Milli Televiziya: mədəniyyətimizin yeni qatının uğurları, problemləri. Analitik-ekspert Aydın Xan Əbilovdan kulturoloji yazı
Xatırlayırsızsa, bir neçə il bundan əvvəl milli teleməkanı xaricdəngəlmə yad təsirlərdən qorumaq
məqsədilə telekanallarımızın efirində rəsmi dövlət dilimizin işlənməsi təmin edildi: ona qədər isə
teeviziyamız rus, ingilis, hətta qardaş türkcə “danışırdı”. Bütün verilişlər, eləcə də xaricdən ixrac
edilən filmlər, proqramlar, teleseriallar, bir sözlə, televiziya məhsulları dublyajla təmin olundu –
Azərbaycan dilinə tərcümə olunmağa başlandı: telekanallarımız dilimizə üstünlük verdi.
Dövlətimizin diqqətində olan ana dilimizin inkişafı, mili-mənəvi dəyərlərimizin təbliği, eləcə də
mədəniyyət və ədəbiyyatımızın qorunması, zənginləşdirilməsində teleməkanın rolu əvəzsizdir.
Axı kütləvi elektron informasiya vasitəsi olaraq ictimai düşüncənin formalaşmasında əlahidə
təsir imkanlarına malik televiziyamızın, efir mdəniyyəti və teleestetikamızın inkişafı humanitar-
kulturoloji fikrimizin zənginləşməsi deməkdir. Sirr deyil ki, televiziya insanların estetik
dünyagörüşünün formalaşmasında, xüsusən də yeni nəslin tərbiyələnməsində, uşaq və gənclərə
milli-mənəvi dəyərlərin aşılanmasında xüsusi rolu var.
Milli teleefirin tənzimlənməsi ilə bağlı dünyada və Avropa ölkələrində gedən oxşar proseslərin
tarixi ötən əsrin ortalarından başlayır. Qərb, xüsusən ABŞ-dan şüurlu – ideoloji surətdə ixrac
edilən bayağı kinofilmlər, televiziya proqramları, seriallar, bir sözlə, cəmiyyətin kütləvi
səviyyəsinin dəyişməsinə təsir edən, xalqın bağlı olduğu milli-mənəvi dəyərlərdən uzaqlaşdıran
pop-arta – kütləvi sənət nümunələrinə qarşı əvvəlcə intellektuallar – tanınmış ziyalılar, yazarlar,
jurnalistlər, ardıyca da geniş vətəndaş qrupları, QHT-lər tərəfindən ictimai-sosial etirazlar qalxdı,
daha sonra isə ayrı-ayrı ölkələrin rəsmi dövlət qurumları ciddi addımlar atdılar. Fransa,
Almaniya, İtaliya, İspaniya kimi oturuşmuş Avropa ölkələrində milli teleməkanı amerikan,
yaxud yaddilli məhsullardan, hətta xaricdə istehsal edilən kinofilmlər, teleproqramlardan
qorumaq məqsədilə müəyyən qadağalar qoyuldu, telestandartlar müəyənləşdirildi. Qəbul edilmiş
qaydalara görə yerli və milli telekanallarda xaricdə istehsal olunan efir məhsulları, filmlər və
serialların nümayişi vaxt etibarilə 25-30 faizi üstələyə bilməz…
Dublyajla bağlı Milli Televiziya və Radio Şurasının qərarından sonra nəinki teletərcümə
sahəsindəki boşluq dolduruldu, aktyorlar, səs mütəxəssisləri üçün əlavə qazanc mənbələri, yeni-
yeni iş yerləri açıldı. Eyni zamanda milli dublyaj və tərcümə sənətimizin elektron formaları
inkişaf etməyə başladı. Düzdür, bu sahələrdə görüləsi işlərimiz çox olsa da, ən başlıcası odur ki,
mədəniyyətimizin durğunluqda olan iki sahəsini dirçəldə bildik. Beləcə İnternetin inkişafı, peyk
yayımı ilə əlaqədar dünyada yaşayan 50 milyonluq soydaşımız ana dilimizdə teleməhsullarla
tanışlıq imkanını əldə etdi, üstəlik də dilimizin yeni qatları öz inkişafına başladı.
Yuxarıda sadaladığımız problemlərin həlli ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin
xüsusi qayğısı nəticəsində dövlətimiz teleməkanımızın inkişafıyla əlaqədar vaxtaşırı tədbirlər
görür. Onlardan bir neçəsini xatırlamaq yerinə düşər: Milli Televiziya və Radio Şurasının
yaradılması, Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin (AzTV
və dölət radiosu), İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV, eləcə də İctimai
radio), həmçinin “Mədəniyyət” kanalının büdcədən maliyyələşdirilməsi kimi ciddi addımlar
telemədəniyyətimizin inkişafında əvəzsiz xidmətlər sayıla bilər.
Xaricdə istehsal olunan, çox vaxt milli-mənəvi dəyərlərimizə zidd cəhətlərilə gənclərin əxlaqını,
tərbiyəsini, mənəviyyatını pozan teleseriallardan efirimizi xilas etmək üçün yerli televiziya
məhsullarının istehsalını stimullaşdırmaq qərara alındı. Prezidentimizin qərarı ilə hər il dövlət və
özəl televiziya kanallarımıza yerli teleserial istehsal etmək üçün müsabiqə formasında – qrant
şəklində büdcədən 5 milyon manat vəsait ayrıldı. Beləliklə, yerli kinematoqrafçılar – film və
televiziya sahələrində çalışanlar üçün yeni imkanlar yaradıldı və tezliklə bir neçə milli
teleserialın istehsalına başlanıldı. Bu sahə ilə bağlı yeni qurumlar meydana çıxdı, prodakşın və
özəl film-studiyalar yaradıldı.
Əvvəllər də bizdə yerli seriallar çəkilmişdi, düzdür, bu maraqlı sənət estetikasına cavab verən
yerli nümunələrə az rast gəlsək də, hər halda, tamaşaçıların əksəriyyəti indi də ilk teleseriallardan
sayılan “İtkin gəlin” adlı çoxhissəli televiziya bədii filmini xatırlayırlar.
Dövlət, ya da özəl maliyyə vəsaitləri hesabına çəkilən – 2009-cu ildən bəri ekranlaşdırılan
“Ruhların qovuşan yeri”, “Qaranlıqlar çiçəyi”, “Aramızda qalsın”, “Üç bacı”,, “Bacanaqlar”,
“Ağabəyovlar”, “Döngələr”, “Pərvanələrin rəqsi”, “Sirr”, “Həyat, sən nə qəribəsən?”, “Sonuncu
fəsil”, “Tək olanda, qorxma…” kimi bir çox teleseriallar az vaxt ərzində geniş tamaşaçı kütləsini
toplaya bilib. Mətbuatda və İnternet saytlarında bu serialların bir çoxu tənqid atəşinə tutulsa da,
onlar tele-mədəniyyət tariximizdə artıq yeni sənət hadisələri olaraq düşüblər.
İndiyə qədər dünyada teleserialların ciddi sənətə dəxli olub-olmaması ilə bağlı qızğın
mübahisələr gedir, amma unutmayaq ki, qonşu ölkələrdə elə nümunələrə rast gəlirik ki, onlar
artıq çağdaş dövrümüzün estetik səhifələrində həkk olunmuş qiymətli kreativ əsərlər sırasına
daxil ediliblər. Türkiyədə, Rusiyada çəkilən seriallar isə nəinki teleefirləri doldurmaq üçün
nəzərdə tutulur, həm də ədəbi əsərlərin ekranlaşdırılması baxımından maraq doğurur. Türklərin
“Çalı quşu”, yaxud rusların “Master (Ustad) və Marqarita” serialları həm də geniş tamaşaçı
kütləsini milli ədəbiyyatlarının dəyərli nümunələrinə qayıdışını təmin edib: hər nümayişdən
sonra R.N.Güntəkin və M.Bulqakovun eyniadlı romanlarından ibarət kitabların satışı birə-min
artıb.
Təəssüflər olun ki, bizim yerli teleseriallar tarixində buna oxşar hallarla rastlaşmamışıq: düzdür,
tanınmış nasirimiz Əlibala Hacızadənin məhşur “İtkin gəlin” və başqa romanları əsasında
çəkilmiş çoxhissəli telefilmlər yazıçının əsərlərinə oxucu marağını qismən artırsa da,
ümumiyyətlə, televiziya məhsullarımızın ciddi ədəbiyyata, kitaba, mütaliəyə ciddi təsiri
göstərməsini kulturoloqlar, ədəbi-mədəni ictimaiyyətimiz hələ də arzulayır.
Yuxarıda adını çəkdiyimiz serialların arasında uğurluları da var, amma, ümumən götürüləndə,
zəif, kütləyə faydası az olan, qeyri-maarifləndirici, incəsənətimizin inkişafına təkan verməyən,
kino və televiziya mədəniyyətimizin inkişafına xidmət etməyənlər daha çoxluq təşkil edir.
Seriallarımızı iki yerə ayırmaq mümkündür: komik – daha çox lağlağayla bol olan və
melodramatik – kriminal hadisələri ifrat dərəcədə qabardanlar. Hələ ki ədəbi əsərlərimizin
teleekranizasiyasına rast gəlmirik, min təəssüflər olsun…
Komiklərlə işimiz yox, onlar ayrı araşdırmanın predmetidir, ikinci qism teleseriallarla bağlı
ümumiləşdirici fikirlərimizi çatdırmaqla bu sahənin adamlarına ictimaiyyətimizin səsini
çatdırmağa çalışırıq.
Əksər teleseriallarda gen-bol göstərilən ailədaxili münaqişələr, kriminal-sosial qruplaşmalar,
vətəndaşların silahdan qanunsuz yararlanması və çoxsaylı qətllərdən yetərincə geniş istifadə,
mafioz ünsürlərin həyat tərzi, qadın azadlığının ifratcasına göstərilməsi, yüngüləxlaqlı insanların
qəhrəman səviyyəsinə qaldırmaq, meşşan həyat tərzinin təbliği, narkotikanın, cinayət hallarının
qabardılması, kütləvi cəzasızlıq faktları və s. mənfiliklərə tamaşa edən yerli, yaxud xarici
tamaşaçı xalqımız, cəmiyyətimiz haqqında hansı fikirdə olacaqlarını heç düşünürsünüz, ay serial
çəkənlərimiz?! Bütün cəmiyyətlərdə olduğu kimi, bizdə də müəyyən mənada həllivacib ictimai-
sosial problemlər var, amma sadalanan mənfi halların bir serialda bu qədər qabartmağın, sənətə
və televiziya efirinə daşımağa qəti etirazımızı bildiririk. Bəllidir ki, teleefir geniş kütlələrə,
xüsusən də gənclərimizə, uşaqlarımıza, yenicə formalaşmağa başlayan cavan nəslə hər cür təsiri
əhəmiyyətli dərəcədə böyükdür. Nə üçün elmə, təhsilə, texnikaya, yeniliklərə, kitaba, mütaliəyə,
ciddi sənətə, ədəbiyyat və mədəniyyətə marağı formalaşdıran, telemaarifçilik elementləri ilə bol
seriallar çəkilməsin?!
Çəkilən teleserialların pulu dövlət, yəni büdcəyə vergi ödəyən vətəndaşlarımız tərəfindən verilir,
bunu cəmiyyətin inkişafına yönəli səviyyəli milli televiziya məhsullarına sərf etmək daha
məntiqli, faydalı olmaz?!
Aydın Xan Əbilov

