Əsl Conson kimdir: əxlaqsız, yalançı, Putin qafalı, parlaq şəxsiyyət?.. – Andrey Ostalski yazır
2018-ci ilin sentyabrında Boris Consondan siyasi karyerasının ən böyük səhvinin nədən ibarət olduğunu soruşduqda o, belə cavab vermişdi: “Xarici işlər naziri olanda Rusiya ilə bu qədər düşmənçilik etmək üçün heç bir obyektiv səbəb olmadığını düşünürdüm”. Həqiqətən də, Britaniya Xarici işlər nazirliyinin rəhbəri kimi o, aktiv şəkildə Rusiya ilə problemləri “sıfırlamağı” çalışırdı. O, Moskvaya getdi, Putinlə görüşdü. Bu isə artıq Londonda Litvinenkonun qətlindən, Gürcüstana hücumdan, qəddar diktaturanın tərəfində Suriyaya silahlı müdaxilədən, Krımın ilhaqından və MH17 sərnişin təyyarəsinin məhv edilməsindən sonra baş vermişdi. Və bütün bunlardan sonra Conson təkid edirdi ki, Putini “sakitləşdirmək” olar, onunla dostluq münasibətləri qurmaq lazımdır. 2017-ci ilin dekabrında o, son 5 ildə Moskvaya səfər edən ilk britaniyalı nazir oldu. Və belə görünür ki, yalnız növbəti ilin martında Solsberidə Skripalın həyatına sui-qəsd hadisəsindən sonra nəhayət Conson Kremllə münasibətləri “normallaşdırmaq” cəhdlərini dayandırdı.
“Bəli, axtarışda olmaq üçün bir çox səbəb var idi… Amma mən düşündüm ki, bizim qarşılıqlı əlaqədə ola biləcəyimiz sahələr olub-olmadığını anlamaq lazımdır. Sonra mənə aydın oldu ki, bu axmaq, uğursuzluğa məhkum bir fikirdir “, – o deyirdi.
2022-ci ilin fevralından bəri Consonun Ukrayna istiqamətindəki bütün hərəkətləri həmin böyük səhvə görə peşmançılıq sayıla bilər. Hətta baş nazirin ən qızğın əleyhdarları və tənqidçiləri də etiraf edirlər ki, o, həqiqətən də bütün Qərbə nümunə göstərib, Ukraynanın sağ qalması və Putinin təcavüzünü dəf etmək üçün əlindən gələni edib. Britaniyanın çətin vaxtlarına baxmayaraq, Kiyevə hərbi və iqtisadi yardım üçün milyardlarla funt-sterlinq xərcləyib və xərcləməkdə davam edir. Əbəs yerə deyil ki, artıq küçələr Consonun şərəfinə dəyişdirilir və heç də əbəs yerə deyil ki, o, Ukraynada ən populyar Qərb lideridir. Və ölkə onun istefasından narahatdır – bu, dəstəyin azalmağa başlayacağı anlamına gəlirmi? Təsadüfi deyil ki, Moskvada onun istefasına belə sevinirlər.
Kiyev küçələrində Consonu seyr edərkən “iki üzlü Yanus”u xatırlamamaq mümkün deyil. Sanki Consonda iki fərqli insan yaşayır. Biri kiyevlidir, bircə dənə də olsun səhv addım atmır, onun hər sözü tamamilə münasib səslənir və tamamilə səmimi görünür, hətta sifəti xüsusi, işıqlı görünür. O, öz ölkəsində ukraynalılara hərtərəfli dəstəyin zəruriliyindən və Putinin müharibəsinin bütün Avropanı və dünya nizamını təhdid etdiyini söyləyəndə ona inanmaya bilməzsən. Belə məqamlarda o, həqiqətən də öz kumirinə oxşayır – müharibə zamanı Qərbi və anti-Hitler koalisiyasını bir araya toplayan Uinston Çörçill faşistləri məğlub etmək üçün yorulmadan qəhrəmancasına çalışıb.
Lakin Conson daxili siyasətə üz tutan kimi, hədsiz dərəcədə hiylə və riyakarlıq hissi yaranır. Hətta bəzən elə gəlir ki, onun özü də öz sözlərinə inanmır. Nəzəriyyələrdən biri budur ki, Boris həqiqətən də Baş nazir olmaq istəyirdi, lakin bunun üçün özünü qatı Breksitçi, millətçi və hətta bir az da ksenofob kimi göstərməli idi. Və o, bunu kifayət qədər bacarıqla etdi, ona inandılar və Brexit dalğası onu siyasi zirvəyə gətirdi.
İndi Britaniyada Baş nazirlə bağlı fərqli, sadə qiymətləndirmə var və əksəriyyət onunla razılaşır: Conson fürsətçil, əxlaqsız bir insandır, heç bir prinsipi yoxdur, hakimiyyət naminə liberalizmi, ifrat sağçı populizmi, hətta faşizmi də təbliğ etməyə hazırdır, onun üçün, ümumiyyətlə, bunların heç birinin fərqi yoxdur. Brexit-i “keçirmək” lazım olduğu halda, hakim partiyaya belə enerjili, özünə və haqlılığına sonsuz arxayın, cazibədar və şən fürsətçil lider lazım idi və onun çatışmazlıqlarına göz yumdular. Ancaq daha “normal” vaxtlarda onları görməmək mümkün deyildi.
Bu arada, Conson çoxdan vicdansız yalançı kimi şöhrət qazanıb. Hər şeyin öhdəsindən gələcəyi inamı ilə bu yöndə özünə çox da əziyyət verməyib. Karyerasının əvvəlində jurnalist işləyəndə saxtakarlığa görə işdən çıxarılıb. Bir vaxtlar onun müdiri olmuş, o illərdə “Daily Telegraph” qəzetinin baş redaktoru olan Maks Hastinqs onu “Dauninq strit 10” ünvanına buraxmamağa çağırıb və “Boris Conson Baş nazir olmağa layiq deyil” başlığı altında böyük bir məqalə dərc edib.
Mühafizəkarların ən hörmətli liderlərindən biri olan Maykl Hovard bir dəfə onu şəxsi həyatının intim halları ilə bağlı partiya rəhbərliyini aldatmağa çalışdığı üçün kölgə hökumətindən rüsvayçılıqla qovmuşdu. O, abortla nəticələnən nikahdankənar əlaqənin mövcudluğunu inkar etmiş, lakin tezliklə hər şey təsdiqlənmişdi.
Baş nazir vəzifəsinə gəldikdən sonra o, müxtəlif hallarda faktları təhrif etməkdə, hətta açıq-aşkar yalan danışmaqda ittiham olunub. Mənzilində təmirin maliyyələşdirilməsinin tamamilə şəffaf olmayan üsulu haqqında məlumat sızmış, Conson isə izləri gizlətməyə çalışmışdı. 2018-ci ilin dekabrında 50.000 funt sterlinqdən çox gəlirini vaxtında bəyan etmədiyi üçün ondan üzr istənilməsi tələb olunmuşdu. 2019-cu ilin aprelində o, Somersetdəki daşınmaz əmlakındakı 20% payını qeydiyyata almaqda 11 ay gecikmişdi və bu belə günahların tam siyahısı deyil. Bütün bunlar xırda şeylərdir, amma kəmiyyət istər-istəməz keyfiyyətə çevrilir və reputasiya zədələnməyə başlayır.
Conson Baş nazir olduqdan sonra nəinki rüşvətxor məmurları müdafiə etdi, hətta ciddi nöqsanda bulunan deputatlardan birinin cəzalandırılmasının qarşısını almaq üçün uğursuz da olsa, parlament prosedurunu dəyişməyə cəhd etdi. Bu, əclaf ola bilər, amma mənim əclafımdır! Bu o deməkdir ki, hətta ciddi günahlar da bağışlanmalıdır. Belə hallar çox olub, lakin Consonun getdikcə daha məsuliyyətli postlara namizədliyini irəli sürdüyü İcmalar Palatasında partiya təşkilatçısının müavini Kris Pinçerlə baş verənlər Torilərin səbrini alt-üst etdi.
O, seksual qısnama və qulluq mövqeyindən istifadə etməkdə ittiham olunub. Baş nazir əvvəlcə ona bəraət qazandıraraq ittihamların sadəcə olaraq təsdiqlənməmiş şayiələr olduğunu bildirib. Sonra ittihamların əsaslarının kifayət qədər ciddi olduğu üzə çıxanda özünün bununla heç bir əlaqəsi olmadığını, bundan xəbərinin olmadığını, tabeliyində olan səhlənkarların rəhbərə məlumat vermədiyini açıqlayıb. Ancaq bir müddət sonra bunun yalan olduğu ortaya çıxdı: Pinçerin də bir vaxtlar Consonla birlikdə işlədiyi Xarici İşlər Nazirliyindən məktub alındı, məktubun müəllifi cavan oğlanların həvəskarı olan Pinçerin sərxoş vəziyyətdə gənc işçilərə təcavüzünə dair oxşar hadisələr barədə Consona şəxsən məlumat verdiyini təsdiqlədi. Yəni yenə eyni əhvalat – qoy o əclaf olsun, amma özümünküdür! Və bu gün bir çox insanlar sosial şəbəkələrdə Consonda “potensial Putin” gördüklərini yazanda iki mühüm oxşarlığı nəzərdə tuturlar: birincisi, həyasız və müntəzəm yalanlar vərdişi, ikincisi, “bizimkilərə qanun işləmir” prinsipinə uyğun həyat. Bəziləri üçüncü ümumi halı da qeyd edirlər: hakimiyyətlərini qorumaq üçün bu iki şəxs hər şeyə hazırdır.
Bəli, covid karantini şəraitində qanunla qəti qadağan olunduğu bir vaxtda Baş nazirin iqamətgahında alkoqollu tədbirlə bağlı yaranan qalmaqalı heç də xırda hadisə adlandırmaq olmaz. Yəni hökumətin göstərişi ilə ölkə boyu insanlar bir yerə toplaşmaq qadağasını pozduqlarına görə cəzalanırdılar, qohumlarına xəstəxanalarda ölənlərlə vidalaşmağa belə icazə verilmirdi. Bu vaxt isə Conson öz ətrafı ilə birlikdə yeyib-içib əylənirdi. Ancaq yenə də o, o qədər də qanunlara və qaydalara məhəl qoymadığına görə deyil, yalan danışdığına görə qınandı – əvvəlcə hər şeyi inkar etdi, sonra qismən və guya xırda pozuntulara yol verdiyini etiraf etdi. Amma o, yenə də bütün həqiqəti açıqlamadı. Bundan sonra cəmiyyətdə reaksiya o qədər kəskin oldu ki, Mühafizəkarlar Partiyasının reytinqi kəskin şəkildə aşağı düşdü, partiya sıralarında gərginlik artdı və nəhayət, hakim partiyanın lideri kimi Consona etimad səsverməsinə yol açdı. Həmin vaxt o, duruş gətirə bildi, əksəriyyət – 211 nəfər onu dəstəklədi, lakin 148 Mühafizəkar deputat onun liderlik vəzifəsindən kənarlaşdırılmasına səs verdi.Və belə bir fonda yeni bir qalmaqal yarandı – Pinçerin təyinatı və liderin aşkar ictimai yalanı ilə. Bu, bardağı daşıran son damla oldu, real, misli görünməmiş üsyan oldu, belə bir şeyi təsəvvür etmək mümkün deyildi. Cəmi üç gün ərzində 50-dən çox nazir, nazir müavinləri, partiyanın və dövlətin yüksək vəzifəli funksionerləri cəsarətlə istefa verdilər və bu cür hallarda ənənəvi olaraq baş nazirə göndərilən məktubların, demək olar ki, hamısında aydın və kəskin ifadə olunmuş bir fikir var idi: əxlaqsız yalançı ilə işləmək mümkün deyil.
Ehtimal edilirdi ki, Consonun heç nə vecinə deyil və onda hakimiyyət həvəsi güclü olduğundan heç bir halda vəzifəsini tərk etməyəcək. Bəli, o, həqiqətən də son ana qədər inad edirdi: nə istəyirsiz edin, amma mən getməyəcəyəm. Amma onun nazirləri az qala tükənəndə və işləyəcək heç kim qalmayanda, yaxın adamlarından ibarət böyük bir qrup Dauninq-stritdə kəskin istefa tələbi ilə peyda olanda belə bu adam təslim olmağa məcbur oldu. O, vida nitqində özünü ideal baş nazir elan etdi, heç bir səhvini boynuna almadı, birbaşa və ya dolayısı ilə üzr istəmədi və yalnız partiyasını “sürü” adlandıraraq təhqir etdi və onun sözlərinə görə “sürü hansısa istiqamətdə hərəkət etdikdə onu dayandırmaq mümkün deyil”.
“Mən Consonu sevirəm, o, parlaq şəxsiyyətdir, gözəl natiqdir, o qədər zəkalıdır ki, iti zəkalıdır, ziyalı məclisin gözüdür, onunla bir ziyafətdə olmaq sadəcə əyləncədir, amma Baş nazir vəzifəsinə gəlincə… o, çətin ki, buna uyğun gəlir”, – bu cür sözlər deyən çoxlu tanışlarım var. O, həqiqətən də yüksək təhsilli, istedadlı ekssentrik, parlaq natiqdir və heyrətamiz, absurd yumor hissinə malikdir. O, hətta dözə bilməyib öz ətrafında Pinçerlə bağlı qalmaqal haqqında zarafatından qalmayıb: “Bəli, bəli, əlbəttə ki, bilirəm: bütün pozğunlar mənim tərəftarlarımdır”.
Və “zombi kabineti”nin iclasında (tənqidçilər yeni lider seçilənə qədər Consonla işləməkdə davam edən hökumət komandasını belə adlandırır, onlardan beşi “çevrilişdə” iştirak edib) Conson iştirak edənləri az qala isterik gülüşə gətirib. O, özünü İkinci dünya müharibəsinin sonunda təslim olmaqdan imtina edən və yalnız 29 il sonra Filippinin cəngəlliklərindən çıxan yapon zabiti Hiroo Onodanın reinkarnasiyası kimi təsvir etdi. Britaniya siyasətində Consonun yeri mütləq görünəcək. “O, çox xarizmatik insandır. O, rok ulduzu və dünya səviyyəsində böyük simadır”, – qəzetlər onun həmkarlarından birinin sözlərini sitat gətirir.
Vida nitqində Baş nazir üç nailiyyətindən bəhs etdi – Brexit, Covid-lə mübarizə və Ukraynaya dəstək, lakin əksəriyyəti yalnız sonuncu ilə razılaşır. Bununla bağlı cəmiyyətdə və elitada geniş konsensus var və yeni liderin dövründə kursun dəyişməsi çox az ehtimal edilir. Üstəlik, güman etmək olar ki, Consonu bir müddət xilas edən məhz Ukrayna siyasəti olub – həm partiyada, həm də partiyadan kənarda bir çoxları bunu onun xeyrinə “yazır”. Əlbəttə ki, onu yalanlar, narsisizm və təkəbbürlü fikirlər məhv etdi. Consonun istefasından sonra mərkəz sağçı “The Times” qəzetinin redaksiya məqaləsində belə yazıldı: “Conson öz partiyası tərəfindən davamlı vicdansızlığına, qaydaları pozduğuna və ictimai həyatın əsasını təşkil edən qanun və konvensiyalara açıq-aşkar etinasızlığına görə rüsvayçılıqla uzaqlaşdırılır”.
Və əsas nəticə: bütün bu hekayə özünəməxsus şəkildə görkəmli, orijinal siyasətçinin qəribə taleyi haqqında deyil, Britaniya demokratiyasının taleyi haqqındadır. Elə bir vəziyyət yaranıb ki, Consonun siyasi sağ qalması yeni normaların qəbulu deməkdir, bu zaman açıq yalan və hiylə gündəlik, demək olar ki, əsas idarəetmə alətinə çevrilir və qaçılmaz olaraq gələcək başçıların öyrənəcəkləri dərs olacaq.
Bir çoxlarl hesab edirdilər ki, bu, “Putinizmə aparan yol” idi və bu yola girəndən sonra onu dayandırmaq çətin olacaqdı. Consonun məğlubiyyəti əks dərs çıxarır: nə qədər qıvrılsan da, fənn işlətsən də, qırılma baş verəcək, cəmiyyət və quruluş şarlatan idarəçilik metoduna sonacan dözməyəcək. Bu o deməkdir ki, Britaniya demokratiyası ümidsiz deyil, hələ də özünü müdafiə etmək iqtidarındadır.
Andrey Ostalski, Yazıçı, jurnalist, şərqşünas, BBC-nin rus xidmətinin keçmiş baş redaktoru
Mənbə: Theins
Tərcümə: Nizami Bağırov, Qaynarinfo

