Aydın Xan Əbilov: “Belə çıxır ki, həmin kəndlərin sakinləri Bakıya gəlib səs-küylə danışanda biz onlara danışmağı qadağan etməliyik?”
Şortikli turistlər rayon sakinlərinin xoşuna gəlmir – nə etməli…
Bu günlərdə İsmayıllıda sakinlər şortik geyinən turistlə davaya çıxıblar. Yenə də məlum söhbət ortaya çıxıb: “Xalqın anası-bacısı var”.
Qəbələnin Laza kəndində də yerli sakinlər yolu bağlayaraq turistləri kəndə buraxmayıb. Sakinlər bu addımı kənd yollarında yaranan nəqliyyat sıxlığına və turistlərin geyiminə görə atdıqlarını bildiriblər.
Kəndə turist kimi gələn şəxslərin qarşısını kəsən sakinlər avtomobildən istifadə edilməməsini tələb edib. Hadisə yerində qeydə alınan həmin görüntülərlə bağlı sosial şəbəkələrdə geniş müzakirələr aparılıb. Əksər vətəndaşlar kənd sakinlərinin bu addımını pisləyib.
Allah gözəl təbiət verdiyi rayonlarımıza bir də əlavə qazanc mənbəyi, bir əlavə bərəkət də verib. Turist axını. Yerli sakinlər buna şükr etmək əvəzinə, gələnə-gedənə etiraz eləməklə işıq gələn yerə barmaq tıxamaq yolunu tuturlar. Dünyada yalnız turizm gəlirləri hesabına yaşayan ölkələr var. Şirin dil, gözəl xidmət hesabına elə edirlər ki, gələn qonaq bir də gəlir, servis bahalı olsa da, şirin dillə elə yola salırlar verdiyin pula da heyfin gəlmir. Rahatlıq, hüzur, azadlıq tapdığı yerə insan niyə təkrar gəlməsin və ya əksinə, narazı qalıb qalmaqala düşəcəyi yerə niyə getsin?
Bizdə gah şəhərdən gələn avtomobillərin yolunu kəsirlər, gah gələn qonaqlara namus-qeyrət dərsi verirlər, gah kişilərə şortik, qadınlara mini ətək moizəsi oxuyurlar. Adam öz doğma torpağında 2-3 gün, hətta bəlkə bir neçə saat dincəlmək istəyir. Vətən kəndlinin olduğu kimi, həm də ora gələn turistindir. Bunu anlamaq bu qədərmi çətindir?
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son vaxtlar Azərbaycanda qəribə hadisələr baş verir: “ Bu qəribəliyi heç cür anlamaq mümkün deyil. Əyləncə və turizm sahəsi dünyada ən çox inkişaf edib. Bu biznes ölkə, rayon və kəndin büdcəsinə xeyir gətirir və inkişaf edir. Ölkələr çalışır ki, bu sektorun inkişafı ilə bağlı qanunvericilikdə daha liberal dəyişikliklər etsinlər. Eyni zamanda, hansısa problem varsa, onu dərhal aradan qaldırmağa çalışırlar. Hətta Azərbaycanda Asan Viza sistemini də işə salıblar ki, turizm sahəsi inkişaf etsin. Belə bir vaxtda Qəbələdə, Oğuzda və digər rayonlarda tez-tez, xüsusən də daxili turistlərə yerli sakinlərin və bələdiyyələrin problem törətdiyi ortaya çıxır. Bəhanələr də bu olur ki, şortik geyinirsiz, avtomobilıərinizlə tıxac yaradırsız və s. Bu addımları ilə onlar mərkəzi hakimiyyətin turizmin inkişafı ilə bağlı səylərinə qarşı çıxmış olurlar. Ən maraqlısı budur ki, həmin sakinlər bu addımı xarici turistlərə qarşı deyil, öz vətəndaşlarımıza yönəlik atırlar. Qəribədir ki, biz xaricilərə tolerantıq, amma özümüzə qarşı belə ola bilmirik. Bu cür mənfi hallara hamılıqla etirazımızı bildirməliyik. Bir çox mental dəyərlərimiz var ki, onları hamılıqla qorumalıyıq. Şortik nə vaxtdan kiməsə maneçilik törətməyə başlayıb? Bu bilirsiz nəyi xatırladır? Ərəb turistlərinin ölkəyə axını sürətlənən zaman bizim vətəndaşlar hay-küy salmağa başladı ki, qoymayın, ərəblər bizim mental dəyərlərimizi məhv edəcəklər. Vəziyyət o yerə catdı ki, varlı ərəblər Azərbaycana gəlməkdən imtina etdilər. Hazırda bizə daha çox orta təbəqəni təmsil edən ərəblər gəlir. Həmin varlı ərəblər isə öz milyonlarını başqa ölkələrdə xərcləyirlər. Belə mənfi hallarla rastlaşmamaq ücün əhali arasında maarifləndirmə aparmaq lazımdır. Belə çıxır ki, həmin kəndlərin sakinləri Bakıya gəlib səs-küylə danışanda biz onlara danışmağı qadağan etməliyik? Bu, olduqca absurd yanaşmadır. Əksinə, həmin yerli sakinlər turizmin inkişafını elə təşkil etməlidirlər ki, ərazidə yaşayan insanların iqtisadi vəziyyətinə bunun müsbət təsiri olsun”.
Məhəmmədəli QƏRİBLİ, www.baki-xeber.com/sosial/143872.html

