Zamanın Arifi – Arif Əmrahoğlunun zamanı… Yazıçı-kulturoloq Aydın Xan Əbilovdn növbəti kulturoloji material

Elə insanlar var ki, ana təbiətin ruhu sayılan zaman sankı müəyyən vaxt və məkan çərçivəsində
onu özünün bir hissəsi olaraq yaradır, bu dünyaya gətirir, başqalarına nümunə kimi yaşadır, nə
qədər qəribə görsənsə də, tələsik geri qaytarır. İndi haqqında çətinliklə xatirə yazmaq istədiyim,
müəllimim, tənqidçi-alim, yaradıcı həmkarım Arif Əmraoğlu haqqında düşünəndə, onun da
məhz belə bir şəxsiyyət olduğunu anlayıram…
Hələ Bakı Dövlət Universitetinin filologiya fakultəsndə ali təhsil alan zaman şəxsən tanıdığım,
hərəkətlərindən tutmuş baxışlarına qədər, addımlarından başlamış ciddiliyinə kimi başdan-ayağa
əsl qədimi Azərbaycan kişisini xatırladan Arif Əmrahoğluyla yaxından ünsiyyətim olmuşdum:
bu abırlı, cavan omasına baxmayaraq, yaşından artıq aqil görünən, saçlarına dən düşmüş
ağırtəbiətli müəllimə sayğı bəsləməmək mümkün deyildi. Ötən əsrin ağır doxsanıncı illərinin
bütün problemlərinə baxmayaraq alicənablığını bir az da itirməyən, tədris etdiyi Türk xalqları
ədəbiyyatı tarixini biz ərköyün gənclərə sevdirə bilən, söz sənəti vasitəsilə qədim türk etnosunun
böyüklüyünü tələbələrinə layiqincə çatdıran Arif müəllim həm də içində istedad işığı sezdiyi
yaradıcı düşüncə sahibləribnin pənah apardıqları tək-tük pedaqoqlardan idi.
Biz onun mühazirələrini əvvəldən-axıra qədər diqqətlə dinləyirdik: lazımi kitablar olmasa da,
Arif müəllim heç vaxt təkid etməzdi ki, dediklərini dəftərə köçürək: əksinə, hər vaxt diskussiya
və müzakirələrə şərait yaratmaqla tələbələrin kreativ-intellektual düşüncəsinin inkişafına təkan
verirdi. Biz çox-çox sonralar bildik ki, saçları vaxtından-əvvəl ağarmış bu sevimli müəllimimiz
yaşca bizdən bir elə də böyük deyilmiş, cavan olmağına baxmayaraq, o zaman Prezident
Aparatında məsul vəzifədə çalışır, tənqidçi-ədəbiyyatşünas kimi çoxsaylı yazıları, araşdırmaları,
tərcümələri var: ən əsası isə bütün bu cəhətlərini heç vaxt bildirmədən öz sevimli müəllimlik
peşəsi ilə vicdanla məşğul olur. Halbüki onun həmkarlarının əksəriyyəti o zamanlar az məvacibə
görə kommisiyon mağazalar açır, universitetdən çox öz fərdi bizneslərini inkişaf etdirməklə
məşğul olurlar…
Daha sonralar əyani aspirantı olduğum Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına
Ədəbiyyat İnstitunda, Azərbaycan Yazıçılar Birliyindəki ünsiyyətimiz bizi daha da
doğmalaşdırdı, dostluğumuz bu dəyərli insanın ölüm gününə qədər davam etdi: zatən, sevdiyimiz
adam fiziki olaraq bizi tərk edə bilər, mənən – ruhən hər zaman içimizdədir, Arif müəllim kimi.
Arif Əmrahoğlu AYB-dəki yaradıcılıq və gənclər üzrə katib kimi fəaliyyət göstərdiyi vaxtlardan
bu yana biz onunla çoxlu layihələr həyata keçirtdik: Gənc Yazıçıların ilk Forumu,
Qurultaylararası ədəbi müzakirələrin təşkili, AYB Gənclər Şurasının yaradılması, Yazıçılar
Birliyinin saytının və xüsusi kitab bülletenlərinin hazırlanması, kitab nəşrləri, yüzlərlə ədəbi-
mədəni tədbirlər, yubileylər, məclislər, kitab bayramları… İndi də xatırlayanda heyrətlənirəm ki,
heç bir maddi məqsəd gedmədən Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına yönəli o
fəaliyyətimiz çoxları tərəfindən görməməzliyə vurulsa da, unutdurulsa da, tarixin yaddaşına
böyük hərflərlə yazılıb, zaman heç vaxt pozmayacaq onları…
Arif müəllim doktorluq, mənsə namizədlik işimizi yubadırdıq və hər dəfə görüşəndə ya
söhbətimizin əvvəlində, ya da axırında zarafatla bir-birimizi “tənqid edirdik” ki, elmi
yaradıcılığımızı “yaddan çıxarmayaq”. Fəqət o da, mən də əla bilirdim ki, ədəbiyyata xidmət
yalnız yazılarla, məqalələrlə, kitablarla deyil, həm də gördüyümüz ictimai-mədəni işlərlə ölçülür:
hələ televiziyadakı yüzlərlə ekspert iştirakımızı, mətbuat və İnternetdəki müsahibələrimizi,
açıqlamalarımızı, saysız tədbirlərdə, müzakirələrdə çıxışlarımızı, universitetlərdəki
mühazirələrimizi qoyuram bir yana.

Bizi ruhən də, düşüncə etibarilə də birləşdirən çoxlu cəhətlər vardı: ikimiz də gedən müasir
proseslərə, gündəlik həyata, tarixə, ədəbiyyata, humanitar-estetik, ədəbi-mədəni, elmi-ictimai
düşüncəmizə kulturoloji-intellektual yanaşmağın tərəfdarıydıq; ədəbi tənqid, ədəbi publisistika,
ədəbiyyat nəzəriyyəsi, fəlsəfə, tənqid və dünya söz sənətinə, mədəniyyətinə yanaşmamız daha
qlobal idi. Onda da, elə indinin özündə də şüur etibarilə Biləcəridən o tərəfə adlaya bilməyən
əksər insanlarımıza bu yanaşma qəribə, yad, liberal gəlsə də, Azərbaycanın dünyaya açılışları
daha intensivləşdiyi indiki dövürdə bizim necə düzgün yolda olduğumuzgün kimi aydın
görünməkdədir.
Alman, rus, fransız kulturolojiya məktəbi, postmodernist estetika, multikultiralizm, Azərbaycan
ədəbiyyatına dünya bədii-estetik dəyərlər çərçivəsində qiymət verilməsinə tərəfdarı olaraq
özümüzün sevimli müəlliflərimiz, filosof və kulturoloqlarımız vardı: M.F.Axundov, Mirzə Cəlil,
F.Dostoyevski, J.Derrida, U.Eko, M.Bulqakov, Q.Q.Markes, Baxtin, Lotman, Y.Qarayev,
O.Pamuk… Siyahı böyük idi, amma ideya bir: bu yaradıcı intellektualları bizə sevdirən cəhətlər –
bəşəri, qlobal, əbədi məsələlərə münasibətdə fikirlərimizin yaxın olması…
Arif müəllim Azərbaycan Yazıçılar Birliyinin katibi olaraq müstəqillik dövrümüzün yeni
ədəbiyyat – mədəniyyət quruculuğundakı rolu, söz ola bilməz, ədəbi-mədəni ictimaiyyətimiz
tərəfindən yüksək qiymətləndirilir: o bəlkə də azsaylı ədəbiyyat adamlarımızdan idi ki, gənc, orta
və yaşlı nəsiz yaradıcı qüvvələr arasında əsl inam körpüsünə çevrilmişdi. Nəsil-nəsil ədəbi
gəncliyin yaşlı yazarlara, zəmanəyə, sözə qarşı “qiyamlar”ını dağıdıcı “inqilab”lardan harmonik “kreativ islahatlar”a yönəldən şəxsiyyət idi.
Məhz Arif Əmrahoğlunun əsas amalı bu idi: çevirilişləri, liberal dəyişiklikləri real həyatdan çox,
ədəbiyyatda, sənətdə, düşüncədə, estetik dəyərlərdə etmək vacibdir ki, cəmiyyəti, insanları
dəyişmək, qabağa aparmaq, zəmanəni idarə etmək mümkün olsun. Əslində bu amal da onu
gözümüzdə – indi isə xatirəmizdə yüksəldir, Arif Əmrahoğlu bu mənada özü də Zamanın Arifinə
çevrilə bidldi…
Artıq bir neçə aydır ki, ədəbi-mədəni ictimaiyyətimiz Arifsiz qalıb: onun yeri həyatda da, söz və
intellekt sahəsində də, dostlarının qəlbində də görünsə də, sevgimizin-sayğımızın bir ünvanı
olaraq ruhumuzda yaşamaqdadır bu zəmanəmizin Arifi, çünku həyatı, fəaliyyəti, yaradıcılığı,
düşüncələri ilə birlikdə zamanın özünün bir hissəsinə çevirilməyi bacaran şəxsiyyət idi o…

Aydın Xan Əbilov,
YYSQ sədri, yazıçı-kulturoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir