Dünyanın söz formatını yaradan sənətkar: xalq yazıçısı Elçin. Aydın Xan Əbilovdan kulturoloji esse

Çağdaş ədəbiyyat tariximizdə maraqlı bir iz buraxmış yazarlardan danışanda, çoxsaylı ədəbi simalarla yanaşı, özünəməxsus bədii yaradıcılığa, fərdi estetik-fəlsəfi düşüncə tərzinə malik ciddi bir imza sahibi də yada düşür: xalq yazıçısı, ədəbiyyatşünas-tənqidçi, kulturoloq, filologiya elmləri doktoru, professor, ötən əsrin və zəmanəmizin görkəmli nasiri – “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” romanları, çoxsaylı hekayə və povestlərin müəllifi, müstəqillik dövrünün ciddi dramaturqu, yeni yüzilin həm ustad esseisti, həm də analitik tənqidçisi, eyni zamanda Azərbaycan Respublikası Baş nazirinin müavini, xaricdə yaşayan soydaşlarımızla mədəni əlaqələri qurmaqda əvəzsiz xidmətlər göstərmiş “Vətən” Cəmiyyətinin yaradıcısı və uzun müddət sədri olmuş, sözün bütün mənasında həyat və yaradıcılığı ilə ictimaiyyətin örnək insan kimi qəbul etdiyi, ziyalı missiyasını layiqincə yerinə yetirən şəxsiyyət…

Diqqətli oxucu bu nəhəng cümlədən də asanca hiss edə bilər ki, haqqında yazmağa çalışdığımız ədibi heç də pis tanımırıq: əlbəttə, söhbət şəxsi tanışlıqdan deyil, əsərlərinə, mənalı ömür yoluna bələdçilikdən gedir… Yazıçı Elçinin yaradıcılığına qiymət verəndə onun yazıb-yaratdığı dövrdə beynəlxalq aləmdə baş verənlərə nəzər salmadan obyektivliyi gözləmək mümkün deyil…

Ötən əsrin 50-ci illərinin ortalarında Azərbaycanın daxil olduğu keçmiş SSRİ adlı nəhəng ölkədə çox mürəkkəb proseslər baş verirdi. Belə bir vaxtda bütün sahələrdə olduğu kimi, ədəbiyyata da yeni nəsil yaradıcı insanların axını gücləndi. Əli Kərim, Anar, Əkrəm Əylisli kimi cavan intellektualların ön sıralarında addımlayan, ABŞ ilə Qərbi Avropada məşhur tələbə və gənclərin dinc azadlıq hərəkatının – “hippi”lərin mədəni-mənəvi qiyamının sanki Azərbaycanda qeyri-leqal nümayəndəsi idi gənc Elçin: uzun saç saxlayır, “Azadlıq” radiosunu daim dinləyir, qadağan olunmuş “Bitlz” pop qrupunun gənclərin himninə çevrilmiş mahnılarına qulaq asırdı…

XX əsrin 70-80-ci illərində Elçin həyatının və yaradıcılığının ən məhsuldar dövrünü yaşayırdı. Ən əsası bu idi ki, Elçin bir gənc yazar kimi yorulmadan işləyir, milli, sovet, rus və dünya ədəbiyyatının ən gözəl nümunələrini dərindən öyrənir, hərdən tərcümələr edir, esselər, tənqidi, ədəbi-mədəni əlaqələrə, ədəbiyyatşünaslığa dair sanballı məqalələr yazır, respublika və ümumittifaq mətbuatında çap etdirirdi. Yeri gəldikcə planetin mədəniyyət mərkəzlərindən sayılan Moskva ilə Leninqradın ən mötəbər mətbuat orqanlarının səhifələrində kəsərli elmi-publisistik materiallarla sözünü deyir, milli mədəniyyətin və Azərbaycan söz sənətinin ən dəyərli nümunələrini SSRİ miqyasında, eyni zamanda rus dili vasitəsilə dünyada tanıdır, təbliğ edirdi. Yazıçının bu yaxınlarda işıq üzü görən oncildlik “Seçilmiş əsərləri” onun yaradıcılığını fundamental bir şəkildə əks etdirir. Burada roman adı ilə yer alan irihəcmli əsərlərdən əlavə, povestlər və kinopovestlər – “Bir görüşün tarixçəsi”, “Toyuğun diri qalması”, “Dolça”, “Bayraqdar”, eləcə də “Ox kimi bıçaq”, “Aman ovçu, vurma məni…”, “Hökmdarın taleyi” kimi əsərlər də ayrı-ayrılıqda müstəqil, kamil romanlardır. Dünya roman janrının son iyirmi ildəki inkişaf yolu ilə diqqətlə və yaxından tanış olan oxucu fikrimizi dəstəkləyər ki, həm texnologiyasına, həm poetikasına, həm həcm-mövzu böyüklüyünə, surətlərin sayının çoxluğuna, ən əsası isə kulturoloji dəyər və yükünə görə bu əsərlər əsl çağdaş romanlarla bir sırada durur.

