1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür: dilimizi sevirikmi? – Aydın Xan Əbilov
Aydın Xan Əbilov, VCA və YYSİB sədri, kitabxana.net portalının rəhbəri, yazıçı-kulturoloq:
“Bu problem tarixən də Azərbaycanın başağrısına çevrilib. Məsələ aralıq – Şərq-Qərb sərhədində yerləşən bir məmləkət olduğumuzdan qaynaqlanır, üstəlik də tarixən, çox zaman imperiyaların işğalı altında yaşamağımızdan rəsmi ünsiyyət vasitəsinin ərəb, fars, rus dilində olması ictimai-mədəni düşüncəmizdə genetik formada şifrələnib.
Psixoloji-kulturoloji məsələ olaraq bu ağrılı problem hələ də öz həllini tapa bilmir: bilrsiz ki, 20 ildən çoxdur ikinci dəfə dövlət müstəqilliyimizi qaytarmışıq, amma yenə də ölülərimizlə ərəbcə, dirilərimizlə rusca, indilərdə isə virtuallarla ingiliscə danışmağa həvəs göstəririk.1 avqust Azərbaycan dili və əlifbas günü olsa da, ürəkağrısı ilə bildirirəm ki, problem daha da kəskinləşib. Əvvəllər cəmiyyətimiz üçdilli idisə, – Azərbaycan, rus, qismən ərəb və farsca, – indi bu ümumünsiyyət çalarının rəngləri də artmaqdadır. Azərbaycan türkcəsi, rus, türk, ingilis və üstəlik də ölkədə yaşayan böyük etnik-milli qrupların dilləri. Məncə, problemi ictimai diskussiyaya çıxarıb ortaq məxrəcə gəlmək lazımdır.İstənilən halda rəsmi dövlət dili olan Azərbaycan türkcəsinə, eləcə də burada yaşayan digər xalqların dillərinə xüsusi olaraq sayğı və qayğı göstərilməli, bu məmləkətdə yaşayanların hamısı o ümummili ünsiyyət vasitəsindən istifadə etməlidir…”

