Qarabağ xanlığının bayrağı tapıldı! Erməni iddialarını çökdürən faktlar

Erməni yalanlarına qarşı tutarlı araşdırma – Tiflis arxivləri Qarabağ xanlığı tarixinə işıq tutur

Müharibədən sonrakı siyasi-diplomatik cəbhədə “yumşaq güc” amili önə çıxır

Vətən müharibəsinin nəticələri ermənilərin Qarabağa sahiblənmək arzusunun üzərindən xətt çəksə də, tarixi Azərbaycan torpaqlarına erməni iddiası hələ də davam edir. Uzun illər tarixi faktları saxtalaşdırmaq yolu ilə Azərbaycan torpaqlarına iddia edən ermənilər hələ də dünyada təbliğatlarını davam etdirirlər. Bu səbəbdən də Qarabağda hərbi əməliyyatlar bitsə də, erməni məkrinə qarşı informasiya və diplomatik mübarizə yəqin ki, uzun illər davam edəcək.

Müharibə sonrası ən çox təqdir toplayan hərəkətlərdən biri də dövlətin qələbə eyforiyasına qapılmaması, əksinə, düşmənə qarşı bütün cəbhələrdə hücumu davam etdirmə siyasəti oldu. Çünki tarix boyu məhz qələbə eyforiyası, arxayınlıq acı nəticələr doğurub. Bu mənada ermənilərə qarşı siyasi-diplomatik cəbhədə aparılan fəaliyyətlər, erməni iddialarını puç edən çalışmalar diqqəti dərhal cəlb edir.

Qarabağa erməni iddialarını puça çıxaran, bu torpaqların Azərbaycan xalqına məxsus olduğunu tarixi faktlarla isbat edən az saylı sanballı işlərdən biri də bu yaxınlarda ortaya qoyuldu. Söhbət Gürcüstan Milli Muzeyinin fondlarında saxlanan Qarabağ tarixinə həsr olunmuş materialların toplanıb kitab halında nəşr olunmasından gedir.

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən tədqiqat işi Azərbaycan tarixi üçün həssas olan bir dövrü – 18-19-cu əsrləri, yəni Qarabağda Rusiya işğalından əvvəlki son Azərbaycan dövləti olan Qarabağ xanlığının mövcud olduğu dövrü əhatə edir. Kitabda məhz elə çar Rusiyasının təşəbbüsü ilə 19-20-ci əsrin əvvəllərində Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyalar zamanı bu bölgədən yığılan və Tiflis arxivlərində (bugünkü Gürcüstan Milli Muzeyi fondlarında) saxlanılan çoxsaylı eksponatlar ilk dəfə işıq üzü görüb.

Tədqiqatın əsasında Gürcüstan Milli Muzeyinin Baş kuratoru Eldar Nadiradzenin rəhbərlik etdiyi mütəxəssislərin bir neçə ay davam edən araşdırmaları nəticəsində “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” adlı kitab nəşr olunub.

aamm.jpg (55 KB)

Gürcü alimlərinin araşdırıb alboma daxil etdikləri diqqətlə kataloqlaşdırılan nadir fondlar Qarabağ xanlığı dövründə Azərbaycan xalqının mədəni irsinin müxtəlifliyini və dərinliyini xanlıq ərazisində yaşayan xalqın məişət, mədəniyyət və sair nümunələrini özündə əks etdirir.
Kitab bir neçə məqama görə xüsusi əhəmiyyət daşıyır. Birincisi, Azərbaycanın xanlıqlar dövrünə aid çox mühüm əhəmiyyət kəsb edən tarixi faktlar Gürcüstan arxivlərində toplanaraq ilk dəfə sənədləşdirilib və geniş oxucu kütləsinin əli çatacaq formaya – kataloqa çevrilib. Rusiya İmperiyasının Qafqaz canişinliyinin göstərişi ilə toplanan və elə bu səbəbdən obyektiv mənbə sayıla bilən bu materiallar Qarabağ həqiqətlərini sübut etmək, erməni yalanlarının ifşası Qarabağın həqiqi sahiblərinin kimliyini göstərmək baxımından əvəzolunmaz akademik vasitədir.
Layihənin baş koordinatoru, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının sədri Elçin Əsgərov qeyd edir ki, uzun illər “…gizli qalan Qarabağ xanlığının bayrağı məhz Gürcüstan arxivlərində tapıldı və bu Qarabağda Azərbaycan dövlətçiliyinə dair erməni iddialarına qarşı çox ciddi arqumentdir”.

