Azərbaycanı şəhidliyində bütövləşdirən İbrahim Əhmədi-pur. Qarabağ qəhrəmanlarının gizli ömürlüyü…

Azərbaycanın dövlət müstəqilliyi və torpaqları uğrunda canını fəda edən elə şəxslər var ki, onların fəaliyyətləri hələ də geniş ictimaiyyətə lazımınca çatdırılmayıb. Hər iki Qarabağ savaşında ruhunu Vətən bayrağının o müqqədəs üç rənginə hopdurmuş, mübarək qanları ilə torpaqlarımıza paklıq qatmış, şəhidlik zirvəsinə qalxmış, döyüş, mübarizə igidliklərini qəhrəmanlıq simvoluna çevrilmiş o şəxslərdən biri də İbrahim Səfər oğlu Əhmədi-purdur.

Vaxtilə onun valideynləri Güney Azərbaycandakı milli-azadlıq hərəkatının fəalları olaraq didərgin salınmış, Vətənin bu tayına pənah gətirmişdilər. 3 sentyabr 1955-ci ildə balaca İbrahim burada dünyaya göz açanda, başı bəlalar görmüş ata və anası çox  sevinmişdi. Fəqət nə biləydilər ki, bir bəladan qurtulub digər atəşə tuş gələcəklər…

  Ağdamda yaşayan İbrahim Əhmədi-pur Azərbaycan, Bakı, Qarabağ və Ağdamdakı bir çox tarixi proseslərin mərkəzinə düşdü, onların fəal iştirakçısı oldu. Qarabağdakı hadisələr, 20 Yanvar olayları, Azərbaycanın müstəqilliyi uğrunda başlanan mill-azadlıq hərəkatı, ermənilərin xain siyasətləri, Xocalı faciəsi, rayon və kəndlərimizin, Ağdam şəhərinin işğalı, Vətən torpaqları uğrunda gedən döyüşlər…

Xüsusən də Xocalı faciəsi və Ağdamın işğalı onun bütün həyatını dəyişdi. O ağır günlərdə Xocalı və Qarabağdan gələn şəhidlərin qanı alnına damğa kimi basıldı: İbrahim and içdi ki, doğma torpaqlarını azad etməsə ona bu torpaqlarda yaşamaq haramdır. Ağdamlılar indi də xatırlayırlar: valideynləri xarici vətəndaş olduğundan, eyni zamanda ailəsində körpə uşaq, – gələcəkdə II Qarabağ savaşında igidliklər göstərəcək hərbiçi zabit doğulduğundan, – şəhid döyüşçünü ordu sıralarına götürmək, müharibəyə aparmaq istəməsələr də,  İbrahim başına dostlarını toplayıb özünümüdafiə dəstəsi yaratdı, savaşa yollandı.

Erməni və peşəkar rus hərbişiləri ilə döyüşmək nə qədər çətin olsa da, Vətən sevgisi, torpaq qeyrəti, doğma elin-obanın namusu çox qəhrəmanlarımız kimi, İbrahimi də qorxmadan döyüşlərə qoşulmağa vadar edirdi. Zəif silahlanmış, amma qəlblərində Qarabağ – Ağdam sevgisi, Azərbaycan məhəbbəti İbrahim və onun döyüşçü yoldaşlarını əsl slana çevirmişdi.


www.facebook.com/shehidanalari/videos/555851203003477

I Qarabağ müharibəsinin xronologiyasını araşdıranlar da bildirirlər ki, məhz Ağdam uğrunda gedən döyüşlərdə erməni və sovet qoşunlarının başı əzildi. Azərbaycanın hər yerindən gəlmiş könüllülər ağdamlıların köməyi ilə peşəkar düşmən ordu qruplaşmalarını ardıcıl məğlubiyyətə uğradırdılar.

Yalın əllə, bəzən ov tüfəngi ilə silahlanan İbrahim və onun döyüş qardaşları sovetin tankına qarşı elə ağlagəlməz igidliklər göstərirdilər ki, hərb sənətinin biligiləri belə heyrətə gəlirdilər.

Onların ən böyük silahı Vətən sevgisi, xalqın qeyrəti idi: hər döyüşdə şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın qanlı paltarları üçrəngli bayrağımızla yanaşı əsl döyüş bayrağına çevrilirdi…

1992-ci ildə Qarabağda döyüşlər şiddətlənir, arxa cəbhədə siyasi proseslər kəskinləşirdi. Qarabağ, eləcə də ətraf bölgələr – rayon və şəhərlər, qəsəbə və kəndlər düşmənin əlinə keçirdi. Məğlubiyyətlərə baxmayaraq, İbrahim və döyüş dostları doğma diyarları, Vətən torpaqları üçün daha çox vuruşur, hərb tariximizin qızıl salnamələrini qanları ilə yazırdılar…

Bəlkə də o özünümüdafiə batalyonları, könüllülər öz gənc canlarını Vətən uğrunda qurban verməsəydilər, yaxın keçmişimizin tarixinin istiqamətləri haqqında düşünmək belə çətin olardı. Aslan kimi az qala hər gün savaşa girişən İbrahim və döyüşçü yoldaşları ümumi durumu dəyərləndirməyi bacarırdılar. Onlar arxa cəbhədən maddi dəstəkdən çox mənəvi yardımlar umurdular…

İbrahim heç vaxt bilməyəcək ki, təzə evləndikləri Almazı gözüyaşlı, sinəsində südü kəsilmiş qoyaraq döyüşlərə yollanmışdı. Ağdam şəhərinə atılan ölümcül “Qrad”ların canlaraparan od-alovu altında körpəsini qucaqlayan şəhid-gəlin, layla və oxşamalar əvəzinə gələcəyin zabitinə savaş ayələri pıçıldayırdı.

Özü də hərbiçi müxbir kimi uzun müddən cəbhə bölcələrində geniş fəaliyyət göstərən gözüyaşlı, sinəsidağlı şəhid-gəlin Almaz Zeynalova 30 ildən sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad etmiş Müzəffər Ordunun zabiti olan ana və şəhid xanımı olaraq doğma Ağdama başıdik qayıdacaq, sevgisini özüylə Şəhidlik Zirvəsinə qaldırmış İbrahim Əhmədi-pur üçün məzarüstü xatirə kompozisiyası ucaldacaq.

İbrahimin məzarı başında indi “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri, ictimai fəal, yazar-publisist kimi tanınan Almaz xanımla yanaşı, şəhid qəhrəmanımızın döyüş dostları da ürəkdən ağlayacaqlar.

Fəqət, bu göz yaşları Qələbənin sevinc, Zəfərin qalib göz yaşları, bütün şəhidlərimizə yönəli sonsuz sevginin simvolu demək idi: kədərli baxışlarda, qürurlu, qalibiyyət saçan simalarda…     

…30 ildən sonra Almaz xanım vaxtilə Ağdamdan, İbrahimin məzarından götürərək gizlətdiyi bir parça torpağı göz yaşları ilə sulayaraq elə tapdığı o şəhid qəbrinin üstünə səpələyəndə könlündəki ağılar alqışa çevrilib göylərə ucalacaq: “Azərbaycanı şəhidliyində bütövləşdirən İbrahim Əhmədi-pur”…

Hidayət – Arxan Əbilli,

 YYSİB sədrinin müavini, yazar-bloqqer

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir