YYSİB sədri, yazıçı-kulturolq Aydın Xan Əbilov: “Azərbaycanda əhalinin 12-18%-i kitab oxuyur!”. kəskin müsahibə
Azərbaycanda əhalinin 12-18%-i kitab oxuyur?!
Yeni texnologiyalara bələd olduqca insan ilk olaraq daha nələrlə qarşılaşa bilərik sualı ilə üz-üzə qalır. Dünən kitab üçün növbəyə dururduqsa, bu gün artıq cəmi bir neçə dəqiqəyə kitabı bilgisayarımıza yükləyib oxuya bilirik. Amma öncə bizim axtardığımız kitab elektron kitabxanalarda yerləşdirilməlidir və sonra biz bu fürsətdən istifadə etməliyik. AZADİNFORM olaraq elektron kitabxanaların vəziyyətini və oxucuların bu fürsətdən nə dərəcədə yararlandığını öyrəmək üçün Yeni Yazarar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovla əlaqə saxladıq.
Azərbaycanda elektron kitabxanaların vəziyyətini necə dəyərləndirirsiz? Niyə oxucular elektron kitaba müraciət edirlər?
– Sivilizasiya inkişaf etdikcə dünya intellektuallarının ən son məhsullarından sayılan informasiya-kommunikasiya texnologiyaları insanlara həddindən artıq geniş imkanlar yaradıb. Həmin imkanlardan biri də alternativ yazı, alternetiv oxu mədəniyyətinin formalaşmasıdır. Buna nümunə kimi elektron kitablar, elektron mətnlər, elektron yazılar, elektoron bloqları və s. götərmək olar. Artıq insanlar ənənəvi kitabdan bir qədər uzaqlaşıblar. Bunun bir neçə səbəbi var: kağız kitab həm həcminə gorə, həm də bir kitabı çap etmək üçün ekologiyaya vurduğumuz ziyan hamıya məlumdur. Elektron kitab bu gün ona görə dəbdədir ki, qlobal və lokal şəbəkələrdə elektron və virtual kitabxanalarda hər gün yeniləşmə gedir əsərlərin elektron variantı hazırlanır. Azərbaycanda bu sahədə uğur qazanan bir neçə elektron kitabxana mövcuddur. Bir ilə yaxındır ki, Azərbaycan və dünya ədəbiyyatının əsərlərini özündə cəmləşdirən Kitbxana.Net portalı fəaliyyət göstərir. Artıq 300 mindən çox insan bu kitabxanadan yararlanıb. Təkcə Azərbaycanda deyil, eləcə də ölkə xaricində də kitabxananın oxucuları artır. Bu baxımdan elektron kitab və digər innovativ intellektual imkanlar insanlara çox böyük fürsətlər verir. Artıq oxucunun yayın istisində M.F.Axundov adına Milli Kitabxanaya getməsinə ehtiyac yoxdur. Kitabxananın saytına daxil olub bunu daha səmərəli yolla nail olmaq olar. Digər bir kitabxana portalı isə Prezident Kitabxanasının preslib.az portalıdır. Həmin portalda Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı tarix və publisistik kitablar yerləşdirilib.
Elektron kitabxanaların yaranması, bu üsulla kitabların yüklənməsi kitabların satış qiymətinə təsiri nə dərəcədə olacaq? Yoxsa oxucular artıq konkret qruplara bölünüb, elektron oxucular və ya köhnə qayda da olduğu kimi əldə kitab oxumaq?
– Ənənəvi kitabların elektron variantları artıq kitabxanalarda yerləşdirilib və oxucu bunu çox asanlıqla əldə edə bilir. Klassik kitabların qiyməti baha olduğu qədər, tirajının da bir o qədər az olması oxucuların həmin kitablardan istifadə edə bilməməsinə gətirib çıxarır. Təsəvvür edin 500 tirajı olan kitab 50 mln. azərbaycanlıdan kimə çatacaq? Düşünürəm ki, dövlət bu sahəyə daha da diqqət ayırmalıdır. Oturuşmamış cəmiyyətli dövlətlərdə intellektual sahələrə böyük kapital qoyulmalıdır. Artıq Azərbaycan nəsrinin, poeziyasının, klassik ədəbiyyatının ayrıca portalları olmalıdır. Artıq bizim tarixlə bağlı ayrıca portalımız var. Bu onu göstərir ki, artıq oxucularımız dünyada olduğu kimi elektron mütaliə, elektron yazıya meyl edirlər. Biz müəyyən layihələr hazırlamışıq aidiyyatı qurumlara da müraciətlər etmişik, bizə maddi dəstək olsalar, bu istiqamətdə müəyyən işləri görməyə hazırıq.
Yeri gəlmişkən xatırladım ki, Moskvada 23-cü Beynəlxalq Moskva kitab sərgi- yarmarkası eyni zamanda MDB ölkələrinin 7-ci Beynəlxalq Kitab Sənəti müsabiqəsinin yekunlarına həsr olunmuş tədbirlər olacaq. Həmin müsabiqəyə hər dəfə müxtəlif kitablar göndərirdik. Bu dəfə iki kitabımız orada yer tutub. Mədəniyyət və Turizm Nazirliyinin “Əfəndi” Nəşriyyatı tərəfindən Çingiz Əlioğlunun “Çərçivə” kitabı 13 MDB ölkəsi arasında Beynəlxalq kitab sərgi-yarmarkasının Qran-Pri mükafatına layiq görülüb. İkinci kitab isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən buraxılan mədəniyyət toplusudur. Xatırladım ki, bu kitabı Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşdırılıb.
Bəs elektron kitablar hansı şərtlərə görə portallarda yerləşdirilir. Kitabın reytinqi əsasdır, yoxsa onun cəmiyyətə təsir gücü, nə dərəcədə cəmiyyəti maarifləndirəcək? Burda hansı qadağalar mövcuddur və ya yazarlar hansı şərtlərə əməl etməlidirlər?
– Virtual kitabxana olduğuna görə, milli və dövlətçilik maraqlarına zidd olmayan istənilən kitabı biz yerləşdiririk. Kitabxana kitabların külliyatıdır, əlimizdə elektron variantda olan bütün kitabları yerləşdirməyə çalışırıq. Layihə rəhbəri olaraq fikirləşirəm ki, kitabxanada hətta ermənişünaslıq, gürcüşünaslıq, Erməni və Gürcüstan ədəbiyyatına aid bölmələr açaq. Çünki kitabxanamızda ingilis, fransız və bir çox xalqların ədəbiyyatına aid kitablar yerləşdirmişik. Mənim prinsipim budur ki, bizə hətta düşmən olan xalqların da kitablarını mütləq tanımalıyıq və oxumalıyıq. Tarixən Azərbaycan-Türk milləti olaraq biz tarix yaratmışıq, amma onu yazmağa tənbəllik etmişik. Biz tarixi əsərlərin bir çoxunu qəribə də olsa fars, rus, ərəb, çin və hətta erməni, gürcü dillərində olan mənbələrdə axtarmağa məcbur oluruq. Əlbəttə, çalışırıq ki, yerləşdirdiyimiz səviyyəli kitablar olsun. Dəfələrlə həvəskar ədəbiyyat nümayəndələri müraciət edib, babaları və nənələri haqqında yazdıqları kitabları yerləşdirməyimizi istəyiblər, amma biz hələki ilkin mərhələdə bu tip kitablara yol vermirik, amma gələcəkdə sırf bu mövzuda ayrıca bölməmiz olacaq. Bəlkə, elə həmin kitabları da ora yerləşdirdik. Əgər kitab hazırlanıbsa, oxucular ən azından həmin kitablarla tanış olub, oxuyub müqayisə aparmalıdırlar.
İlkin planda gənc yazarlara yer ayırmısız, yoxsa onlara da növbəti planlarda yer veriləcək? Gənclər bu imkanlardan səmərəli istifadə etməyə cəhd edirlər?
– Portalımızın bir sıra imkanları da var. Həm uşaqlar üçün elektron , həm də gənc yazarlar və intellektuallar üçün bloqlar sistemini özündə birləşdirir. Yəni yazarlar özlərinə kitabxananın nəzdində bloq yaradıb yazılarını qoya bilərlər. Bunun üstünlüyü odur ki, oxucular indi ayrı-ayrı saytlardansa kitabxana saytlarına maraq göstərirlər. Artıq 2000-ə yaxın elektron kitab yerləşdirən, bloqda əsərlərini yazan birbaşa qeydiyyatda olan oxucularımız var. Əslində bu böyük göstəricidir. Çünki biz həmişə intellektual məsələlərdə axsamışıq. Sevinirəm ki, layihəmiz bu cür uğurlara nail olub.
Statistik nətəcələrə nəzər salanda nəyi müşahidə etmək olar? Elektron kitabxanalarda oxucu artımı müşahidə olunur, yoxsa burda da gələcəyə ümid edirik?
– Biz hər il “Bakı kitab” bayramı keçiririk. Orda müxtəlif sorğular keçiririk. Virtual sorğular göstərir ki, Azərbaycanda əhalinin 12-18 %-i kitab oxuyur. Onlarda ən çox dini, detektiv, dərsliklər və müxtəlif sahə kitabları oxuyurlar. Oxucuların yaş həddinə baxanda görünür ki, yavaş-yavaş gəncləşir. Əvvəlki sorğularda orta və yaşlı nəsil daha öndə idisə, indi artıq oxucular arasında gənclər ön plana keçir. Gənclər də təbii olaraq daha çox elektron kitab oxumağa meyillidirlər. Bunun müsbət tərəfi odur ki, əvvəl şikayətlənirdik ki, gənclər daha çox onlara aid olmayan saytlara meyillidirlər. Amma bu gün gənclərimiz bunun tam əkisnə olduğunu intellektual saytlardan daha çox istifadə etdiklərini sübut edirlər.
Kitabxana.Net elektron kitabxanası ilə yanaşı digər saytlar da elektron kitablar yerləşdirərək bu xidmətdən istifadə edirlər. Başqa saytlarla əməkdaşlığınız var, yoxsa heç bir razılaşmaya əməl etmədən kim nə tapdı onu qoyur?
– Birbaşa əməkdaşlıq mövcud deyil. Çalışırıq ki, payızda eletron kitabxanalarla bağlı Dəyirmi masa keçirək. Amma bizim Prezident Kitabxanası, Milli Elmlər Akademiyası və Milli Kitabxana ilə sıx əlaqələrimiz mövcuddur. Yeri gələndə onlardan bizə, bizdən onlara linklər kitab dəyişmə kimi proseslər həyata keçiririk. Arzulayardıq ki, kitabxanaların koordinasiya mərkəzi olsun. Bu mərkəzlər insanların virtuallaşmasına, yeni texnologiyalara həvəs göstərməsinə təkan versin.
Bu gün Azərbaycanda bir-iki kitabxanada elektron kitab oxu üsulu movcuddur. Digər kitabxanalarda bu yalnız elektron katalok şəklində verilir. Sizcə, bu belə olmalıdır, yoxsa zamanla dəyişiləcək?
– Bir şeyi diqqətinizə çatdırım ki, Rusiya və bir sıra xarici dövlətlərdə bu tipli layihələr dövlətin ayrı-ayrı fondları tərəfindən maliyyələşdirilir. Birinci, müəllif özü icazə verir və kitabının elektron variantda yerləşdirilməsinə etiraz etmir. İkinci, müəllif təklif edir ki, əgər oxucu oxumaq istəyirsə mənim qonararım olmalıdır. Buna görə də qapalı və açıq kitablar var. Amma bizim layihəmiz sırf humanitar olduğu üçün, bunu kommersiya məqsədilə yayımlaması qəti-qadağandır. Bu səbəbdən bir çox kitabxanalarda qapalı, şifrələnmiş kitablar ola bilər, buna normal baxmaq lazımdır.
Söhbətləşdi: Günel ƏBİLOVA
http://azadinform.az/?p=7492 2000-ci il

