Vüsal Quliyev dövlət qurumlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasında ictimai şuraların rolunu vurğulaıb
QHT-dövlət münasibətlərinə həsr olunmuş növbəti Respublika zona konfransı Qəbələdə keçirilib.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev konfransda çıxış edərək, müasir dövrdə qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prossesinin vacib institutlarından birinə çevrildiyini vurğulayıb.
O, dövlət orqanları ilə QHT sektorunun bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığının vətəndaş cəmiyyətinin inkişafı, ictimai iştirakçılığın təmin olunması, habelə milli maraqların qorunması üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. V.Quliyev QHT-dövlət münasibətlərində yeni mərhələnin başladığını bildirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə yeni yaradılmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinə və qarşısına qoyulmuş vəzifələrə diqqəti çəkib.
Səmərəli ictimai nəzarət mexanizmlərinin inkişaf etdirilməsinə toxunan V.Quliyev dövlət qurumlarının fəaliyyətində məhsuldarlığın, eləcə də şəffaflığın və hesabatlılığın artırılmasında ictimai şuraların əhəmiyyətli rolunu qeyd etdi. O, dövlət qurumlarında ictimai şuraların şəffaf və səmərəli fəaliyyətinin genişləndirilməsinin aktuallıq kəsb etdiyini vurğulayaraq, onlara müvafiq dəstəyin göstərilməsinin, eləcə də ictimai şuraların fəaliyyəti nəticəsində əldə olunan nəticələrin ümumiləşdirilməsini və ictimaiyyətə təqdim olunmasının zəruriliyini bildirdi.
Administrasiya rəsmisi: Azərbaycanda böyük QHT şəbəkəsi formalaşıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının təşkilini davam etdirir. Növbəti konfrans Şamaxı rayonunda keçirilib.
QHT.az xəbər verir ki, konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışaraq, onların fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkil olunmasının zəruriliyini vurğuladı. Qeyd etdi ki, bu gün Azərbaycanda böyük QHT şəbəkəsi formalaşıb və bu hərəkatın iştirakçıları müstəqil Azərbaycanımızın və xalqımızın mənafeyini hər şeydən üstün tutaraq dövlətimiz ətrafında sıx birləşiblər.
V.Quliyev əlavə etdi ki, vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir. Danılmaz faktdır ki, bu gün Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları öz mövcudluqları ilə ölkədə üçüncü sektorun təkmilləşməsinə öz töhfəsini verirlər. QHT-lər eyni zamanda problemlərin aktuallaşdırılmasında, ictimai müzakirələrin təşkilində böyük rol oynayırlar. Bu gün zona konfranslarının keçirilməsinin əsas məqsədi də QHT-lər və icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların birgə əməkdaşlığının təmin edilməsi və fəaliyyət istiqamətlərinin daha da genişlənməsidir. Həm QHT-lər, həm də ictimai şuralar vətəndaşlarla sıx əlaqədə olmalıdırlar.

