Yaponiya bədii-fəlsəfi nəsrinin ustadı: Yasunari Kavabata. İki hekayə. Təqdimat yazısı və tərcümə: Aydın Xan Əbilov
Mərhumun yazıq siması
— Necə səbirsizliklə yazığı görmək istədiyinizi başa düşürəm, — tez-tələsik onu dünyasını dəyişmiş həyat yoldaşının cənazəsi uzadılmış otağa ötürən qayınanası söylədi. — Budur, baxın görün, ölüm onun başına nə oyun açdı, — əlavə etdi və cənazənin üstünə salınmış bəyaz örtüyü qaldırmaqdan ötrü əyildi.
Lakin kürəkəni tələsik ona mane oldu:
— Bir dəqiqə gözləyin. Ona kənar şəxslər olmadan baxmaq istərdim. Olmaz ki, məni onunla tək buraxasınız?
— Onun bu sözləri otağa dolmuş qohum-əqrəbaya bir qədər qəribə təsir bağışladı. Arxalarınca syodzni (ənənəvi yapon evlərində qapı yerinə açılıb-bağlanan arakəsmə — A.X.) çəkərək hamı çölə çıxdı.
O, bəyaz örtüyü qaldırdı. Qadının solğun simasında əzablı ifadə donub qalmışdı. Sanki sümüyə yapışmış yanaqları çökmüş, yarımçıq ağızda isə sapsarı saralmış dişləri görsəndi. Papiros kağızı kimi bəyaz və nazik görsənən yuxarı göz qapaqları elə bil yapışqanla göz almacıqlarına yapışdırılmışdı. Onun alnındakı şişmiş damarları çəkdiyi əzab-əziyyətin nişanəsi idi.
Tərpənməyə ürək etməyən ər mərhumun əzab-əziyyətindən eybəcər hala düşmüş simasına baxa-baxa oturub qalmışdı. Sonra o, ayağa qalxdı, cənazəyə yaxınlaşdı, əli əsə-əsə onun cənəsini sıxmağa çalışdı. Amma əlini çəkən kimi mərhumun dişləri yenə ağardı. Bir daha onun ağzını qapadı, lakin qadının dodaqları yavaş-yavaş əyildi, qabağa çıxan eybəcər dişləri yenə görsəndi.
Beləcə, o, bir neçə dəfə əbəs yerə bayaqkı hərəkətini təkrarladı. Bir azdan o, qadının dodaqlarının ətrafındakı işgəncə əks etdirən ağız qırışlarının necə yumşaldığını, incəldiyini sezdi.
O, birdən-birə barmaqlarında güclü hərarət hiss etdi, sanki bədəninin bütün istiliyi axıb onlara keçmişdi. Odur ki, cəld onun alnındakı şişmiş damarları və qalın qırışları ovuşdurmağa başladı. Ovucları qızışana kimi işindən qalmadı.
Bu vaxt cənazənin yanındaca yerə əyləşdi və əyilib onun əlinin hərarətindən mərhumun başqa hala düşmüş — nəsə dinc, daha sakit və mehriban görünən simasına diqqətlə baxmağa başladı.
Bu vaxt qayınanası ilə kiçik baldızı otağa daxil oldu.
— Yəqin ki, yol sizi əldən salıb. Sizə nahar etmək və dincəlmək lazımdır.
Amma birdən qayınanasının gözləri yaşardı və səsi titrəyə-titrəyə dilləndi.
— Aman Allah! İnsan ruhunun gücünə bax! Yazıq qızcığaz sizin qayıdışınıza qədər heç ölmək istəmirdi! Və budur, əsl möcüzə baş verdi. Sizin ona bircə dəfə baxmağınız kifayət etdi ki, onun simasına qəribə bir sakitlik, şəfqət qonsun… İndi isə yetər… Qoy yazıq sakitcə özü üçün uyusun.
Mərhumun kiçik bacısı özünün ağlasığılmaz dərəcədə cazibəli və işıqlı baxışlarını onun sərsəmlik yağan gözlərinə zillədi, sonra hönkürərək dizləri üstə çökdü.
Ürək
Qadın sevmədiyinə görə onu atıb getmiş ərindən məktub aldı. Məktub onun gedişindən iki il sonra, uzaq diyardan gəlmişdi.
O yazırdı:
“Uşağı topla oynamağa qoyma. Onun zərbələri gəlib mənə çatır və ürəyimə dəyir.»
O da doqquz yaşlı qızından rezin topu alıb gizlətdi.
Ərindən yenə məkub gəldi. Çox uzaq bir diyardan göndərmişdi.
“Qoy qız, — o yazırdı, — dəri başmaq geyinib məktəbə getməsin. Ayaqlarının tappıltısı gəlib mənə çatır, mənə elə gəlir ki, ürəyimi tapdalayırlar…”
O, dəri ayaqqabılar əvəzinə qızına zəif keçədən hazırlanmış yumşaq səndəllər verdi. Qız çox ağladı və axırda məktəbə getməyin daşını atdı.
İkinci məktubun ardınca bir ay keçəndən sonra əri birini də göndərdi. Xətti kələ-kötür idi, inamsız qocalara xas yazılmışdı.
