Kinematoqrafçılar İttifaqının qanunsuz tikintisini Nəsimi İcra Hakimiyyəti sökdürdü?Aydın Xan Əbilov

Aydın Xan Əbilov: “Şəfiqə xanımın rəhbərlik etdiyi İttifaqın ofisinin qarşısında baş verən bu biabırçılıq artıq son hədd deməkdir”

img

Qanunsuz parklanma məsələsi cəmiyyəti də, dövləti də ciddi narahat edən məsələdir. Təəssüflər olsun ki, ya nəzarətsizlik üzündən, ya da kimlərincə himayəsi nəticəsində bəzi şəxslər qanunsuz parklanma işi ilə məşğul olur. Məlum olduğu kimi, Nəsimi rayonundakı qanunsuz parklanma yerinin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradıldığı məlum olub.

Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata görə, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Rəsmi məlumata görə, Bakıdakı qanunsuz parkinq xalq artisti  Şəfiqə Məmmədovanın ittifaqına məxsus imiş. Xalq artisti, mətbuata parkinqlə bağlı açıqlama vermək əvəzinə,  “Mən məşğulam, nə istəyirsiniz məndən, hər şeyi bilirəm, sakit olun” deyib. Kinematoqrafçılar İttifaqı kino ilə məşğul olmaq əvəzinə qanunsuz parklanma açıbmış.

  • “Yaradıcı qurumun adının belə məsələlərdə hallandırılması biabırçılıqdır”

Yeni Yazarlar və Sənətçilər Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov da bildirdi ki, əslində bu hadisə şəhər mərkəzində yox, ucqar bir yerdə olsaydı bu qədər ictimailəşməzdi. “Elə yerlər var ki, belə hallar geniş yayılıb, amma kənardadır deyə səs-küyə səbəb olmur. İnsafən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə problemlər mətbuat, sosial media tərəfindən işıqlandırılanda problemə çox ciddi yanaşır. Bəli, ölkəmizdə çox absurd hadisələr baş verir. Dövlət kinoya nə qədər vəsait ayırsa da, qrant versə də, Mədəniyyət Nazirliyinin kino şöbəsini dəstəkləsə də, bu sahəyə hər il milyonlarla pu ayrılsa da, ilk baxışdan kino var kimi görsənir, əslində isə yoxdur. Kino olmayan bir məmləkətdə kino ilə məşğul olan iki ictimai təşkilat mövcuddur. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və hazırda Rasim Balayevin rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı, eləcə də kino ilə bağlı digər ictimai təşkilatlar var. Nazirliyin kino şöbəsi də, Kino Agentliyi də fəaliyyət göstərir. Biz bu gün Azərbaycan kinosunu inkişaf vəziyyətində görmədiyimiz halda kino ilə məşğul olduqlarını deyənlərin adlarının müəyyən qalmaqallarda çəkildiyini müşahidə edirik. Həm də hər iki kino təşkilatı arasında ciddi qalmaqallar olduğunu sosial mediadan izləyirik. Keçmişdə Rüstəm İbrahimbəyovla Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi təşkilatların üz-üzə qoyulması prosesi baş verdi. Köhnə təşkilat Hökumət Evində böyük bir ərazi zəbt edirdi, təzə təşkilata da şəhərin mərkəzində yer verildi. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı adlı yeni təşkilat da heç bir işlə məşğul olmadı və heç nə ilə yadda qalmadı. Amma hər zaman bu kimi ictimai təşkilatların, kino ilə məşğul olanların, kinoprodüserlərin dövlətin ayırdığı maliyyəni “həzm-rabedən” keçirdiyi haqda şayiələr gəzir. Şəfiqə xanımın rəhbərlik etdiyi İttifaqın ofisinin qarşısında baş verən bu biabırçılıq artıq son hədd deməkdir.Təsəvvür edin ki, kino ekologiyanın, dünyanın qorunmasına, sivil inkişafa xidmət etməlidir. Amma bir yaradıcı ittifaqın öz rəhbərliyinin komfortunu təmin etmək üçün şəhər mərkəzində qədim ağacları kəsib yerində qanunsuz parklanma yeri düzəltməsi artıq heç ictimai tənqidə yer qoymayan bir hadisədir. Bu tipli hadisələri tənqid etmək, qınamaq lazımdır. Bunu hansısa biznes strukturu etsəydi gözlənilən idi. Necə ki, bu tez-tez baş verir və biz ictimai tənqidçilər də bunu ictimai qınağa gətiririk, informasiya resurslarında işıqlandırırıq, aidiyyəti qurumlar da məcbur olub hadisələrin qarşısını alır. Amma bədii-estetik məsələ ilə məşğul olan yaradıcı qurumun adının belə məsələlərdə hallandırılması biabırçılıqdır. Görsənən odur ki, dövlət qurumları və məmurlar ya öz yerlərində deyillər, ya da ki, bu cür məsələlərdə prinsipiallıq göstərmirlər. Tanınmış adamlar belə məşhurluqlarından istifadə edib qanunu pozmamalıdır, əksinə, qanuna əməl etməlidir ki, nümunə olsun”.

A.X.Əbilov deyir ki, indiki şəraitdə Bakının istidən, tozdan boğulduğu bir vaxtda bu kimi halların baş verməsi anormallıqdır.

İradə SARIYEVA –

https://www.baki-xeber.com/sosial/140607.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir