Qadın kişinin quludur? – VCA və YYSİB sədri, ekspert Aydın Şan Əbilovdan kəskin tənqid
“21-ci əsrdə yaşayırıq. Kosmos, “TikTok”, “Facebook”, “İnstagram” əsridir. Belə bir əsrdə insanları cinsə bölməyin özü belə xaricdə sivil sayılmır. Gender problemi, qadın-kişi münasibətlərindəki bir sıra münaqişələr və fərqli ölkələrdə cinslərə olan münasibətlərlə bağlı sosioloji araşdırmalar aparılır, verilişlər olur, kitablar yazılır. Amma bütün bu həyat texnologiyasına aid materiallar sanki Azərbaycana gəlib çıxmayıb”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı kulturoloq, analitik-ekspert Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, biz hələ də qız uşaqlarının erkən ərə verilməsi, qadın-kişi münasibətlərində konfliktlər, qayınana-gəlin problemini müzakirə edirik: “Artıq cinsəl bölünmə ikinci plana keçib. Ayrı-seçkilik olduğu təqdirdə, gənclər inqilabi çevriliş edə bilərlər.
Qızlar və oğlanlar, qadınlar və kişilər arasında fiziksəl olaraq fərqlər var. Amma get-gedə bu fərqlər aradan qaldırılır. Bunun müsbət və ya mənfi olmasını mübahisə etməyə dəyməz. Bütün dünyada bu proses gedir.
Əgər qadınlar kişi kimi araq içib siqaret çəkirsə, buna hamı yox deməlidir. Əgər qadın özünü kişi kimi aparırsa, bu da yaxşı qarşılanmır. Bu, kişilərə də aiddir. Belə bir zamanda “Qadın kişinin ayağını yumalıdır”, “Gəlin evin süpürgəsidir”, “Sən qadınsan” kimi fikirlər arxaikdir.
Vaxtilə mənim anam 11 yaşında nişanlanıb və 12 yaşında ərə gedib. İndi bu mümkündürmü? Cəmiyyət bunu ictimai qınağa məruz qoyar”.
Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Bu baxımdan, biz insanlara cinsinə görə yox, intellektual səviyyəsinə, peşəkarlığına və düşüncəsinə dəyər verməliyik. Qadınlara münasibət fərqli olmalıdır. Qadınlar İslam dinindən bugünə kimi həmişə sevgiyə və hörmətə layiq görülüblər.
Bizdə ana, gəlin, bacı, xala, bibi, nənə, qayınana mifi var və biz bu adlara çox hörmətlə yanaşırıq. Qadın və kişi istər işdə, istər evdə, istərsə də çöldə özünü aparmağından tutmuş, sözlərinə qədər öz sivilliyini nümayiş etdirməlidir. Əgər qadınla kişi ev işlərini bölürsə, bunun nəyi pisdir? Bu ailədə olan məhəbbətin göstəricisidir. Biz qadınlara kişinin ayağını yuyan biri kimi yox, bərabərhüquqlu, eyni səviyyəli şəxsiyyət kimi yanaşsaq, bu problemlər aradan qalxacaq. Bu zaman nə qızlarımız xarici oğlanlara gedər, nə də oğlanlarımız xarici qız alar”.
Ayşən Vəli