O yazırdı:
“Qızı çini kasada yeməyə qoyma. O, qabın cingiltisi gəlib mənə çatır və ürəyimi parçalayır…”
Və o, üç yaşdakı uşaqlar kimi qızını taxta cubuqlarla yedizdirməyə başladı. Qızının üç yaşı olduğu vaxtlar yadına düşdü: əri də şad, özündən razı halda hələ onlarla birlikdə yaşayırdı.
Bir dəfə qızı ona bir söz demədən dolaba yaxınlaşdı və öz kasasını götürdü…
Ana tez-tələsik qızından çini kasanı dartıb aldı və bağa tulladı. Kasa daş döşənmiş cığıra dəyib çilikləndi. Ona elə gəldi ki, sanki ərinin ürəyi parça-parça oldu. Bəlkə doğrudan da indi onun qəlbi sındı. Nahar masasına əl atdı və o da bağa tərəf uçdu. Bax, bu oldu səs! O, kağızdan düzəldilmiş, açılıb-örtülən arakəsməyə tərəf atıldı, dəli kimi yumruqlarıyla onu döyəcləməyə başladı və bədəninin ağırlığından onu cıraraq döşəməyə yıxıldı.
A-na! — qız hönkürərək ona tərəf qaçdı.
A-na… A-na…
O, ayağa qalxdı və qızın yanağına şillələdi.
— Bu səsi eşidirsən, eşidirsən, yaramaz qız?!
Və yenə əri məktub göndərdi. Kağız lap uzaqdan — yeni bir diyardan ünvanlanmışdı.
Əri yazırdı:
“Siz bundan sonra heç bir səs çıxartmamalısınız. Siz qapı və pəncərələri nə açmalı nə də bağlamalısınız, siz saatı qurmamalısınız ki, onun əqrəblərinin taqqıltısı eşidilməsin. Siz nəfəs almamalısınız”…
— Siz etməməlisiniz… siz etməməlisiniz, siz etməməlisiniz…
Başqa sözlə, ana və qız öldü.
Amma, nə qədər qəribə olsa da, balışın üstündə keçinmiş arvadın üzü ilə yanaşı, onun ölmüş ərinin uyuyan sifəti də görünürdü…
Yaponiya bədii-fəlsəfi nəsrinin ustadı: Yasunari Kavabata
Özünəməxsus estetik və sənət dəyərlərinə malik qədim Yaponiya mədəniyyətinin, onun böyük bir hissəsini təşkil edən yapon ədəbiyyatının tarixi minilliklərlə ölçülür. Yapon bədii-fəlsəfi fikir tarixini araşdıran mtəxəssislərin də vurğuladığı kimi, buddizm və konfusizm dəyərləri təsiri ilə meydana çıxan bu Uzaq Şərq ada-ölkəsinin milli poeziyası dünya mədəniyyətinin incilərindən sayılır. Azərbaycan oxucuları müxtəlif şairlərimiz və tərcüməçilərimiz tərəfindən, davamlı da olmasa, vaxtaşırı rusdili vasitəsilə çevrilərək təqdim edilən klassik yapon poeziya nümunələri ilə yanaşı, gündoğar ölkənin bədii nəsri də yaxşı tanışdır. Son illər dünyaşöhrətli yapon nasirlərindən Yasunari Kavabata, Akutaqava Rünoske, Kobo Abe və Haruki Murakaminin müxtəlif əsərləri ana dilimizdə tərcümə olunaraq Azərbaycan oxucusuna təqdim edilib.
XX əsr Yaponiya və dünya bədii söz sənətinin görkəmli nümayəndəsi sayılan Yasunari Kavabata (1899-1972) ədəbiyyat səhəsində 1968-ci ildə Beynəlxalq Nobel mükafatı alan ilk yapon yazıçısıdır. Nasir Osakada kifayət qədər imkanlı bir ziyalı ailəsində doğulmuş, üç yaşında valideynlərinin hər ikisini itirmişdi. Ana tərəfdən baba və nənəsi bacısıyla onu himayələrinə alsa da, altı yaşındaykən nənəsi və bacısı da dünyasını dəyişir. Həyatda qrşılaşdığı faciəvi olaylar gələcək yazıçının mənəvi aləminə, psixikasına təsirsiz ötüşmədi: Kavabata ilk əsərlərindən sayılan və həyatdakı sonuncu yaxın adamının — babasının ölümündən az əvvəl 1914-cü ildə yazdığı «On altı yaşlı oğlanın gündəliyi» avtobioqrafik hekayəsində taleyinə düşən ağır sınaqları qələmə alır.
Balaca Yasunari məktəb vaxtlarından Qərb, eləcə də klassik Avropa mədəniyyətinə xüsusi maraq göstərir, 1920-ci ildə Tokio universitetinin ingilis dili və ədəbiyyatı bölümünə daxil olsa da, bir il sonra yapon ədəbiyyatını seçməli olur. Fitri istedadı, zəngin təxəyyülü, intellektual səviyyəsi ilə tələbələrdən fərqlənən yazıçı sonuncu kursdaykən o dövrün məşhur yapon ədəbi nəşri hesab edilən «Buncay syuncyu» («Dövrün ədəbiyyatı») jurnalının redaksiya heyətinin üzvü seçilir. Ötən əsrin başlanğıcında — 20-ci illərin ortalarında isə o, bir qrup gənc yazıçı ilə birlikdə yapon ədəbiyyatında modernist istiqamətinin mayakına çevrilən «Bunqey dziday» («Müasir ədəbiyyat») jurnalını yaradır.
Elə bu vaxtlarda qələmə aldığı «Rəqqasə İdu» (1925) povesti gənc nasirin ilk uğurlu əsəri sayılır. «Quşlar və vəhşi heyvanlar» (1933) kitabında dövrün yeni nəsil nümayəndələrinin obrazlı ifadəsi kimi yaratmış olduğu gənc qəhrəmanı insanlarla təmasdan qaçır, təbiətə sığınır, yalnız sevdiyi qızın xəyalı ilə yaşadığı göstərilir.
Sənət və yaradıcılıq təcrübəsi artdıqca, Kavabata əsasən Avropa mədəniyyətindən qaynaqlanan yaradıcılıq eksperimentlərindən uzaqlaşmış və milli yapon ənənələrinə daha çox bağlanmışdı.
Yaponiya tarixinin mürəkkəb mərhələlərində — ölkənin sarsıdıcı məğlubiyyətə uğradığı II Dünya müharibəsi illərində, eyni zamanda sonrakı dövrdə Kavabata siyasi proseslərdən uzaq olmağa çalışır, əksər vaxtını ilkin orta əsrlər yapon romanının məzmun və üslubunun öyrənilməsinə sərf edirdi. Sırf yapon təfəkkürünün nümunəsi kimi Qərbdə məşhurlaşan «Min qanadlı durna» (1949) povesti məhz orta əsrlərlə səsləşdiyi üçün maraq doğurur: yeri gəlmişkən, bu əsər ana dilimizə tərcümə olunub.
Kavabata əsərlərində hissi-erotik duyğuların təsvirinə də xüsusi yer ayırırdı: ədib bu vasitəylə insan psixologiyasının daha mürəkkəb qatlarına nüfuz etmək istəyirdi. Yazıçı «Göl» (1954), «Yatmış gözəllərin evində» (1961) povestlərində məhz bu həssas və xüsusi estetik-ruhi həssaslıq tələb edən mövzunu seçib.
İsveç Ədəbiyyat Akademiyası 1968-ci ildə «Yapon şüurunun mahiyyətini əks etdirən yaradıcılıq məharətinə görə» Yasunari Kavabatanı Nobel mükafatına layiq gördü. Rəsmi təqdimat mərasimindəki təşəkkür nitqində əsl yapon təvazökarlığı ilə böyük şərəfin məhz öz payına düşməsindən heyrətləndiyini gizlətməyən mütəfəkkr yazıçı şöhrətin sənətkar üçün ağır yük olduğunu bildirdi, bundan sonra yaradıcılıq ənənələrinə sadiq qalaraq təbiilik və gözəllik hissinə sədaqətini qoruyub-saxlayacağını bəyan etdi.
İlk yapon Nobel laureatının həyatı faciəvi sonluqla bitdi. Belə ki, 1970-ci ildə dostu Misima yapon hərbi bazalarından birində əsgərləri hökumət əleyhinə üsyana qaldırmaq cəhdi uğursuzluqla bitəndən sonra xarakiri edərək özünü öldürdü. Bu faciəli hadisə Kavabatada dərin sarsıntıya səbəb oldu: nasir yaşadığı mənzildə özünü qazla zəhərləyərək intihar etdi.
Bu, tanınmış yapon yazıçısının intihar etməsi taleyin qəribəliklərindən sayıla bilər: çünki Kavabata Nobel mühazirəsində məhz müasir dünyada geniş vüsət alan intihar olaylarına toxunaraq bildirirdi: «İnsanın dünyaya yadlaşma dərəcəsindən asılı olmayaraq, intihar etiraz forması sayıla bilməz. İntiharla həyatına son qoyan insan nə qədər ideal olsa da, müqəddəs adlandırıla bilməz»…
Y.Kavabata dünyanın müxtəlif ölkələrinin, o cümlədən Yaponiya, ABŞ, Almaniya və Fransanın bir sıra ədəbi mükafatlarını da qazanmışdı. 1948-1965-ci illərdə o, yapon PEN-klubunun sədri, 1959-cu ildən həyatının sonuna qədər isə Beynəlxalq PEN-klubun vitse-prezidenti vəzifəsini daşımışdı.
“Ədəbiyyat qəzeti”nin dəyərli oxucularına yazıçının “Ovuciçi böyüklüyündə hekayələr” silsiləsindən üç hekayə təqdim edirik. Bu nəsr əsərlərinin hər birində Y.Kavabatanın ustad sənətkar kimi fitri istedadının şahidi oluruq.
Təqdimat yazısı və tərcümələr: Aydın Xan Əbilov

