Ceyms Coysun “Uliss” romanı nədən bəhs edir? – Vladimir Nabokovun essesi
Qismətin tərcüməsində böyük irland yazıçısı Ceyms Coysun dünya ədəbiyyatının şedevrlərindən olan “Uliss” romanının qəhrəmanı Leopold Blumun adıyla hər il 16 iyunda Dublində qeyd edilən və bütün dünyadakı ədəbiyyatsevərlərin böyük maraq göstərdiyi “Bloomsday – Blum günü” münasibətilə Vladimir Nabokovun “Ədəbiyyat dərsləri” kitabından həmin roman haqqındakı mühazirəsini ixtisarla təqdim edirik.
Ceyms Coys 1882-ci ildə İrlandiyada doğulub, XX əsrin ilk on ili içində vətənindən ayrılıb və həyatının böyük hissəsini Avropada mühacir kimi yaşayıb, 1941-ci ildə İsveçredə ölüb. “Uliss” 1914-1921-ci illər arasında, Triyestina, Zürih və Parisdə yaradıl;b. Kitab 1918-ci ildə hissə-hissə “Little Review”da çap olunub. “Uliss” 264 mindən çox sözdən ibarət, qalın, təxminən, 30 min kəlməlik söz dağarcığı ilə zəngin bir kitabdır. Əsərdəki Dublinin dekoru qismən bir mühacirin memuarındakı, amma daha çox “Thom’s Dublin Directory”dakı faktlarla qurulub. Ədəbiyyat professorları bu bələdçi-kitabdan topladıqları informasiya ilə tələbələrini heyrənlədirmək üçün gizli-gizli ondan istifadə edirlər. Coys kitab boyunca, başqa şeylərlə yanaşı (sürpriz at Toraveyin qalib gəldiyi) Askot qızıl Kubokunu, dəhşətli bir amerikan fəlakətini (yanan General Slocum adlı səyahət gəmisini) və Almaniyada keçirilən avtomobil yarışı Gordon Bennett Kuboku haqqında yazan yarım pennilik Dublin qəzeti “Evening Telegraph”ın 1904-cü il 16 iyun tarixli nüsxəsindən də yararlanıb.
“Uliss” bir günün, 1904-cü ilin cümə axşamına düşən 16 iyunun, həmin gün və ertəsi günün erkən saatlarında gəzən, maşınla gedən, oturan, danışan, xəyal quran, içki içən və silsilə şəkildə böyüklü-kiçikli fizioloji, fəlsəfi aktlardan keçən bir neçə xarakterin bir-birinə qarışan və bir-birindən ayrılan həyatlarındakı bir günün təsviridir. Coys niyə məhz bu günü – 1904-cü ilin 16 iyununu seçib? Xoşməramlı olsa da, çox zəif olan “Möhtəşəm səyyah: Coysun Ulisi” adlı kitabda (1947) Cənab Riçard Kain məni xəbərdar etdi ki, Coys gələcəkdə evlənəcəyi Nora Barnaklla həmin tarixdə qarşılaşıbmış. Bu qədər bioqrafiya bəsdir.
“Uliss” üç əsas personajın ətrafında qurulmuş silsilə səhnələrdən ibarətdir. Bu personajlardan ən çox görünəni reklam sahəsində işləyən, daha dəqiq desək, reklam agenti Leopold Blumdur. Əvvəllər mürəkkəbqurudan kağız sataraq dəftərxana ləvazimatı işində olan Vizdom Helinin yanında işləyib, amma indi öz əli öz başıdır, reklam yığmağa çalışır, alındıra bilmir. Bir azdan izah edəcəyim səbəblərdən Coys ona macar-musəvi bir soy-kök bəxş edib. Digər iki personaj isə bunlardır: Coysun əvvəllər “Sənətçinin gənc adam kimi portreti”ndə (1916) təsvir etdiyi Stiven Dedal və Marion Blum, yəni Leopoldun arvadı Molly Blumdur. Bu üç hissəli tabloda Leopold Blum mərkəzi personajdırsa, Stiven ilə Molli də yan fiqurlardır: Kitab Stivenlə başlayıb Marion ilə bitir. Stiven Dedalın soyadı antik Kritin məşhur şəhəri Knossedəki labirintin əfsanəvi yaradıcısının adıdır – başqa şeylər icad etməklə yanaşı, özünə və oğlu İkara qanad düzəltmiş Dedal. Stiven Dedal məktəb illərində yezuitlərin sərt intizamına məruz qalıb və indi bu təhsilə şiddətlə qarşı çıxır, amma mahiyyətcə metafizik xarakterli, iyirmi iki yaşlı Dublinli gənc müəllim, araşdırmaçı və şairdir. Bir az dalğındır, sərxoş olanda belə ehkamçıdır, eqo-sentrik (mən-mərkəzçi) düşüncə adamı, qısa aforizm ustası, fiziki olaraq çəlimsiz və müqəddəslər qədər gigiyenadan uzaqdır (axırıncı dəfə oktyabrda çimib, indi isə iyundur). O, iynəli atmacalrı olan dəymədüşər bir cavandır – oxucu əsla onu tam şəkildə təsəvvür edə bilməz. O, sənətkar fantaziyasının yaratdığı isti varlıqdan çox, yazıçı zehninin əks olunmasıdır. Tənqidçilər Stiveni Coysun cavanlığı ilə eyniləşdirməyə meyillidirlər, amma bunun məsələyə dəxli yoxdur. Harri Levinin də dediyi kimi: “Coys imanını itirdi, amma kateqoriyaları qorudu”, bu Stivenə də aiddir.
Blumun arvadı Marion (Molli) ata tərəfdən irland, ana tərəfdən ispan yəhudisidir. Konsert müğənnisidir. Stiven intellektual, Leopold Blum yarım-intellektual, Molli isə savadsız və vulqardır. Amma hər üçünün də özünəməxsus bədii tərəfləri var. Stivenin vəziyyətində bu bədiilik həqiqi olmayacaq qədər yaxşıdır – heç kim onun qədər gündəlik nitqdə mükəmməl bədii kontrola sahib bir adamla “real həyatda” rastlaşa bilməz. Yarım-intellektual Blum Stivenə baxanda daha az sənətçidir, amma tənqidçilərin fərqinə vardığından daha çox sənətçidir: bir azdan izah edəcəyəm, Blumun şüur axını bəzən Stiveninkinə çox yaxındır. Son olaraq Molli Blum – basmaqəlib, fikirləri klişe, özü bayağı olsa da, kitabın sonundakı bənzərsiz monoloqun axırıncı parçasında görəcəyimiz kimi o, həyatın adiliyindəki zənginliyə hissi reaksiya verə bilir.
Əsərin mövzusunu və üslubunu müzakirə etməyə keçməmişdən qabaq əsas personaj Leopold Blum haqqında bir-iki şey deməliyəm. Marsel Prust Svanı özünməxsus xüsusiyyətləri olan bir fərd kimi yaratmışdı. Svan nə ədəbi, nə də milli tipdir, hərçənd o, yəhudi birja dəllalının oğludur. Blumu yaradarkən Coysun niyyəti o idi ki, vətəni Dublindəki irlandların arasına özü kimi irland olan, amma həm də özü kimi ala qarğa olan mühacir bir tip yerləşdirsin. Ona görə də Coys bu məntiqli planı gerçəkləşdirmək üçün bilərəkdən gəlmə, Köçkün Yəhudi, sürgün olunmuş bir adam seçdi. Eyni zamanda, bir azdan izah edəcəyim kimi, Coysun milli tiplər deyilən şeyi yığmağı və təqdim etməyi bəzən qəsdən kobuddur. Blumla bağlı bir məqam da var: “Uliss” haqqında bu qədər çox şey yazmış adamlar ya çox namusludur, ya da çox əxlaqsız. Bu adamlar Blumu çox adi xarakter kimi təsvir etməyə meyllidirlər və deyəsən Coysun da niyyəti bu idi. Lakin Blum cinsi mənada dəliliyin sərhədində olmasa da, mümkün olan bütün qəribə fəsadlarla yanaşı, aşırı seksual asılılığa və sapqınlığa çox yaxşı kliniki nümunədir. Sözsüz ki, o, Prustun homoseksual xanımlarından və cənablarından fərqli olaraq heteroseksualdır (homo, bəzi tələbələrin zənn etdiyi kimi latınca “kişi” yox, “eyni” – deməkdir). Amma o, qarşı cinsə olan sevgisinin geniş sərhədləri içində özünü zooloji və təkamülçü mənada tamamilə anormal arzulara və xəyallara buraxır. Qəribə arzularının siyahısı ilə sizi yormaq istəmirəm, bircə bunu deməliyəm: Blumun zehnində və Coysun kitabında seks teması sürəkli şəkildə tualet teması ilə çulğalaşır. Tanrı da bilir ki, romanda səmimiliyin, açıq sözlülüyün əleyhinə deyiləm. Əksinə, məncə, açıq sözlülüyümüz azdır, əlimizdə olan nümunələrsə kitab klublarının sevdiyi, həmin klublara üzv olan qadınların ev heyvanıtək əzizlədiyi psevdo-sərt yazıçıların istifadə etdiyi kimi banal və bayağıdır. Amma buna etiraz etməliyəm: Blumu deyəsən adi vətəndaş elan ediblər. Adi vətəndaşın fikrindən ancaq fizioloji şeylərin keçməsi doğru deyil. Mən burda iyrəncliyə yox, sürəkliliyə etiraz edirəm. Dediyim kontekstdən baxanda, bu patologiyaların hamısı süni və lazımsız görünür. Aranızdan mədəsi həssas olanlara məsləhət görürəm ki, Coysun bu çox özəl məşğulliyyətini tərəfgirlik etmədən dəyərləndirsin.
“Uliss” görkəmli və uzunömürlü kitabdır, amma sənət əsərinin özündən çox, fikirlər, ümumiləşdirmələr və insan həyatının təsirli yönləriylə daha çox maraqlanan tənqidçilər tərəfindən həddindən artıq şişirdilib. Əvvəlcədən sizə xəbərdarlıq etməliyəm: reklam agenti Blumun – Odisseyin, yəni Ulissin, Homerin çoxcəhətli qəhrəmanına oxşaması, zina edən arvadının ismətli Penelopanı təmsil etməsi, bundan başqa Stiven Dedala Telemax rolu verilməsi, Leopold Blumun Dublində bir yaz günü baş tutan monoton gəzinti və macəralarına “Odisseya”nın parodiyası kimi baxmayın. Blumun ortalıqda gəzməyində çox dumanlı, çox ümumi homervari effektin olduğu, romanın adından da göründüyü kimi, aydın məsələdir. Kitab boyu da qarşımıza çıxan allüziyalar, yadasalmalar arasında xeyli klassik əsərə eyham var, amma əsərin hər xarakterində, hər səhnəsində konkret əlaqələr axtarmaq vaxt itkisidir. Köhnəlmiş bir mifə söykənərək uzadılmış və davam etdirilmiş alleqoriyadan darıxdırıcı heç nə ola bilməz. Coys əsərinin parçalar şəklində çap olunmasından sonra gördü ki, elmi və psevdo-elmi boşboğazlar nəyə girişiblər, buna görə də əsərindəki saxta homerçi başlıqları sildi. Sonra canım sizə desin, darıxdırıcı tiplərdən biri, Coysun zarafatla yazdığı bir siyahıya inanmış Stuart Gilbert adlı bir nəfər əsərin hər bölümünə konkret bir orqanın – göz, qulaq, mədə, və s. – uyğun gəldiyini tapdı, amma biz bu darıxdıcı cəfəngiyyata da fikir verməyəcəyik. Belə baxanda, sənət bütövlükdə simvolikdir, amma bir sənətçinin örtülü simvolunu bilərək bir çoxbilmişin boyat alleqoriyasına – 1001 gecəni bir Şriners konqresinə – çevirən tənqidçilərə “oğru, əllər yuxarı!” deyəcəyik.
Yaxşı, bəs kitabın ana mövzusu nədir? Çox sadədir.
Ümidsiz keçmiş. Blumun oğlu uzun müddət öncə, uşaqlıq çağında vəfat edib, amma uşağının obrazı onun qanında və yaddaşında yaşayır.
Gülməli və tragik indiki zaman. Blum həyat yoldaşı Mollini hələ sevir, amma icazə verir ki, Tale öz bildiyini etsin. O bilir ki, həmin iyun günü, günortadan sonra 16:30-da Boylan – Mollinin diribaş meneceri və konsert təmsilçisi onun arvadını ziyarət edəcək və bunun qarşısını almaq üçün heç nə etmir. Taleyin yoluna çıxmaqdan ehtiyatla uzaq durur, amma əslində, günboyu Boylanla rastlaşmağına çox az qalır.
Hüznlü gələcək. Blum da gənc bir adamla rastlaşır – Stiven Dedal ilə. Blum get-gedə fərqinə varır ki, bu rastlaşma Taleyin ona xırda bir iltifatıdır. Blum hüznlü şəkildə fikirləşir ki, əgər həyat yoldaşının sevgilisi olmalıdırsa, onda bayağı Boylandansa, həssas və sənətçi Stiven daha yaxşı sevgili olar; əslində, Stiven Molliyə dərs deyə bilər, müğənni kariyerasında, italyanca tələffüzündə ona kömək edə bilər, kəsəsi, arvadını mədəniləşdirə bilər.
Əsas mövzu budur: Blum və Tale.
Hər bölüm fərqli üslubda yazılıb, yaxud hər bölümdə fərqli bir üslub dominantdır. Bunun konkret bir səbəbi – niyə bir hissənin birbaşa, digər hissənin şüur axını ilə, bir başqa hissənin isə parodik prizmadan yazıldığının – yoxdur. Konkret bir səbəb yoxdur, amma deyə bilərik ki, baxış bucağının tez-tez belə sürüşməsi, daha çeşidlənmiş, çoxtərəfli informasiya, bu və ya digər tərəfin təzə, canlı mövqeyini ifadə etmək üçündür. Dizlərinizin arasından arxaya baxmaq üçün əyilmisinizsə, dünyanı tamamilə fərqli şəkildə görərsiniz. Qumsallıqda yoxlayın: başınız aşağı yeriyən insanlara baxmaq çox gülməlidir. Onlar hər addımda ləyaqətlərini itirmədən ayaqlarını qravitasiya yapışqanından qoparırmış kimi görünürlər. Nə isə, bu dediyim mənzərəni, prizmanı və baxış bucağını dəyişdirmə fəndi, Coysun yeni ədəbi texnikasına, onun sayəsində daha yaşıl bir çəmən, daha təzə bir dünya görəcəyiniz bu yeni hiyləyə oxşadıla bilər.
Xarakterlər Dublində bir gün boyunca müxtəlif yerlərə gedərkən tez-tez rastlaşdırılır. Coys xarakterlərin üzərindəki nəzarətini əsla itirmir. Həqiqətən də kitabın xarakterləri taleyin yavaş bir rəqsi kimi var-gəl edir, ayrılır və yenidən qarşılaşırlar. Kitabın ən nəzərəçarpan xüsusiyyətlərindən biri də bəzi temaların təkrarlanmasıdır. Bu temalar Tolstoy və Kafka haqqında araşdırdıqlarımıza baxanda, sərhədləri daha çox müəyyənləşdirilmiş, daha şüurlu şəkildə işlənmiş temalardır. Get-gedə daha çox fərqinə varacağıq ki, bütövlükdə “Uliss” təkrarlanan temaların şüurlu təsviri və adi hadisələrin sinxrononizasiyasıdır.
Coys əsasən üç üslubda yazır:
Həqiqi Coys: birbaşa, anlaşılan, məntiqli və sakit. Bu, birinci hissənin 1-ci bölümü ilə ikinci hissənin 1-ci və 3-cü bölümlərinin onurğasıdır; anlaşılan, məntiqli və sakit parçalar digər hissələr də var.
Şüur axını deyilən şeyi, ya da daha dəqiq desək, şüurun bir daşından o birinə hoppanan yarımçıq, sürətli cümlə quruluşu. Əsasən ana bölümlərlə əlaqələndirilsə də, demək olar ki, bütün hissələrdə var. Bu fəndlə bağlı ən məşhur nümunəni 3-cü hissənin 3-cü bölümündəki Mollinin son monoloqu üstündə danışacağıq. Hələliksə onu deyim ki, bu fənd düşüncənin şifahi tərəfini həddən artıq şişirdir. İnsan təkcə sözlərlə yox, obrazlarla da düşünür, amma şüur axını daim kağıza köçürüləsi bir söz axınını mümkün hesab edir: Blumun daim özüylə söhbət etdiyinə inanmaq çətindir.
Müxtəlif formaların parodiyası: qəzet başlıqları (2-ci hissə, 4-cü bölüm), musiqi (2-ci hissə, 8-ci bölüm), mistik və kobud komediyalar (2-ci hissə, 12-ci bölüm), dini dərs vəsaiti tipində imtahan sualları və cavabları (3-cü hissə, 2-ci bölüm). Bundan başqa, ədəbi üslubların və yazıçıların parodiyaları: 2-ci hissə, 9-cu bölümün vodevil təhkiyəçisi; 2-ci hissə, 10-cü bölümdəki qadın jurnalı tipində təhkiyə; 2-ci hissə, 11-ci bölümdəki bir silsilə yazıçılar və ədəbi dönəmlər və 3-cü hissə, 1-ci bölümdəki bəzəkli jurnalist dili.
Coys hər an bir üslubdan digərinə keçir, ya da təklif olunmuş kateqoriyanın içinə səs təkrarları, alliterasiyalarla musiqili lirik bir qat hörür, adətən bunu həsrət, hicran hissini ötürmək üçün edir. Stixiyalı parçalar daha çox Stivenlə əlaqəlidir, amma məsələn, Blumun Marta Klifforddan gələn məktubun zərfindən canını qurtarması da poetik üslubda təqdim olunur: “Dəmir yolu körpüsünün altından keçərkən zərfi çıxarıb səbrsizliklə xırda parçalara ayıraraq küçəyə səpələdi. Kağız parçaları uçuşaraq nəmli havanın içində asılı durdular: bəyaz bir titrəyiş, sonra hamısı yerə yapışdılar.” Ya da bir neçə cümlə sonra ətrafa saçılmış böyük pivə seli fantaziyasının sonu: “palçıq dəryasının içindən qıvrıla-qıvrıla axıb bütün ovanı basdı, içkinin girdabına düşmüş yarpaq-yarpaq köpükləri çevirə-çevirə ağır-ağır tərpəndi.”
Bundan başqa Coys hər cür söz oyununa, söz hiyləsinə, sözlərin yerini dəyişdirməyə, qəribə feil formalarına və ya səslərin təqlidinə müraciət edir. Əksər lokal allüziyalarda, xarici dildən ifadələrlə olduğu kimi, bunlarda da yetərincə açıqlıq ortaya qoyulmayıb, ancaq məlumatlı adamların tuta biləcəyi detallar anlaşılmazlıq yaradıb.
1-ci hissə, 1-ci bölüm
Zaman: 1904-cü il, 16 iyun, çərşənbə axşamı, səhər saat 8 ərəfəsi.
Yer: Dublin limanı, Sendikov, Martello qalası – şahmatdakı top fiquruna oxşayan, reallıqda mövcud olan tikili – XIX əsrin ilk on ilində fransız işğalına qarşı tikilən qalalardan biridir. Buk Mulliqan deyir ki, dövlət adamı Vilyam Pitt cavanlığında “fransızlar dənizdə üzməyə başlayanda” bu qalaları tikdirib. (Nəğmənin bir hisəssi belədir: “fransızlar üzməyə başladı (davamı irlandcadır) dedi yaşlı qadın”, yaşlı qadın – yəni İrlandiya) Amma Mulliqan deyir ki, Martello qalası qalalar içində omphalos-dur, yəni göbək, bədənin mərkəzi, kitabın da başlanğıc nöqtəsi və mərkəzi, həm də qədim Yunanıstanda Delfi kahininin taxtı. Stiven Dedal, Buk Mulliqan və ingilis Haines ophalos-da yaşayırlar.
Xarakterlər: Gənc dublinli Stiven Dedal, 22 yaşında, tələbə, filosof və şair. Yaxın zamanda, 1904-cü ilin əvvəlində, təxminən bir il qaldığı Parisdən Dublinə qayıdıb. İndi üç aydır məktəbdə (Dincinin məktəbində) müəllimlik edir və ayın ortasından sonrakı gün 3,12 sterlin, yəni bugünkü məzənnə ilə 20 dollardan bir az aşağı maaş alır. Atası teleqramla onu Parisə çağırıb “Anan ölür, tez gəl. Atan” və bununla öyrənib ki, anası xərçəngdən ölmək üzrədir. Ölüm döşəyindəki anası xahiş edib ki, diz çöküb oxunan duaya qatılsın, amma Dedal bunu rədd edib; bu hərəkət Stivenin kitab boyu gördüyümüz qara kədərinin ipucudur. Dedal təzə tapdığı ruhani azadlığını anasının son xahişindən üstün tutub. Stiven qucağında böyüdüldüyü Roma Katolik Kilsəsini tərk edib və xristianlığın tanrısına olan inancın boşaldığı otaqları doldura biləcək bir şeyin çarəsiz axtarışında sənətə və fəlsəfəyə sığınıb.
Birinci hissədə ortaya çıxan digər iki personajdan biri Buk Mulliqan (“Malaçi Mulliqan, əski bir yunan vəznində… hellenistik bir tonu var”) tibb tələbəsidir, digəri personaj ingilis Haines isə Dublinə ziyarətə gəlmiş Oksfordlu tələbədir. Qalanı kirayəyə götürmək ildə on iki sterlinə (o günlərdə 60 dollara) başa gəlir və öyrəndiyimizə görə, indiyə qədər pulu Stiven ödəyib, Buk Mulliqan isə parazitdir, müftəxordur, havayı yeyəndir. Mulliqan müəyyən mənada Stivenin parodiyası, qrotesk kölgəsidir, çünki əgər Stiven kimisə itirməyi və inancını dəyişdirməyi faciə kimi görən, ruhu əziyyət çəkən ciddi gənc adam tipidirsə, Mulliqan xoşbəxt, gümrah, kafir bir görməmiş, mükəmməli yaddaşı olan, çəhrayı ləkələrə aşiq olan saxta bir yunan paqanıdır. Bölümün girişində Mulliqan güzgüsü və xaç kimi ülgücü ilə təraş tası da əlində pilləkənin başından gəlir, bir yandan da katolik kilsəsində İsanın bədəniylə qanını fəda etməyini çörək və şərabla anmaq törəni olan Missanı təqlid edərək nəğmə oxuyur:
“Təraş tasını yuxarı qaldırıb oxudu:
İntroibo ad altare Dei
Dayandı, pilləkənin alatoranlıq olan aralığından aşağı baxaraq ayı kimi böyürdü:
Çıx da Kinch. Gəl də qansız yaramaz.”
Mulliqanın Stivenə qoşduğu ayama Kinch “bıçaq ağzı” (knife blade) sözünün el arasındakı formasıdır. Mulliqanla bağlı hər şey ona zülm verir, yorucu gəlir və Stiven bu bölümün axırında ondan soruşacaq ki, mənimlə nə problemin var. “Stiven öz səsindən bezmişcəsinə dedi:
Anamın ölümündən sonra sizin evə gəldiyim günü xatırlayırsan?
Buk Malliqan tez qaşlarını çatdı, cavab verdi:
Nə? Harda? Yadıma gəlmir. Ancaq fikirlər, hislərdi yadıma düşənlər. Nolub ki? Sən Allah, de görüm, nolub?
Sən çay dəmləyirdin, dedi Stiven, əlavə isti su gətirmək üçün çölə çıxmışdın. Ananla bir qonağınız salondan çıxdılar. Anan səndən soruşdu ki, otaqdakı kimdir.
Elə? – dedi Mulliqan. Mən nə dedim bəs? Yadımdan çıxıb.
Sən dedin ki, əşşi heç, Dedaldı, anası vəhşicəsinə ölən oğlan.
Buk Mulliqanın yanaqlarına onu daha cavan və doğma göstərən bir qırmızılıq yayıldı.
Elə dedim? Əşşi nolsun ki.
Sıxıntıdan canını qurtarmaq üçün əsəbiliklə yerində qurcuxdu.
Belə də ki, ölüm nədir ki, ananınkı, səninki, ya da mənimki? Sən ancaq öz ananın ölümünü görmüsən. Mən Materdə və Riçmondda hər gün bir xeyli adamın çezdiyini görürəm, meyityarma otağında cəsədləri kəsirəm. Bəli, bu vəhşilikdir. Amma önəmli deyil. Sən özün anan sənə yalvarsa da, diz çöküb dua etməmisən. Niyə? Çünki içində o lənətə gəlmiş yezuid damarı var, tərsə-məzhəb işləyir. Məndən soruşsan, bütün bunlar absurd və vəhşilikdir. Arvadın beyni işləmir, həkimi ser Piter Tezli çağırır və yorğanın üstündən toy çiçəkləri toplamağa çalışır. Adam işi bitənə qədər ağız tamburu çalır. Sənin onun ölməmişdən əvvəlki son istəyini yerinə yetirməsən də. Lalutdan çağrılmış cənazə bəkçisi kimi zırıldamadıq deyə qaş-qabağını tökmüsən. Finti-fürüş! demişəm yəqin. Ananın xatirəsinə hörmətsizlik etmək istəməmişəm.
Dedikləri Mulliqanı ürəkləndirmişdi. Stiven eşitdiklərinin qəlbində açdığı yaranı büruzə verməməyə çalışaraq, axırıncı dərəcə hissiz şəkildə dedi ki:
Problem anama hörmətsizlik etməyin deyil ki.
Bəs nədir problem?
Məsələ odur ki, mənim qəlbinə dəydin.
Buk Malliqan yerində fır-fır fırlandı.
Ayyy, dözülməzsən vallah.”
Bak Malliqan təkcə Stivenin ophalos-unu iflic etmir, üstəlik yaxın dostu, ədəbiyyat həvəskarı ingilis Haines də qalada qalmağa yer verir. Haines elə də tərs adam deyil, amma Stiven üçün o, həm nifrət olunası qəsbkar İngiltərənin təmsilçisi, həm də Stivenin ayaqqabılarını geyindiyi, şalvarı əyninə kip oturan və yaxın zamanda qalanı ilhaq edəcək qarətçi Bukun dostudur.
Akt: Bu hissədəki aktlar, hərəkətlər Buk Malliqanin təraş olması ilə və ülgücünü silmək üçün Stivenin çirkli, qırış-qırış dəsmalını götürməsiylə başlayır. Malliqan təraş olarkən Stiven Hainesin qalada qalmağını istəyir. Çünki Haines gecə yuxuda sayıqlayıb ki, qara bir panteranı vuracaq və Stiven ondan qorxub. “O burda qalsa, mən çıxıb gedəcəm.” Dənizə, İrlandiyaya, təzədən Stivenin anasına, məktəbdən alacağı 3,12 sterlinq maaşa işarələr var. Sonra Haines, Malliqan və Stiven çox iştah açan bir səhnədə səhər yeməyi yeyirlər. Qoca südsatan qadın süd gətirir və aralarında möhtəşəm bir dialoq yaranır. Üçü birgə çimərliyə getmək üçün yola düşürlər. Malliqan o saat üzməyə gedir. Haines yeməyi həzm edəndən sonra suya girəcək, amma Blumun dəhşət çox sevdiyi çimməyə nifrət edən Stiven qəti suya girmir. Bir azdan Stiven onlardan ayrılır və çox da uzaq olmayan dərs dediyi məktəbə gedir.
Üslub: 1-ci hissənin 1-ci və 2-ci bölümləri normal üslubda yazılıb, yəni başa düşülən, anlaşıqlı və məntiqli Coysun normal təhkiyəsində. Düzdür, bir-iki yerdə təhkiyənin axıcılığı müəllifin sözünü kəsən və bulanıqlıq yaradan iç monoloqla arabir kəsilir. Şüur axını birinci dəfə ilk səhifədə Malliqan təraş olarkən gəlir. “Buk Malliqan yana əyilib yuxarı baxdı və uzun, pəsdən bir fit çaldı, sonra müntəzəm bəyaz dişlərindəki qızılı nöqtələr parıldamağında olsun, bir müddət keyliklə duruxdu.Xrisostomos. Səssizliyin içindən şiddətli iki fit səsi cavab verdi.”
Xrisostomos, yəni “yəni qızıl ağızlı” əlbəttə ki, IV əsrdə Konstantinopolun patriarxı olan İohandır. Amma qəfildən niyə bu ad ortaya çıxır? Çox sadədir: Təsviri bölən, Stivenin şüurundakı axındır. Stiven Hainesi oyandırmaq üçün Bukun fit çaldığını – sonra keyliklə duruxduğunu – görür və eşidir, onun gün işığında parıldayan qızılı nöqtəli dişlərini görür – qızıl, qızıl ağız, gözəl natiq, kahin Malliqan – və patriarxın obrazı sürətlə Stivenin beynindən keçir, sonra Hainesin cavab fiti çalması ilə təhkiyə qaldığı yerdən davam edir.
Sim-sim.az