“Fahişəlik və əxlaqsızlıq dəb halına salınıb” – Ekspert Aydın Xan Əbilov sərt tənqid etdi…
“Bir çox xalqlarda, xüsusən də, Şərq toplumlarında namus-qeyrət deyilən anlayışlar var. Bu anlayışlar həm dini, həm mental, həm də etnoqrafiyadan gələn həyat təsəvvürü olaraq get-gedə daşlaşır. Bunlardan biri də şəxslərin namus və qeyrət məsələsidir. Xüsusən də türk, Azərbaycan və İran xalqlarında bu amillərə önəm verilir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

Tarixən də, günü bu gün də insanların öz namusunu qorumağı və mühafizəkarlığı bütün xalqlara məlumdur: “Pula görə insanlar öz namusunu satan zaman onlar cəmiyyət arasında namussuz, qeyrətsiz, yüngül əxlaqlı insan, yaxud fahişə kimi analiz edilir. Ona görə də Azərbayacanda həmişə bu məsələyə mühafizəkar baxış sərgilənir.
İnsanlarımız bu vəziyyətə niyə düşməlidir? İndi kişilərdə də namusunu satma məsələsi artıb. Azərbaycanda son illər “Dubay və ərəb sindromu” var. Bu, həm Azərbaycanın daxili, həm də xaricində baş verir. Əsas məsələ bunun arxasında duran sosial, iqtisadi və etnik mədəni problemlərdir. İnsanlar namus məsələsində geriləyirlər. Niyə ata-babalarımızdan gələn namus məsələsi arxa plana keçib?”.
Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Niyə insanları o vəziyyətə qoymuşuq? Niyə onları iqtisadi və sosial vəziyyətdən problemlərlə qarşı-qarşıya qoymuşuq ki, onlar da namusunu satırlar? Önəmli olan bunlardır.
KİV-lərdə, seriallarda və sosial şəbəkələrdə ellikcə insanlar öz namusunu satışa çıxarır. Bu hallara qarşı mübarizə aparmalıyıq. Düşünürəm ki, cəzaları artırmaqla bu məsələləri həll etmək olmaz. İctimai qınağın güclü olduğu cəmiyyətdə bu məsələlər aradan qalxa bilər.
Bir qədər fərqli münasibət sərgiləməliyik. Keçmişdə biri namussuzluq etdikdə, həmin adam kənddən ya qovulurdu, ya da özü nəsillikcə gedirdi. İndi qanunvericilik buna imkan vermir. Yəni, onları qova bilmirik. İndi fahişəlik və əxlaqsızlıq dəb halına salınıb. Gənclər də belə insanların zəngin və tanınmış olduğunu görüb o yola düşmək istəyir. Bu olmasın deyə ictimai qınaq, maariflənmə və ağsaqqal dəyərlərinin canlandırılması lazımdır”.
Ayşən Vəli,https://sia.az/az/news/social/978435.html