Avropa adından Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır?

Avropa Şurasının Parlament Assambleyasının bir qrup deputatı 2022-ci il mayın 2-də Azərbaycan əleyhinə qətnamə qəbul edilməsi üçün təşəbbüs qaldırıb. Qətnamə mətninin layihəsini də hazırlayıblar. Sənəd “jurnalistlərin və hüquq müdafiəçilərinin təhlükəsizliyinə təhdidlərin artdığını” ehtiva edir. Təşəbbüsün ideya müəllifi kimi belçikalı deputat Kristof Lakruan göstərilir. Onun ideyasını AŞPA-da 24 ölkədən olan 37 deputat dəstəkləyib.

Layihə müəllifləri iddia edirlər ki, “Azərbaycanda jurnalistlər və hüquq müdafiəçiləri ilə bağlı həyəcanlandırıcı hadisələr baş verir”. Fikrlərinin isbatı üçün LGBT fəalı, jurnalist Əvəz Şıxməmmədovun (Əvəz Hafizli) fevralın 22-də öz evində öldürülməsinə diqqət çəkib. Həmçinin hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin üzləşdiyi insidenti misal göstərib.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov AŞPA-da gündəmə gətirilən təşəbbüsü “Amerikanın Səsi” üçün şərh edərək bildirmişdi ki, AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsi sentyabrın 15-də Azərbaycandakı prosesləri araşdırmaq üçün məruzəçi təyin edəcək. Məruzəçi isə  hesabatı hazırlamağa başlayacaq.

Bundan az sonra- iyunun 27-də AŞPA-nın saytında dərc edilən qərarda qeyd edilirdi ki, Hüquq Məsələləri və İnsan Haqları Komitəsinə mövzu üzrə tövsiyyə xarakterli hesabat hazırlamaq tapşırılıb.

Nəticə çıxır ki, RATİ sədrinin “proqnozu” özünü doğruldub. Proses sentyabr ayında daha da irəli aparılıb. Yaxın günlərdə yenidən gündəmə gətiriləcəyi gözlənilir.  

Amma burada bir nüans var. Proqnoz, adətən, hadisələrin gedişatını təqribi təsvir edir. Dəlillər, faktları uzlaşdırılaraq gözlənilən nəticələr barədə ehtimallar irəli sürülür. Əgər bir prosesin gələcək mərhələləri və nəticələri barədə ehtimallar deyil, dəqiq bilgilər səsləndirlirsə, bu, artıq proqnoz deyil, öncədən qurulmuş plan barədə məlumatdır. Bu düstura əsaslansaq, Emin Hüseynov öncədən qurulmuş, proqramlaşdırılmış kampaniyanın bir detalını açıb.

Planı, proqramı kim tərtib edib? AŞPA-da 24 ölkədən 37 deputatı bir nöqtə ətrafında kim cəmləşdirib? Hüquq müdafiəçisi, jurnalist adlandırılan şəxsləri bu proqramın icrasına kim cəlb edib?

Fotoda: Əvəz Şıxməmmədov (Hafizli)

Digər bir nüans da var. Əvəz Şıxməmmədov (Əvəz Hafizli) jurnalistik fəaliyyətinə görə qətlə yetirilməyib. O öz əmisi oğlu Əmrulla Güləliyev tərəfindən LGBT fəalı olduğu üçün öldürülüb. Bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsi Əmrulla Güləliyevi 9 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Qətlin səbəbi klassik mental zehniyyətlə bağlıdır. Burada qətnamə qəbul etmək, dövləti bu hadisəyə görə suçlamaq üçün zərurət qalmır. Bənzər hadisələr dünyanın bir çox digər ölkələrində də  baş verir. Amma AŞPA onlar haqqında qətnamə qəbul etmək fikrinə düşmür.

Azərbaycana qarşı “özəl münasibət”in səbəbi nədir? Məntiq deyir ki, Kristof Lakruan tərəfindən irəli sürülən, AŞPA-da Hüquq Məsələləri və İnsan Haqları Komitəsi tərəfindən dəstəklənən qətnamə layihəsində təqdim edilən arqumentlər real səbəblər deyil, qondarma bəhanələrdir. Niyyət Azərbaycana təzyiq göstərib hansısa proseslərdən yayındırmaqdır.

Tarixi analogiya indi baş verənlərin gerçək səbəblərini izah edir

Yaxın tarixdə yaşanan olaylar bu ehtimalı gücləndirir. Məsələn, 2017-ci il noyabrın 24-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqı liderlərinin sammitindən öncə “Sərhədsiz Reportyorlar” Təşkilatı adından Avropa İttifaqına müraciət göndərildi. Azərbaycanla bağlı olan bu müraciəti əlavə olaraq “30-a yaxın hüquq müdafiəçisi” imzalamışdı.  Məktub müəllifləri Avropa İttifaqının  liderlərinə çağırış edirdilər ki, onların  noyabrın 24-də Brüsseldə keçiriləcək sammitə qatılacaq Azərbaycan prezidentinə təzyiq göstərsinlər.

24 noyabr görüşü və görüş  ərəfəsində  baş verən proseslər Azərbaycanın Aİ ilə yaxınlaşmasını  ehtiva edirdi. Azərbaycan prezidentinin Brüsselə səfərindən öncə “Sərhədsiz Reportyorlar” və onun çevrəsində  olan “30 hüquq müdafiəçisi”  tərəfindən belə bir məktubun  imzalanması isə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin gərginləşdirilməsinə xidmət edirdi. Azərbaycan və Aİ yaxınlaşmasını istəməyən qüvvələr münasibətləri gərginləşdirmək üçün növbəti addımı atmışdılar.

Kampaniya xarakterli belə çağırışlar yaxın tariximizdə dəfələrlə səslənib. Bu baxımdan həmin çağırışların hansı məqamlada ortaya çıxdığına dair təcrübə formlaşıb. Həmçinin, bənzər çağırışların və kampaniyaların arxasında gizlənən niyyətlər də aşkarlanıb. Nümunə üçün deyək ki, Azərbaycan Avropa İttifaqının “Yeni Qonşuluq Siyasəti” Proqramını imzalamaq istəyərkən, yaxud, Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planı qəbul olunarkən, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında” Anlaşma Memorandumunun imzalanarkən, Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişi  imzalanarkən də  belə  müraciətlər, məktublar , dinləmələr və kampaniyalar ortaya çıxıb.  

İndi də bənzər hadisələr yaşanır. Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında bağlanılması gözlənən Saziş layihəsinin 90 faizi razılaşdırılıb. Yaxın aylarda imzalanacığı bəyan edilib. Paralel olaraq, Azərbaycan -Ermənistan münasibətlərinin tənzimlənməsində yeni platforma olaraq  Avropaya etimad göstərilib.  Bu kontekstdə yanaşsaq, AŞPA-da anti-Azərbaycan təşəbbüsün ortaya çıxması təəccüblü görünmür. Təcrübə göstərir ki, Azərbaycanın Avropa strukturları ilə yaxınlaşması fonunda bənzər proseslər təkrarlanır. Avropa təsisatlarında Azərbaycana qarşı bəyanatlar, qanun layihələri hazırlanır. Kampaniyalar aparılır. Proseslərin pozulmasına hesablanmış digər addımlar atılır.

Paradoksal görünən budur ki, sadalanan müqavilələr, anlaşmalar təkcə Azərbaycanın maraqlarını ehtiva etmir. Həm də Avropa üçün zəruri əhəmiyyət daşıyır. Həm Azərbaycanın, həm də Avropanın maraqlarını ehtiva edən bu anlaşmaları pozmaq, prosesi ləngitmək AŞPA-nın, yaxud, digər Avropa təsisatlarının nəyinə lazımdır?  

Təcrübə göstərir ki, münasibətlərin pozulmasına köklənmiş bu cür kampaniyalar Avropa təsisatlarının adından elan edilsə də, gerçək müəlliflər və icraçılar fərqli mərkəzlərə bağlı olanlardırlar.

AŞPA və AİHM-dəki soros şəbəkəsi

Avropa Şurasının nəzdində olan Avropa Hüquq və Ədalət Mərkəzi (AHƏM) 2019-cu ildə Avaropa İnsan Haqları Məhkəməsinin fəaliyyətini araşdırıb. Strasburqda mənzillənən AHƏM-in araşdırması Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) hakimləri ilə Corc Sorosun maliyyələşdirdiyi QHT-lər arasında sistemli şəkildə maraq uzlaşmasının olduğunu müəyyən edib. Tədqiqat 2009-2019-cu illər arasında Avropa İnsan Haqları Məhkəməsində çalışmış 100 hakimdən dörddə birinin (22 hakimin) Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu (Soros Fondu) ilə, həmçinin donoru “Soros fondu” olan müxtəlif  QHT-lərlə sıx əlaqələrini  müəyyən edib.

Tədqiqat müəyyən edib ki, bu QHT-lərlə AİHM hakimləri arasında dərin münasibətlər mövcuddur.

Hesabatda o da göstərilirdi ki, 2012-2018-ci illərdə Avropa Şurasınının İnsan Hüquqları üzrə müvəkkili olmuş Niels Muižnieks də AİHM hakimləri kimi bu Fondla sıx münasibət saxlayıb. Məlumat üçün deyək ki, təkcə Azərbaycana qarşı deyil, Macarstana qarşı olan kampaniyaların mərkəzində də məhz Niels Muiznieks dayanıb.

Hesabatda o göstərilirdi ki, AİHM hakimləri əvvəllər işlədikləri QHT-lər tərəfindən məhkəməyə  təqdim edilmiş 88 işdə şübhəli tərzdə müsbət qərarlar veriblər. 2018-ci ildə AİHM-nin müsbət qərar verdiyi işlər üzrə kommunikasiya rolunu oynayan 14 QHT-dən 10-u Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu tərəfindən maliyyələşdirilib. İşə baxan 17 hakimdən 6-sını “Soros fondunun” maliyyələşdirdiyi təsbit edilib.

Soros şəbəkəsinin AİHM-ə sızması 2012-ci ildən sonra xüsusilə intensivləşib. Çünki məhz bu ildən etibarən tətbiq edilən yeni prosedurlara görə, AİHM-də hakimlərin seçilməsi prosedurunda QHT-lərin iştirakı təmin edilib. QHT-lərin namizədlər irəli sürmək, onların seçilməsi üçün lobbiçilik etmək statusları yaranıb. Yeni prosedurlara görə AİHM-ə hakim təyin edilmiş şəxslərin məhkəmə təcrübəsinin olması tələbi aradan qaldırılıb. Nəticədə AİHM-də oturan 100 hakimdən təxminən 51-i əvvəllər heç vaxt hakim işləməyən, yaxud, hakim köməkçi qismində çalışmış şəxslərdən ibarət oldu. Qeyd edilən 51 nəfərin əksəriyyəti əvvəllər Soros Fondunun  himayəsində olan QHT-lərdə  hüquq müdafiəçiləri kimi fəaliyyət göstəriblər. AİHM hakimlərinin Sorosla əlaqələrini sübuta yetirən bu tədqiqat Avropa İnsan Haqları Məhkəməsinə olan etimadı Avropanın özündə  də zədələdi.

Amma fakt odur ki, AŞPA və AİHM daxil olmaqla, Avropa strukturlarının əksəriyyətində “Soros şəbəkəsi”nin iştirakçılığı yüksəkdir. Zərurət yarananda bu şəbəkə hərəkətə keçir. Avropa təsisatları adından ayrı-ayrı ölkələri hədəfə alır. Eyni zamanda, Avropanın öz maraqlarını da təhlükəyə ata bilirlər.

Soros şəbəkəsinin Azərbaycana qarşı münasibəti bəllidir. Bu baxımdan AŞPA-da mayın 2-dən sonra ortaya çıxan anti-Azərbaycan təşəbbüslərin bir səbəbini də bu amillə əlaqələndirmək mümkündür.

Daha bir ehtimal: son proseslərdə Rusiya izi  

2022-ci ilin iyul ayında Rusiya “Şimal axını-1” kəməri ilə Avropaya təbii qaz nəqlini dayandırıb. Moskvanın bu spekulyasiyası beynəlxalq bazarda qaz qiymətlərinin yenidən artmasına səbəb olub.  

2011-ci ildə istifadəyə verilmiş boru kəməri Rusiyadan Almaniyaya qaz nəql edir. Kəmərin sahibi “Şimal Axını AG” konsorsiumudur və idarəçilik işləri də bu şirkətə aiddir. Şirkətin ən böyük payçısı Rusiyanın dövlət neft şirkəti – “Gazprom”dur. 

Məlumat üçün deyək ki, Rusiya Avropanın təbii qaza olan tələbatının 50 faizini ödəyir.Avropa yerdə qalan digər 50 faizin bir hissəsini Norveç və Əlcəzairdən alır. Rusiya qazı Avropaya “Şimal axını”, “Yamal-Avropa” və “Qardaşlıq” adlı bir neçə böyük boru kəməri ilə ixrac edilir. 

Həmin qaz əvvəlcə regional anbarlarda toplanır, sonra qitənin müxtəlif ölkələrinə paylanılır.

2021 ci ildə “Şimal axını-2” xətti üzrə layihə hazırlanıb. Rusiyanın Almaniyaya qaz ixracını iki dəfə artıracağı planlaşdırılıb. Rusiya Almaniyaya çəkilməsi nəzərdə tutulan yeni “Şimal axını-2” xəttinin ən qısa zamanda təsdiqlənməsi üçün qarşı tərəfə təzyiqlər göstərir. Bu məqsədlə digər kəmərlərlə  ixrac edilən qazı məhdudlaşdırır.

Avropa İttifaqının (Aİ) enerji siyasəti üzrə komissarı Kadri Simson Gazprom-un atdığı addımı “siyasi motivli” qərar adlandırıb. Avropa İttifaqı vəziyyətdən çıxmaq üçün qərara alıb ki, üzv ölkələr qaz istifadəsini 15 faizədək azaltsın. İndi Almaniya Norveç və Niderlanddan alternativ qaz gətirməyə çalışır. İtaliya isə alternativ variant kimi Əlcəzairdən qaz idxalını artırmağı görür.

Avropanın çətin durumdan çıxmaq üçün üz tutduğu ölkələrdən biri də Azərbaycandır. Bu ilin yayında Azərbaycanla Avropa İttifaqı arasında enerji memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev və AK rəhbəri Von der Leyen daha çox Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan Strateji Tərəfdaşlıq Anlaşma Memorandumunu imzalayıblar.

“Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı “qəddar müharibəsindən sonra” Rusiya ilə yolları ayırmaq və üzünü “daha etibarlı tərəfdaşlara” tutmağa qərar verib”, – deyə xanım Von der Leyen bildirib. O, “Azərbaycanı Avropanın güvənli tərəfdaşları arasında görməyə şadam”, – deyə əlavə edib.

Fotoda: Ursula von der Leyen

Avropanın böyük media quruluşlarına müsahibələrində Ursula von der Leyen deyib ki, “Azərbaycan Avropanın həlledici tərəfdaşıdır”.  

Avropa Kommisiyası qitənin gələcəyi üçün özünün  güvənli tərəfdaşı olan Azərbaycanla enerji memarandumu imzalamağa hazırlaşdığı bir dönəmdə Avropa Şurasının  Parlament Assambleyası (AŞPA)  “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin təhlükəsizliyi üçün təhdidlər” adlı qondarma hesabat hazırlamğa qərar verib.  Məntiqlidirmi? İndiki məqamda belə qondarma oyunlarla münasibətləri korlamaq Azərbacanı, yoxsa Avropanı pis duruma salacaq?

Avropa Şurasının Parlament Assambleyası – Avropa Şurasının iki əsas orqanından biridir. Üzv dövlətlərin əsas siyasi maraqlarını  təmsil edir. Şuranın üzvü olan ölkələrdə demokratiya, insan haqları, qanunun aliliyi və s. dəyərlərin yayılmasında  iştirak edir. Azərbaycan əleyhinə məruzəni isə AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi hazırlayacaq. Məsələ ondadır ki, bu qurumda təmsil olunanların əksəriyyəti Moskvanın Avropa siyasi qruplarındakı lobbiçiləri olan sosialistlərdir. Ehtimal etmək olar ki, Moskva öz əlaltıları vasitəsi ilə Azərbaycana qarşı Avropa institutlarında təxribatlar törətməklə, münasibətləri pozmağa, beləliklə, Avropa üçün qurduğu planları tamamlamağa çalışır.

Yeganə Hacıyeva, Müşfiq Ələsgərli, Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir