Kulturoloji proseslər internet vasitəsilə qlobal geosiyasi alətə çevrilib… Aydın Xan Əbilov

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Vətəndaş Ciyyəti Alyansının rəhbəri, kitabxana.net Milli Virtual Elektron Kitabxananın təsiscisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov ilə kulturoloji proseslərlə bağlı fikirləri..

Kulturoloq bizimlə söhbətində müasir kulturoloji proseslər barədə danışdı. O düşünür ki, çağdaş mədəniyyət hadisələrinə – kulturoloji proseslərə qiymət verərkən onun yalnız lokal mahiyyətinə deyil, həm də qlobal əhəmiyyətinə diqqət yetirməliyik. Əgər XX əsrdə qapalı mühitin mədəniyyət hadisələrinin daxildə və xaricdə yalnız cəmiyyətin bir qrupuna təsir imkanları vardısa, bu, indiki televiziya-radio, mobil rabitə, İTK, internet və sosial şəbəkələrin inkişaf etdiyi, miltimedia bumunun yaşandığı XXI yüzilliyin başlanğıcında artıq planetar düşüncənin əhatəsində daha çox qlobal əhəmiyyətə malikdir:

“Tutalım, keçmişdə teatra gedən bir qrup, ya da hər hansı bir konsertə baxan bir dəstə adamın estetik zövqü formalaşırdısa, indi elə o incəsənət sahələrinin virtual-elektron variantları internetdə yerləşdirilir və istənilən adam bu açıq kulturoloji resursdan – estetik nümunələrdən yararlana bilir. Məhz buna görə də “Nobel”, “Oskar” kimi mükafatlar, Avropa telemusiqi yarışmaları, futbol, olimpiya oyunları kimi dünyanı əhatə edən kütləvi mədəniyyət-idman yarışları insanlarımızı daha çox təsirə məruz qoyur, nəinki hansısa toy mərasimi, yaxud başqa milli hadisələr. Bura xalqların inteqrasiyası, dünyanın birləşməsi, sərhədlərin aradan götürülməsi, sivilizasiyaların dialoqu, dinlərin qarşılıqlı əlaqələrini də daxil etsək, üstəlik, nəzərə alsaq ki, 50 milyonluq Azərbaycan xalqı bütün planetə səpələnərək yaşayır, mədəni-kreativ proseslərə qiymət vermək bir qədər müşkül məsələyə çevrilir…

Bu il Azərbaycan mədəniyyətinin dünyaya ixracatında yeni bir mərhələyə qədəm qoyduq. Bakıda təşkil olunan möhtəşəm “Eurovision-2012” mahnı müsabiqəsinin, Qəbələdə keçirilən elitar beynəlxalq klassik musiqi festivalı, adını sadalamaqla bitməyən yerli və qlobal mədəniyyət hadisələri bir daha sübut etdi ki, ölkəmiz həqiqətən də beynəlxalq estetik mərkəzlərdən birinə çevrilməkdədir: Azərbaycanımızın Şərq-Qərb sərhədi mərkəzində yerləşməsi buna tam imkan verir”.

Tolerant, çağdaş multimədəniyyət olaylarının mərkəzlərindən birinin Azərbaycan olduğunu müşahidə etməkdəyik: “Dünya üçün açıq olan respublikamızda YUNESKO-nun xətti ilə keçirilən mədəniyyətlərarası dialoq, dinlərararası forum kimi qlobal kulturoloji tədbirlər də sübut edir ki, Azərbaycan mədəniyyətə – kulturoloji proseslərə yalnız incəsənət hadisəsi kimi baxmır, əksinə, böyük imkanlar açan geosiyasi alət, sivilizasiya tanıtımı, xalqlararası əlaqə vasitəsi tək onlardan yararlanır. İndi baş verən bir sıra proseslərdə Azərbaycan məhz öz mədəni imkanları, kulturoloji təsirləri vasitəsi ilə fəal iştirak edir. Son bir ayda baş verən milli məsələlərdə də mədəni proseslərimizin təsiri danılmazdır.

Azərbaycanı dünyaya qədim tarixi olan sivilizasiya məkanı kimi tanıdan “Eurovision-2012” mahnı müsabiqəsini layiqincə keçirməsəydik, məgər Ramil Səfərovu Macarıstan həbsxanasından, yaxud iki şairimizi İran zindanından xilas edəndə dünya bizi dəstəkləyərdimi?!

Məlum olduğu kimi, 2012-ci ilin mayında Azərbaycan mədəni-sosial həyatında çox əlamətdar bir hadisə – “Eurovision-2012” mahnı müsabiqəsi keçirilən zaman ölkəmizin paytaxtı Bakı şəhərinə dünyanın hər yerindən çoxsaylı xarici qonaqlar, əcnəbi turistlər, ayrı-ayrı dövlətlərdə yaşayan soydaşlarımız və beynəlxalq qurumların, dünya KİV-lərinin nümayəndələri, jurnalistlər gəldi. Bu müddətdə onlara Azərbaycan mədəniyyətini, ədəbiyyatını, tarixini, həqiqətlərini, eləcə də milli kitabları, dünyanın aparıcı dillərinə tərcümə edilən əsərlərimizi və milli-mənəvi dəyərlərimizi, intellektual-kulturoloji sərvətlərimizi qədim sivilizasiya tarixinə, müxtəlif mədəniyyətlərin sintezinə malik xalqımızı və dövlətimizi tanıtmalıydıq. Əslində bu bir qlobal fürsət idi ki, düşmüşdü əlimizə və ondan maksimum yararlanmaq vacib idi.

Rəhbərlik etdiyim Yeni Yazarlar və Sənətçilər Qurumu ilə “kitabxana.net” portalı bu məsələ ilə əlaqədar Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə aktual bir layihə həyata keçirməyə başladı. “Eurovision-2012” mahnı müsabiqəsinə gələn xarici qonaqlar, turistlər və soydaşlarımız üçün Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini müxtəlif dillərdə, rəqəmsal, e-kitab formatında hazırlamaq, Milli Virtual Kitabxanada yerləşdirmək, bu e-nəşrləri internetdə, sosial şəbəkələrdə yaymaqla ədəbi-mədəni dəyərlərimizin dünyada tanıdılması və təbliği” adlanan bu kulturoloji-innovativ layihə həyata keçirilən zaman isə internetin, elektron kitab və nəşrlərin, eləcə də virtual kitabxanaların, sayt və portalların rolunun böyük olduğunu, amma bu istiqamətdə azərbaycandilli elektron resurslarının çox zəif inkişaf etdiyini öyrəndik.

Reallaşdırmağa başladığımız layihə problemləri qismən də olsa, aradan qaldırmaq məqsədi ilə həyata keçirilir. Nəzərə almaq lazımdır ki, internet vasitəsi ilə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımızın, eləcə də dünyadakı soydaşlarımızın diqqətini kulturoloji proseslərə cəlb etmək daha asandır.

Elektron KİV, yeni telekommunikasiya vasitələri, xüsusən də internet və İKT-nin inkişafı ilə əlaqədar dünyanın əksər ölkələrində mədəniyyət, xüsusən ədəbiyyat və intellektual sərvətlər – kitab və əsərlər rəqəmsal formata salınaraq qlobal informasiya məkanında, milli və lokal elektron resurslarında yerləşdirilir. Respublikamızda bu sahədə işlər aparılsa da, zamanın tələbləri səviyyəsində bir sıra problemlər hələ də öz həllini tapmayıb. Yaşlı və yeni nəslin yaratdığı estetik-intellektul əsərlər internetdə yerləşdirilir, amma onların dünyanın aparıcı dillərinə tərcüməsi, eləcə də elektron variantda nəşrə hazırlanaraq internetdə yayılması işində böyük boşluqlar var.

Əksər hallarda xaricdə, beynəlxalq KİV qurumlarında Azərbaycan mədəniyyəti, ədəbiyyatı, kitabı, elmi, tarixi barədə dünyanın aparıcı dillərində məlumatlar ala bilmədikləri məlum olur”.Yazıçı deyir ki, Azərbaycan daxilində və xaricdə yaşayan oxucular, xüsusən də yeniyetmə və gənclər tərəfindən milli ciddi ədəbi-bədii, elmi-intellektual kitab və əsərləri oxumaq, fərqli – yeni mütaliə mədəniyyətini qavramaq, yeni oxu vərdişlərinə yiyələnmək məsələsində böyük problemlər hiss olunur:

“Xaricdə yaşayan soydaşlarımız isə milli-mənəvi dəyərlərdən, azərbaycandilli kitab və ədəbiyyatdan kənar qalırlar: xüsusən də ən yeni ədəbiyyat nümunələrindən xəbərsizdilər. İnternet – qlobal və lokal informasiya-şəbəkə resurslarının azlığı, xarici oxuculara ünvanlanmış internet saytlarının, ciddi, intellektual portalların məhdud sayda fəaliyyət göstərməsi və inkişaf etməməsi, eləcə də elektron-virtual kitabxanaların, pulsuz bloq-sayt imkanlarının yoxluğu, onların maraq dairəsini təmin edəcək şəbəkə imkanlarının zəifliyi ona gətirib çıxarıb ki, dünya ictimaiyyəti nümayəndələri milli mədəniyyətimizi, ölkəmizin həqiqətlərini, milli-mənəvi dəyərlərimizi təbliğ edən materialları əldə edə bilmir.

Xüsusən də elektron və yazılı KİV, internet-virtual şəbəkə yazarları dövlətimiz, mədəniyyət və ədəbiyyatımız barədə məlumatları əldə etməkdə çətinlik çəkdiklərinə görə çox hallarda Azərbaycan barədə yanlış məlumatlar yayır, hazırladıqları materiallar bəzi hallarda dövlətimiz haqqında müsbət olmayan qlobal ictimai fikir formalaşdırır.

Layihə çərçivəsində bu boşluğu doldurmaq məqsədi ilə “Eurovision-2012” mahnı müsabiqəsinə gələn xarici qonaqlar, turistlər və soydaşlarımız üçün Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini müxtəlif dillərdə, rəqəmsal, e-kitab formatında hazırmaq, milli virtual kitabxanada yerləşdirmək, bu e-nəşrləri internetdə, sosial şəbəkələrdə yaymaqla ədəbi-mədəni dəyərlərimizin dünyada tanıdılması və təbliğinə yönəlmiş bir sıra işlər görülüb”. Kulturoloq dedi ki, Azərbaycanla bağlı, mədəniyyətimiz, ədəbiyyatımız və kulturoloji proseslərimizi əhatələyən, müxtəlif mövzulara aid, dünyanın aparıcı dillərinə – ingiliscəyə, ruscaya, türkcəyə, almancaya, fransızcaya tərcümə edilmiş 45-dən çox kitab və əsərin elektron variantı hazırlanaraq “kitabxana.net” portalı vasitəsi ilə oxuculara – internet istifadəçilərinin açıq istifadəsinə təqdim edilib.

Hazırladı: İlkin AĞAYEV

“Palitra” qəzeti… 2014

Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında çap olunur… “Palitra” qəzeti…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir