Davamlı təkrarlanan yeraltı zəif təkanlar – güclü zəlzələnin anonsu, yoxsa…

Qurban Yetirmişli: “Bu cür xırda təkanların olması yaxşıdır, o vaxt daha təhlükəli olur ki…”

Qardaş Türkiyədə yeraltı təkanlar artıb. Axır vaxtlar az qala hər gün ölkənin gah bu, gah da başqa bölgəsində orta gücdə zəlzələlər qeydə alınır. Son olaraq Muğla şəhərində 4,8 bal gücündə zəlzələ olub. Bildirilib ki, yeraltı təkan şəhərin Köyceğiz bölgəsində baş verib. Zəlzələnin ocağı 8,11 km dərinlikdə qeydə alınıb.

Bu silkələnmələr daha güclü zəlzələnin anonsu ola bilərmi? Bəs Azərbaycanda seysmoloji durum necədir? Ölkədə güclü yeraltı təkanlar gözlənilmir ki? Paytaxtda daha çox hansı tikililər silkələnmələrə həssas sayılır?

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Əslində Türkiyədə bu cür xırda təkanların olması bir tərəfdən yaxşıdır ki, orada parçalanma gedir, enerji boşalmaları baş verir. O vaxt daha təhlükəli olur ki, balaca bir təkan olsun, sonradan böyük, uzunmüddətli olsun. Onda daha güclü təkan və ya dağıntılar yarada bilər. Bu cür təkanların onu deməyə əsas verir ki, lap dəhşətli zəlzələnin olması ehtimalı azdır. Mən demirəm, sıfırdır. Amma xırda təkanların olması daha yaxşıdır”.

Gün ərzində Azərbaycanda 50-60 zəlzələ qeydə alınır - Qurban Yetirmişli

Qurban Yetirmişli

Yetirmişli Azərbaycandakı seysmoloji vəziyyət barədə danışıb: “Azərbaycanda qeyd olunmayan, hiss olunmayan təkanlar var. Demək olar ki, hər gün təkanlar olur. Cihazlar tərəfindən qeydə alınan təkanlardır. Elə bir ərazi yoxdur ki, orada yaxın günlərdə dəhşətli zəlzələ olsun. Hiss olunmayan xırda təkanlar da hər zaman olur.

O ki qaldı yeni tikililərlə bağlı vəziyyətə, bizə bununla bağlı müraciət edən də yoxdur. Yeni tikililərlə bağlı biz seysmikliyi dəqiqləşdirmirik. Binalar neçə bal gücünə tab gətirə bilər, mən onu deyə bilmərəm. Amma ümumiyyətlə, Bakı 8-9 ballıq zonadır”.

Mərkəz direktoru “yaxınlarda bölgələrdə yeni seysmik mərkəzlər yaradıldı, daha nə kimi yeniliklər var” sualına da cavab verib: “22 stansiyanın hamısı quraşdırılıb. Hazırda 84 stansiya var, həm palçıq vulkanları, eləcə də seysmikliyi izləmək üçün əvvəlki stansiyalar. Seysmoloji mərkəzlər təkanları qeydə alır, daxildə gedən proseslərin hamısı izlənilir. Bu 22 stansiyadan da 12-ni biz Abşeronda palçıq vulkanları ətrafında qurmuşuq ki, bu vulkanların dinamikasını öyrənməyə başlayaq. Orada gedən prosesləri izləyək. Onların modellərini quraq, hansı arealda, dərinlikdə getdiyini öyrənək, sıxılma, gərilmə, orada partlayışlar, vulkanın aktivliyi necədir- bütün bunları izləmək üçün quraşdırılıb. Zəlzələ baş verdi, bunun vulkana təsiri var-yoxdur? Necə dəyişiklik gedib? Bütün bunlar araşdırılır. Ancaq bizim planımızda  Qarabağda stansiyaların açılması ilə bağlı məsələ durur. İşğaldan azad olunmuş ərazilərdə seysmik stansiyaların quraşdırılması mərkəzin prioritet məsələsidir. Qarabağda seysmik stansiyaların quraşdırılması prosesinin ləngiməsinin azad olunmuş ərazilərin minalardan təmizlənməsinin davam etməsi ilə bağlıdır. Seysmik stansiyaların quraşdırılması üçün mütləq ərazilərə baxış keçirilməsi və texniki parametrlərin uyğunluğunun yoxlanılması vacibdir. Eləcə də həmin ərazilərdə əhalinin məskunlaşması mütləqdir. Çünki bunun sayəsində stansiyaların işləməsinə nəzarət etmək mümkün olacaq”.

Q.Yetirmişli “Zəlzələnin olacağını əvvəlcədən proqnozlaşdırmaq üçün qurğular da Azərbaycana gətirilməli idi” sualına belə cavab verib: “İnkişaf etmiş ölkələrdə layihələr vardı. Birincisi, ölkə gərək buna hazır olsun. İlkin məlumatlar birinci mərtəbədə qalanlar üçün, həyət evlərində yaşayanlar üçün yaxşı olar. 17-ci mərtəbədən yaşayanlar düşənə qədər, liftdə qala bilərlər, yaxud başqa hadisə baş verə bilər. Həm də pandemiya dövrü imkanlarımızı daraltdı. Pandemiyadan qabaq bütün məktəblərdə, ahıl evlərində, tikinti şirkətlərində zəlzələ zamanı davranış qaydaları ilə bağlı bizim gənclər əyani sürətdə fəaliyyət göstərirdilər. Pandemiyanın sonu elan olunsun, yenə də davam edəcəyik”.

Qeyd edək ki, yaxın günlərdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, Böyük Britaniyanın Oksford Universiteti və BP şirkəti Azərbaycan ərazisində aparılan paleseysmoloji tədqiqatların ilkin nəticələri və gələcəkdə görüləcək işlər haqqında məlumat veriblər. Böyük Britaniyanın Oksford Universitetinin əməkdaşlarının Salyan ərazisində apardıqları peyk üzərində aparılan çəkilişlər əsasında qurulan xəritə məlumatlarına əsasən, müasir seysmikliyi olan bir sıra çox aktiv sürüşmə qırılmaları və çoxsaylı zəlzələ zonaları müəyyən edilib. Həmçinin geoloji yerdəyişmə sürətlərini müəyyən etmək üçün yerini dəyişmiş çay terraslarından nümunələr toplanıb. Tədqiqatların məqsədi yerdəyişmə tipli qırılmaların geoloji inkişafının istiqamətlərini və rolunu müəyyən etməkdir. Bundan əlavə, palçıq vulkanlarının olduğu bölgələrin peyk şəkilləri təhlil edilib. Böyük Britaniyanın Oksford Universitetinin professoru Riçard Voalker bildirib ki, Xəzər dənizi hövzəsində aparılan seysmoloji və geofiziki tədqiqatlar böyük əhəmiyyət daşıyır. Bu tədqiqatlar Xəzər dənizində baş verən zəlzələlərin daha ətraflı öyrənilməsinə də imkan verəcək.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Facebook

Bizim Facebook səhifəmizə abunə olun

Erməni diversantlar güllələnib, yoxsa qurulmuş tamaşa? – Hərbi Prokurorluq araşdırır

 375 04.10.2022 10:00A A 

Ekspertlər “video feykdir” deyir; “Erməni tərəfinin şəhid olmuş azərbaycanlı əsgərlərin meyitlərini ən iyrənc şəkildə təhqir etməsi, azərbaycanlı əsirlərin başını ayaqlarının altında əzdikləri kadrları açıq-aşkar sübutlardır”

Azərbaycan Hərbi Prokurorluq bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlılarına qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların güllələnməsi iddia olunduğu görüntülərlə bağlı araşdırma aparır.

Musavat.com xəbər verir ki, Hərbi Prokurorluq tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır. Araşdırmanın nəticəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.

Əsas versiya budur ki, bu video gerçək deyil, ermənilər özləri səhnələşdirib, şantaj məqsədilə istifadə edir. 

Aydındır ki, əgər videoda baş verənlər səhnələşdirilməyibsə, bu ciddi olay sayılmalıdır. Çünki bu qəbil videolardan erməni tərəfi Azərbaycana qarşı gen-bol və məharətlə istifadə edir. Əsas da ermənilərlə azərbaycanlıların bir yerdə yaşamasının mümkünsüzlüyünü dünyaya “sübut eləmək”, separatçılığa haqq qazandırmaq və əlbəttə ki, sülh prosesini pozmaq və danışıqlar masasında Azərbaycanın əlini zəiflətmək üçün (olayın nazirlərin Cenevrə görüşü ərəfəsi ortaya çıxması da təsadüfə oxşamır).

Bu mənada videodakı fakt gerçəkdirsə, bu, bizim milli maraqlarımıza, Qarabağ strategiyamıza, Azərbaycanın tolerant, multikultural ölkə imicinə zərbədir və günahkarlar cəzalarını almalıdır. Bəs onlara qanunla hansı cəza düşür?

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan artıq həmin videonu bəhanə edərək Azərbaycanı növbəti dəfə hərbi cinayətdə və işğalçılıqda ittiham edib. İddia edib ki, Azərbaycan əsgərləri Ermənistanın suveren ərazisində (?) erməni əsirləri güllələyiblər və “beynəlxalq ictimaiyyət bu hərbi cinayəti qəti şəkildə pisləməli və Azərbaycanın təcavüzünün dayandırılması üçün adekvat tədbirlər görməlidir”. Ermənistanın ombudsmanı həmçinin oktyabrın 3-də məsələ ilə bağlı Avropa Məhkəməsinə müraciət edəcəyini bildirib (artıq Azərbaycan XİN bu ittihamlara sərt cavab verib). Bəs Ermənistanın müraciətinin Azərbaycan üçün hansı nəticəsi ola bilər? Ümumiyyətlə, hərbi əsirlərlə necə davranılmalıdır? 

Bundan əlavə, sosial şəbəkədə erməni hərbçilərin azərbaycanlı şəhidlərin meyitini təhqir eləməsini (qulaqlarını kəsməsi və s.) əks etdirən video da yayılıb. Onun isə gerçək olduğuna şəkk-şübhə yoxdur. Vandallıq edənlər ermənicə danışır. Bu faktdan Azərbaycan Ermənistana qarşı necə istifadə edə bilər?

Qeyd edək ki, Avropa İttifaqının xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycan Ordusunun həlak olmuş əsgərlərinin cəsədlərinin erməni vandalları tərəfindən təhqir edilməsini pisləyib və araşdırma tələb edib.

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO

Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan sülh sazişinin imzalanması üçün üzərinə götürdüyü öhdəliklərdən yayınmaq üçün ən müxtəlif təxribatlara, böhtanlara əl atır: “Məlum video məsələsi də bu qəbildəndir. Bu video Ermənistan xüsusi xidmət orqanlarını qurduğu tamaşadır-saxta videodur. Hesab edirəm ki, bu video təsdiqini tapmayacaq. Saxta olduğu açıq-aydın görünən bu videonun saxta olmadığını yalnız Ermənistan iddia edə bilər. Bu videonun saxta olduğu, qurama olduğu hətta peşəkar olmayan adi insanlar tərəfindən azacıq diqqət edilərsə təsdiqlənir. Belə bir saxta videonu heç bir özünə hörmət edən hüquqşünas və ya beynəlxalq təşkilat, yaxud məhkəmə dəlil-sübut kimi qəbul edə bilməz. Videoda atəş açanların azərbaycanlı olduğu da heç bir inandırıcı dəlillə sübut olunmur.

Ermənilər və bəzi ermənipərəstlər əsirin toxunulmazlıq hüquqlarını qabardırlar. Əvvəla, qeyd etdiyimiz kimi, o video qurulmuş tamaşıdır və orada heç bir əsir yoxdur. İkincisi, əsirin hüquqi statusu var və o status şəxsin təslim olub, təhlükə yaratmadığı, əmr və göstərişlərə əməl etdiyi andan başlayır. Nəzəri cəhətdən hətta hesab etsək ki, həmin videoda həqiqətən guya güllələlən şəxslər erməni hərbçilərdir, burada döyüş səngərdə gedir və oturanlar son güllələrini bir neçə dəqiqə əvvəl atmışdılar, əllərini belə havaya qaldırmayıblar, onlardan hər hansı birinin gizli partlayıcı mexanizmi işə salmayacağı ehtimalı da aradan qalxmamışdı, yəni hələ də ətrafdakı hərbçilər üçün ölüm təhlükəsi yaradırdılar. Bu vəziyyətdə isə onların zərərsizləşdirilməsi heç bir qanun-qayda pozuntusu halı yaratmır”.

Hüquqşünas qeyd etdi ki, amma erməni tərəfinin şəhid olmuş azərbaycanlı əsgərlərin meyitlərini ən iyrənc şəkildə təhqir etməsi, azərbaycanlı əsirlərin başını ayaqlarının altında əzdikləri kadrları açıq-aşkar sübutlardır: “Müharibə cinayətləri bax əslində bunlardır. Ermənistan beynəlxalq məhkəmələrdə bu cinayət faktlarına görə cavab verməlidir. Azərbaycan hərbçilərinin humanistliyini sübuta yetirən saysız-hesabsız faktlar, görünütlər isə kifayət qədərdir. Bu ilin sentyabrında yayılan videoda yaralı erməni əsgərinin yaralarını sarıyan, onun həyatını xilas edən Azərbaycan əsgərinin insanlıq nümunəsi olan davranışlarını gördük. Hətta həyata qayıdan erməni əsgər azərbaycanlı hərbçini onun həyatını xilas edən adlandırırdı. Azərbaycan əsgəri ən şərəfli əsgərdir, ermənilər kimi qəddar-vandal. Ermənistan Azərbaycana qarşı informasiya müharibəsini də döyüş meydanında apardığı müharibəyə uyğun aparır. Əsgər və zabitimizin qabağından qorxaqcasına qaçan erməni hərbçilərinin uşağa, qadına və qocaya hücum etmək, mülki vətəndaşları hədəf almaq və əliyalın insanlarımıza qarşı hər bir vəhşiliyi etmək kimi müharibə qanunlarının pozan saysız-hesabsız sübutlar var. Bunu biz həm birinci, həm də ikinci Qarabağ müharibələrində dəfələrlə gördük. Xocalı soyqırımı, Başlıbel qətliamı kimi dinc əhaliyə qarşı vəhşiliyi məhz ermənilər törədib. İndi ermənilərin Azərbaycana qarşı saxta video ilə hücuma başlaması absurddur və nəticəsi olmayacaq. Onların bu saxtakarlıqlarını Azərbaycana yapışdırmaları mümkün olmayacaq”.

Rəsmi Moskva Qazaxıstanı Qərbin sanksiyalarından yayındırmağa çalışır "-Turan  Rzayev

Turan Rzayev

Politoloq Turan Rzayev isə bildirib ki, Azərbaycan hərbçilərinin “erməni əsirləri” güllələməsi ilə bağlı yayılan kifayət qədər şübhəli olan görüntülərlə bağlı açıq suallar isə kifayət qədərdir. Videonun feyk olması ilə bağlı ciddi arqumentlər var: “Birincisi, videoda görüntü və səs arasında uyğunsuzluq açıq şəkildə hiss olunur. Bunu montaj üzrə mütəxəssislər də rahatlıqla aydınlaşdıra bilər. Düzdür, ermənilərin Azərbaycan dilinin məhəlli aksentini belə yaxşı bildiyini düşünməsəm də, bənzər səs yazılarını əldə etmək, ya da sosial şəbəkələrdə yayılan videolarla təmin etmək çox rahatdır. İkincisi, videoda diqqətçəkən digər bir məqam əsirlərin reaksiyalarıdır. Biz artıq ermənilərin əsir alınarkən və ya təxribatlar zamanı ələ keçirilərkən necə reaksiya verdiyini bilirik. Videoda isə əsirlərin üzündə, davranışlarında təşviş, ölüm qorxusu və s. kimi hisslər gözə çarpmır. Əksinə, öləcəyini bilən insanda olmayacaq qədər rahatlıq, arxayınlıq hiss olunur.

Üçüncüsü, güllələnmə anının çəkildiyi yerə diqqətlə baxdıqda ərazinin daşlıq, qayalıq olduğu görünür. Bu ona görə vacibdir ki, peşəkar bir hərbçi şüursuzcasına belə ərazidə atəş açmaz. Çünki yanlış atılan bir mərmi qayalıqlarda istiqamətini dəyişərək qarşıdakı və ya yandakı hərbçiyə də dəyə bilər. Azərbaycan Silahlı Qüvvələrində istifadə edilən mərmi tiplərindən biri də deşici, dağıdıcı 7.62 gümüşuclu mərmilərdir. Bu mərmilər hədəfə dəyənədək qarşısına çıxan istənilən maneədə istiqaməti dəyişə bilər. Bu, həm də həmin videoda istifadə edilən mərmilərin plastik təlim mərmiləri olduğunu sübut edir.

