda mübahisələrimiz olurdu…
Amma başqa mülki xanımlarla, hətta bir qaraçı qızıyla da qəribə – romantik sevgi sərgüzəştlərim olub. Hərbi hisə komandirlərinin əksəriyyəti mənim savadıma görə Tiflisdə yerləşən Hərbi-Siyasi Akademiyaya yollamaq istəyirdilər ki, sonra sabiq SSRİ-nn Zaqafqaziyadakı hərbi hissələrinin birində qabağa çəksinlər məni. Bu vaxtlar isə artıq Bakıda qırğın baş vermişdi, mənim sovetlərə-ruslara inamım ölmüşdü deyə, bu maraqlı təkliflərdən imtina etmişdim. Düşüncə etibari ilə hər zaman anti-hərbçi olmuşam, hələ əsgərlikdə oxuduğum kitablar və humanizm prinsiplərim savaşa gücə, əmrə qarşı məndə xüsusi etiraz formalaşdırıb…
– Aydın Xan, heç “pol” yumusuz?
– Döşəmə yumamışam, dalaşıb qaydaları kobud şəkildə pozanda isə növbətçi saxlayırdılar, bax onda kazarmamızın xüsusi maddə ilə işlənmiş taxtalarını sürtüb parıldatmaqda mən də iştirak edərdim hərdən. Ayaqyolu yumuşam: vasvası və xüsusi təmizliyə, gigiyenaya fikir verən şəxs kimi özüm daxil olduğum tualet kabinəsini su ilə paklandırardım, sonra ora girərdim. Belə də aşpaz olduğumdan, eyni zamanda komandirlərin dostuydum deyə, mənə bu tipli işləri tapşırmazdılar…
– Bəs, “samavolkaya” qaçmısız?
– Mən əsgərə düşən qanuni icazələri hər bazar alardım deyə hərb hissəni özbaşına az-az hallarda, xüsusən sevgi macəralarına görə tərk edərdim. Maraqlı idi ki, 2 il ərzində heç vaxt bunun üstündə tutulmamışdım…
– Başqa millətlərlə davanız düşürdümü?
– Olurdu, aşpaz olaraq növbətçi əsgərlərə çörək, marqarin, kartof saxlayanda Orta Asiyadan olanlarla mübahisələrimiz düşərdi. Onlar slavyansoylu əsgərlərə hörmət etdiyimə etiraz edərdilər, mənsə insanlara heç vaxt milli-etnik-dini fərq qoymazdım. Qafqazdan olan çeçenlər, tacik və özbəklərlə mübahisələrimiz daha çox söz atışması formasında olardı, uşaqlar çəkinirdilər ki, daşdankeçən ərizəylə müdafiə nazirliyinə, nə bilim Leninin mavzoleydəki nəşinə şikayət edə bilərəm deyə, çox da mənimlə baş-başa verməyə həvəs göstərmirdilər…
– Heç sizə “çurban” deyiblər?
– Yəqin daldan deyənlər olar da. Amma üzümə risk edən bir ukraynalı pəzəvəngin çənəsinin altından elə bir yumruq ilişdirmişdim ki, bir həftə hospitallıq olmuşdu. Onun özü də heç gözləmədiyi halda ani zərbə yemişdi. Əslində, o mənim yaxın dostum idi və ərk edib başqalarının yanında zarafat etmişdi. Sonra bərk dostlaşsaq da, indi də o hərəkətimə görə vicdan əzabı çəkirəm…
-“Dembel” vaxtlarınız necə keçdi?
– Bayaqdan nağıl danışmıram ki. Mənim molodoy, ded, dembel vaxtlarım olmayıb. Çünki intellekt qarşısında dünyanın bütün qüvvələri, qəlibləri, gücləri və insanları geri çəkilir, baş əyməsələr də, ehtiyatlanırlar…
Bayaq deməyi unutdum, hərbi xidmətdə ola-ola respublikanın o zamankı rəhbəri Ayaz Mütəllibovun ünvanına məktub yolladım ki, bəs Azərbaycan Dövlət Universitetindən mənə ali təhsillə bağlı zəmanət blankı göndərsinlər ki, hərbi hissədə onu doldurub zəmanət versinlər. Evdəkilər isə mənə dərslik yolladılar, universitetə ciddi hazırlaşırdım. Blank gəldi, komandirlər böyük məmnuniyyətlə onu doldurdular və … bu ayıqlığım nəticəsində tələbə oldum, yoxsa mən də minlərlə azəri gənci kimi ucu-bucağı bilinməyən Rusiya ərazisində bizneslə məşğul idim indi…
– Tərxis əmrinə 100 gün qalmış hansı mərasimi keçirdiniz?
– Yuxarıda danışdım da, əlim çartlamışdı deyə hospitalda idim, yeri gəlmişkən o zaman məşhur italyan telesserialı – “Sprtut” filmi gedirdi, mən də çılğın gənc olaraq kapitan Katanni üçün sino gedirdim. Sanki sehrli bir qüvvə əlimi çatladıb məni hospitalda 2 ay hərbi “cənnət”ə saldı. Sonra isə hərbi qulluqçular üçün ünvanlanmış sığortadan ötrü zehni savaşa çıxdım. Məni, eləcə də batalyondakı digər azərbaycanlıları elə ilk partiyadaca evə yolladılar ki, hərbi hissə Əbilov şərindən – demaqoqluğundan qurtulsun…
Özümlə hekayələr, povestlər, yazdığım milli yemək reseptləri və başqa yazılarımı gətirdim Vətənə. Azərbaycana daxil olanda doğma torpağımızı, Şəhidlər Xiyabanında gənclərimizin məzarlarını və sevimli anamın əllərini öpdum.
Sıravi Aydın Xan Əbilovla sıravi Tural Balabəyli söhbətləşdi…
http://avropa.info/news/?sehife=1&xeber=11511
2012