AMERİKALI TƏDQİQATÇI-YAZAR TOM REYSS: “ƏLİ VƏ NİNO” ROMANI AZƏRBAYCAN GERÇƏKLİYİNİ ƏKS ETDİRİR”…
Amerikalı publisist və ədəbiyyatçı Tom Reyss müxtəlif vaxtlarda Azərbaycanın paytaxtına – Bakı şəhərini baş çəkmiş, ölkəmiz haqqında maraqlı yazılarını jurnalist kimi yaradıcılıq əlaqələri saxladığı “Nyu-Tayms” qəzetinin, eləcə də “Nyu-Yurker” dərgisinin səhifələrində çap etdirmişdir.
Səfərlərinin birində dostunun ona təqdim etdiyi “Əli və Nino” romanının ingiliscəyə tərcüməsi ilə tanış olmuş və Azərbaycan milli ədəbiyyatına – mədəniyyətimizə olan marağı birə-on artmışdır. Bu marqlı əsər, həmçinin onun yazanı ilə bağlı qızğın mübahisələrə baxmayaraq, Tom Reyss bu dəyərli romanının müəllifi haqqında, dolayısı Azərbaycan ədəbiyyatı barədə araşdırmalar aparmaq, kitab yazmaq həvəsinə düşüb və bu niyyətini gerçəkləşdirmək üçün yenidən Bakıya səfər edir. Məhz o səfər vaxtı Tom Reysslə görüşüb söhbətləşdik.
– Cənab Reyss, Azərbaycana xoş gəlmisiz.
– Çox sağ olun.
– Mümkünsə, özünüz barədə məlumat verəydiz.
– Problem görmürəm: mən bütün dünyada yaxşı tanınan Harvard Universitetində ali təhsil almış, tarix və ədəbiyyat ixtisaslarına yiyələnmişəm. Ədəbiyyat sahəsində diplom alandan sonra üç il doğma universitetimdə tələbələrə dərs demişəm. Avropanın mədəni, ədəbi və tarixi irsi ilə bağlı elmi tədqiqatlar aparmışam. Daha sonra Amerikada aparıcı mətbuat orqanı sayılan “Nyu-York” qəzeti redaksiyası ilə əməkdaşlıq etmişəm. Nyu-York şəhərinin aparıcı ədəbi-mədəni jurnallarından sayılan “Nyu-Yurker”in səhifələrində də tez-tez yazılarla çıxış edirəm.
– Ölkəmizə növbəti səfərinizin əsas məqsədini bilmək olarmı?
– Azərbaycana növbəti dəfə gəlişimin əsas məqsədi vaxtilə “Nyu-Yurker” jurnalında çap edilmiş məqalənin davamı kimi yazmaq istədiyim yeni kitabım üçün ətraflı materiallar toplamaqdır. Jurnaldakı məqalənin əsas mövzusu “Əli və Nino” romanının maraqlı, mübahisəli və qeyri-adi taleyi ilə bağlıdır. Əsərin bəzi sirlərini oxuculara, xüsusən də Qərb ədəbiyyatsevərlərinə açmaq istəyirəm. Sirlərdən bəhs edəndə isə əsasən bu romanın müəllifi ilə bağlı qızğın mübahisələri nəzərdə tuturam. Mənim yazacağım bu kitab bir çox ölkələrdə – Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada, Avstriyada, İtaliyada və nəhayət, Almaniyada işıq üzü görəcək. Hazirda bu ölkələrdə kitabın çapı üçün razılaşmalar var. Ola bilsin ki, gələcəkdə başqa ölkələrdə də bu kitab işıq üzü görsün.
– Maraqlıdır, görəsən, araşdırmalarınız jurnalist maragından irəli gəlir, yoxsa ədəbiyyata olan sevginiz sizi bu işə həvəsləndirib.