Və nəhayət, bu kitabın hazırlanması Azərbaycanın tarixi irsinə sahib çıxması baxımdan mühüm addımdır. Bilindiyi kimi, işğallar və müstəmləkə dövründə Azərbaycan tarixinə aid bir çox dəyərli eksponat və mənbələr müxtəlif ölkələrə daşınıb. Təqdirəlayiq haldır ki, indi məhz ayrı-ayrı elm adamları və ya fərdi təşəbbüskarlar deyil, rəsmi dövlət qurumu olan Xarici İşlər Nazirliyi təşəbbüs göstərir, xarici ölkələrdəki arxivlərdən milli tarixi sərvətlərin araşdırılması prosesini dəstəkləyir.

Yeri gəlmişkən, XİN-in milli kimlik mövzusuna sahib çıxmasının bir göstəricisi də, “Qarabağ xanlığı” kitabının təqdimatının iyulun 9-da Diplomatiya günü tədbirləri çərçivəsində Şuşada keçirilməsi oldu. Şuşada diplomatların illik müşavirəsində çıxış edən Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycanın xarici ölkələrdə çalışan səfirlərinə həmçinin qeyd olunan istiqamətdə işin gücləndirilməsini də tapşırdı. Artıq iyulun 22-də isə sözügedən kitabın Tiflisin Təsviri İncəsənət muzeyində geniş elmi ictimaiyyətin iştirakı ilə ilk beynəlxalq təqdimatı keçirildi.
Təqdimatda kitabın müəllif heyətinin rəhbəri, gürcüstanlı alim Eldar Nadiradze də iştirak edib. Nadiradze bildirib ki, bu tədqiqat kataloqu nəinki Qarabağın Azərbaycan irsi barədə biliklərinin artırılmasına, həm də Azərbaycan-Gürcüstan elmi əlaqələrinin dərinləşməsinə xidmət edəcək. Sitat: “Bununla bağlı, son on ildə bu sahədə layihələri və dəstəyi ilə renessansa səbəb olmuş Heydər Əliyev Fonduna xüsusi təşəkkürümü bildirmək istərdim. O cümlədən, bu unikal kitabın ilk nəşrinə dəstək göstərmiş hər bir kəsə təşəkkürümü bildirirəm. Ayrıca Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərova, İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərova və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevə təşəkkürümü bildirirəm”.

Dövlətin post-müharibə dövründə tariximiz və milli kimliklə bağlı məsələlərə həssas yanaşması isə artıq xarici qonaq və mütəxəssislərin diqqətini cəlb edir. Belə ki, Bakıdan qayıtdıqdan sonra bu məqama diqqəti çəkən gürcü tarixçi Nadiradzenin təəssüratlarını emosional tərzdə sosial şəbəkə profilində ifadə edib.

445599.jpg (59 KB)

Sitat: “Bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyinin dəvəti ilə Bakıda, sonra isə Qarabağda oldum. Sadəcə onu qeyd etmək istəyirəm ki, bu ölkəni hər yerdə və hər şeydə hiss olunan milli ideya hissi birləşdirir. Demək istəmirəm ki, bu qürurun səbəbi tək iqtisadiyyatdır…. Azərbaycan hakimiyyəti milli siyasət aparir və öz işində Avropa siyasi institutlarının nümayəndələrindən icazə gözləmir. Bizdə işlər necə gedir? Çox pis, çox pis! Bizi öz xoşlarına gələn kimi təhqir edirlər və bizdən elə eşidilməyən tələblər qoyurlar ki, vicdanlı adamın ağlına belə gəlmir. Gürcüstan onların gözündə gücsüz və nəzarətsiz ölkədir, onları öyrətmək və cəzalandırmaq demək olar ki, vəzifədir, nəinki obsesif istək. Milli mənafeyimiz kimi dərk edilən istənilən kiçik dava onları isteriyaya salır”.

Bir tərəfdən bu milli kimliyimizin təbliğinin artıq beynəlxalq müstəvidə Azərbaycanın mühüm “yumşaq gücünə” (soft power) çevrilməsidir. Digər tərəfdən, Nadiradzenin emosional ifadə etdiyi cümlələr bugünkü Azərbaycan reallığıdır. Azərbaycan öz tarixi keçmişinə, milli kimliyinə sahib çıxır. Çünki hazırkı mürəkkəb dünyada milli tarixi kimliyinə sahib çıxmayan ölkələr “əriməyə” məhkumdur.

Kənan Rövşənoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir