“Su ehtiyatlarımız azalıb, fəlakət ola bilər!” – Milli Hidrometeorologiya xidmətinin rəis müavini ilə müsahibə

Son illərdə bir sıra beynəlxalq təşkilatların həyəcan təbili çaldığı əsas mövzulardan biri də qlobal istiləşmə və bunun nəticəsində iqlim dəyişikliklərinin olmasıdır.

Sözügedən mövzu ilə bağlı Ekologiya və Təbii sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya xidmətinin rəis müavini Rafiq Verdiyevin Ölkə.Az-a müsahibəsini təqdim edirik.

– Qlobal istiləşmə və iqlim dəyişiklikləri Azərbaycana hansı formada təsir göstərib?
– Ötən əsrin ikinci yarısından başlayaraq sənayenin inkişafı atmosferə külli miqdarda istilik effekti yaradan qazların atılması, qlobal iqlim dəyişikliyinə səbəb oldu. Atmosferdə metan, karbon və digər qazların miqdarı çoxaldıqca günəş şüalarının yer səthindən əks olunmasında problem yarandı. Bu da bütövlükdə yer ətrafında istiləşməyə səbəb olub. Odur ki BMT və digər beynəlxalq qurumlar hələ ötən əsrin 90-cı illərində artıq istiləşmənin başlamasından xəbər verirdilər.

Ona görə də həm BMT-nin “İqlim Dəyişmələri haqqında” Çərçivə Konvensiyası yarandı və Kioto protokolu imzlandı. Bu protokolun da əsas məqsədi o idi ki, qlobal iqlim dəyişmələrinə səbəb olan sənaye ölkələri- ABŞ, Yaponiya, Çin, Rusiya, Kanada və digər ölkələr həmin o atılan qazların miqdarını lazmi səviyyədə saxlasınlar ki, gələcəkdə ciddi problem olmasın. Çox təəssüf ki, ötən əsrin 90-cı illərində protokol imzalansa da, buna əməl olunmadı və nəticədə son 30 ildə biz temperaturun 1.4 °C və təhlükəli hidrometeoroloji hadisələrin tezləşməsinin şahidi olduq. Bu, güclü küləklər, fırtınalar, dənizdə dalğalanmalar, intensiv yağıntıların düşməsi, onların nəticəsində sel, daşqın hadisələri, müxtəlif ölçüdə doluların düşməsi və s. kimi təhlükəli hadisələrin daha tez-tez baş verməsi ilə özünü büruzə verir. Müqayisə apararkən görürük ki, Azərbaycanda 1960-90-cı illərin iqlim norması ilə müqayisədə 1991-2020-ci ildə məhz bu hadisələrin tezliyi 5-6 dəfə artıb. Bu, qlobal səviyyədə də özünü büruzə verir.

“Son 30 ildə su resurslarımız 15 % azalıb”

– Bəs iqlim dəyişikliklərinin təsirindən su resurslarımızla bağlı vəziyyət necə dəyişib?
– Təbii ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycan da su qıtlığı ilə üzləşib. Son 30 ildə bizim su resurslarımız 15 % azalıb.

Daha quraq ölkələrdə bu, özünü daha sərt büruzə verir. Ötən illərdə də su qıtlığı, temperaturun norma ilə müqayisədə yüksək olması, yağıntının normadan az düşməsi – son illərdə Azərbaycanda bunun 10-15% aşağı olmasını görürük – nəticə etibarilə səhralaşmaya meyilliliyə səbəb olub. 

Ötən əsrin 78-ci illərində Xəzər dənizinin səviyyəsi aşağı düşürdü. Hələ SSR vaxtında məsələ qoyulmuşdu ki, şimal çaylarını Xəzər dənizinə yönəltsinlər. Yəni Volqa və s. çayları Xəzərə yönəltməklə burada suyun miqdarını artıraraq dənizin səviyyəsini Baltik sisteminə nəzərən -26 m saxlasınlar. Çünki Xəzərin səviyyəsi mənfi 20 metrə yaxın, yəni normadan 3 m-dək aşağı idi. Ancaq 78-ci illərdən 95-ci illərə qədər o səviyyə artdı və 95-ci ildə bu səviyyə müəyyən hüduda çatdıqdan sonra yenə düşməyə başladı. Bunun da əsas səbəbi dediyim kimi, bütün Xəzəryanı ölkələrdə temperaturun norma ilə müqayisədə artması, yağıntıların azalması, buxarlanmanın yüksək olması ilə bağlıdır.

Əgər ölkələr iqlim dəyişikliyi ilə bağlı lazımi addım atmasa, vəziyyət daha da kəskinləşə bilər. 

“Temperatur əsrin sonuna qədər 5°-dək artsa bu, tam formada fəlakət ola bilər”

– Azərbaycanda iqlim dəyişikliyinin qarşısının alınması üçün hansı işlər görülür?
– Azərbaycan iqlim dəyişikliklərinə birbaşa öz sənayesi ilə zərər vuran ölkələrdən deyil. Həmin ölkələrdən tələb olunur ki, onlar müəyyən mənada istixana qazlarının miqdarını azaltsınlar. Azərbaycan bu məsələdə könüllü öhdəlik götürüb ki, ərazisindəki tullantıların miqdarını 35%-ə qədər azaltsın. İlk növbədə enerji istehsalında mazutun əvəzinə təbii qazdan istifadə etdik. İndi doğrudan da verdiyimiz sözə yaxınıq. Əvvəlki dövrlə müqayisədə atmosferə atılan parnik qazlarının miqdarını tənzimləyirik.

Məsələ ondan ibarətdir ki, temperaturu 90-cı illərlə müqayisədə 1.5-2° artım hüdududunda saxlaya bilsək, iqlim dəyişmələrinin insan sağlamlığına, ətraf mühitə və s. mənfi təsirləri müəyyən mənada nizamlana bilər. 

Əgər ölkələr parnik qazlarının miqdarını qoyulan tələblərə uyğun şəkildə nizamlamasalar, temperatur əsrin sonuna qədər 5°-dək arta bilər. Əlbəttə, 5° böyük fəlakətə gətirib çıxara bilər. Nəticə səhralaşma, quraqlıq, ərzaq çatışmazlığı problemi, su qıtlığı, istilik dalğalarının, təhlükəli hadisələrin müşahidə edilməsinin daha kəskin formasına gətirə bilər ki, bu, tam formada fəlakət ola bilər.

Azərbaycan da bu yaxınlarda Qlazqoda olan görüşdə qeyd elədi ki, beynəlxalq qurumlarla əməkdaşlıq etməklə bu qazların miqdarını 35% yox, 40%-dək azalda bilər. 

“Sudan bol istifadə etmə praktikasından əl çəkməliyik”

– Ölkəmizdə su qıtlığı nə vaxtdan başlayıb?

– Azərbaycanda su problemi bir neçə il əvvəl başlayıb. 2010-cu il çoxsulu il oldu. Həm yerli, həm də qonşu dövlətlərdən bizə daxil olan çayların suyunda artım olduğuna görə biz Kür və Arazın aşağı axınında ciddi problemlərlə üzləşdik. Orada ərazilərin su altında qalması, infrastrukturun dağılması, əhalinin su təchizatında ciddi problemlər oldu. 

Təəssüf ki, sonrakı dövrdə biz bunun əksinə olaraq su qıtlığı yaşamağa başladıq. Xüsusilə son 5-6 ildə quraqlıq artıq özünü göstərməyə başladı. 90-cı illərin hesablamasına görə, su resurslarımız 30 milyard kubmetrə yaxın idisə, son illərdə bu resurslar iqlim dəyişikliklərinin təsiri nəticəsində 10-15%-ə qədər azalmışdı. Yəni indiki su resurslarımızın miqdarı təxminən 25 milyard kubmetrə bərabərdir. Bu 25 milyarddan da 7-8 milyard kubmetri qonşu dövlətlər götürəndə bizdə il ərzində orta hesabla 17-18 m3 milyard yaxın su daxil olur. Onun da 7 milyard kubmetri öz çaylarımızdan götürülür.

Əvvəllər yerli su resurlarımız 10 milyard kubmetr idisə, indi bu rəqəm 8-7 milyard  m3-ə qədər düşüb. Qalanı isə transsərhəd sulardır. Yəni su resurslarımızda ciddi azalma gedir. Bunun nəticəsində biz son ildə anbarların doldurulmasında problemlərlə üzləşirik.
Bu da Kür-Araz ovalığında və digər yerlərdə 1.3 milyon ha ərazinin su təchizatında ciddi poblemlərin yaranması ilə nəticələnir.

Biz əvvəlki kimi bolsulu dövrdə yaşamırıq. Ona görə də sovet dövründəki kimi sudan bol istifadə etmə praktikasından əl çəkməliyik.

“Suyun 5 milyard kubmetrə yaxını itkiyə səbəb olur”

– Su ilə bağlı hansı qənaət tədbirləri görülə bilər?
– Hesab edirəm ki, elə bu gündən səmərəli istifadə metodlarından istifadə etsək, Bakı və digər şəhərlərimizdə içməli və məişətdə istifadə etdiyimiz su ilə bağlı məhdudiyətlərlə üzləşmərik. 
Kürün aşağı hissəsində rayonlar birbaşa Kürün suyundan istifadə edirlər. Götürdüyümüz 12 milyard kubmetr suyun 5 milyarda yaxını itkiyə səbəb olur. Həmçinin sahələrarası suvarmada da suyun paylanmasında itki olur.

Biz müəyyən betonlaşma işləri aparmaqla – bu işlər artıq müəyyən yerlərdə görülür – su itkisinin qarşısının ala bilərik.

Həmçinin kənd təsərrüfatında da suyu daha səmərəli, tələb olunan norma daxilində istifadə etməli, eyni zamanda iqlim dəyişikliyindən dolayı quraqlıq əraziyə uyğun bitki növlərinə üstünlük verməli və müasir suvarma normalarından istifadə etməliyik. Damcılama üsulundan istifadə etmək lazımdır ki, su, lazım olan yerə lazımi qədər verilsin və itki yaranmasın. 
Artıq su ehtiyatlarımız 15% azalıb. Bilmirik ki, gələcəkdə iqlim dəyişmələri hansı istiqamətdə gedəcək. Ola bilsin 15-20%, hətta daha çox azalsın. Biz indidən özümüzü su ehtiyatlarımızın daha 15% azalama ehtimalına hazırlamalıyıq. 

Azəbaycanın su strategiyası layihəsi hazırlanıb

– Su probleminin qarşısının alınması üçün dövlət qurumları tərəfindən hansı işlər görülür?
– Dövlət tərəfindən də su resursları prioritet məsələ kimi qarşıya qoyulub. Bunun üçün 2020-ci ildə ölkə Prezidentinin sərəncamı ilə Dövlət Su Komissiyası yaradıldı. Komissiya 2 illik fəaliyyət planı işlədi. Həmin o fəaliyət planında məhz hansı sahələrdə su təminatını yaxşılaşdırmaq, su resurslarının idarə edilməsini təkmilləşdirmək qarşıya məqsəd kimi qoyuldu. Bu yaxın aylarda biz Azəbaycanın su strategiyası layihəsini hazırladıq. Qurumlar arasında bununla bağlı müzakirələr gedir. Bu layihədə yaxın, orta və uzaq (18 ilə yaxın) perspektivdə su resurslarından səmərəli istifadənin planlaşdırılması, həyata keçirilməsi üçün atılacaq addımlar nəzərdə tutulub. 

– Su strategiyasında hansı məsələlərə yer verilib?
– Strategiya demək olar ki, su resursları ilə bağlı bütün sferanı əhatə edir. Son 2-3 ildə demək olar ki, bizim əksər çaylar üzərində avtomat stansiyalar quraşdırılıb. Əvvəllər biz qayıqla gedərək ayda bir neçə dəfə çayın üzərində suyu ölçürdüksə, indi bu iş avtomat stansiyalar vasitəsilə aparılır. Artıq bu ilin sonuna qədər bizdə 40-dan çox stansiya olacaq. Azad edilən ərazilərimizdəki çaylar bolsuludur. Biz 30 ildir həmin çaylar üzərində monitorinq aparmırıq. Heç bilmirik ki, orada suların vəziyyəti necə dəyişib. Dediyim avtomat stansiya artıq orada da yerləşdirilib və bu bizə imkan verəcək ki, Qarabağdakı su resursları haqqında məlumat əldə edə bilək.

Məsələn, 2010-cu ildə ermənilər Sərsəng və digər su anbarlarını açaraq Kürdəki daşqınlara öz mənfi töhfələrini verdilər. İndi isə su resurslarımızın azaldığı vaxtda Qarabağdakı su resurslarımızın özümüzə qayıtmağı imkanlarımızı daha da genişləndirir.
Həmçinin monitorinq işləri təkmilləşdirilir, institutsional baxımdan müvafiq su şöbələri yaradılır. Bu şöbələr bilavasitə su resurslarının planlaşdırılması ilə məşğul olacaq.

– Ölkəmizdə uzun müddət müzakirə olunan məsələlərdən biri də Kür çayının səviyyəsinin enməsi və Kürətrafı rayonlarda ciddi su problemlərinin yaşanmasıdır. Hazırda Kür çayı ilə bağlı vəziyyət nə yerdədir?
– Kürün əsas suyu bizə Gürcüstan ərzisindən daxil olur. Biz bəzi illərdə Kürə daxil olan suyun 30-40%, bəzən isə 50%-ə qədər azaldığını müşahidə etmişik. Bunun nəticəsində anbara kifayət qədər su doldura bilmirdik ki, Kürün aşağı hissəsində tənzimləyə bilək.
Səbəb quraqlıq və qonşu dövlətlərdən ölkəmizə suyun az daxil olması və təhlükəli hidrometeoroloji hadisələrin çox olmasıdır.

Eyni zamanda güclü küləklər əvvəllər ayda 3-4 dəfə olurdusa, indi 7-8 dəfə olur. Xüsusilə şərq küləkləri nəticəsində Xəzər dənizində dalğalanma yüksək olurdu və dənizin duzlu suları Kür çayına qarışırdı. 

Kürün suyunun duzluluq səviyyəsi 05.-0.7 qram m-dirsə, dəniz suyunun qarışması bu miqdarı bəzi yerlərdə 7-8 qrama qədər çatdırırdı. Bu da Neftçala, Salyanın müəyyən kəndlərində içməli su təminatında müəyyən problemlər yaradırdı. Bu sahədə son dövrlər müəyyən işlər aparılır. Xüsusilə Kürdən aşağı buraxılan suyun miqdarı artıb. Son ildə biz anbarımıza əvvəlki illə müqayisədə təxminən 1.5 milyard kubmetr artıq su toplamışıq.

– Bəzi bölgələrimizdə daim su axan krantlar görürük. Bu vəziyyətin su qıtlığında rolu varmı?
– Mərkəzləşdirilmiş və ya individual çəkilmiş su xətti olmasının fərqi yoxdur. Nəzərə almalısan ki, bu, yeraltı sudur və hansısa bir qaynaqdan gəlir. Bizim yeraltı suyumuz da səth suyu kimidir. Əgər yağış olmasa, quraqlıq olsa, səth suyu kimi yeraltı su da azalmalıdır. Həmin adam o suyu istifadə edib lazım olmayanda bağlamırsa, onun götürdüyü yeraltı su mənbəyi də tükənəcək. O da gələcəkdə su problemi ilə üzləşə bilər.

Bu məsələdə “Azərsu” çalışır ki, suya kifayət qədər nəzarət edilsin, sayğaclar qurulsun. Vətəndaşın özü də bu məsələdə böyük məsuliyyət daşıyır. 

– Artıq uzun müddətdir ki, rayonlarımızda meşə yanğınları baş verir.  Bu yanğınların ekoloji zərəri nədən ibarətdir? Nə itirmişik?

– Meşələrin nəinki yanması, ümumiyyətlə, kəsilməsi və s. kimi proseslər həm ekosistemə, həm də ətraf mühitə ziyandır. Əgər ərazidə meşə yoxdursa, quraqlığa meyillilik artır, bitki örtüyü də yox olur. Tədqiqatlar göstərir ki, çay hövzələrində nə qədər çox meşə varsa, bir o qədər buxarlanma azalır, suyun miqdarı artır. İsti dövrlərdə meşə olmayan yerlərdə su azalır və ya quruyur. Meşə yanğınları törədənlər bilməlidir ki, o öz gələcəyinə zərbə vurur. Meşələrin itirilməsi, həm rütubətlilik, həm də su təchizatı baxımından böyük zərərlər vurur. 
Elə ölkə var ki, meşə örtüyü ərazisinin 30-40%-ə qədərini əhatə edir. Bizdə isə meşə ilə ötülmüş ərazilərin sayı cəmi 11%-ə qədərdir. 

ETSN İDEA və digər qurumlarla birgə çalışır ki, meşə örtüyünü artırsın. Xatırlayırsınızsa, İmadəddin Nəsiminin yubileyində 650 min ağac əkilmişdi. Bu kimi işlər yenə də görüləcək. 

 “Lazım olsa, Xəzərin suyunu təmizləyib istifadə etmək olar”

– Qayıdaq su mövzusuna. Dünyada su qıtlığına qarşı mübarizədə görülən tədbirlərdən biri də okean sularının xüsusi qurğularla təmizlənərək, əhalinin istifadəsinə verilməsidir. Bu cür qurğulardan bizdə də varmı?
– Bizdə dediyiniz qurğular mövcuddur. Xəzər dənizinin suyununun duzluluğu 10-11 qram arasında dəyişir. Bu, çox yüksək göstəricidir. Onu membran metodu və digər metdolarla təmizləyib şirin su halına gətirmək olur. Bildiyim qədərilə nazirlik və digər qurumlar tərəfindən bu sahədə iş aparılır. İstəməzdik ki, gələcəkdə problem o həddə çox olsun ki, biz Xəzərin suyunu təmizləyib məişətdə, suvarmada istifadə etməyə məcbur qalaq. Amma bütün hallarda Xəzər buradadır, bizim ehtiyat resursumuzdur. Biz ondan istənilən vaxt istifadə edə bilərik. İndi bu praktika xarici ölkələrdə tətbiq olunur. Biz də tətbiq edirik. Lazım olsa, daha çox su təmizləyib istifadə etmək olar. Sadəcə, bu, bir az baha başa gəlir deyə, geniş istifadə olunmur.

“Ağac kəsmək insan öldürmək kimi bir şeydir”

– Bəzi sahibkarlar və ya məmurlar puluna arxalanaraq,  təbiətin qəsdinə durur. Amma düşünmürər ki, bu, maddiyatla bağlı məsələ deyil, qlobal mövzudur. Bu cür yanaşma nədən qaynaqlanır?
– Bizdə ağac kəsməyin zərərləri barədə maaarifləndirmə aparılır. Çalışırıq ki, bütün rayonlarda qazlaşma, elektrik təchizatı kifayət qədər olsun ki, bu kimi hallara əl atılmasın. Ancaq çox təəssüf ki, bəzi şəxslər xüsusilə tikinti işləri üçün bu cür addımlar atır. Bildiyim qədərilə, bütün bu işlər nəzarət altındadır. Ən azından hansısa bir işi görmək üçün ekspertiza baxışı keçirilməli, icazə alınmalıdır. Ekspertiza isə heç vaxt belə şeyə icazə verməz. Kimsə bu cür addım atarsa, cəzalandırılır. İnsanlar özü də bunun məsuliyyətini dərk etməlidir. Ağac kəsmək insan öldürmək kimi bir şeydir. Bunu başqa cür necə qiymətləndirmək olar?!
“Kim israfçıdırsa, qoy o daha çox ödəsin”

– ABŞ, İtaliya, Fransa, Sloveniya və bir sıra dövlətlərdə artıq su məhdudiyyətləri tətbiq olunur. Belə ki, dekorativ hovuzlar bağlanır, fəvvarələrə su verilişi dayandırılır, içməli su ilə avtomobil yuyulması qadağan edilir və s. Hətta ABŞ-ın bəzi ştatlarında içməli sudan istifadədə limiti keçənlər cərimələnir. Necə düşünürsünüz, ölkəmizdə də bu qəbildən olan tədbirlərə əl atmalıyıqmı?
– Su resurslarının azalması, Fransa və bir çox Avropa dövlətlərində bəzi sahələrdə məhdudiyyətlərin qoyulması ilə nəticələnir. Düşünürəm ki, bizdə bu məsələdə tarif sistemini bir qədər təkmilləşdirmək olar. İsrafçılara qarşı ciddi tarif müəyyənləşdirmək lazımdır. Tutaq ki, evdə 4 nəfər üçün ayda 20 kubmetr su norması verilir. Kimsə bu normanı aşırsa, artıq istifadə olunan hissəyə görə tarif müəyyənləşdirmək olar. Yəni hansısa ailədə aylıq işlədilən su 20 kubmetrdən 30 kubmetrə qədər istifadə edilirsə, artıq istifadə edilən hissəyə görə 2 qat, 30-dan 40-a qədər 3 qat, 40-dan 50 kubmetrə qədər isə 4 qat tarif tələbi qoyula bilər. Kim israfçıdırsa, qoy o daha çox ödəsin.

Digər tərəfdən məişətdə də sudan səmərəli istifdə etməliyik. Söhbət təkcə içməli sudan getmir, maşın yumada və s. həmin su axıdılır. Məsələn, tələb qoyula bilər ki, məişətdə istifadə olunan su təmizlənərək, texniki su kimi təkrar istifadə edilsin və ya təmiz su kimi mənbəyə qaytarılsın.
Bu kimi üsullar düşünürəm ki, sudan səmərəli istifadəyə səbəb ola bilər.

Söhbətləşdi: Billurə Yunus

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir