“Toy mərasimlərimizin əvvəlki mahiyyətini geri qaytarmaq üçün cəmiyyət etiraz etməlidir” – VCA və YYSİB sədri Aydın Xan Əbilov

Azərbaycanda toy etmək mədəniyyəti əsrlər boyu inkişaf edib, zəngin adət-ənənəmizin vacib elementinə çevrilib. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı, xalqımıza xas olan bütün müsbət xüsusiyyətləri özündə əks etdirib.

Lakin müstəqillik dövründən başlayaraq, ölkədə toy mərasimləri əvvəlki mahiyyətini itirərək, bir növ bəhsə girmə, israfçılığa çevrilib. Toy sahibləri “qonşudan qalma geri” məsəlini əsas tutaraq daha gözəl, daha bahalı toy təşkil etmək, daha məşhur müğənniləri dəvət etmək, buna görə öyünmək üçün “dəridən-qabıqdan” çıxır, hətta külli miqdarda borca da düşürlər. Toy məclislərində yaşanan israfçılıq haqda da dəfələrlə yazılıb, lakin hələ ki bu lüzumsuz dəbdəbənin qarşısı alınmır.

Toy və yas qaydalarını pandemiya da dəyişmədi. Pandemiya dövründə toy mərasimləri uzun müddət qadağan edildi. Karantin qaydaları nisbətən yumşalanda insanlar kiçik, açıq havada məclislər təşkil edirdilər. Həmin vaxtlarda belə fikir formalaşmışdı ki, artıq dəbdəbəli toylar geridə qaldı, yeni qaydalar formalaşacaq. Lakin postpandemiya dövründə əksini görürük, toy biznesi indi daha ifrat və israfçı vəziyyəti alıb. 

Bəs nə etməli? Azərbaycanın adət-ənənələrini özündə əks etdirən, əsl mahiyyətini itirən toylarımıza necə dönüş edək?

Mövzu ilə bağlı Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kulturoloq Aydın Xan Əbilov “Yeni Müsavat”a danışıb.

Onun sözlərinə görə, toy yalnız iki gəncin şadlıq məclisi deyil, tarixən formalaşmış xalqımızın estetik sivil həyat tərzini özünə ehtiva edən çox böyük bir mədəniyyət, iqtisadiyyat, sosial etnoqrafik  bir hadisə kimi qəbul edilməlidir: “1992-ci illərdən bu yana toy iki gəncin birləşməsi, yeni Azərbaycan ailəsinin yaranmasını nümayiş etdirən bayram simasından çıxaraq,  iqtisadi, insanların digərlərindən fərqlənməsi üçün ”özünü göstərdiyi” bir məişət hadisəsinə çevrilib. Baxırsan ki, toylarımız artıq getdikcə şou-biznesin bir elementinə, obrazlı ifadə etsək, maddiyyata söykənən bir hadisəyə çevrilməyə başlayıb.

Keçmişdə iki gəncin evlənməsi çox böyük məsuliyyət hesab oldunduğuna görə qohum-əqrəba,  qonşular, eləcə də uzaqdan gələn dost-tanışın iştirakı ilə keçirilərdi. Gələn qonaqlar yeni evlənənlərə öz xeyir-dualarını verər, bir növ onların izdivaca girməsinə şahidlik edərdilər. Bu da gələcəkdə bağlanan nikahın pozulmasının qarşısını alırdı, gənclər, nəsillər arasında ünsiyyətin  möhkəmlənməsi ilə yanaşı, sosial məsuliyyət yaradırdı. İstər-istəməz gənclərimizin gələcəkdə daha məsuliyyətlə ailə münasibətlərinə diqqət ayırmasına səbəb olurdu. Keçmişdə qadın və kişi toyu  ayrıca keçirilirdi. Elçilikdən tutmuş, nişan, “paltarkəsdi”,  xınayaxdı, “ciyəraxşam”ı, qız toyu, oğlan toyu, yeni evlənənlərin çilə çıxarması, valideynlərin qonaq gəlməsi, bəy-gəlinin qayınana-qayınata üzünə çıxarılması, toyun bir illiyində uşağın  doğulması və sairə hamısı toy mərasiminin əhatəsində qeyd olunurdu.  İndi bu adətlərin böyük əksəriyyətini artıq ixtisara salmışıq və toyu yalnız hansısa şadlıq evi, restoran  çərçivəsinə sığışdırmışıq. 

Qeyd etdiyim kimi, indi toy mərasimləri daha çox şadlıq evləri sənayesinin inkişafına təsir edən mədəniyyət hadisəsi kimi yadda qalır. İndi toy yalnız iki  nəfərin evlənməsi deyil, həm də şadlıq evlərinin, restoranların işləməsi, kənd təsərrüfatı məhsullarının satışı, sənayenin inkişafı, zərgərlik, mebel, paltar mağazalarının, gözəllik, bərbər salonlarının qazanc əldə etməsi, hətta maşın kirayə verilməsi, musiqiçilərin, müğənnilərin qazanc yeri kimi nəzərdə tutulur. Yəni toy indi çox geniş iş yeri deməkdir. Nəticədə toy mədəniyyət, məişət hadisəsindən çıxaraq, daha çox biznesin inkişafı hadisəsinə çevrilib. Artıq toyun ilkin mahiyyəti itib, ruhi fəlsəfəsi arxaya atılıb.

Pandemiya və postpandemiya dövründə toy mərasimləri ilə bağlı islahatlar olacağını gözləyirdik. Məlum olduğu kimi, karantin dövründə toylara müəyyən sayda qonaqlar gələ bilərdi. Lakin görürdük ki, kimlərsə gizlincə, özünün və digərlərinin sağlamlığını təhlükəyə ataraq, daha çox qonaq çağırmağa cəhd edirdi. Yəni sağlamlıqlarını qurban verməyə hazır idilər, təki toya 500 nəfər qonaq gəlsin. İndi toy mərasimləri əvvəlki kimi gənclərə dəstək məqsədini həyata keçirmir. Əksinə, indi toydan xeyir götürülmür, böyük əksəriyyət hallarda toy sahibləri toydan borc-xərclə ayrılır. İnsanlar var ki, toyun təmtəraqlı keçməsi, öz gücünü, iradəsini göstərmək üçün kreditə girir, böyük xərcə düşür.

Beləliklə, toy mərasimlərimizin əvvəlki mahiyyətini geri qaytarmaq üçün ziyalılarımız, KİV nümayəndələri, dövlət rəsmiləri, sadə vətəndaşlar, hər kəs etiraz etməlidir”.

Xalidə GƏRAY –https://musavat.com/news/elimin-toy-kimi-adeti-var-amma_901452.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir