Xaricdə təhsil yoxsa, “beyin köçü”? – Araşdırmada VCA və YYSİB sədri Aydın Xan Əbilov nələrin sirrini açdı?! Milyonlarla təhsil parası hara axır?!
Müasir dövrün ən başlıca tələbi təhsildir. Yalnızca haradasa işləmək və ya maddi qazanc əldə etmək üçün yox, dünyadakı prosesləri düzgün qiymətləndirə bilmək, ümumi dünyagörüşünün formalaşması üçün də təhsil əvəzolunmaz bir faktordur. Sabahını müəyyənləşdirmək istəyən hər bir gənc düzgün təhsilin bunun üçün necə önəmli olduğunu bilir. Burada təkcə əsas məsələ məhz təhsil almaq deyil, həmçinin düzgün ixtisas seçimi də vacib olur. Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər düzgün ixtisas seçərək yaxşı nəticə əldə edə bilirlərmi? SİA mövzu ilə bağlı araşdırma aparıb.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçən il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrini nəzərdən keçirək: Müsabiqənin nəticələrinə əsasən, 44861 nəfər (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 2130 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötən ilki göstəricidən 1057 nəfər çoxdur. Keçən il, həmçinin qəbul olunan subbakalavrların sayı da 1025 nəfər daha çoxdur. I mərhələdən sonra I ixtisas qrupu üzrə 13.2%, II ixtisas qrupu üzrə 14.59%, III ixtisas qrupu üzrə 1.32%, IV ixtisas qrupu üzrə 9.87%, V ixtisas qrupu üzrə isə 9.54% plan yeri boş qalıb. I və II ixtisas qrupu üzrə boş qalan plan yerlərinin sayının (müvafiq olaraq 2040 və 1971 yer) daha çox olacağı əvvəlcədən məlum idi. Belə ki, müsabiqə şərtlərini (ümumi 200, imtahanının 2-ci mərhələsi üzrə 100 bal) ödəyən və ixtisas seçiminə buraxılanların sayı mövcud plan yerlərinin sayı ilə müqayisədə az idi.
Ən gərgin müsabiqə vəziyyətinin III qrupda formalaşacağı proqnoz edilmişdi. Nəticələrdən də görürük ki, bu qrup üzrə plan yerləri 98.68% dolub və cəmi 169 yer boş qalıb. IV qrupda da müsabiqə iştirakçılarının sayı plan yerlərindən az idi. Burada boş qalan yerlərin sayı 391, xüsusi qabiliyyət tələb edən V qrupda isə 161 yerdir.
I ixtisas qrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında məlumata baxdıqda görürük ki, ümumi balı 200-dən və imtahanının ikinci mərhələsi üzrə balı 100 az olmayan cəmi 8 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. Onlar boş qalan yerlərin müsabiqəsinə qoşula bilərlər. 150 və 50 bal şərtini ödəyib qəbul ola bilməyənlərin sayı isə 2068 nəfərdir. Lakin həmin ixtisaslar (abituriyentlər şərti olaraq 150 ballıq ixtisaslar deyir) üzrə plan yerləri tam dolub və bu abituriyentlər müsabiqə şərtlərinə əsasən boş qalan plan yerlərinin seçimində iştirak edə bilməzlər.
II ixtisas qrupunda 200 və 100 ballıq şərtləri ödəyib qəbul ola bilməyənlərin sayı 37, 150 və 50 bal şərtini ödəyənlərin sayı isə 69 nəfərdir. Bu abituriyentlərin hamısının ikinci turda iştirak edib qəbul olunmaq şansları hələ də var.
III ixtisas qrupu ümumi balı 200-dən və imtahanının ikinci mərhələsi üzrə balı 100 az olmayan 557 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. Həmin şəxslər boş qalan yerlərin (169 yer) müsabiqəsinə qoşula bilərlər. 150 və 50 bal şərtini ödəyib qəbul ola bilməyənlərin sayı isə 1680 nəfərdir. Lakin həmin ixtisaslar üzrə də plan yerləri tam dolub və bu abituriyentlər müsabiqə şərtlərinə əsasən boş qalan plan yerlərin seçiminə buraxılmırlar.
IV ixtisas qrupu üzrə müvafiq göstəricilər 81 və 90 nəfərdir. Burada isə 81 nəfərlə yanaşı 90 nəfərin də müəyyən ixtisaslar üzrə boş qalan yerlərin müsabiqəsində iştirak etmək imkanları var.
Ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 4-də plan yerləri 100 %, 15 ali təhsil müəssisəsində 90%-dən, 17 ali təhsil müəssisəsində isə 80%-dən çox dolub. Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 75%-dən çox dolub.
Subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 36 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Qəbul olunan subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texniki Universitetinə (750 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetinə (530 nəfər) və Bakı Biznes Universitetinə (474 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Bakı Biznes Universitetinə qəbul olunanların 52.38%-nin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 49.47%, Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 40.33%-nin subbakalavrlar olduğunu görərik.
Əvvəlki illərə nisbətən bu il keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanı nə ilə fərqlənir?
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov SİA-ya açıqlamasında bildirib ki, artıq ali təhsil müəssisələrinə ixtisas seçimi başlanılıb: “Bu il xeyli gərgin vəziyyət müşahidə olunmaqdadır. Xüsusilə, birinci və dördüncü ixtisas qrupuna aiddir. Birinci ixtisas qrupunda keçid balları əvvəlki illərlə müqayisədə bu il keçid ballarında artım var. Bu il 500 baldan yuxarı toplayan abituriyentlərin sayı xeyli artıb. Bu da əlbəttə ki, onu deməyə əsas verir ki, bu statistika keçid ballarına təsir göstərəcək. Dördüncü ixtisas qrupunda tibbi ixtisasda plan yerləri azalıb. Düşünürəm ki, bu, qəbul prosesində ciddi təsir göstərəcək. Rəqabət daha da çox olacaq.
Üçüncü ixtisas qrupunda vəziyyət normaldır. Əvvəlki illərə nisbətən bu il balların aşağı düşməsi müşahidə olunur. Üçüncü ixtisas qrupunda abituriyentlər ixtisas seçimi zamanı problem olmayacaq. İkinci ixtisas qrupunda isə elə də dəyişilik yoxdur. Əvvəlki illərlə müqayisədə ballarda dəyişiklik yoxdur. Ümumilikdə əlbəttə ki, ixtisas seçimi çox mühüm mərhələdir. Bu baxımdan abituriyentlər, valideynlər və müəllimlər çox diqqətli olmalıdır”.
SİA bu il keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edən abituriyentlərin fikirlərini öyrənib:
Birinci ixtisas qrupunu seçən abituriyent Amin Süleymanovun sözlərinə görə, keçən ilə nisbətən bu il imtahan çətin idi: “İmtahanda az bal yığdım. Amma düşünürəm ki, topladığım bal istədiyim ixtisasın balına uyğundur”.
Üçüncü ixtisas qrupunu seçən abituriyent Ayla Eyvazlı bildirib ki, bu il üçüncü ixtisas qrupuna aid olan ixtisasların keçid balları bir qədər aşağıya düşüb: “İxtisas seçimi zaman topladığım bala uyğun ixtisasları seçdim. Ümid edirəm ki, istədiyim ixtisasa qəbul olacam”.
Birinci ixtisas qrupunu seçən abituriyent Orxan Vəliyev qeyd edib ki, bu il keçirilən qəbul imtahanı çətin idi: “İxtisas seçimini düzgün etdiyimi düşünürəm. İxtisas seçimi zamanı müəllimim və valideynlərim mənə çox kömək oldu”.
Bəs, abituriyentlər ixtisas seçimində nələrə diqqət etməlidir? Burada valideynin rolu nədən ibarətdir?
Psixoloq Aytən Ələkbərova bildirib ki, təəssüflər olsun ki, abituriyentlər ixtisas seçimində onlardan çox valideynlərinin müdaxiləsi valideyn-uşaq arasında münaqişənin yaranmasına gətirib çıxardır: “Övladlarımız öz istədiyi başqa ixtisası seçirlər. Amma valideyn başqalarının təkidilə övladlarını başqa ixtisasa yönəldirlər. Müasir dövrün gəncləri bu gün onlar ixtisas seçimi zamanı yanlış addımlar atmırlar. Bəzi abituriyentlər tərəddüddə qalırlar. Amma onlara biz ixtisas seçimi zamanı lazımi köməkliyi etdik. Daha çox valideynlə övlad bir-birini anlamalı və ortaq məxrəcə gəlib qərar verməlidirlər”.
Gənclər ali təhsil, yaşamaq və çalışmaq üçün digər ölkələrə üstünlük verirlər. Çox zaman təhsil aldıqdan sonra olduqları ölkədə qalıb çalışır, Azərbaycana qayıtmaq istəmirlər. Qısacası, bu “beyin axınının” sonu heç də yaxşı görünmür. Hər halda bunun səbəbi o gənclərlə bağlı deyil.
Bəs, gənclərin xaricə üstünlük verməsinin səbəbləri nələrdir?
Tənqidçi ekspert Aydın Xan Əbilovun sözlərinə görə, Azərbaycanda milli təhsildə çox böyük problemlər var: “Təəssüflər olsun ki, təhsilimizin keyfiyyəti müstəqillik dövründə dəfələrlə aşağı düşüb. Bir neçə ali təhsil ocağı var ki, onlar öz prestijini qaldırmaq üçün çoxlu islahatlar apardılar, yeniliklər etdilər. Amma orta məktəb təhsil sistemindəki olan problemlər, hətta bu universitetlərin keyfiyyətinə, təhsil texnologiyalarına çox mənfi təsir göstərir. Abituriyentlərin xarici universitetlərə üz tutmasını normal qarşılamaq lazımdır. Çünki kiçik bazara malik olduğumuza görə, təhsil sistemimizin bu vəziyyətini normal qarşılamalıyıq. Azərbaycan universitetlərinin səviyyəsi dünya universitetlərinin səviyyəsindən qat-qat aşağı olduğuna və Azərbaycanda ali məktəbə qəbul sistemində çox böyük manelər olduğuna görə, gənclər xarici universitetlərə üz tuturlar. Düşünürəm ki, Azərbaycanda qəbul prosesini sadələşdirmək lazımdır. Əgər müəyyən dəyişikliklər olmasa yenə də gənclərimiz Rusiyada, Gürcüstanda, Ukraynada və digər ölkələrdə universitet oxumaq adı ilə gedəcəklər. Bildiyimiz kimi, gənclər orada mənfi hallarla rastlaşırlar. Onların narkotikə qurşanması, xarici təsirlərə düşməsi kimi mənfi hallarla rastlaşırıq və bunun qarşısının alınması üçün Azərbaycandakı təhsil sisteminin keyfiyyətini qaldırmaq, təhsildə yüksək standartları əldə etmək, bu standartlara cavab verən normativ aktlar qəbul etmək və ən əsası isə qəbul imtahanını sadələşdirmək lazımdır”.
Elə sahələr var ki, onun üçün xaricdə təhsil almağa ehtiyac yoxdur, xaricdə təhsil alanların isə ölkəmizin sosial-iqtisadi həyatına yönləndirilməsi daha vacibdir.
Hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır. Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır. Xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları ballar burda ali məktəblərə qəbul olmağa imkan verməyənlərlədir ki, bunların sayı hədsiz dərəcədə çoxdur. Bu kateqoriyaya aid olan şəxslər daha çox Ukrayna, Rusiya, Dərbənd, Dağıstan, Gürcüstan kimi ölkələrin universitetlərində təhsil almağa üstünlük verirlər. Səbəb isə odur ki, bu universitetlərdə hətta prestijli ixtisaslarda təhsil alsalar belə, qeyri–qanuni yollarla təhsillərini başa vura biləcəklər. Bu ölkələrdə təhsil almağa gedənlərin əksəriyyəti hüquq, maliyyə-iqtisadiyyat kimi ixtisaslara daha çox üstünlük verirlər. Əsasən yeni nəsil daha yüksək məvacibli iş olan ölkələrdə yaşamaq və təhsil almaq istəyir.
Azərbaycandan isə “beyin köçü”ndə 2012-2013-cü illərdə artım müşahidə edilib. 2014 və 2015-ci illərdə səngiyən proses devalvasiyadan sonra yenidən sürətləndi. Analitiklər gedişatı həm də sosial-iqtisadi vəziyyətin çətinləşməsi ilə əlaqələndirirdilər. Avropa, Amerikaya, hətta Şərqi Avropa ölkələrinə – Polşa, Macarıstan, həmçinin Rusiya, Ukraynaya gedənlər var. Xüsusən yeni nəsil daha yüksək məvacibli iş olan ölkələrdə yaşamaq və təhsil almaq istəyir.
Təkcə ötən il “green card”la qalib gələrək ABŞ-a gedənlərin siyahısına nəzər yetirəndə daha çox 1985-1994 təvəllüdlü gənc vətəndaşlara rast gəlinir.
Bəs, digər ölkələrdə vəziyyət necədir?
Rusiyada yaşı 24-ə qədər olan gənclərin 40 faizi öz vətənində yaşamaq və işləmək istəmir. Bunu ölkədəki siyasi-iqtisadi şəraitlə izah edirlər.
2020-ci ildə əhali sayına görə dünyanın ən savadlı 10 ölkəsinin statistikası ilə tanış olaq:
Norveç – 43.21%
Finlandiya – 44.30%
Avstraliya – 45.36%
İrlandiya – 45.66%
Böyük Britaniya – 45.74%
Amerika Birləşmiş Ştatları – 46.36%
Cənubi Koreya – 47,74%
İsrail – 50.92%
Yaponiya – 51.44%
Kanada – 56.71%
Qeyd edək ki, 2020/2021-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 975 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 37,5 faizi Bakı, 62,5 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Macarıstan, Türkiyə, Rusiya, Çin, Latviya və Birləşmiş Krallığın ali təhsil müəssisələrində təhsil alır.
Arzu Qurbanlı,https://sia.az/az/news/education/976288.html