Dördüncüsü, videonun yayılmasında çox qısa zamanda erməni mediası, siyasətçiləri, fəalları canfəşanlıq etməyə başladı. İş o yerə çatır ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar baş verənləri “dəhşət” adlandırır və deyir: “Əgər bu videonun həqiqət olduğu sübut olunarsa, bu, hərbi cinayətdir, araşdırma aparılmalı və cinayətkarlar cəzalanmalıdır”.

Bir gün ərzində erməni ictimaiyyətinin, xüsusilə də Qərb siyasətçilərinin məsələdən bu qədər tez agah olub, təbliğata başlaması videonun əslində çox öncədən məhz ermənilər tərəfindən hazırlandığını göstərir”.

Ekspert hesab edir ki, nəticə etibarilə videonun feyk olması mümkündür. Nəzərə almaq lazımdır ki, ermənilərin Qərbin diqqətini çəkmək, süni ajiotaj yaratmaq kimi 100 ildən artıq təcrübəsi var: “Yaxın tariximizə nəzər saldıqda “Sumqayıt hadisələri” bunun ən gözəl örnəyidir.

Ermənilər Ermənistanda ultramilliyyətçiliyi alovlandırmaq və Qarabağda miatsum (erməni dilindən tərcümədə: birləşmə-red.) hərəkatına dəstək almaq üçün Sumqayıtda öz soydaşlarını öldürüb təqsiri azərbaycanlıların üzərinə atmışdı. Bu gün belə Ermənistanda minlərlə insan hadisənin azərbaycanlılar tərəfindən törədildiyini hesab edir.

Siyasi maraqları naminə öz soydaşlarını belə öldürməkdən çəkinməyən bir toplumun 44 günlük Vətən müharibəsində bizə tarixi qələbəni yaşadan qalib ordunu gözdən salmaq üçün feyk video hazırlaması heç də təəccüblü deyil”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Instagram

Bizim Instagram kanalımıza abunə olun

Telegram

Bizim Telegram kanalımıza abunə olun

Facebook

Bizim Facebook səhifəmizə abunə olun

Prezident təqaüdünə layiq görülən TƏLƏBƏLƏR – VİDEO

 311 04.10.2022 09:25A A 

Prezident İlham Əliyev 2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2022/2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir.

Həmin siyahıda adlları olan tələblərin bəziləri təəssüratlarını bölüşüblər.

Həmidə, Nəzrin və Leyla yüksək bal toplayaraq universitetə daxil olublar.

Bir sinifdə oxuyub parta yoldaşı olan bacılar, qəbul imtahanında da eyni bal toplayıb, hətta eyni universitetə, eyni fakültəyə qəbul olublar. Bu gün isə bu bacılar Prezident təqaüdünə də eyni anda layiq görülüblər.

Həmidə və Nəzrin Sadıqova bacıları deyirlər ki, ən böyük arzuları tələbə adını qazanmaq olub. Bu gün Prezident təqaüdü siyahısında adlarının olması isə onlar üçün sürpriz olub.

Əslən Ağdam rayonundan olan bacılar Bakıda yerləşən Tofiq İsmayılov adına 6 saylı orta məktəb- liseyi qızıl medalla bitiriblər. Onlar gələcəkdə doğma Qarabağ bölgəsində hüquqşünas kimi fəaliyyət göstərməyi arzuladıqlarını söyləyiblər. Hazırda Bakı Dövlət Universitetində təhsil alan bacılar məsuliyyətlərinin bundan sonra daha çox artdığını bildirirlər.

Leyla Məmmədli isə Tovuz rayonunun Xatınlı kənd tam orta məktəbində təhsil alıb. Deyir ki, tələbə adına layiq olmaq üçün çox çalışıb və arzusuna da çatıb. O, 691 balla Mühəndislik Universitetinin komüter elmləri fakültəsində təhsil alır. Amma Prezident təqaüdünə layiq görülməsi onun əziyyətinin ən böyük bəhrəsi olub.

Leylanın sözlərinə görə, paytaxtdan fərqli olaraq bölgələrdə təhsil almaq bir qədər çətindir. Amma insanın qarşısında məqsədi olarsa, buna çatmaq üçün sadəcə çalışmaq kifayət edir.

Instagram

Bizim Instagram kanalımıza abunə olun

Telegram

Bizim Telegram kanalımıza abunə olun

Facebook

Bizim Facebook səhifəmizə abunə olun

“3 dəfə qiyməti qalxan mallar var” – Vahid Əhmədovdan ETİRAZVİDEO

 675 04.10.2022 09:21A A 

“Bahalaşma ilə əlaqədar məsələ ümumiyyətlə, tək Azərbaycanda deyil, bütün dünyada ciddi problemlər yaradıb. Fikir verirsinizsə, Avropanın qazla, neftlə təminatında ciddi problemlər olduğu üçün bəzən hətta zavod və fabriklər işlərini dayandırmalı olurlar.”

Musavat.com xəbər verir ki, bu sözləri Sevinc Telmanqızının aparıcılığı ilə “Tv Müsavat”ın efirində yayımlanan “Canlı Debat” verilişində millət vəkili Vahid Əhmədov deyib.

“Qonşu, qardaş dövlət olan Türkiyəyə fikir verin. Qiymətlər günbəgün necə artır. Milli valyuta – lirə hansı səviyyəyə gəlib çatıb. O cümlədən, Azərbaycana da biz xaricdən kifayət qədər məhsul idxal edirik.  Xüsusilə ərzaq və qeyri-ərzaq məhsulları. Amma bunlar bizə şərait yaratmamalıdır ki, Azərbaycanda belə bir qiymət artımı olsun.” – , deyə V.Əhmədov qeyd edib. 

Daha ətraflı verilişdən təqdim etdiyimiz hissədə: 

Musavat.com

Instagram

Bizim Instagram kanalımıza abunə olun

Telegram

Bizim Telegram kanalımıza abunə olun

Facebook

Bizim Facebook səhifəmizə abunə olun

Putinsiz sülh: Rusiya lideri dəyişsə, dünya rahatlanacaqmı – rəylər

 384 04.10.2022 09:20A A 

Ukraynanın daha 4 bölgəsini özünə qanunsuz şəkildə ilhaq eləməklə Rusiya rəhbərliyi Ukrayna və Qərblə bütün danışıq pəncərələrini bağlamış oldu. Prezident Volodimir Zelenski öncədən də xəbərdarlıq elədiyi kimi, bundan sonra Vladimir Putinlə deyil, yalnız Rusiyanın başqa bir prezidenti ilə sülh danışıqları aparıla bilər.

Məntiqlə də, Zelenski və Putin nəyi müzakirə edəcəklər, əgər Ukrayna rəhbərliyi bir qarış torpağını, o sırada Krımı güzəştə getməyəcəyini, Putin isə bunun tam əksini – “o torpaqlar əbədiyyən Rusiyanın tərkibinə qayıdıb”, – deyə bəyan edirsə?

Doğrudanmı yeganə ümid Putinin hakimiyyətdən getməsinə qalır və onu əvəzləyəcək şəxs ilhaq edilmiş torpaqlar məsələsində beynəlxalq birliyin mövqeyini nəzərə ala, əraziləri geri qaytara, tutaq ki, sanksiyaların götürülməsi qarşılığında güzəştli kurs götürə bilər? Rusiyada belə bir siyasət adamı, namizəd varmı? Putinsiz dünya gerçəkdənmi rahatlanacaq? Daha bir nüans: məlumdur ki, Rusiyanın özü bir mini-SSRİ modelidir. Tərkibində çoxlu milli, muxtar qurumlar var (Çeçenistan, Dağıstan, Tatarıstan, Başqırdıstan və s.)

O zaman Moskvanın “yaxın xaric”də separatçılığa açıq dəstəyi post-Putin dönəmində bumeranq effekti verməzmi? Misal üçün, Dağıstan da referendum keçirib Azərbaycanın tərkibinə girmək istəsə, Moskva buna hansı əsasla mane olacaq? Nəhayət, Rusiya bir müddət sonra Abxaziya və Cənubi Osetiyanı da eyni saxta referendumla özünə ilhaq edəcəkmi?

Xatırladaq ki, bir neçə ay öncə Cənubi Osetiyanın rəhbərliyi belə bir təşəbbüslə çıxış etmişdi, amma Moskva nədənsə onu geri çevirdi. Niyə?

Hikmət Babaoğlu: AŞPA qərəzli, qeyri-obyektiv təşkilatlardan biridir -  AÇIQLAMA

Hikmət Babaoğlu: “Rusiyada da liderin davranışlarının dövlət siyasətinə ciddi təsiri var”

YAP-çı deputat Hikmət Babaoğlu Rusiya kimi ölkələrdə rəhbərin dövlət siyasətinə birbaşa təsirinin olduğunu söylədi: “Rusiya-Ukrayna müharibəsi, sadəcə, iki ölkə arasında müharibə deyil. Bu müharibənin çoxsaylı səbəbləri olduğu kimi, müharibənin bitməsindən sonra da çoxsaylı nəticələri olacaq. Elə nəticələr ki, onlar beynəlxalq münasibətlər sistemində, sadəcə, regional deyil, qlobal faktora çevriləcək. Tamamilə yeni strateji reallıqlar və güc tarazlıqları formalaşdıracaq. Ancaq nə olursa-olsun, bu, Ukraynanın ərazilərinin ilhaqı faktının qalıcı olmasına gətirib çıxarmayacaq. Dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüququn imperativ tələbidir. Üstəlik, əgər Ukraynaya münasibətdə bütün dünya onun ərazi bütövlüyünü dəstəkləyirsə, şübhəsiz ki, hər hansı “referendum” əsla heç nəyi dəyişə bilməz. Rusiya siyasətində Putin mövzusuna gəldikdə isə, hər bir ölkədə olduğu kimi, şübhəsiz ki, Rusiyada da liderin davranışlarının dövlət siyasətinə ciddi təsiri var və Rusiyada da bu belədir. O da aydındır ki, heç bir siyasətçi əbədi olaraq hakimiyyətdə qalmır. Ona görə də gələcəkdə hadisələrin necə inkişaf edəcəyini birlikdə görəcəyik. Rusiya Federasiyası, adından da göründüyü kimi, bir federativ dövlətdir və onun çoxsaylı subyektləri var. Digər bütün federativ dövlətlərdən Rusiya Federasiyasının çox mühüm bir fərqi isə ondan ibarətdir ki, başqa federasiyalar əsas etibarilə inzibati-siyasi əlamətlərə görə federasiya olduğu halda Rusiya Federasiyası milli-etnik sərhədlərlə şərtlənən federasiyadır. Yəni Tatarıstan, Başqırdstan, Çeçenistan, Yakutiya, İnquşetiya, Asetiya və s. hər biri ayrılıqda tarixi milli-etnik sərhədlərdir. Ona görə də bu subyektlərdə ümumrusiya proseslərinə paralel olaraq ayrıca milli proseslər də yaşanır. Bu mühüm faktorun gələcəkdə Rusiyanın lehinəmi, yaxud əleyhinəmi olacağını da zaman göstərəcək”.

Qriqoryanın dəhliz təxribatı - Ermənistan 10 noyabr razılaşmasını pozmaqda  davam edir

Elşən Mustafayev: “Atılan bütün addımlar Putini qorumaq məqsədi daşıyır”

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev indiki halda Putinin Abxaziya və Cənubi Osetiyada “saxta referendumlar” keçirməyəcəyini düşünür: “Rusiyanın Ukraynanın 4 bölgəsini rəsmən özünə birləşdirməsi yaxın gələcək üçün danışıqlara heç bir ayaqyeri qoymur, eyni zamanda müharibənin tezliklə bitməsini də mümkünsüz edir. Bu anneksiyanın müharibənin gedişinə təsiri Ukrayna tərəfinin döyüş ruhunun qalxması ilə müşayiət olundu. Eyni situasiyanı Rusiyaya şamil eləmək mümkün deyil. Əslində Putinin addımı çıxılmaz vəziyyətdə olduğunu göstərir. Ukrayna ilə tammiqyaslı müharibəyə xüsusi hərbi əməliyyat adı qoysa da, qarşıya qoyduqları məqsədlərin heç birinə nail ola bilməyib. Yəni Ukraynanın denasifikasiyası – mövcud hakimiyyətin dəyişdirilməsi, demilitarizasiyası-silahsızlaşdırılması baş vermədi. Əksinə, Zelenski və komandası 7 ay öncəkindən daha çox nüfuz qazandı, həmçinin Ukraynanın silah arsenalı indiyədək görünməyən səviyyədə gücləndi. Ümumiyyətlə, müharibə gedə-gedə tutulan ərazilər tərəflərin biri məğlubiyyəti qəbul edənədək, yəni kapitulyasiyaya qədər hüquqi cəhətdən ona sahib olanındır. Yəni hazırda Rusiyanın hansı qərarı verməsindən asılı olmayaraq həmin ərazilər Ukraynanındır və onu qaytarmaq üçün mübarizəsini aparacaq. Baş verən bu hadisələr isə şəxsən Putinin fiaskosudur. Amma Putin bunu heç vaxt etiraf etməyəcək, müxtəlif variantlarla mövqelərini gücləndirməyə çalışacaq. Hadisələr isə əksini göstərir. Rusiyanın Putinin rəhbərliyi ilə hər hansı danışıqlar aparmaq imkanı artıq sıfıra bərabərdir və bunu rəsmi Kreml öncədən bilməmiş deyildi. Sadəcə, atılan bütün addımlar Putini qorumaq məqsədi daşıyır. Çünki artıq çoxdan məlum idi ki, Putinin prezidentliyi dövründə hər hansı müsbət danışıqların olması imkansızdır. Putinə o qədər də yaxın olmayan başqa bir prezidentlə danışıqların aparılması perspektivi daha real görünürdü. Artıq namizədlərin adları belə çəkilməyə başlamışdı. Deyilənə görə, real bir neçə namizədin adı isə indiyədək heç yerdə çəkilməyib, amma onlarla maksimum gizli təmaslar qurulur. Bu ssenaridə isə Putinin taleyinin təhlükəli olacağı söylənilirdi. Belə bir vəziyyətdə körpüləri yandırıb danışıqlar üçün mövcud olan bütün vasitələrdən imtina etmək özünü qoruma instiktindən başqa bir şey deyil. Təbii ki, hazırkı hakimiyyət maksimum dirəniş göstərəcək, təxminən Şimali Koreya kimi qapalı ölkə qurmağa cəhdlər edəcək. Amma müharibə gedə-gedə bunları etmək çox çətin olacaq. Hazırkı durumda Abxaziya və Cənubi Osetiyada referendum keçirib özünə birləşdirmək perspektivinə isə inamım azdır. Çünki Rusiya həmin qondarma respublikaların müstəqilliyini uzun illər öncə rəsmən tanıyıb və bununla da Gürcüstan xalqının böyük hissəsinin nifrətini qazanıb. Belə bir addımı atacağı halda Gürcüstanı birdəfəlik itirəcək. Yeri gəlmişkən, Qərbdə bu ssenarinin olmasını arzulayanlar çoxdu. Çünki Saakaşvilidən sonra Gürcüstandakı hakimiyyət Rusiyaya loyal münasibətdə ittiham olunub”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Instagram

Bizim Instagram kanalımıza abunə olun

Telegram

Bizim Telegram kanalımıza abunə olun

Facebook

Bizim Facebook səhifəmizə abunə olun

Bakıda 16 küçə və prospektdə sıxlıq var – SİYAHI

 135 04.10.2022 09:15A A 


Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Musavat.com-a verilən məlumata görə, sıxlıq olan yollar aşağıdakılardır:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;

5. Binəqədi şosesi, Azadlıq prospekti m/st istiqamətində;

6. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;

7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

12. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

13. Babək prospekti, mərkəz istiqamətində;

14. Qara Qarayev prospekti, Qara Qarayev m/st-dan Koroğlu m/st istiqamətində;

15. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

16. Sabunçu-Zabrat şosesi, Koroğlu m/st istiqamətində, sıxlıq müşahidə olunur.

Instagram

Bizim Instagram kanalımıza abunə olun

Telegram

Bizim Telegram kanalımıza abunə olun

Facebook

Bizim Facebook səhifəmizə abunə olun

SON DƏQİQƏ! Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutuldu

 506 04.10.2022 09:02A A 

Oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam və Qaralar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.


Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bildiririk ki, vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Musavat.com

Instagram

Bizim Instagram kanalımıza abunə olun

Telegram

Bizim Telegram kanalımıza abunə olun

Facebook

Bizim Facebook səhifəmizə abunə olun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir