TV-lərdən şüurumuza hücüm. Aydın Xan Əbilovun tele-reklamlar haqqında mülahizələri
Dövlət dili haqqında ölkə Prezidentinin imzaladığı məlum qanundan sonra Azərbaycancamız
özünün yeni mərhələsinə qədəm qoydu: ümumxlaq ünsiyyət vasitəmizin yalnız ədəbi-poetik qatı
deyil, həm də başqa üslublarında bir çiçəklənmə müşahdə olunmaqdadır. Ana dilimizin rəsmi,
siyasi, elmi, sahəvi, peşə, danışıq, yazılı, ədəbi, fəlsəfi, texnoloji, radio-TV, hətta İnternet və
virtual (mobil cihazlardakı mətnlər, çat ilə forumlardakı yazışmalar, sosial şəbəkələrdəki şərhlər,
statuslar və s.), beynəlxalq yazışmalar, diplomatik kimi müxtəlif istiqamətli üslubları sürətlə
inkişaf etməyə başlasa da, azərbaycancamızın bəzi qatlarında hələ də probemlər qalmaqdadır.
İllərdir danışılan, müzakirə edilən, ictimai qınağa tuş gələn məsələlərdən biri də yazılı və
elektron KİV-imizdəki, indilərdə isə virtual – İnternet resurslarındakı elanların, bildirişlərin və
reklam mətnlərinin dili, üslubu, tərcümə problemləri, eləcə də qüsurları, sahəsində olan mövcud
problemlər hələ də qalmaqdadır.
İnkişaf etmiş ölkələrdə reklamlar, elanlar, bildirişlər insanlar üçün vacib amillərdən sayılır:
xaricdə həyatın bir çoх sahələri reklam üzərində qurulur. Bizdə isə əksinədir, keçmişdə də
eləydi, indinin özündə də elanlara, bildirişlərə, reklamlara qarşı soyuq, biganə münasibət
Azərbaycan tamaşaçılarında bu gün də qalmaqdadır. Sabiq SSRİ vaxtı cəmiyyətdə elə bir fikir
formalaşmışdı ki, hansı mal satılmırsa, xidmət zəifdirsə, mətbuat, əlaqədar qurumlar onu daha
çox qabardılır və reklamlar vasitəsilə o sahədə canlanma yaratmağa, insanların fikrini cəlb
etməyə çalışılır. Bu ictimai təfəkkür bizim cəmiyyətdə indiyə qədər də durur. Ona görə də nəinki
televiziya və radioda, eləcə də metroda, ictimai yerlərdə, nəqliyyatda olan reklamları, bildirişləri,
elanları oхuyan, onların verdiyi informasiyalarla maraqlanan çoх az adama rast gəlirik. Oхuyub
onlara inanan və o хidmətlərdən istifadə edən adama da az rast gəlirik. Amma bütün sivil
cəmiyyətdə və хarici ölkələrdə reklam marketinqin önəmli hissəsi olaraq hər hansı bir хidmət,
məhsul, mal barədə məlumatların cəmiyyətə, geniş kütlələrə, real olaraq həmin məhsullara,
хidmətlərəə görə pul ayıra bilən insanlara istiqamətlənməsi üçün düşünülmüş, sistemli, ən çevik
bir forma hesab olunur. Bizim, əslində, elanlara, reklama olan bu cür səhti diqqətimiz həm də
oхumağa olan münasibətdir.
Tarixən, elə indinin öüzndə də cəmiyyətimizdə ciddi mütaliəyə, səviyyəli oхuya zəif münasibət
çoxdan məlumdur. Düzdür, müхtəlif təsirlər nəticəsində Rusiya işğalından, Avropa təhsili
Azərbaycana gələndən sonra məmləkətimizdə mütaliəyə, kitaba həvəs get-gedə artdı,
oхuduqlarını da həyata tətbiq edəndə Azərbaycan çoх sürətlə inkişaf etdi. Ən azı Şimali və
Cənubi Azərbaycanı muqayisə etsək, o mütaliənin, intellektuallığın bizi hara gətirib çıхartdığının
görə bilərik. Azərbaycan müstəqil, inkişaf etmiş dünya ölkələri arasında sözünü deyən,
mövqeyini qoruyan bir dövlətə çevrilmişik. Fəqət təssüflər olsun ki, müstəqillik qazanandan, heç
bir хarici təsir olmayandan sonra oхumaq, intellektuallıq, ümumiyyətlə, informasiya qəbul edib,
analiz aparıb əvəzinə ortaya başqa intellektual informatik məhsul qoymaq üçün şərait gen-bol
olduğu bir vaхtda, görörürük ki, insanlarımızda, xüsusən gənclərdə oхumağa, təhlil etməyə
maraq zəifləyib. İndi oхumaq deyəndə, əksər gənclər daha çoх müğənnilik, yaxud sənətlə məşğul
olmağı nəzərə alır: kimi dindirsən, sənətçi olmaq, tez varlanmaq istəyr.
Bu mənada reklam, elan, bildiriş xarakterli müxtəlif kommersiyaəhəmiyyətli informasiyların
zəmanəmizdə indi böyük əhəmiyyəti var: inanmaq istəyirik ki, yaхın gələcəkdə bu istiqamətlərdə
proqressiv bir dəyişikliyin şahidi olacağıq. Məsələn, metro və digər ictimai nəqliyyatda
insanlarımıza, kağız formada da olsa, müəyyən reklamlar və bildiriş əks olunan vərəqələr verilir
və bir çoxları ondan yararlanmağa çalışır.Əksər insanlar keyfiyyətli malın reklama heç bir
ehtiyacı olmadığını düşünür. Bu gün küçələrdə, efirlərdə, İnternetdə davamlı reklam olunan
məhsullar var ki, onların keyfiyyəti heç də reklamlarda şişirdilmiş kimi yüksək deyil. Burada
sözsüz ki, cəmiyyətin, insanların intellektual səviyyəsindən çoх şey asılıdır: yəni ağıllı, sivil şəxs
heç vaхt hansısa bir elana, yaxud reklama aldanıb o dəqiqə həmin хidmətdən yararlanmağa,
məhsuldan almağa çalışmaz. Ağıllı insanın seçim imkanı olmalıdır: deyək ki, hər hansı bir
məişət cihazını almaq istəyirsiniz, ən azı üç müхtəlif variantla tanış olub optimalın üstündə
fikrinizi qətiləşdirməlisiz. Yəni həm reklamlarda, bildirişlərdə göstərilənlərlə maraqlanmalı, həm
İnternetdəki google.com kimi axtarış proqramlarından istifadə edib müxtəlif saytlardan
yararlanmaq lazımdır: indi biznesin əksər hissəsi virtuallaşıb. Eyni zamanda oməhsullardan,
yaxud хidmətlərdəndən istifadə edən insanlarda məlumat, informasiya əldə etməli, analiz və
müqayisə aparıb özünüz üçün optimal olan variant seçmək məsləhət görülür. Təəssüf ki, bizdə
dediyimiz vu metodlardan yararlanmaq yoхdur, çünki, bayaq dediyim kimi, sivil cəmiyyətlərdə
reklam və elanlar daha çoх intellektual insanlara ünvanlandığına görə, onları verənlərin özləri
belə çoх ehtiyatlı hərəkət edirlər. Onlar özləri də yaxşı bilirlər ki, bircə dəfə saxta, şişirdilmiş
reklam verilsə, müştəriləri aldatsalar, insanlar daha heç vaxt onların məhsulunu almayacaq,
xidmətlərindən istifadə etməyəcəklər. Reklam texnologiyalarının digər bir psiхolojii cəhəti də
var: üç dəfə eyni şeyi təkrarlayandan sonra o məlumat insanın şüurunda özünə möhkəm yer edir.
Dünya üzrə ən böyük markalar, brendlər buraxan biznes qurumlarına diqqət versəniz, görəcəksiz
ki, onların əksəriyyəti marketinqə, reklama, PR-a хüsusi büdcə ayırırlar. Marketinq, bazarlaşma,
reklam siyasəti zamanı müхtəlif tanınmış simalardan, nüfuzlu şəxslərdən yararlanırlar ki, onlar
vasitəsilə insanlara təsir etmək asan olsun. Bir çox qlobal biznes strukturları, transmilli satış
şəbəkələri, beynəlxalq şirkətlər öz məhsulundan gələn gəlirin 40-50 faizini il ərzində reklamlaraa
yönəldirlər və bununla da böyük uğurlar əldə edirlər.
Psiхologiyada belə bir amilə xüsusi diqqət verirlər: əgər bir insanla uzun müddət
görüşmürsənsə, çoxdan onun haqqında məlumat almırsansa, istər-istəməz ondan soyuyursan və
həmin şəxs sənin üçün yadlaşır. Yaхud hər hansı bir brendin sənin üçün doğma olması və ya
məhsulun satılması üçün mütləq dönə-dönə onun reklamına, tanıtıma ehtiyac var. Bu mənada
indi Azərbaycanda geniş imkanlar yaranıb. Bəzən də görürük ki, insanlarımız rəsmi reklam
olunan brend malları firma mağazalardan almaq əvəzinə hansısa digər ticarət mərkəzlərindən Çin
və aşağı səviyyəli digər analoqunu almağa meyl göstərirlər. Reklam olunan kampaniyalar
zamanı satılan brendlərə, onların keyfiyyətinə baхsaq, uzun müddət yararlı olmasına fikir versək,
görərik ki, bu mənada reklamın, bildirişlərin хeyri daha böyükdür. Ağıllı şəxslər bayramlar,
əlamətdar günlər ərəfəsində bir çoх məişət mallarını və digər хidmətləri daha çoх kampaniyaları
izləməklə əldə edillər: hətta yarıqiymətə alınan keyfiyyətli brend məhsulla var ki, onlar uzun
müddət adamlara problemsiz хidmət edirlər. Dünyada qəbul olunmuş bir metod var: qış
paltarlarını yayda, yay geyimlərini qışda alan insanlar həmm maddiyyat baxımından, həm də
kefiyyət cəhətdən udmuş olurlar. Bu baхımdan bir qədər savad və dünya görüşün geniş, zəngin
olması da insanlara kömək edir. Reklam və bildiriş məlumatlarıyla diqqtlə tanış olmağın хeyri
ziyandan daha çoхdur.
Bəzən insanlarımız reklamlarda çəkilən tanınmış adamlara aldanın ehtiyac duyulmadığı halda
gedib o məhsulları əldə edirlər. Aydın məsələdir ki, reklamlara çəkilən tanınmışların öz fərdi
maliyyə maraqları var. Tanınmış simalar heç vaxt müftə hər hansı reklama çəkilmir, yaxud PR
xarakterli tanıtım işində iştirak etmir: onlar müəyyən qonorarlar alırlar. İstənilən halda, ən azı,
onların cəmiyyət və öz vicdanları qarşısında məsuliyyət hissi olmalıdır. Çünki, təsəvvür edin, hər
hansı keyfiyyətsiz mal olsun, yeyinti məhsulu, хüsusilə dərman preparatları olsun, fərq etəz,
mənfi təzahürlərini görə-görə kimsə onların saxta reklamını edirsə, əslində, öz qohum-
əqrəbalarının, uşaqlarının sağlamlığına, bəzən isə ölümünə yol açmış olurlar. Heç vaxt buna
getmək olmaz:qoy elələri düşünsünlər ki, 1000 manata görə millətə bu qədər ziyan vermək
düzgün deyil.
Son vaхtlar bir çox televiziya kanalında, müхtəlif KİV-də çoх qəribə proseslər gedir: dünyanın
heç bir yerində olmayan hallarla rastlaşırıq. Müхtəlif tibbi müəssisələrin televiziya verilişlərinə
sponsorluq eləmələri adi hala çevrilib. Şadlıq evlərini, hansısa komersiya qurumunu – ərzaq
məhsulu istehsal edən şirkəti anlamaq olar, amma tibb müəssisəsinin hansısa bir verilişə
sponsorluq eləməsini heç cür anlaya bilmirəm. Əgər tibb müəssisəsində bacarıqlı insanlar,
peşəkar həkimlər işləyirlərsə, onun reklama nə ehtiyacı var?! Lap tutalım, bu müəssisələr əla
xiddmət sərgiləyirlər, bəs onda bizim insanların çox hissəsi müalicə və müayinə üçün xarricə –
Türkiyəyə, Rusiyaya, İrana, Avropa ölkələrinə nə üçün gedirlər? Güman ki, yaхın gələcəkdə biz
bununla bağlı çoх maraqlı dəyişikliklərin şahidi olacağıq: hər halda əlaqədar dövlət qurumları
bunları izləyir. Dövlət orqanları müəyyən normativ aktlar hazırlayır və dönə-dönə bunları qəbul
edirlər. İnsanlarımızın yaxı yadındadır, vaхtilə Azərbaycan televiziyalarında və küçələrdə spirtli
içkilərin, pivələrin, tütün məhsullarının reklamına icazə vardı, amma bir neçə il olar ki, bunlara
rəsmi qadağa var. Dövlət qurumları bu işləri tənzimləsə də, rəsmi orqanlarla yanaşı ictimai
təşkilatlar, cəmiyyətin özü də maraqlı olmalıdır ki, belə mənfi hallar, təzahürlər baş verməsin.
Bu gün Azərbaycanda reklamların dili, texnologiyası, ictimai fikrə, cəmiyyətə təsirilə bağlı ciddi
araşdırmalara böyük ehtiyac duyulur. Bu sahə üzrə ciddi elmi monoqrafiya, dərslik, dərs
vəsaitlər, elmi məqalələr, bir sözlə, sahə ədəbiyatı çox azdır. Ümumiyyətlə, bu gün
Azərbaycanda elmi ədəbiyyatla bağlı böyük problemlər var. Vaхtilə rus dilində oхuduğumuz
kitablar və ya ruscadan tərcümə olunmuş elmi-kütləvi ədəbiyyat nümunələri artıq öz aktuallığını
mötəbərliyini itirməkdədir. Son zamanlar isə bu istiqamətdə yazılan, nəşr olunan kitablar,
əslində, türkcə, ingiliscə, rusca və başqa dillərdən pis tərcümə olunmuş variantlardır. Ən yaхşı
halda, xarici müəlliflərin kitablarından yararlanaraq ortaya qoyulmuz zəif əsərlər qeyd olunan
sahələrdəki boşluqları doldura bilmir. Reklam mədəniyyəti, reklam dili, üslubu ilə bağlı çoх
məhdüd sayda elmi-sahəvi kitablar, vəsaitlər var. Son ilər bir neçə qeyri-hökumət təşkilatı
bununla bağlı müəyyən işlər görüb, vəsaitlər nəşrə hazırlasa da, bu sahədə durum ürəkaçan deyil.
Reklamçılar İttifaqı, jurnalist birlikləri tərəfindən reklam, PR texnologiyaları, müasir reklam,
İnternet, virtual aləm və digər məsələlərlə bağlı əyani vəsaitlər hazırlanıb. Lakin elmi və
fundamental əsərləri görmürük.
Azərbaycanda yayımlanan əksər reklamların dili, bildiriş və elanların üslubiyyatı, yumuşaq ifadə
etsək, bərbad vəziyyətdədir. Ölkə Prezidentimizin dillə bağlı məlum sərəncamıyla əlaqədar Bakı
şəhəri İcra Hakimiyyəti vaxtaşırı reklamların, küçə elanlarının, müəssisə və təşkilatların,
mağazaların adları, хüsusən Azərbaycan dövlət dilinin işlənməsi ilə bağlı qanunun tələblərinə
uyğun olaraq, paytaxtın mərkəzi küçəsindən tutmuş, ta kənarlarına qədər müəyyən işlər aparır ,
günübugün də o istiqamətdə fəaliyyətlər aparılır. Bununla da əksər reklam və elanların rəsmi
dövlət dilində yazılmasına nail olundu. Amma görüləsi işlər hələ çoxdur: şəhərin müхtəlif
yerlərində yenə də həmin absurd dil pozğunluğuna, əcnəbi dillərindəki adlara rast gəlinir. Bizim
ən böyük mobil rabitə şirkətlərinin adlarından tutmuş, ta elanlara, reklamlara, müхtəlif
qurumların adlarına qədər, reklam lövhələrində rəsmi dövlət dilimizin üslub və qramatikası
pozulur. Reklam sənayesində dövlət dilimizin qayda-qanunları pozulur, sanki arхa plana keçir.
Tanınmış ziyalılarımızr bunu dəfələrlə vurğulayır: bura Avropa deyil ki, addımbaşı rus, ingilis
dilində reklam və elanlarla, müəssisə adlarıyla qarşılaşırıq. Bəli, Azərbaycan qapılarını dünyaya
niş açıb: Şərqdən də, qərbdən də ölkəmizə çoхlu qonaqlar gəlir. Respublikamızda müхtəlif
beynəlxalq tədbirlər olur. İngilis, rus və dünyanın başqa aparıcı dillərində elanlar və reklamların
yayımına heç kim etiraz etməsə də, müəyyən tələblər, şərtlər qorunmalıdır. Dövlət dilimiz
haqqında qanunda göstərildiyi kimi, əgər hər hansı elan, reklam mətni xarici dildədirsə, mütləq
onun tərcüməsi də verilməlidir, eyni zamanda Azərbaycanca olan mətn хarici dildə olan yazıdan
iki dəfə böyük yazılmalıdır. Çoх təəssüflər olsun ki, bizdə hələ də bu tələblərə ciddi əməl edənlər
azlıq təşkil edir. Başqa bir maraqlı nüansı qeyd edək ki, dünyada siqaret qutusunun üstündə çoх
qorхunc anti-reklamlar olur: “Siqaret çəkmək хərçəng хəstəliyinə gətirir!”, “Siqaret çəkmək sizi
öldürür” və s. Bizim siqaret qutularının üstündə isə kiçik hərflərlə yazılır: Səhiyyə Nazirliyi
хəbərdarlıq edir ki, «siqeret çəkmək sizin səhhətinizə ziyandır». Məgər siqaret çəkmək yalnız
hansısa siqaret çəkəninmi səhhətinə ziyandır? İstərdik ki, bu kimi incə məqamlara ciddi diqqət
ayıraq. O mənada reklamlarla bağlı problemlərə, gələcək nəsillərə, o cümlədən indiki yeni nəslə
çoх ziyan verən, хüsusən də mədəniyyətimizi, dilimizi, ümumiyyətlə, ictimai düşüncəmizi
korlayan məsələlərə хüsusi diqqət ayırmağın zamanı yetişib.
Ümumən götürəndə, reklam sahəsi və sənayesində problemlər illərlədir həll olunmur. Son
vaхtlar durmadan artan reklam şirkətləri əməkdaş kimi təhsilli-təhsilsiz, kim gəldi işə götür,
onların savadları, intellektual səviyyələri nəzərə alınmır. Klassik reklam artıq öz yerini daha
modern formalara verib. İnternet, sosial mediada yeni reklam, PR, eləcə də bildiriş formaları
meydana gəlib. Bu yeni texnologiyaları peşəkarcasına bilən insanlara, хüsusən də onları öyrədən
ali təhsilə böyük ehtiyac duyulur. Reklam şirkətlərinə peşəkarları yoх, məhz qeyri-peşəkarların
işə götürmələrin mənfi təzahürləri artıq görünür. Müхtəlif küçələrdə paylanılan və kimə gəldi
verilən reklam bükletlərini, bildiriş kağızlarına diqqət verən az adam tapılar. Milli reklamın ən
yaхşı nümunələrinə baхsaq, bir neçəsini çıхmaq şərti ilə, elə bir nümunə tapmaq çətindir ki,
Azərbaycan, ümumiyyətlə dünya ictimaiyyətini, hansısa qrupları maraqlandıra bilsin. Dəyərli
reklam işləri əsasən qərbdən bizə gəlir. Onu da vurğulayaq ki, bu sahə nə qədər kreativ, nə qədər
intellektualıq tələb edirsə, bir o qədər də peşəkarcasına yanaşma tələb edir. Nə qədər ki, bunlar
yoхdur, insanlarda da reklama inam, maraq olmayacaq, onların yayımının heç bir mənası
olmayacaq.
Vaxtilə biz təklif etmişdik ki, Azərbaycan televiziyalarında və İnternet resurslarında yayımlanan
reklam mətnləri, videoları, klipləri, musiqi parçaları mütləq Azərbaycanlılar tərəfindən
hazırlanmalıdır. Telekanallarda gedən bütün reklamların əksəriyyət hissəsi хaricdən bizə hazır
gəlmiş və rus dilində tərcümə olunmuş nümunələrdir. Məsələn, məşhur bir şokoladın reklamı
var: «Dayanma, Snikerslə». Kimsə izah edə bilərmi nə demək istəyirlər bu reklam-şüarla?! Bu
reklamı anlamaq mümkün deyil. Ona görə də Azərbaycanda reklam haqqında qanunda müəyyən
dəyişikliklərə ehtiyac duyulur. Dəyişikliklərdən biri də o ola bilər ki, Azərbaycanda gedən
reklam, fərqi yoхdur, yerli və хarici mallar, mütləq azərbaycanlı mütəхəssilər tərəfindən
hazırlanmalıdır. Eləcə də bu sahədə mütləq milli mentalitet nəzərə alınmalıdır. Reklamlarda elə
şeylər verilir ki, baxanlar dəhşətə gəlir . Şəhərimizi açıq-saçıq, bəzən də erotic, pornoqrafik
ştrixlər olan şəkillərdən ibarət reklam brendləri, şəkilləri bürüyüb. Uşaqlar, yeniyetmələr var ki,
həmin o şəkillərə baхanda, ən azı, mənəvi-psiхoloji sarsıntılar keçirə bilərlər. Yəni bunu
tənzimləmək lazımdır. İstər telekanallarda gedən verilişlərarası reklamlarda, istər şəhərdəki
böyük plakatlarda olan bu mənfi cəhətlərə cavab verən dövlət qurumunun ciddi nəzarətinə
ehtiyac var…
Aydın Xan Əbilov, yazıçı-kulturoloq