“Qiymət artıq alıcı və satıcı arasında ümumi razılıq əsasında müəyyənləşdirilir”. VCA və YYSİB sədri Aydın Xan Əbilov
“Azərbaycanda bilirsiniz ki, müstəqillik dönəmindən bu tərəfə bazar kapitalizmi yaxud da bazar iqtisadiyyatı bütövlükdə bizim iqtisadiyyatın əsas formatını təşkil edir və onun da özünəməxsus qanunları var. Hər hansı bir xidmət sahəsinə tələbat varsa, o tələbata uyğun olaraq da qiymət müəyyən edilir”. Bu fikirləri SİA-ya açıqlamasında analitik-ekspert, yazıçı-kulturoloq Aydınxan Əbilov deyib.
Onun sözlərinə görə, qiymət artıq alıcı və satıcı arasında ümumi razılıq əsasında müəyyənləşdirilir: “Yəni toy, yaxud da yas mərasimlərində nəqliyyat vasitələri istifadə olunursa, bu vasitələrin qiyməti, əlbəttə, standart deyil. Bununla bağlı nə Nazirlər kabinetində, nə də qanunvericilikdə normativ akt yoxdur. Düzdür, dövlət qurumları yaxud da dövlətin maaliyyələşdirdiyi QHT-lər, ictimai təşkilarlar və ya hüquqi şəxslər üçün nəqliyyatın icarəsi ilə bağlı müəyyən bir məbləğ ayrılıb.
Toy maşınlarının əksəriyyəti bilirsiniz ki, Azərbaycanda bahalı maşınlardır. Bizim xalq da göstərişi sevən bir xalqdır. Bu maşınların özünün qiyməti bəzən 100, 200 min manat bəzən isə milyona yaxın qiyməti olur. Bu qədər vəsaitə maşın alan şəxs əlbəttə ki, bu vəsaiti geri almağa çalışır. Ona görə də kreativ biznesin bir sahəsi olan toy sənayesində maşın qiymətlərində yüksək rəqəmlərə rast gəlmək mümkündür. Amma bu, problem deyil. Çünki bazarda müxtəlif qiymətə icarəyə verilən maşınlar da var. Bu maşınların qiyməti 200, 300 manatdan başlayır, 1000 manata qədər davam edir. Bəzən 5000 minə qədər də yüksələ bilir. Təkcə maşınların deyil, həmçinin toy paltarlarının, videoçəkilişlərin, müğənnilərinin qiymətində müşahidə edilir. Bu maşınları icarəyə verənlər dövlətə vergi ödəyirlər? Yaxud da maşını icarəyə götürən şəxs nə qədər peşəkardır? Həmin şəxslər hər hansı bir yoxlanışdan keçiblərmi? Əgğr qəza törədərsə, bununla bağlı kim məsuliyyət daşıyır? Əsas bu məsələlərlə maraqlanmaq lazımdır. Bu məsələlərdə boşluqlar var. Baha qiymətə maşın icarəyə götürərkən bunları nəzərə almaq lazımdır”.Müəllif: Abutel İlhamqızı

