Geo-siyasət: iİtirən Rusiya və Ukrayna, qazanan isə onlardır…

Fevralın 24-də Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı xüsusi əməliyyatlar dünyanın düzənini dəyişdi. Müharibənin taleyi, kimin qalib, kimin məğlub olacağı sual altındadır. Görünən odur ki, ağır itkilərə baxmayaraq, tərəflər – Rusiya və Ukrayna sonadək vuruşmağı hədəfləyir. 

Müharibə iki ölkə arasında davam etsə də, yan təsirləri dünya dövlətlərindən yan keçmir. Müharibənin qalibi bəlli deyil, ancaq savaşdan qazanclı çıxan qüvvələrin olması istisna edilmir. Adətən, qazanclı ölkələr belə vəziyyətdə müharibənin daha da genişlənməsinin tərəfdarı olurlar və mümkün vasitələrlə əməliyyatların dayandırılmasını ləngidirlər.

Rusiya-Ukrayna müharibəsindən qazanclı çıxan üçüncü tərəf hansı ölkələrdir?

Modern.az xəbər verir ki, bəzi ekspertlərin fikrincə, Rusiya və Ukrayna arasında müharibə cari ilin sonuna qədər yüksək intensivlik səviyyəsində davam edəcək. Gələcək illərdə isə müharibənin daha az tempdə davam edəcəyi gözlənilir.

Rusiya ilə müharibə hələ nisbətən erkən mərhələdədir və burada bir neçə mümkün nəticələr ola bilər. Bunlar Rusiyanın daha çox ərazini ilhaq etməsi, münaqişənin danışıqlar yolu ilə həlli məsələsidir. Bununla belə, bir neçə amilin müharibəni uzatmasını gözləyə bilərik. 

Ukrayna hökuməti və xalqı göstərdi ki, onlar öz milli suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün böyük fədakarlıqlara hazırdırlar. Nə qədər ki, Rusiya Ukrayna torpaqlarını işğal edir, Ukrayna hökumətinin bu fundamental məsələdə güzəştə getməsi çətin olacaq.

Belə bir fikir var ki, Rusiyanın işğalını dəf etmək və müharibəni bitirmək üçün Ukraynaya kömək etməkdə Qərbin dəstəyi həlledici rola malikdir. Amma Qərbin birbaşa iştirakı olmadan dəstəyi Ukraynaya Rusiyanı məğlub etmək üçün kifayət etmir. Eyni zamanda, müharibəni daha da alovlandırır. Qərb ölkələri müharibədə Ukraynaya silah, kəşfiyyat, hərbi təlim və maliyyə dəstəyi verir və proses bu gün də davam edir. 

Uzunmüddətli olaraq ABŞ əvvəlcə ölkəni müharibə səylərini maliyyələşdirməyi öhdəsinə götürüb. Böyük Britaniya və digər Avropa ölkələri isə silah və hərbi yardımlar göstərib. Buna baxmayaraq, Ukrayna rəhbərliyi NATO-nun müharibə səylərini dəstəkləmək üçün daha çox iş görməməsindən, məsələn, uçuşa qadağa zonası tətbiq etməməsindən məyusdur, Qərb ölkələri Kiyevin təklifinə hazır deyil, çünki bu, əslində Rusiyaya qarşı müharibə elanı deməkdir. Lakin nə qədər ki, Qərb Rusiyaya qarşı Ukraynanı dəstəkləyəcək, Kiyev hökuməti hələ uzun müddət mübarizə aparmalı olacaq.

Bəs Qərbin qazancı nədir?

Ukrayna-Rusiya müharibəsi uzun sürən münaqişə bölgəsinə çevrildikcə buradan bəzi ölkələr qazanclı çıxa bilər. Gələcəkdə Ukrayna Avropanın Suriyasına çevrilmə təhlükəsi ilə üz-üzədir. Burada əsas məsələ yenə də dünya ölkələrinin maraqlarının toqquşması ola bilər.

Hazırda Qərbin ən böyük rəqiblərindən olan Rusiya Ukrayna vasitəsi ilə sıradan çıxmaq mərhələsindədir. Bunun üçün Qərb müharibədən qalib çıxmaq niyyətindədir. Belə olan halda Qərb müharibənin nəticələrini əvvəlcədən hesablamağa başlayıb. Sanksiyaların nəticəsinə əsasən, Qərb Rusiyanı dünyadan təcrid edərək, ən böyük rəqibini aradan çıxaracaq.

Qərb bunu xalqlar arasında da edir. Belə ki, dünyada rusiyapərəst olan bəzi ölkələrin vətəndaşları da artıq Rusiyaya qarşı çıxır. Siyasi ekspertlərin fikrincə, xalqlar arasında nifaq bir hakimiyyətin süqutu deməkdir. Qərb Rusiyaya qarşı mübarizədə məhz bu yoldan da istifadə edir.

Müharibənin gedişatı göstərir ki, Rusiyaya qarşı olan sanksiyaların genişlənməsindən qazanclı çıxan ölkələr də az deyil. Neft və qaz tədarük edən ölkələr sanksiyalardan istifadə edərək, Rusiyanın dünya bazarındakı yerini tutmağa çalışır. İndi həm də iqtisadi maraqların savaşı qızışma mərhələsindədir. 

Müharibənin sonu necə olacaq?

Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə bitməsi perspektivi olduqca uzaq görünür. Ukrayna müharibədə qalib gələ biləcəyinə inanır və Rusiyaya güzəştə getməyə meylli deyil. Rusiyanın amansız müharibəsi Ukraynanın danışıqlarda ərazilərini təslim etməsini mənəvi və siyasi baxımdan ağlasığmaz edib. Bu arada Rusiya məğlubiyyət kimi ifadələrin onlara şamil olunmayacağını deyir.

Hətta Rusiya və Ukrayna sonda sülh razılaşmasına nail olsalar belə, çətin ki, bu, stabil nizamlanmaya gətirib çıxarsın. Donbasda Rusiya və Ukrayna arasında münaqişəyə son qoymağa çalışan 2014-cü ildə imzalanmış Minsk protokollarının uğursuzluğu buna misaldır. Protokollar döyüşləri müvəqqəti olaraq dayandırdı, lakin sonradan qısamüddətli toqquşmalar illər boyu davam etdi. Eynilə, Ukraynadakı hazırkı müharibəni bitirmək üçün razılaşma sadəcə yeni mərhələyə başlamadan əvvəl müvəqqəti fasilə kimi qiymətləndirilə bilər. 

Tarixdən də bəllidir ki, Rusiya öz məqsədlərini həyata keçirənə qədər başladığı yoldan dönmür. Bu ənənə Ukrayna müharibəsində davam edəcəkmi, bunu zaman göstərəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir