“Kağız, yoxsa elektron kitab?! Aydın Xan Əbilovun “Ədəbiyyat qəzeti”ndə köşə yazısı

Heç kimə sirr deyil ki, son illər İnternet resursları və İK texnologiyalarının inkişafı ədəbiyyata, eləcə də kitab bazarına güclü təsir göstərə bilib. Müxtəlif nəsil oxucular, ən əsası da gənclər və tələbələr kağız nəşrlərə deyil, elektron kitablara üstünlük verməyə başlayıblar. Sosial şəbəkələrin yaranması, inkişafı və günü-gündən genişlənməsi, həyatımızın bütün sahələrinə nüfuz etməsi isə virtual yazı, elektron kitab, şəbəkə ünsiyyəti, İnternet resurslar və elektron kitabxanalara meyli daha da həvəsləndirib.

Hazırda dünya özünün innovativ-informativ mərhələsini yaşayır. Yeni informasiya-kommunikasiya texnologiyaların özünün də diqtə etdiyi fərqli düşüncə tərzi, virtual dərketmə məqamlar yaranıb. Bu baxımdan bütün dünyada olduğu kimi, Azərbaycanda da e-kitab, şəbəkə ədəbiyyatı, İnternet hipermətnlər, və bunların məntiqi ardı olaraq elektron kitabxanalar dövrü başlayıb. Azərbaycanda bu mərhələ 90-cı illərin axırları 2000-ci illərin əvvəllərində vüsət aldı, Azərbaycan ədəbiyyat nümunələrinin, milli kitabların, çağdaş bədii söz örnəklərinin elektron variantları meydana gəldi. İnsanların bu elektron və ya şəbəkə ədəbiyyatına kütləvi maraq göstərməsi bir qədər ləng xarakter alsa da, hər halda bu proses başladı, get-gedə də genişləndir. Daha sonra dünyada gedən ədəbi-kulturoloji, texnoloji proseslər Azərbaycanda öz əksini tapdı. Məşhur “Qüttenberq” deyilən bir layihə var. Layihənin məğzi o idi ki, indiyə qədər bəşəriyyətin yaratmış olduğu yazılı informasiyaların, mətnlərin, elmi,bədii və dini kitabların elektron variantı hazırlansın. Kompyuter və sürətçıxarma cihazları vasitəsilə hazırlanan bu variantlar xüsusi proqramlarla rəqəmsal formaya salınır, İnternetin müxtəlif resurslarda, o cümlədən elektron kitabxanalarda yerləşdirilir ki, bütün dünya onlardan yararlanmaq imkanı qazansın. Belə bir şəraitdə biz də bu prosesdə geri qalmadıq, ölkəmizdə bir neçə ciddi intellektual-kreativ İnternet resursları, o cümlədən elektron kitabxanalar yaradıldı. Həmin kitabxanlarımızda ənənəvi nəşrlərin – kağız kitabların elektron formaları yox, eyni zamanda müxtəlif intellektual, kreativ və ədəbiyyata aid yazıları yerləşdirilərək geniş oxucu kütlələrinə çatdırılır. Anl.az, kitabxana.net, kitab.biz portalları kimi elektron kitabxanalardan yalnız Azərbaycandan deyil, dünyanın hər yerindəndaxil olurlar və bizim milli kitablarımızın elektron variantlarından geniş istifadə olunur. Buna görə də ydüşüncə adamlarımızın, alimlərimizin, yazıçı və şairlərimizin elektron kitabları, dərsliklər, elmi və dini kitablar, ümumiyyətlə, gərəkli olan əksər əsərlər dünyanın aparıcı dillərində, amma sözsüz ki, ilk növbədə Azərbaycanca kitabxanalarımızda yerləşdirilib.

Əlbəttə, istər dünya, istər müasir Azərbaycan ədəbiyyatında elə kitablar, o cümlədən elmi-intellektual əsərlər, ali və orta məktəb dərslikləri var ki, onların elektron versiyası təəssüf ki, yaradılmayıb. O səbəbdən bizim milli elektron kitabxanalarımızda da onları tapmaq mümkün deyil.

Azərbaycanda üç böyük elektron kitabxana var:  Prezident Elektron Kitabxanası, ikincisi M.F.Axundov adına Milli Kitabxananın elektron resursu və nəhayət, üçüncü Milli Virtual-Elektron portal – kitabxana.net. Milli kitabları əsasən bu üç mənbədə yerləşdirilir. Düzdür, son illər çoxsaylı electron resurslar yaradılsa da, onlara hələ electron kitabxana demək bir qədər çətindir, gərək müəyyən standartlara cavab verən səviyyəyə qədər inkişaf etsinlər.  Qeyd edim ki, bu üç kitabxana bir-biri ilə mütəmadi olaraq əlaqəli şəkildə işləyir. Prezidentin Fondundan bizim kitabxanalara maliyyə yardımı göstərilir. Digər dövlət qurumlarının və Yazıçılar Birliyinin də maliyyə və texniki, o cümlədən yaradıcı imkanlarından istifadə olunaraq ədəbiyyatımızın elektronlaşdırılmasını sürətləndirmişik.

Yazıçı və şairlərin, alim, müəlliflərin yaradıcılığını təbliğinə electron kitabların çox böyük təsiri var: dünyada İnternetdə yayımlanan materiallara görə reytinq müəyyənləşdirilmə sistemləri indi dəbdədir. Azərbaycanda kitabların nəşri sahəsində müəyyən problemlər hələ də qalmaqdadır: tirajı 500-1000 nüsxədən yuxarı kitab çap olunmur. Onlar əlli milyonluq azərbaycanlının heç 1 faizinə də çatmır, nəinki dünyada, Azərbaycanda və türk dillərindən istifadə edən kitabsevərlərə. Bu mənada İnternetdə – elektron kitabxanalarda yerləşdirilən e-kitablar istənilən şəbəkə istifadəçisi üçün əlçatandır.

Bir çox istifadəçi elektron kitabxanalarımızın sistemli deyil, dağınıq və səpələnmiş olduğundan şikayət edir. Kitabxanalarımızda müəyyən axtarış sistemlər var. Həm müəlliflər, həm də ölkələr üzrə axtarış etməklə istənilən kitabı tapmaq olar. Üstəlik, elektron kitabxanalar çoxsaylı bölümlərdən ibarətdir. Kitablar klassika, dünya ədəbiyyatı, lüğətlər və ölkələr üzrə sistemləşdirilir. Düzdür, onların hamısını biz hələlik komplektləşdirmək mümkündeyil, həm də dünya dillərində saysız-hesabsız kitablar var, hamısını İnternet resurslarında yerləşdirmək çətindir, heç buna iddialı da olmaq lazım deyil. Hazırda dünyadakı innovativ-intellektual proseslərə cavab verən işlər görülüb, Azərbaycanın klassik və müasir ədəbiyyatının ən dəyərli nümunələrini elektron kitabxanalarımızda yerləşdirmişik.

Sual oluna bilər: bəs bu elektronlaşma ənənəvi ədəbiyyata – kağız kitabın inkişafına mane olmurmu?!  İndi kifayət qədər elektron kitabxananı özündə ehtiva edən İnternet texnologiyaları çıxıb. Onlardan rahatca kitabları oxumaq mümkündür. Azərbaycanda olan elektron kitablarla kağız kitabları müqayisə etsək, ənənəvi nəşrlərin get-gedə zəiflədiyini, satışının və istifadəçisinin azaldığının şahidi oluruq. Əksinə, yeni nəsil, gənclər və cavanlar daha çox elektron daşıyıcılardan yararlanır, ağıllı cihazlardan –  e-kitab, smartfon, planşet, kompyuterlərdən mətnlər oxumağa üstünlük verirlər.

Vaxtilə əlyazmadan mexaniki nəşr olunan kağız kitaba keçid nə qədər zərüri idisə, indi də elektron kitab, İKT yayımlarına öyrəşmək bir o qədər gərəklidir. Elektron kitabın və İnternetdəki virtual kitabxanaların üstünlüyü həm də ondadır ki, istədiyin sayda kitabı anındaca əldə etmək imkanını bizlərə verir. Bu isə sürət əsrinin ən önəmli tələblərinə cavab verən amildir.  saxlamaq imkanın olur. Amma əksinə, ənənəvi nəşrlərə diqqət ayıraq: iki otaqlı evdə min kitabı saxlamaq qeyri-mümkündür, üstəlik də kağız çap məhsullarının qiymətinin baha olması, tirajının məhdudluğu, satış və yayım imkanlarının daralmasını da bura əlavə etsək, məsələ bir az da qəlizləşir.

İndi zəmanə mobillik, İK texnologiyalarından baş açmaq, elektron yazı və e-oxu bacarıqlarını inkişaf etdirmək kimi kreativliyi-innovativliyi tələb edir. Biz axırıncı dəfə nə zaman kağız məktub yazmışıq? Bütün günü “sms”lə və sosial şəbəkələrdə yazışmaqla, kompyuter avadanlıqlarından e-oxumaqla məşğuluqsa, bir yandan da kağız kitabların qiyməti bahadır. Elektron kitabxanalar bizim üçün müasir dövrdə qaçılmaz bir fürsətdir.

İstənilən halda kağız, ya elektron kitab problemi istifadəçilərin zövq və vərdişiylə bağlı bir

məsələ olduğundan hələlik onların paralel inkişafına ehtiyac duyulur. Bir də unutmayaq, söhbət ənənəvi və elektron kitabın mətnindən edeyil, formasından gedir…

P.S. ABŞ-dakı beyin mərkəzlərinin apardığı tədqiqatlara və araşdırmalara görə yaxın 4-5 ildə istənilən kağız və çap məhsulu öz yerini elektron daşıyıcılarına verəcək: hazır olun buna.

http://edebiyyatqezeti.net/?p=858

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir