Aydın Xan Əbilov: “Əgər küçə musiqiçiləri minimal əməkhaqqı həcmində qonorar almırlarsa, onda əməkhaqqı fondu yaradılsın…”

Küçə musiqiçilərindən Bakı İcra Hakimiyyətinə maraqlı tənə – nə qazanırıq ki, lisenziya da alaq?!

 Dünyanın hər yerində küçə musiqiçiləri azad şəkildə fəaliyyət göstərir. Onlar  meydanlarda, parklarda, yeraltı keçidlərdə, metro stansiyalarının yaxınlığında, bir sözlə, gəliş-gedişin gur yerində çalıb-çağırırlar, beş-on manat pul qazanırlar. Ədalət naminə deyək ki, küçə musiqçilərinin arasında kifayət qədər istedadı olanlar da olur, amma onlar “ya zəlzələdən, ya da vəlvələdən” peşəkar səhnəyə yox, küçələrə düşüblər. Burada şans da öz sözünü deyir.

Bu gün Bakıda da küçə musiqiçilərinə, küçə rəssamlarına tez-tez rast gəlirik. Təbii, musiqiçilərin sayı daha çoxdur. Hər hansı bir musiqi alətində ifa etməyi bacaran gənclər küçə musiqiçiliyi ilə məşğul olurlar. Bəzən görürsən ki, onların əksəriyyəti sanki “qaçaq” kimi fəaliyyət göstərir. Bəzi küçə musiqiçiləri ilə söhbətimiz zamanı bəzi hallar üzə çıxdı.  Onlar iddia edirlər ki, küçədə musiqi alətlərində ifa edib beş-on manat qazanmalarına mane olanlar var. Onların sözlərinə görə, BŞİH onlardan tələb edir ki, Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən  fəaliyyət göstərmələrinə dair lisenziya alsınlar. Amma onlar heç cür bu lisenziyanı ala bilmirlər. Şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən küçə musiqiçiləri qeyd edirlər ki, onlardan lisenziya tələb edənlər özlərini gah BŞİH-nın əməkdaşları, gah da vergi işçisi kimi təqdim edirlər.

Küçə musiqiçilərindən fəaliyyətinə görə nə üçün lisenziya tələb edilir? Onlar nə qazanır ki, lisenziya da alsınlar?

Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən “Bakı-Xəbər”ə verilən məlumata görə, sözügedən lisenziyanı bu qurum vermir: “Biz belə bir lisenziya vermirik”.

Məsələyə ilə bağlı BŞİH-nin mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdimiz alınmadı, amma təqdim edilərsə mövqelərini dərc edə bilərik.

  • “…Lisenziya tələb edilirsə, onda dövlət qurumları şəhərin ayrı-ayrı yerlərində onlar üçün xüsusi yerlər yaratsın”

Yeni Yazarlar və Sənətçilər Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində bildirdi ki, dövlət öz yaratmış olduğu sistem və texnologiyalarla tanınır, ayağa durur və inkişaf edir, onun sərhədləri çərçivəsində vətəndaşların firavan yaşayışını təmin edir. A.X.Əbilovun sözlərinə görə, bütün bunları nə qədər tez anlasaq və onu da qəbul etsək ki, verdiyimiz sosial ödəmələr, vergilər, gəlirlərlərimizdən gələn müəyyən faizin dövlətin vergi sistemi vasitəsilə ölkənin inkifaşına, vətəndaşın rifahına yönəltsək çox yaxşı olar: “Əlbəttə, bu halda ölkədə nə rüşvətxorlar məmurlar, nə insanlar bir-birinin əlinə baxıb bir-birindən “şirinlik” umacaqlar. Bu baxımdan, hər bir işləyən vətəndaş düşünməlidir ki, öz ailəsini saxlamaqla yanaşı öz ödədiyi vergilərlə dövlətə də fayda verməlidir. Biz dövlətdən hər şey istəyirik, amma qarşılığında nəyisə vermək istəmirik. Ölkədə vergidən yayınan kifayət qədər insanlar var. Hesab edirəm ki, günəmuzd işləyən hər kəs, o cümlədən də səyyar musiqiçilər vergi ödəməlidir. Onlar əgər öz ifaları ilə camaatı əyləndirib, onlara zövq verir, əvəzində isə pul qazanlar. Onlar qeyri-rəsmi olaraq heç bir məmura pul verməli deyil, qanuni şəkildə ödəmələrə cəlb edilməlidir. Bu da faktdır ki, səyyar musiqiçiliklə məşğul olan şəxslərdən müəyyən adamlar “şirinlik”, yer pulu tələb edirlər. Bu tələb kimlərinsə cibini doldurmaq məqsədilə edilirsə qanunsuzdur, amma onların gəlirlərinin müəyyən faizinin dövlət büdcəsinə yönəldilməsi qanuni olardı. Ümumiyyətlə, Avropada səyyar musiçilər də, başqa səyyar xidmət göstərənlər də qazanclarından vergi verirlər. Səyyar musiqiçilərin lisenziya əsasında fəaliyyət göstərməsi çox yaxşı olardı. Ona görə ki, onların ödədikləri vergi gələcəkdə pensiyaya çıxdıqda köməklərinə yetəcək. Bunlar ödəniş etməlidir ki, yaşlaşanda sosial müavinət ala bilsinlər, icbari tibbi sığorta ilə təmin olunsunlar. Bu onların özlərinə xeyirdir”.

A.X.Əbilovun sözlərinə görə, səyyar xidmət göstərənlər, günəmuzd işləyənlər və digərləri  vergi ödənişləri tələb olunanda etiraz edirlər, bu düzgün deyil. O hesab edir ki, dövlət qurumlarının səyyar musiqiçilər qarşısında qoyduqları tələb çox qanunidir, onlar lisenziya alıb, lisenziya əsasında fəaliyyət göstərməlidir. “Bu başqa məsələdir ki, gündəlik cüzi gəlir əldə edən adamlardan vergi ödənişi tələb etmək olar, yoxsa olmaz – bunu dövlət qurumları müəyyən etməlidir. Əgər səyyar musiqiçilərdən fəaliyyət göstərmələri üçün lisenziya tələb edilirsə, onda dövlət qurumları şəhərin ayrı-ayrı yerlərində onlar üçün xüsusi yerlər yaratsın. Mədəniyyət Nazirliyi, onun strukturu olan Bakı Şəhər Mədəniyyət Baş İdarəsi küçə musiqiçiləri üçün şərait yaratmalı, onlar üçün meydan-səhnələr düzəltməlidir. Bunu onlardan tələb etmək olar. Əgər küçə musiqiçiləri minimal əməkhaqqı həcmində qonorar almırlarsa, onda əməkhaqqı fondu yaradılsın və o fonddan onlara pul ödənilsin, sonra da həmin puldan vergi tələb edilsin. Ya da vergi güzəştlərinə gedilsin və ya qrantlar ayrılsın. Ona görə də heç kim inciməməlidir. Əgər sağlamsansa, işləyirsənsə vətəndaş olaraq vergini, sosial müavinətləri ödəməlisən. Eyni zamanda da əmək hüquqlarınla bağlı dövlət qurumları qarşısında tələblərin olmalıdır. Belə olarsa, kimsə sizdən şirinlik tələb etməz”- deyə A.X.Əbilov qeyd etdi.

İradə SARIYEVA,https://www.baki-xeber.com/sosial/141115.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir