Aktual: yay aylarında tez-tez rastlaşdığımız xroniki yorğunluq nədir, qarşısı necə alınmalıdır?
“Xroniki yorğunluq sindromu ilk dəfə 1984-cü ildə qoyulub. Belə xəstələr adətən halsızlıqdan, əhval-ruhiyyənin olmamasından, əzələlərdə olan ağrılardan, baş ağrılarından, iştahszılıqdan, hətta miqren tipli ağrılardan tez-tez şikayətlənirlər”.
Bu sözləri Ölkə.Az-a açıqlamasında terapevt Sevinc Abbasova yay aylarında müşahidə olunan xroniki yorğunluq sindromundan danışarkən deyib. O bildirib ki, bəzi hallarda xroniki yorğunluq insanların xəstələnib yatağa düşməsinə belə səbəb ola bilir:
“Bu sindromdan əziyyət çəkənlər özlərini narahat, yorğun hiss edirlər. Bəzən xəstələr sadəcə yataraq bunun keçməsini gözləyirlər, amma bundan xilas olmağın yolları var. Xroniki yorğunluq sindromu xəstələrdə fibrimiargik ağrıların güclənməsinə, hətta depressiyaya qədər gətirib çıxara bilər.
Alimlərin apardığı araşdırmalar zamanı məlum olub ki, insanlar günəş şüalarının altında uzun müddət olduqları üçün xroniki yorğunluq sindromu bu fəsildə kəskinləşə bilər”.
Həkim bu sindomdan qurtulmağın yollarını da açıqlayıb:
“Bu sindromun qarşısını almaq üçün şəxs əgər çox gərgin işlə məşğul olursa, bir müddət fasilə verməli, əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün ailə üzvləri ilə daha çox vaxt keçirməli, stresdən uzaq durmalıdır.
Xroniki yorğun şəxslər günün qızmar vaxtı çöldə daha az vaxt keçirməli, bol maye qəbul etməli, axşam hava sərinlədikdən sonra 1-1.5 saat təmiz havada gəzməli, yay vaxtında olan meyvələrdən bol-bol yeməlidir. Çünki meyvələr bir sıra vitaminlər və mikroelementlərlə zəngindir. Bundan əlavə, sadaladığım əlamətləri olan şəxslər hovuza gedə bilər. Yorğunluq hiss edən şəxslər heç olmasa, həftədə bir dəfə təbiət qoynunda dincəlməlidir.
Digər tərəfdən alkoqol qəbuluna və siqaretə fasilə vermək, yüngül idman növləri ilə məşğul olmaq lazımdır”.
Terapevtin sözlərinə görə, xroniki yorğunluq sindromu üçün diaqnoz qoyulması çox çətindir:
“Bizə də xroniki yorğunluqla bağlı müraciət edənlər olur. Son vaxtlar müraciət edənlər demək olar ki, özlərini pis hiss etdiklərini, dəfələrlə həkim qəbuluna getsə də, ona diaqnoz qoyulmadığını deyir.
Müvafiq müayinə və analizlərdən sonra müraciət edən şəxslərdə hər hansı xəstəlik əlamətləri aşkarlanmırsa, o halda xəstəyə xroniki yorğunluq sindromu qoyulur.
Ona görə də bu xəstəliyin diaqnozunu qoymaq çox çətindir. Məsələn, xəstə deyir ki, artıq işə getmək istəmirəm, işə gedəndə əsəbləşirəm, insanlar məni qıcıqlandırır, axşama qədər özümü piss hiss edirəm və s.
Xroniki yorğunluq sindromunun ən çox rast gəlindiyi və araşdırıldığı ölkə ABŞ-dır. Hətta bu ölkədə illərlə yataq xəstəsi olan qadının xroniki yorğunluqdan əziyyət çəkdiyi üzə çıxıb.
Maraqlısı odur ki, xroniki yorğunluq ağır dərman preparatları ilə müalicə olunmur. Düzgün qidalanma, idman növləri və xəstəni depressiyadan çıxarmaqla bu sindromdan qurtarmaq olar. Qidalanma elə olmalıdır ki, bütün karbohidrat, zülallar, mikroelemtlər balanslaşdırılsın. Düşünürəm ki, xroniki yorğunluq sindromun əmələ gəlməsində elə mikroelemetlərin defisiti gedir ki, biz onların diqnozunu qoya bilmirik.
Bir məsələ də var ki, bu sindromdan şikayət edənlər həkimin tövsiyələrinə mütəmadi əməl etməlidir. Əks halda, xroniki yorğunluq insanı şikəst edib yatağa sala bilər”.
Billurə Yunus

