Aydın Xanın “Kulturoloji – alternativ düşüncələr” kitabı haqqında qeydlər. Şairə-publisist Narıngül yazır
“Mən onun tərəfdarıyam ki, istənilən kitab müqəddəsdir və hörmətə layiqdir” – bu sözlərin müəllifi yazıçı-kulturoloq Aydın Xandır.
Mən də belə düşünürəm, amma dəyərli kitabları oxumağa daha çox üstünlük verirəm və haqqında bəhs etmək istədiyim kitabı da belə kitablardan hesab edirəm.
Bu günlərdə, müxtəlif mətbuat orqanlarında elmi-ədəbi və aktual-polemik yazılarına tez-tez rast gəldiyimiz, çağdaş ədəbi mühitdə öz intellekt səviyyəsi ilə seçilən,ədəbi sferada elektron və virtual ədəbiyyatın radikal təbliğatçısı, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, “Ədəbiyyat qəzeti”nin tənqid-ədəbiyyatşünaslıq şöbəsinin müdiri, yazıçı-kulturoloq Aydın Xan Əbilovun “Kulturoloji – alternativ düşüncələr” adlı kitabı işıq üzü görüb. Adından da göründüyü kimi müəllif bu kitabda humanitar elmlərlə sənəti özündə birləşdirən çağdaş kulturoloji mühiti araşdırıb təhlil edir, öz subyektiv düşüncə və mülahizələrini oxucularla bölüşdürür.
Müəllifin özünün də dönə-dönə qeyd etdiyi kimi, qlobal dünya söz sənətində yer tutmaq, milli kulturologiyamızı dünyanın sivil intellektual düşüncəsi ilə harmonik şəkildə inkişaf etdirmək, virtualizmi formalaşdırmaq kimi problemlerlər “Kulturoloji – alternativ düşüncələr” kitabında önəmli yer tutur.
Kitabın diqqət çəkən əsas xüsusiyyətlərindən biri odur ki, Aydın Xan günümüzdə mövcud olan tarixi ədəbi gerçəkliyə yeni rakursdan baxır,ardıcıl şəkildə bir-birini izləyən dinamik hadisələri “özününküləşdirə” bilir və oxucunu da buna inandırmağa nail olur. Kitabda tez- tez rast gəldiyimiz “post”, “innovasiya” kimi terminlər göstərir ki, müəllif intellekt və təfəkkür savaşıyla dolu çətin bir mübarizə yolundadır, bu yolun hansısa mərhələdə bitəcəyi, yaxud inkişaf edəcəyi isə tarixin işidir.
Kitaba daxil edilmiş materialların, müəllifin müxtəlif vaxtlarda, ictimai-mədəni tədbirlərdə və mətbuat orqanlarında etdiyi çıxışlarının toplusundan ibarət olduğunu nəzərə alsaq, bu kitaba məruzə-kitab kimi də yanaşmaq olar.
Ədəbiyyatşünaslığın bir çox ənənəvi konsepsiyalarından imtina, yeni ədəbiyyata kulturoloji baxış, ədəbi təfəkkürün yaratdığı bədii yazının “Böyük Mətn” ilə əvəzlənməsi, daha çox yeni texnoloji nailiyyətlərə əsaslanan “hipermətn”, “virtual əsər” və s. bu kimi sindromlar Aydın Xanın bütün mülahizələrində özünü qabarıq şəkildə biruzə verir.
Qeyd etmək istərdim ki, bir qədər inqilabi və emosional ruhu ilə səciyyələnən bu mülahizələrdə müəllif hərdən illüziyalara qapılır. Məsələn, onun haqqında bəhs etdiyimiz kitabı “azərbaycansayağı” bir variantda, şəxsən özünün tək-tək satması göstərir ki, tarixi hadisələr çox vaxt bizim onlara şamil etdiyimiz məntiqə sığmır, niyyətimiz heç də həmişə gözlədiyimiz son və real nəticəni vermir.
“Kulturolji – alternativ düşüncələr” kitabının ilk bölməsi olan “Çağdaş ədəbi-bədii düşüncə: Qurultaylararası milli-ədəbi tənqid” elmi-kütləvi məqaləsində Aydın Xan milli tənqidin yaxın keçmişimizdəki, indiki və sonrakı mərhələlərini işıqlandırmaq, müqayisə etmək üçün xronoloji ədəbi faktların geniş təsnifatını verir və eyni zamanda mədəni- ədəbi şəraiti də gözdən qaçırmır. Bu da müəllifin milli ədəbiyyatı yaxşı bilməsi və geniş ensiklopedik biliyə malik olmasını göstərir.
Müəllif, bu məqalədə, XX əsrin ortalarından bu yana K.Talıbzadə, B.Nəbiyev,Y.Qarayev, Ş.Salmanov kimi tanınmış peşəkar ədəbiyyat mütəxəssislərindən, gənc yazar O.Hacımusalıya qədər uzanan məsafədəki ədəbi-tənqidi və elmi-ədəbi nümunələrdən bol-bol istifadə etməklə geniş ümumiləşmələr və müqayisələr aparır ki, bu da hər hansı bir eksprimentin və ya yeni ədəbi mərhələnin mütləq mənada tarixə söykəndiyini, onun süzgəcindən keçdiyini sübut edir.
Tanınmış xalq yazıçıaırı Elçin, Anar və İsa Hüseynovun, eləcə də istedadlı şair Çingiz Əlioglunun yaradıcılığına müxtəlif yönlərdən yanaşan Aydın Xan, müraciət etdiyi ədəbi nümunələri yeni formada, müəlliflərin şəxsi bioqrafiyaları ilə birlikdə, yaşam tərzləri əsasında araşdırır ki, bununla da o, əslində postmodernist tənqidin təbliğatçısı kimi çıxış edir.
Kitaba daxil olan, dünyanın elmi və bədii dərki paradoksunu daim özündə aktualllaşdırmış fantastikaya həsr olunan “Bədii fantastika: Azərbaycan Ədəbiyyatının gizli qatı” adlı araşdırma oxucuya geniş və maraqlı məlumat vermək baxımından çox qiymətlidir.
Real ədəbiyyatı bütöv şəkildə, müxtəlif formalardan izah etməyə çalışan, diskussiyalarda fəal iştirak edən Aydın Xanın yazıçı-dramaturq Elçin Hüseynbəyli ilə apardığı ədəbi söhbət öz aktuallığı ilə diqqəti cəlb edir, burada çağdaş ədəbi həqiqətlər prinsipial şəkildə ortaya qoyulur, ədəbi təbəqələr arasındakı ziddiyyətlər araşdırılır, ədəbiyyata aid bir çox məsələlər təhlil edilir.
Beləliklə, mən Aydın Xanın “Kulturoloji – alternativ düşüncələr” kitabına xülasə şəklində toxunmağa çalışdım, çünki müəllifin önə çıxardığı problemlər, kitabın mahiyyəti, məna potensialı haqqında hərtərəfli açıqlamanı yəqin ki, ədəbiyyat mütəxxəsisləri, tənqidçilər verəcək və onlar kitab haqqında daha çox söz deyəcək.
Mən isə kitabı oxuduqdan sonra özlüyümdə belə məntiqi nəticəyə gəldim: Kitabdakı ən böyük ədəbi fakt müəllifin özüdür!
Narıngül, şairə-tədqiqatçı
“Ulduz” jurnali, N3, 2007
E-mənbə / link: http://artyazar.azeriblog.com/2007/08/12/aydinli-dushunceler-2