Bir çox həmkarlarından fərqli olaraq, yazıçı Elçinin həyat və yaradıcılığına nəzər salanda, maraqlı cəhətlərin qabarıq əks olunduğunu görürük. Elçin dünyaya dolayısı – sovet mədəniyyəti, rus ədəbiyyatı vasitəsi ilə deyil, birbaşa çıxışı üstün tutub. Bəlkə də buna görə idi ki, rus dilini mükəmməl bilməsinə baxmayaraq, ədib bədii əsərlərini ümumittifaq sənət dilində deyil, öz doğma ana dilində – Azərbaycan türkcəsində yazırdı. Milli dilin millətin ruhunun daşıyıcısı olması barədə məşhur fikir hamıya məlumdur. Elçinin özü də əksər əsərlərində millətin ruhunu – daha dəqiq ifadə etsək, milli ruhun müəyyən dövrlərdəki vəziyyətini – kodlaşdıraraq verməyə, gələcək nəsillərə ötürməyə çalışan əsl intellektual sənətkarlardandır.

Yenə də yaradıcılığına – əsərlərinə diqqətlə nəzər salanda, görürük ki, Elçin hekayə və povestləri ilə Qərb, “Mahmud və Məryəm” romanıyla Şərq, dramları ilə Avropa, ədəbi-tənqidi, kulturoloji-filoloji yaradıcılığı ilə Rusiya-Almaniya kimi ədəbi-mədəni məkanın nümayəndələri ilə bir sırada dayanır. Yazıçının elə silsilə hekayələrini, novellalarına rast gəlirik ki, həmin əsərləri insan qəlbinə işıqlı bir baxış, fərdin iç dünyasına yaradıcı sənətkarın mənəvi sənət səyahəti də hesab etmək olar. Bu hekayələr məşhur ABŞ nasiri Cerom Devid Selincerin kiçik nəsrinin ruhu ilə səsləşir. “Abşeron” mövzulu povestləri isə Latın Amerikası ədəbiyyatının Nobel mükafatı almış tanınmış nümayəndəsi Qabriel Qarsia Markesin bir sıra böyük hekayələri ilə yanaşı, dünya ədəbiyyatının maraqlı bədii nəsr nümunələri antologiyasına düşməyə layiqdir. Müqayisəni uzatmaq da olardı: fəqət nə edəsən ki, “öz toplumunun içində peyğəmbər olmaq çox-çox çətindir”…

Elçin ilə bir dövrdə ədəbiyyat meydanına qədəm basan bir çox yazarlarımızın yaradıcılığını diqqətlə nəzərdən keçirəndə, təəssüflər olsun ki, bütün bunların şahidi olmuruq. Onların əksəriyyətinin yaradıcılığının yalnız rus-sovet ədəbiyyatının təsiri ilə formalaşdığının şahidi oluruq. Əlbəttə, obyektiv və subyektiv amilləri unudub, belə kəskin qiymətlə razılaşmayanlar da ola bilər: onların fikirlərinə hörmətlə yanaşırıq. Ən azı ona görə ki, milli filoloji fikirdə – kulturoloji baxışlarda düşüncə fərqliliyinin tərəfdarıyıq. Oxucularda isə elə rəy yaratmaq fikrində deyilik ki, milli ədəbiyyatımızın ciddi simalarından sayılan yazıçı Elçin daha çox Qərbdən bəhrələnib, dünya kulturoloji düşüncəsindən çox şeyi götürüb. Ona qalsa, ilahi eşqdən yazan Füzuli ilə böyük məhəbbəti tərənnüm edən U.Şeksprin bir-birinin yaradıcılığından bəhrələnməsi barədə diletantcasına mübahisələrə başlamalıyıq. Elçin yaradıcılığında qlobal, bəlkə də ümumdünya ədəbi gedişatının qabarıq cizgiləri – kulturoloji düşüncə ilə milli ədəbi-mədəni fikrin birləşmədiyini görürük. Heç kimə sirr deyil ki, milli səhnə mədəniyyətimizin son iki onillik dövrünün ən məhsuldar müəlliflərindən biri, bəlkə də birincisi məhz Elçindir.

Çoxlarımız Akademik Milli Teatrın, o sıradan respublikamızın əksər teatrlarının səhnəsində oynanılan “Qisas” (pyes-absurd), “Poçt şöbəsində xəyal” (tragikomediya), “Ah, Paris, Paris!..” (komediya), “Mahmud və Məryəm” (məhəbbət dastanı) və başqa tamaşalara baxmış, düşünmüş, gülmüş, ağlamış, lirik duyğuların əsirinə çevrilmişik: lakin bu pyeslərin mətni ilə diqqətlə tanış olanda tamam ayrı bir aləmin iştirakçısı olursan. Elə bir zəngin aləm ki, rejissoru da özünsən, aktyoru da, musiqi bəstəçisi də, rəssamı da… Yalnız Elçin onların əsl yaradıcısı kimi bizim ədəbi oyunumuzun hakimi rolunda iştirak edir. Öz əsərlərində Elçin əsl qlobal kulturoloji düşüncə sahibi olaraq bəşəriyyət və mənsub olduğu toplumun dünyada, zamanda və sivilizasiyanın mürəkkəb inkişaf mərhələlərindəki yerini müəyyənləşdirir. İstedadlı nasirin yaradıcılığı özünün çoxçalarlığı və çoxqatlılığı ilə seçildiyinə görə, ədibin qələm məhsullarını təhlilə cəlb edəndə tədqiqatçı bir çox kulturoloji problemləri adlamalıdır.

Ömrünün çox hissəsini böyük ədəbiyyata sərf etmiş xalq yazıçısının həyat və yaradıcılığına təkrar qayıdanda, qəribə bir qanunauyğunluğu müşahidə edirik: Elçin milli söz sənətimizin müəyyən dövründə əsl ciddi nəsrə ehtiyac duyulanda hekayə və povestlərini yazdı; Avropa səviyyəli roman qıtlığı görünəndə iri prozaya keçdi; dünyada kino dövrü başlayanda bir-birinin ardınca ssenarilərini qələmə aldı, onların ekran taleyini həll etdi; ədəbi tənqidimiz zəifləyəndə filoloji elmimizin qeydinə qaldı; tərcümə problemi aktuallaşanda yapon xalq şeirini, Molyeri dilimizə çevirdi; teatrlarımız axsayanda istedadını komediya janrında sınadı… Çağdaş Azərbaycan ədəbiyyatında Elçin qədər çox az-az yaradıcı şəxs tapmaq mümkündür ki, milli söz sənətinin zənginləşməsinə xüsusi təkan verən bu qədər sənət axtarışlarına, ədəbi eksperimentçiliyə baş vursun, hələ sağlığında mədəniyyət və ədəbiyyat tarixində özünün kulturoloji izini-təsirini qoya bilsin.

Ömrünün yarısından çoxu ilə alnıaçıq, cəsarətlə vidalaşan Elçinin bu baxımdan, çağdaş ədəbiyyatımızın inkişafında əhəmiyyətli, nüfuzedici rolu var.

P.S.Yazı ixtisarla dərc olunub.

E-mənbə / link: http://www.525.az/new/2009/09/11/read=5119

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir