ABŞ ordusunda xidmət edən şamaxılı: “Kaliforniyada İlham Əliyevin çıxışına baxırdılar…” – xaricdə uğur qazanan azərbaycanlı
ABŞ ordusunda xidmət edən azərbaycanlı Siyamək Şirəliyevin Ölkə.Az-a müsahibəsini təqdim edirik:
– Salam, Siyamək bəy, müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirəm. Əvvəlcə özünüz haqqında bir az məlumat verərdiniz.
– 1991-ci il, fevralın 7-si Şamaxıda doğulmuşam. Orta təhsilimi Tofiq İsmayilov adına 6 nömrəli məktəbdə almışam. Azerbaycan Texniki Universitetinin Telekommunikasiya ve Rabitə fakültəsini bitirmişəm. Təhsilimi bitirdikdən sonra Murovda N saylı hərbi hissədə 1 il pulemyot atıcı kimi qulluq etmişəm.
– Maraqlı adınız var. Adınızı kim qoyub?
– Adımı babam qoyub. Əslən Cənubi Azərbaycandan, Təbrizdənik. Səhv etmirəmsə, adım fars mənşəlidir. Mənası isə “siyah gecə” deməkdir. Bildiyim qədərilə, Siyamək İran sərkərdəsinin adı olub. Babam onun həyatı ilə yaxından maraqlanıb və yəqin buna görə adımı Siyamək qoyub.
– Vətən müharibəsində iştirak etmisiniz?
– 2014-cü ilin iyulundə hərbi xidmətdən gəldikdən sonra təhsilimlə bağlı İngiltərənin paytaxtı Londona köçdüm, ondan sonra isə ABŞ-a getdim. Bu illər ərzində cəmi 3 ay Azərbaycanda olmuşam.
Vətən müharibəsi zamanı 7 il idi ki, vətəndən kənarda idim. Hazırda da ABŞ-ın Massaçusets ştatında yaşayıram. Vətən müharibəsi başlayanda artıq ABŞ ordusunda qulluq edirdim. Azərbaycana gəlib müharibəyə qoşulsaydım, məni ABŞ qanunlarına əsasən, cəzalandırardılar. Bu barədə mənə xəbərdarlıq edilmişdi. Əfsus ki, ona görə müharibəyə qoşula bilmədim.
– Necə oldu ki, xaricdə yaşamağa qərar verdiniz?
– Londondakı təhsilim sırf ingilis dili biliyimlə bağlı idi. Bunu təkmilləşdirmək üçün bir şirkətə müraciət etdim və kollecdən dəvət aldım. Bunun əsasında viza alaraq bir illik Londona köçdüm. Bu müddətdə həyat və təhsil səviyyəsinin, tolerantlığının nə qədər öndə olduğunu gördüm və xaricdə yaşamağa qərar verdim. Təhsilimi bitirdikdən sonra statusumu qorumaqdan, illeqal vəziyyətə düşməməkdən ötrü Azərbaycana dönməli oldum. O zamanlar dostum Virciniya ştatında yaşayırdı. Onun dəvəti ilə müraciət edərək turist vizası aldım.
– Hazırda isə ABŞ ordusunda maaşla xidmət edirsiniz…
– Bəli, elədir ki var. Düzünü desək, maaşdan da çox orduda xidmət etməyin üstünlükləri var. Bu üstünlüklərdən yararlanmaq maaşdan da yaxşıdır deyə düşünürəm. Əlbəttə ki, ABŞ kimi bir ölkədə hərbçi statusu çox yüksək səviyyədə qiymətləndirilir deyə belə bir seçim etdim.
– Hansı üstünlüklərdən söhbət gedir?
– ABŞ-da hərbçi olduqdan sonra dövlət sənə pulsuz təhsil üçün şərait yaradır. Daha sonra sağlamlıq sığortası, ərzaq və geyim mağazalarında hərbçilər üçün 30% endirim, ilkin ödənişsiz çox aşağı faizlə ipotekaya mənzil almaq imkanları var. ABŞ-da yaşayış çox bahadır. Kirayə haqları da həmçinin. Amma burada ordu hərbçilərin kirayə xərclərini də ödəyir. Burada “bud camp” deyilən sınaq dövrü var və 4-6 ay arasında dəyişir. Bu dövr ərzində də dövlət xərclərinizi qarşılayır. Hətta hərbçi evlidirsə, ailəsi də haradasa kirayə qalırsa, həmin xərcləri də ödəyir.
ABŞ ordusunda boyun o qədə də önəmi yoxdur. Amma çəkiniz mütləq boyunuza uyğun olmalıdır. Tibbi yoxlanışlar zamanı çəki az və ya normadan çox olarsa, hərbiyə götürülmürsünüz.
– Bəs necə oldu ki, orduda xidmət etməyə qərar verdiniz? Hər müraciət edəni orduya qəbul edirlər?
– Əlbəttə ki, ki yox. Müəyyən şərtlər var. Birinci növbədə müraciət edən şəxsin yaşayış icazəsi olmalıdır. Müraciət etdikdən sonra isə ABŞ Müdafiə Nazirliyi araşdırmalar aparır. Doğulduğun, təhsil aldığın yerdən, yaşadığın ölkədən məlumatları yoxlayır. Əgər keçmişdə hansısa kriminal hadisə, narkotik aludəçiliyi, hansısa pis işlərdə əliniz varsa, bunu müəyyən edib ortaya çıxarırlar. Təbii ki, belə olan halda həmin şəxsi orduya götürmürlər. Buna “backround chek” deyirlər. Həmin mərhələni keçdikdən sonra isə sizi imtahana göndərirlər. İmtahan iki cür olur: yazılı və fiziki. Yazılı imtahanda riyaziyyat, informatika, məntiq və maşınqayırma haqqında suallar düşür. Universitetə qəbul imtahanı kimi yığdığın bala görə ixtisas seçə bilirsən. Orada müxtəlif brençlər var: “army”-milli ordu, “air force”- hava qüvvələri, “navy”-donanma, “marine corps”-dəniz piyadaları və s. Yığdığım bala uyğun olaraq “Army”ə düşdüm. Qəribə olsa da, burada pulemyot atıcı oldum.
İkinci mərhələ isə fiziki imtahandır. Bu zaman qoyulmuş vaxt ərzində müəyyən məsafəni qaçmaq, sinədən ştanq qaldırmaq, beli dikəltmək şərti ilə ştanqı yerdən qaldırmaq, turnik, brus və s. Bunları keçdikdən sonra artıq onlar sizi orduya götürüb-götürməməklə bağlı qərar verirlər. Bütün mərhələləri tam keçdikdən sonra isə yekun qərar üçün sizi tibbi yoxlanışa göndərirlər. Burada sizin nə qədər hərbiyə yararlı olub-olmadığınızı yoxlayırlar və analizlər götürürlər. Sonra isə nə qədər müddət xidmət etmək istəyirsinizsə, ona uyğun müqavilə bağlanır.
– Sizdən başqa da orada xidmət edən azərbaycanlı varmı?
– Xidmət etdiyim hərbi bazada yeganə azərbaycanlı mən idim. Hazırda zədəm var deyə, tibbi məzuniyyətdəyəm. Bakıya ailəmi görməyə gəlmişəm.
– ABŞ ordusunda xidmət etmək necə hissdir? Azərbaycanda xidmət edən hərbçi həm də vətənpərvərdir. Çünki öz vətənindədir. Bəs siz necə hiss edirsiniz? Sadəcə, iş kimi yanaşırsınız, yoxsa…?
– Qürurverici bir hissdir. “Bud camp” dövründə Corciya ştatının N saylı hərbi bazasında etmişəm. Həmin vaxt Vətən müharibəsi başladı. Bu barədə orduda məlumat var idi. Bölük komandirlərim “Azərbaycanda hərbidə olmusanmı” deyə soruşurdular. Deyirdilər ki, siz artıq qələbə çalmaq üzrəsiniz. Təbii ki, eşitdiklərim məni çox qürurlandırırdı. Eyni zamanda qonşu bölükdə erməni də xidmət edirdi. Biz onunla eyni ərazidə sıra düzülüşündə dururduq və hər gün içimdəki o kin-küdurəti boğmaq məcburiyyətindəydim. Əgər müharibə olmasaydı və ya bizim əleyhimizə getsəydi, mən ona yaxınlaşıb bir-iki söz deyərdim. Sadəcə olaraq müharibə getdiyi dönəmdə biz artıq qələbə çalmaq üzrəydik. O mənimlə üzbəüz gələndə bilirdi ki, azərbaycanlıyam. Çünki biz idmana da eyni vaxtda gedirdik. O həmişə gözlərini məndən qaçırırdı. Böyük ehtimalla, bizim qalibiyyətimiz barədə o ailəsindən eşitmişdi. Biz qələbəyə doğru getdikcə onun necə məhv olduğunu görmək olurdu. Həmin anda ölkəmə, ordumuza görə çox qürurlanırdım.
– Deməli, orduda Azərbaycan haqqında bilirlər. Müharibədən əvvəl də Azərbaycanı tanıyırdılarmı?
– Ordu sahəsində nəinki Azərbaycanı, hətta ən xırda respublikaları belə tanıyırlar. Çünki bu, birbaşa vəzifə borclarıdır, amma ümumi əhali o qədər də məlumatlı deyil. Vətən müharibəsindən sonra biz daha çox tanındıq. Eyni zamanda ABŞ-da Azərbaycanı həm də Formula-1 yarışlarına görə tanıyırlar. Yəni bu yarışların da hardasa rolu var.
– Vətən müharibəsini ABŞ milli ordusunda komandirləriniz, hərbçi yoldaşlarınız necə qiymətləndirirdi?
– Təbii ki, çox yüksək qiymətləndirirdilər. “Bud camp”dan sonra bizə məzuniyyət verilmişdi. Mən onda Kaliforniya ştatına getmişdim. Məlumdur ki, Kaliforniyada erməni lobbisi çox güclüdür. Oradakı bir çox maşınların üstündə onların qondarma respublikalarının bayrağı asılmışdı. Əlbəttə ki, bu, əbəs oldu.
Kaliforniyada olanda oradakı dostumla bir restoranda oturub nahar edirdik. Restoranda böyük bir monitor vardı. Birdən Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını verdilər və hərbi hücumlardan da kadrlar göstərdilər. Prezident danışırdı və altda ingilis dilində subtitrlar gedirdi. Bizim növbəti qələbəmiz haqqına məlumat verirdilər. Səhv etmirəmsə, Prezident o gün Füzuli rayonunun işğaldan azad edildiyini açıqlamışdı. Hamı diqqətlə İlham Əliyevin çıxışına baxırdı. O anda restorandakıların marağı məni xeyli təəccübləndirdi. Növbəti dəfə qürurlandım.
– ABŞ ordusunda vətənpərvərlik hansı səviyyədədir?
– Təbii ki ABŞ əsgəri də cəsur və vətənpərvərdir. Belə deyək, buranın əsas da kənd caamaatı vətənpərvərdir. Çox soyuqqanlı olsalar da, söhbət ABŞ-ın azadlığından və demokratiyasından gedirsə, bu uğurda canlarından keçməyə hazırdırlar.
– Orduda sıravi əsgər kimi xidmət edirsiniz, yoxsa hərbi rütbəniz var?
– Azərbaycanda ali təhsilim olduğuna görə məni ABŞ-də hərbi xidmətə qəbul edəndə sıravi əsgər kimi yox, rütbə ilə götürdülər. Bu rütbə də “specialist”(mütəxəssis) adlanır. ABŞ ordusunda adi əsgər kimi xidmətə başlasan, “specialist” olmaq üçün gərək 4 rütbə yüksələsən. Papağımın üzərindəki simvol da rütbəmi bildirir.
Rütbəni yüksəltməkdən ötrü imtahanlar vermək lazımdır. Yəni sadəcə neçə il stajın olmasından asılı deyil.
– ABŞ-ın müxtəlif ölkələrdə hərbi əməliyyatları olur. Əfqanıstanda hərbi texnika və qüvvələri vardı. O cümlədən Yaxın Şərqdə. Həmin qaynar nöqtələrə göndərilmə ehtimalınız varmı?
– Əlbəttə ki, belə bir ehtimal hər zaman var.
– Ümumiyyətlə, nə vaxtsa, hərbi əməliyyatlarla bağlı hansısa ölkəyə göndərilmisinizmi?
– Bu suala cavab verə bilmərəm.
– ABŞ ordusuna yazılmağa qərar verəndə ailənizin reaksiyası necə oldu?
– Evin tək övladıyam. Anam bu qərarımdan çox narazı idi. Qəti şəkildə istəmirdi. Birtəhər razı saldım, xeyir-duasını aldım. Hələ də evə gec gələndə anam narahatlıq keçirir. Analar üçün biz hər zaman uşağıq.
– Azərbaycanı xaricdə necə təmsil edirsiniz?
– Həmişə çalışmışam ki, düşdüyüm mühitdə Azərbaycanı və xalqımızı tanıdım. Bizim kim olduğumuzu, necə cəsur, mərd millət olduğumuzu göstərməyə çaışmışam və buna nail olmuşam.
2018-ci ildə Merilend ştatında keçirilən ciu-citsu və qraplinq üzrə yarışda ştat üzrə 3-cü yeri tutumuşam və Azərbaycan bayrağını dalğalandırmışam.
Bundan əlavə, hərbçilər arasında keçirilən qraplinq yarışında da iştirak etmişəm. Azərbaycan bayrağı altında mübarizə apardığm yarışda da amerikalı rəqibim Samuel Qdovskini məğlub edərək birinci yerə yüksəlmişəm.
– Artıq neçə ildir ordudasınız?
– Yanvarda iki il olacaq. Müqaviləm bitənə qədər xidmətimi davam etdirəcəyəm. Müqaviləmin müddəti 3 illikdir, uzatmağı düşünmürəm. Hər şey qədərində gözəldir. Orduda xidmət etdiyim üçün burada bir çox sahədə mülki işlərdə mənə yaşıl işıq ola bilər.
– İşinizdən yorulduğunuz anlar olub?
– Rejim ciddi olduğuna görə günlər monoton keçir. Hər bir işin öz çətinliyi var. Bununla psixoloji mübarizə aparmağa çalışıram.
– Nə vaxtsa Azərbaycana qayıtmaq fikriniz var?
– Düzü, vətənə ancaq ailəmi görməyə və gəzməyə gəlirəm. Çünki artıq mən ABŞ-da məskunlaşmışam. Çox vətənpərvər insanam. Əfsuslar olsun ki, karyeramı Azərbaycanda qura bilmədim.
– Son olaraq əlavə etmək istədiyiniz nəsə var?
– Allah şəhidlərimizə rəhmət eləsin. Bu torpaqda başı uca gəzdiyimiz üçün haqlarını bizlərə halal edərlər, inşallah. Yaşasın Azərbaycan!
Söhbətləşdi: Billurə Yunus

