Qarabağı ruslara verən Vaqif yox, İbrahim xan olub, 2-ci, Nərimanovun heykəli nə əcəb sökülmür?! – tarixi oxumursuz… VCA və YYSİB sədri Aydın Xan Əbilov
Aydın Xan Əbilov: “Əgər Vaqif hansısa tarixi proseslərin iştirakçısı olubsa, onun başında İbrahim xan durub”
Son iki gündür ki, Şuşada görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin heykəlinin qoyulması ilə bağlı mövzu ciddi müzakirə edilir. Bəziləri bu qənaətdədir ki, Şuşada belə heykəlin qoyulmasına lüzum yoxdur.
Bunu Qarabağ xanlığının Rusiyaya birləşdirilməsində Vaqifin xüsusi rolunun olması ilə əlaqələndirənlər də az deyil. Nə qədər qəribə olsa da, altenativ kimi heykəl qoyulacaq adam olaraq İbrahimxəlil xanın da adı çəkilir. Qəribə məntiqdi. Qacarlarla yola getmədiyi səbəbindən ruslara sığınan məhz İbrahim xan olubsa, onda hədəf olaraq niyə Vaqif seçilir? Azərbaycanın Rusiyaya birləşməsində önəmli rolu olanlardan biri Nəriman Nərimanovdursa, bu şəxsin Bakının mərkəzində nəhəng heykəlinin olmasına niyə etiraz edilmir? Bütün bunlar tarixi bilgisizlikdən irəli gəlir, yoxsa Molla Pəbah Vaqifin cəmiyyətimizə doğru tanıdılmamasından?
Millət vəkili Fazil Mustafanın fikrincə, Şuşada dahi Üzeyir bəy Hacıbəyli istisna olmaqla artıq bu müğənni, şair tanıtımını bir az arxada saxlamaq lazımdır:
“Məlumat yaylıb ki, Şuşada Vaqifin əzəmətli abidəsi qoyulur. Vaqif dilimizin şirinliyini yaşadan şairdir, gözəl ədəbi irs qoyub. Onun xatirəsinə böyük bir məqbərə də ucaldılıb və işğaldan sonra əla təmir olunub. Vaqif poeziya günlərinin bərpası da müsbət bir addımdır. Daha çox dövlət xadimi, mütəfəkkir, hərb qəhrəmanlarının adını qabartmaq lazımdır. Qoy Şuşa olsun Pənahəli xan, İbrahim xan, Xosrov bəy Sultanov, Səməd bəy Mehmandarov kimi şəxsiyyətlərin adı ilə bağlı məkan.
Şuşada vaxtilə ermənilərdən millətimizin qisasını almış “Difai” təşkilatının qurucusu, əslən şuşalı, dədə-baba evi Şuşada dağıdılmış, Azərbaycanın gəlmiş-keçmiş ən böyük mütəfəkkiri, Osmanlı, Azərbaycan və Türkiyə Cumhuriyyətləri parlamentlərinin millət vəkili olmuş Əhməd bəy Ağaoğlunun Xankəndiyə tərəf boylanan əzəmətli heykəli qoyulmalıydı. Erməniyə mehribancasına şeir söyləmək, mahnı oxumaq deyil, həlledici zərbə vurmaq üçün yenidən bir “Difai’ hərəkatına və yaxud ideyasına zərurət var. O cümlədən Yusif Vəzir Çəmənzəminli kimi böyük yazar, dövlət xadiminin adını qabartmaq daha doğru olardı. Yəni Şuşa Qarabağda bizim siyasi və hərbi hakimiyyətin mərkəzi olduğuna görə məhz bu atributların qabardılması vacibdir. Sonra dünya düzələr, ermənilər ram olar, o halda yavaş-yavaş Vaqifin şux gözəli istədiyi qədər Natəvanın qəzəlini zümzümə edər”.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, bəzi insanlarımız xarici media qurumlarının apardığı təbliğatın təsirinə düşərək, çox aşırı dərəcədə anti-Rusiya mövqeyi sərgiləyir: “Bəziləri hətta Şah İsmayıl Xətaini belə Türkiyənin düşməni çıxarırdılar. Bizim Türkiyəsevərliyimiz öz dəyərlərimizə həqarət, başqa xalqlara nifrət əsasında formalaşmamalıdır. Rusiya belə pisdirsə, onda niyə Türkiyə həmin ölkə ilə bütün sahələr üzrə yaxından əməkdaşlıq edir? Deməli, ortada kimlərsə çox yanlış bir təbliğat aparır. Biz müstəqil ölkəyik və müstəqil tariximiz var. Vaqifin bir şeirini belə bilməyən bizim siyasətçilərimiz ağıllarına gələni danışırlar. Maraqlıdır ki, Rusiyaya, İrana, Türkiyəyə qarşı sərt çıxış edənlərin çoxunu dərindən araşdırsaq elə oraların agenti çıxacaqlar. Vaqif bizim dəyərimizdir. Hələ ötən əsrin 80-ci illərində Şuşada Vaqifə əzəmətli bir abidə qoyulub. Həmin məqbərə ilə biz Şuşaya bir qılınc sancdıq ki, bura bizim tarixi şəhərimizdi. Bununla həm də sübut etdik ki, Azərbaycanın Qacara, ruslara qarşı dirəniş göstərən oğulları olub. Şuşa hər zaman bizim dirəniş şəhərimiz sayılıb. Vaqifin heykəlinə, onun poeziyasına qarşı çıxanları heç cür anlaya bilmirəm. İndi də Vaqifin yox, xanın heykəlini qoyaq təklifini edirlər. Əgər Vaqif hansısa tarixi proseslərin iştirakçısı olubsa, onun başında İbrahim xan durub. Bu baxımdan, belə ayrıseçkilyi anlaya bilmirəm. Bizi Rusiya ilə çox böyük tarixi hadisələr bağlayıb. Elə adamlar var ki, həmin proseslərdə xalqa qarşı çıxış ediblər, onları qınamaq lazımdır. Ancaq indi oturub 3-4 əsr bundan əvvəli qurdalamaq yaxşı deyil. Onda adama deyərlər: bəs sənin baban harda idi? Tarixi proseslərə diletantcasına yanaşmaq olmaz. Jurnalistlər də diqqətli olmalıdır. Qeyri-ciddi insanların fikrini tirajlamamalıdır. Vaqif həm ictimai-siyasi, həm də poetik düşüncəmizin işıqlı nümayəndəsidir. Məhz Vaqif Azətbaycan ədəbi dilini xalq dilinə yaxınlaşdırıb. Belə bir şəxsiyyətin heykəli Şuşada mütləq olmalıdır. Bu mövzuda mübahisə edənlərin özünü yoxlamaq lazımdır. Görək onlar kimi təmsil edir?”
Məhəmmmədəli QƏRİBLİ,https://www.baki-xeber.com/sosial/146660.html