– Bu romanı birinci dəfə ingilis dilində oxumuşam. Böyük çətinliklə romanın alman dilində tərcüməsini Avstriyanın paytaxtı Vyana şəhərində – köhnə bir kitab dükanında əldə etdim və orijinalını da oxudum. Bildiyimə görə, əsər ilk dəfə alman dilində nəşr olunub. Bakıya ilk gəlişim zamanı bu kitabı mənə təqdim etmiş tanışım bildirdi ki, “Əli və Nino” romanını oxumaqla Azərbaycanı tanımaq, anlamaq olar. Dogrudan da bu əsər Azərbaycanla tanış olmaq üçün ən gözəl kitablardan biridir. Sözun düzü, bu əsərə qədər mənim Azərbaycan ədəbiyyatı ilə yaxından tanışlığım yox idi.
Onu da qeyd edim ki, Qərbdə Azərbaycanın zəngin ədəbiyyatı haqqında o qədər də məlumat yoxdur. Və sözsüz ki, dünyanın aparıcı dillərinə çevrilmiş “Əli və Nino” romanı ilə tanışlıqdan sonra Qərb oxucusu Azərbaycan ədəbiyyatı ilə bağlı müəyyən təsəvvürlərə malik ola bilər. Çox adamalarn Azərbaycan haqqında ilk təsəvvürləri bəlkə də bu dəyərli əsərdən başlayır. Bu baxımdan həmin romanın ədəbiyyat tarixində misilsiz rollu və əhəmiyyəti var.
Hər hansı bir ölkəni digər aləmlə birləşdirən, bir növ mədəni körpü rolunu oynayan kitaba az-az rast gəlmək mümkündür. Elə kitab ki, bir ölkəni, bir diyarı dünyaya tanıtdırsın: “Əli və Nino” romanı elə əsərlərdəndir. Roman o qədər güclüdür, onun mahiyyəti o qədər zəngindir ki, əsəri əlinə alan bir daha onu təkrar oxumağa həvəs göstərir. “Əli və Nino” romanı Azərbaycandan olub-olmamasından, bu respublikanı tanıyıb-tanımamasından asılı olmayaraq, ölkə haqqında, burada yaşayan insanlar barədə dolğun məlumatlar verməyə qadir bir əsərdir. Şəxsən mən əsəri ilk dəfə oxuyanlara həmişə deyirəm ki, bu roman sizi biganə qoya bilməz. Azərbaycan haqqında məlumatınız olmasa belə, həmin əsərlə tanışlıqdan sonra sizdə bu gözəl ölkəyə çox böyük maraq oyanacaq.
Sualınızın ikinci hissəsi haqqında onu bildirim ki, mən vaxtilə akademik sahədə çalışsam da, həmişə kütləvi oxuculara ünvanlanan araşdırmalarla məşğul olmağa səy göstərmişəm. O mənada bu araşdırmanın arxasında həm jurnalist marağı, həm də ədəbiyyatçı həvəsi durur.
– Mən bu sualı əbəs yerə vermədim: bizim ədəbi aləmdə hazırda bu romanın müəllifi haqqında bir neçə fikir mövcuddur. Bir qisim yaradıcı şəxs və filoloji elmlərlə məşğul olan alimlər əsərin müəllifliyini əsrimizin əvvəllərində yaşayıb-yaratmış, böyük yazıçı, eyni zamanda ictimai xadim kimi tanınmış Yusif Vəzir Çəmənzəminliyə aid edirlər. Digərləri “Əli ve Nino” romanını Qurban Səidin, ya da Məhəmməd Əsəd bəyin, bir başqaları isə Leo Nissenbaumun qələm məhsulu sayırlar. Maraqlıdır, sizcə, belə bir mübahisələrə səbəb olmuş romanı Azərbaycan gerkəçliyini əks edən milli ədəbiyyat nümunəsi kimi qəbul etmək nə qədər düzgün olur?
Onu da vurğulamaq yerinə düşər ki, 1990-cı ildən bəri bu mübahisələr get-gedə daha da qızışır. Bu yaxınlarda isə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Azərbaycan Ədəbiyyatı İnstitutu ilə Respublika Yazıçılar Birliyinin birgə keçirdikləri mötəbər toplantıda əsərin Yusif Vəzir Çəmənzəminliyə aidiyyəti haqqında ümumi rəyə gəlinib. Qonağımız bu fikirlərin hansısı ilə razıdır?
– Heç biriylə… Bu fikirlərin heç birinə qəti üstünlük verə bilmərəm. Hazırda əsas məqsədim dünya miqyasında bu əsər haqqında və onun müəllifi barədə ən geniş, müxtəlif məlumatları toplamaqdır. Ola bilsin ki, yazacağım kitabın çapına qədər müəyyən bir fikrə gələcəyəm. Amma əsas məqsədim bu məsələ barədə daha çox fikir toplamaq, mülahizə dinləməkdir. Ancaq onu da qeyd edim ki, Azərbaycandan kənarda – başqa ölkələrdə bu əsər Leo Nissenbaumun qələm məhsulu hesab edənlərin tərəfdarları daha çoxdur. Yəhudi mənşəli olmasına baxmayaraq, Leo Nissenbaum müəllifliyini qəbul edənlərin əksəriyyəti onu bir azərbaycanlı kimi qəbul edir, ruhən, mənəviyyat və mədəniyyətinə görə, vətənini sevən, onu dərindən öyrənən bir yaradıcı şəxs kimi tanıyırlap.
– Azəpbaycanda bu problemi araşdıran hansı mütəxəssislərlə söhbətləşmisiz və bundan sonra görəcəyiniz işlər barədə danışmagınızı xahiş edirik…
– Bu işlə əlaqədar Azərbaycan Yazıçılar Birliyinə müraciət etmişəm. Birliyin sədri Anarbəylə görüşmüş, onun məsləhətlərini dinləyəndən sonra AYB-nin katibi Arif Əmrahoğlu ilə də söhbətləşmişəm. Arif bəyin köməkliyilə bu məsələylə məşğul olmuş, bir neçə mütəxəssislərlə, o cümlədən cənab Tofiq Hüseynoğlu, professor Pənah Xəlilov, Yusif Vəzir Çəmənzəminlinin kiçik oğlu Fikrət Vəzirovla görüşüb söhbət etmişəm. Bütün bu şəxslərin o məsələdə fikirləri oxşardır: “Əli və Nino” romanının müuəllifi Yusif Vəzir Çəmənzəminlidir. Lakin fərqli mövqedə duran mütəxəssislər də var ki, onların sırasında cənab Çərkəz Qurbanlı ilə professor Zeydula Ağayev də var. Sözsüz ki, mən onlarla da görüşmək niyyətindəyəm. Ümumiyyətlə, Azərbaycanda bu problemə biganə olmayanların hamısı ilə görüşüb söhbətləşmək istərdim. Onların fikirləri mənim üçün çox maraqlı olardı.
Romanın müəllifi ilə bağlı məsələdən başqa, mən eyni zamanda Leo Nissenbaum haqqında geniş məlumatlar toplamağa, onu Bakıya bağlayan tellərə fikir verməyə çalışıram. Onun Azərbaycanda doğulub boya-başa çatması, Bakı ilə bağlılığı və yaşadığı dövr haqqında məlumatlara da diqqət yetirəcəyəm.
Yeri gəlmişkən, Leo Nissenbaumun özü barədə da çox ziddiyyətli fikirlər var. O mülahizələrin həqiqətə nə qədər uyğun olmasını dəqiqləşdirmək mənim özüm üçün də çox maraqlıdır.
Mənim gəlişimin əsas məramı “Əli və Nino” romanı ilə bağlı yazacağım kitab üçün materiallar toplamaq olsa da, başqa bir niyyətim də var: Azərbaycanın tarixi, eləcə də hazırkı vəziyyəti, mədəniyyəti, ədəbiyyatı ilə maraqlanmaq, cəmiyyətinizin müxtəlif tərəfləri ilə dərindən tanış olmaqdır. Fikrimicə, öz məqsədlərimə çatacağam…
– Cənab Reyss, maraqlı söhbətə görə çox sağ olun. ABŞ-a qayıtdıqdan sonra amerikalı dostlarımıza səmimi salamlarımızı çatdırmağınızı xahiş edirik.
“Ədəbiyyat qəzeti”, 2001
Söhbətləşdi: Aydın Xan (Əbilov), yazıçı-kulturoloq
Romanın azerice e-mətni ilə tanış olun:

