Polad Həşimov: millətin ürəyində heykəlləsən general…

Əsgərlər çox nadir hallarda öz komandirlərini yadda saxlayırlar, o da çox nadir komandirlərdən idi.

Qədim və şərəfli tarixə malik Azərbaycan xalqı da öz azadlıq və istiqlaliyyəti uğrunda əsrlərlə mübarizə aparmış, onun naminə minlərlə oğul və qızını qurban vermişdir. Bu günümüzün qəhrəmanlıq tarixini bəzəyən oğul və qızlarımız isə son dövrlərin – Qarabağ savaşının qəhrəmanları, ölümləri ilə ölümsüzlüyə qovuşan şəhidlərdir.

Azərbaycanın qəhrəman oğullarından biri – 14 iyulda Tovuz istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıqla şəhid olan, Azərbaycan ordusunun general-mayoru Polad Həşimovdur.
Müharibədə döyüş də var, şəhidlik də. Ancaq vətənə görə döyüşmək lazımdır. Bu döyüşlər Silahlı Qüvvələrimizin bir daha öz üstünlüyünü təsdiq etdi. Bu əməliyyatın Milli Ordumuzun şanlı tarixində öz yeri olacaq.
Ermənistanın Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində həmləsinin qarşısı qətiyyətlə alındı. Onlarla canlı qüvvəsi, zirehli texnikası məhv edilən düşmən geri çəkildi. Atəşkəs olsa da, müharibə hələ başa çatmayıb. Müharibədir və müharibə döyüş deməkdir. Döyüşdə itkilər də olur. İyul döyüşlərində general-mayor Polad Həşimov da şəhid oldu. Xidməti boyunca həmişə özünü Vətənin əsgəri hesab edən general ölümü ilə ölümsüzlüyün nə olduğu duyğularını ictimaiyyətə yaşatdı, düşmənə isə məğlubiyyətin necəliyi duyğularını. Cəsarəti və hünəri ilə Vətəni necə sevməyin, onun uğrunda necə vuruşmağın və necə şəhid olmağın düsturunu təzələdi.
“İnsan var evdən gedir, insan var eldən” məsəlini xatırlayıram. General-mayor Polad Həşimovun şəhidliyi də bu atalar sözünün mahiyyətinə uyğundur. Eldən gedənlərin ölümü daha ağrılı olur. Onu yaxından tanıyanlar da, xidmət yoldaşları da generalın döyüşünü, şəhidliyini Vətən sevgisinin təzahürü bilir. Bu şəhidlik ictimaiyyətdə təəssüflər yaratdı. Bu təəssüfü sevgi yaratmışdı. Azərbaycan Ordusuna sevgi, Azərbaycan Ordusunun şəhid zabitinə, generalına sevgi. Şəhidlik Vətənə görə olur; şəhidlik müqəddəsdi. Müqəddəs şəhidliyin doğurduğu təəssüf də həmişə müqəddəs olur.
Ölüm xatirələrə toxuna bilmir. General-mayor Polad Həşimovla bağlı xatirələr onu tanıyanların yaddaşlarında, sonralar tarixdə yaşayacaq. Əbədiyyən yaşayacaq.
Polad Həşimov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı olanda Qarabağ müharibəsində iştirak etmişdi, Ağdam istiqamətində döyüşmüşdü. Yəni, müharibənin qan rəngli üzü ona yaxşı tanış idi.
Polad Həşimov 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta məktəbdə müəllimlərinin sevimli şagirdlərindən biri kimi tanınıb. Hüquqşünas olmaq istəyirdi.
General-mayor Polad Həşimov haqqında eşitdiklərim, mənə Vətən sevgisinin işığını xatırladır. Onun ömrü işıqlı ömür idi. Bu işıq əbədiyyən azalmayacaq. Çünki generalın xidmətdə sədaqəti, Vətənə sevgisi, döyüşlərdə bacarığı və cəsarəti neçə-neçə əsgərin, zabitin ömründə davam edəcək.
Polad Həşimov Komandir kimi həmişə tabeliyində olan zabit və əsgərlərin qayğısına qalmağa çalışırdı.

Polad Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.
Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.
Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.
2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Ötən ildən Bakı şəhərinin küçələrindən biri Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.

Polad Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.

Polad Həşimovun özündən sonra millətə iki oğul və bir qız övladı yadigar qalıb.

Mən YAP-ın Üzvü və Xətai Rayon İcra Hakimiyyətinin Könüllüsü Fərid Şərifov Olaraq Bildirmək İstəyirəm ki Polad Həşimov əfsanəyə dönən general kimi yaddaşlarda və tarixlərdə qalacaq.
Ruhumuz şad olsun, Milli Qəhrəman əfsanəyə dönən general Polad Həşimov: hər zaman qəlbimizdəsiniz.

Hazirladi: Fərid Şərifov,

YAP Üzvü, Xətai Rayon İcra Hakimiyyətinin könüllüsü, İDEA İctimai Birliyin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir