Ömrümüz – millətin ömrü! Tariximiz – xalqin tarixi. Sabir Zəkullaoglu yazır
Bu gün mənim üçün nədənsə çox darıxdırıcı bir gün oldu. Bu üzdən başımı qatımaq üçün internetə baş vurdum. Qarşıma gözəl bir muğam parçası çıxdı. Cənubi Azərbaycanlı qardaşlarımız bu muğamı çox gözəl ifa edirdilər. Qulaq asa – asa hiss etdim ki, bu muğam məni özümdən alıb aparır.
Zatən mən musiqi xəstəsiyəm. Xüsusilə muğam xəstəsi!
Səs gözəl, ifa gözəl, muğamda işlədilən şer parçası da gözəl, musiqi də ki elə bil insan ruhunun himnidir.
Buna necə uymayasan?
Bir anlığa bu sehirli aləmdən ayılıb, bizim mədəniyyətimizə, incəsənətimizə, elmimizə, sosial rifah halımıza nə qədər böyük zərbə vurduqlarınin fərqinə vardım.
Elə bil musiqinin zənginliyi məni ayıltdı ki, ayıl! Gör sənin əlindən nələri alıblar?! Gör səni nə günə qoyublar?! Sənin mənsub olduğun xalq, o xalqdır ki, musiqi haramdır deyib səni qaraguruha çağırış edən bir cəmiyyətin içində öz incəsənətini qoruyub saxlaya bilibsə, gör hələ azad düşüncənin hökm sürdüyü bir mühit olsaydı, bu xalq hansı xaluqələrə imza atmış olardı…
Rusla farsın bizim millətə vurduğu bu mənəvi, tarixi və siyasi zərbənin bizim milləti neçə illər, əsrlər geri atdığı haqda fikirləşdim.
Əgər bu rusla farsın üzərimizdə hakimliyi, genasidliyi, yalançı din birliyi, yalançı böyük qardaşlığı kimi hiyləgər, məkirli, məqsədli müansibəti olmasaydı Allah bilir bizim nə qədər talantli insanlarımız olardı.
Həyatın bütün sahələrində, istər incəsənətdə, istər siyasətdə, idmanda, dünya çapında tanınan onlarla, bəlkə də yüzlərlə insanlarımız yetişə bilərdi.
Regionda, nəinki regionda, hətta dünyada sözünü deyə bilən, dünya siyasətinə təsir göstərə bilən əlli milyonluq nüfuza sahib bir dövlətə çevrilə bilərdik.
Rusla fars bizim əlimizdən tariximizi aldılar, inkişafımızı aldılar. Agilli başlarımızı aldılar. Ya asdılar məscidlərin qarşısında, Allahdan, dindən danışaraq ən Allahsız, ən iyrənc üsullarla, ya da Sibirdə donuz otartdırıb, sürgünə məruz qoydular.
Mənim dini dünya görüşümü imansızlar, ədalətsizlər, irticaçılar, imperialistlər formalaşdırdılar.
Ən böyük din real gördüklərim, bildiklərim, müşahidə etdiklərim nəticəsində gəldiyim qənaətimdir.
Bu ədalətsizliyə Allahdan kömək istədikcə əzildiyimizin, kölə vəziyyətinə düşdüyümüzün, rəzilliyimizin şahidi oldum.
Bu arada onu da xüsusi qeyd etmək istəyirəm ki, kafir dediyimiz ruslar heç olmasa bizi təhsildən, öz doğma dilimizdə danışmaqdan məhrum etmədilər.
Molla başlar isə daha Allahsız davranıb bizi öz dilimizdə ana deməyi belə qadağa qoyub, öz məktəblərimizdə təhsil almağa imkan vermədilər.
Pis olan bu da deyil.
Daha pis olan odur ki, biz 21 – ci əsrdə, 22 – ci ildə hələ də buna səthi yanaşır, bu faktla barışır, ya İrana ibadət edirik, ya da Rusiyaya çiyələk və ya kartof satmaqla başımızı qatırıq .
Əlbəttə, burda hər kəsin boynuna heç olmasa düşünmək qədər məsuliyyət düşürsə dövlətin üzərinə böyük bir yük düşür.
Təəssüflər olsun ki, iqtisadi çətinlik üzündən çoxları bütün bunları bilsələr, dərk etsələr də məcburiyyətdən, bir tikə çörəyini, bizi parçalayıb, tariximizi, mənəviyyatımızı əlimizdən alan farsdan və ya ruşdan əldə etməkdədirlər.
Vaxt gedir. Gedən təkcə vaxt deyil. Ömrümüzdur. Millətin ömrü! Tariximizdir- millətin tarixi.
Çıxış yolu hər zaman var. Təhsil, savad, elm.
Ən azından düşünmək, təbliğat aparmaq, milli kimliyimizi, özümüzü tanımaq .
Ən böyük silah düşüncədir. Ən böyük ibadət millətinə, vətəninə, insanlığa xidmət etməkdir.

