Mircavadın səssiz-səmirsiz ölən həyat yoldaşı. Mirmehdi Ağaoğlu. Mircavad Mircavadov – Ölümlə söhbət. Ülviyyə Heydərova

Kulis.az Mirmehdi Ağaoğlunun “Mircavad Mircavadovun səssiz-səmirsiz ölən həyat yoldaşı” yazısını təqdim edir.

Bu yaxında üzücü bir xəbər aldım. Eşitdim ki, Azərbaycanın gəlmiş-getmiş ən böyük rəssamlarından biri Mircavad Mircavadovun həyat yoldaşı Lyubov – Rübabə Mircavadova vəfat edib.

Daha doğrusu təxminən 7-8 ay əvvəl vəfat edibmiş, mən gec xəbər tutmuşam.

Xəbəri eşidəndə dostlarıma-doğmalarıma qarşı həmişəki biganəliyimə-səhlənkarlığıma görə özümü qınadım. Axı mən niyə bu müddət ərzində zəng edib onun halını soruşmurdum ki, indi də yad adamlar kimi təsadüf nəticəsində ölüm xəbərini öyrənirdim?

Özü də xəstə olduğunu, əllərindən-ayaqlarından şikayət etdiyini, demək olar ki, yeriyə bilmədiyini axırıncı dəfə danışanda da demişdi. Halbuki dəfələrlə zəng edib əhvalını soruşmaq istəmişdim. Sadəcə zəng vurmağa tərəddüd edirdim. Üstəlik ötən ilin avqust ayından sonra zəng etmək üçün ikinci bir səbəbim də yaranmışdı. Zəng vurub yeni doğulan oğlumun adını ərinin şərəfinə Mircavad qoyduğumu demək istəyirdim.

Ancaq Lyuba (xanım xitabından xoşu gəlməzdi) bir qədər qeyri-standart adam idi, qaydaları, qəlibləri sevməzdi, gözlənilməzdi, sözü birbaşa deyəndi. Bilmirdim bu qərarıma sevinərdi, yoxsa acığı tutardı. Bunun üçün də zəng vurmağı bir qədər gecikdirirdim.

Amma Mircavadın adını oğluma verməyimə acığı tutacağını da unamırdım. Əksinə bu ehtiramıma sevinərdi.

Axırı tilsimi qırıb bu yaxında ona zəng vurdum. Ancaq nömrəni yad adam götürdü və Lyubanı tanımadığını dedi… Elə ondan sonra da maraqlandım və bu kədərli xəbəri öyrəndim. Ki, səssiz-səmirsiz köçüb gedib bu dünyadan…

Lyuba ilə 2018-ci ildə, aktyor Elmin Bədəlovun vasitəsilə tanış olmuşdum. Elmin sağ olsun, Lyubanı dilə tutandan sonra müsahibə verməyə razılaşmışdı. Ona qədər isə bütün cəhdlərim boşa çıxmışdı. Beləcə ünsiyyətimiz yaranmışdı, sonra bir neçə dəfə də evində qonaq olmuşduq, bizim üçün gürzə bişirtdirmişdi. Daha əlləri işə yatmadığından xörəyi özü bişirmədiyinə görə də üzrhaqlıq eləmişdi. Milliyyətcə rus olmağına baxmayaraq Lyuba Azərbaycan, xüsusilə də Abşeron yeməklərini çox sevirdi. Zənnimcə əksər xüsusiyyətləri kimi bu məhəbbət də ona ərindən keçmişdi. Çünki Lyuba Mircavadın sevdiyi hər şeyi sevir, sevmədiklərinə nifrət edirdi. Maraqlı idi ki, bu dönməzlik ərinin vəfatından illər keçəndən sonra da tükənməmiş, əksinə rişə atıb daha da möhkəmlənmişdi. O səbəbdən idi ki, Lyuba ahıl çağında da çılğınlığını qoruyur, adətən bu yaşda adamların hər şeylə barışdığı dövrdə o sarsılmaz barışmazlıq nümayiş etdirir, status-kvoya, sistemə qarşı dönməzliyini ziyadəsiylə göstərirdi. Əvvəlcə müsahibəyə razılıq verməməsi də bu dönməzliyinin bir nümunəsi idi. Elə bilmişdi, ütülü, tərif dolu bir söhbət istəyəcəm ondan.

Lyuba ilə həmin müsahibə yadımdadır. Mən ona rahat olsun deyə, rusca danışmasını istəsəm də etiraz etmişdi, düzdü, aksent hiss olunsa da elə azərbaycanca, yüngül Bakı ləhcəsiylə danışmışdı müsahibə boyu. Hə, ərindən ona bir də Azərbaycan sevgisi keçmişdi, Azərbaycan mədəniyyətini, ədəbiyyatını o qədər mənimsəmişdi ki, rusluğundan əsər-əlamət qalmamışdı.

Mircavad haqqında sözlər su kimi axıb tökülmüşdü ağzından, o qədər coşqun danışmışdı ki, fikirlərini kəsib sual vermək istəməmişdim. Onun üçün də həmin müsahibəni Lyubanın dilindən, uzun bir monoloq kimi yazmışdım. Düzdür, Lyubanın dedikləri bəzi məqamları həmin müsahibəyə salmamışdım, heç o özü də əriylə bağlı bəzi səmimi, intim məqamların faş olmasını istəmədi. Lakin həmin məqamlar yaddaşımda öz təravətini qoruyub saxlayıb, yəqin nə vaxtsa hansısa yazıda özünü büruzə verəcək.

Müsahibə çıxandan sonra da Lyuba çox bəyənmişdi. Onun üçün də mənə portretlərindən birini hədiyyə eləmişdi. Altında da imzası – Rübabə. Bu adı ona Mircavad vermişdi. Əsərlərinin altına bu imzanı qoyurdu.

Lyuba Mircavadla tanış olana qədər də üsyankar idi. Ona bu üsyankarlığı atasından keçmişdi. Dediyinə görə atası Sovet hökumətini sevməyən, ona qarşı çıxan adam idi. Qızını da bu ruhda böyütmüşdü. Bəlkə elə Rəssamlar İttifaqında Mircavadın adını eşidəndən sonra onu axtarıb tapmaq istəyi də bu üsyankarlıq, asilik ruhundan doğulmuşdu.

Onda Lyubanın 16 yaşı olarmış. Rəssamlıqla maraqlanan qızcığaz ittifaqdakı tədbirlərdən birində eşidir ki, Mircavad adlı bir rəssam var, guşənişin olub çəkilib Buzovnanın kimsəsiz bağlarından birinə. Orada Sovet ideologiyasına uyğun gəlməyən, onun siyasətini, idillik kolxoz-sovxoz-zavod-fabrik həyatını təsvir etməyən, modernist Avropa rəssamlarının keçdikləri forma və cərəyanları özündə birləşdirən, miflərə söykənən tamam ayrı cür əsərlər yaradır. Abşeronun çöllərini, Qobustanı gəzib qədim Azərbaycanın təsviri sənətə aid irsini toplayır, divlərlə, ifritlərlə, cinlərlə qaynayıb-qarışaraq ilk baxışdan adamı vahiməyə salan, lakin al-əlvən, rəngarəng boya palitrası ilə tablonun qaranlıq bağrında Tanrı kimi işıqlı, al-əlvan dünya yaradaraq izləyicini sehrli nağıllar aləminə aparan əsərlər yaradır. Hələ bunlar azmış ki, sementdən, qumdan, dəmirdən, bitumdan istifadə edərək, bir qədər də Pasxa adasının insanabənzər fiqurlarını andıran, yerdən çıxmış kimi görünən nəhəng heykəllər yaradır.

Bu arayışdan sonra qızcığaz qərara gəlir ki, nəyin bahasına olursa-olsun gedib Mircavadı tapacaq. Dövrün rəssamlarının bir-birinə bənzəyən “trafaret” əsərlərindən fərqlənən tablolarını öz gözlərilə görəcək.

Və gəlib çıxır Sabunçuya. Orada karxanadan daş daşıyan yük maşınlarına qoşulub yollanır Buzovnaya.

Lyuba Mircavadı yuxularında gördüyü kimi, dəniz qırağında tapır. Beləcə heç vaxt sonlanmayacaq böyük qovuşma baş tutur, aralarında alovlu məhəbbət yaranır və bir müddət sonra izdivacla möhürlənir.

Lyubaya atasından irsən keçən üsyankarlığın üzərinə sonradan Mircavaddan öyrəndikləri əlavə oldu.

Mircavad heç vaxt sistemə boyun əymədi, Sovet İttifaqının rəsmi ideologiyasına tabe olmadı, ona nifrətlə yaşadı. Bu nifrətindən dolayı, yaradıcılığını çox sevdiyi Nazim Hikmət Bakıya gələndə onunla görüşdən imtina elədi, onun SSRİ-yə sığınmağını qəbul etmədiyi üçün.

Mircavad 1970-ci illərin axırına qədər Rəssamlar İttifaqına da üzv olmadı, öz yolunu tutub getdi. Azərbaycan rəngkarlığında özünün Abşeron məktəbini, davamçılarını yaratdı. Ancaq bütün bunlar ona min bir məhrumiyyət, aclıq, yoxsulluq bahasına başa gəldisə də bu yolda onu Lyuba heç vaxt tək qoymadı. Katoliklərin kəbinkəsmə mərasimində bəylə-gəlinin təkrar etdiyi vədi hərfi-hərfinə yaşadı: yoxsulluqda da, xəstəlikdə də onu tərk etmədi.

Hətta Mircavad Danimarkadakı sərgidən qayıdan zaman, qədim dərvişlər sayaq səfərdə öləndə yanında yenə Lyubaydı.

Baxmayaraq ki, aralarında 27 il yaş fərqi vardı, ancaq Lyuba bir sənətkar qadını kimi ona hər zaman dəstək oldu. Heç kəs Mircavadı başa düşməyəndə onu yalnız Lyuba anladı. Onun çörək qazanmaq naminə ideyalarından vaz keçməsinə razı olmadı. Məcbur etmədi ki, gedib kiməsə yaltaqlansın, boyun əysin. Tanıdığı-bildiyi, vurulduğu Mircavadın Mircavad kimi qalması üçün var qüvvəsi ilə çalışdı.

Bunun üçün ikinci övlad dünyaya gətirməkdən saqındı. Qorxdu ki, ailənin dolanışığı Mircavadı yolundan sapdırar. Bunları Lyuba özü etiraf etmişdi mənə, hətta zarafatından da qalmamış, Sovetlərin hamiləlik əleyhinə istehsal etdiyi vasitələri də ələ salıb gülmüşdü.

Lyuba Mircavadla birlikdə intihar etməyə belə hazır idi. Bunu da özü danışmışdı mənə. Deyirdi evdə bir qəpik də pul qalmayıbmış. Nəinki, kətan, boya almağa, heç çörək almağa belə qara qəpik yoxmuş. Mircavad çıxılmazlıqdan intihar etmək qərarına gəlir, Lyuba onu çəkindirir, deyir sən özünü öldürsən mən də öldürəcəm, qoy oğlumuz kimsəsiz böyüsün. Beləcə ərini sakitləşdirir. Bu vaxt televizorda məşhur sovet yazıçısı Çingiz Aytmatovun Bakıda olması xəbəri verilir. Mircavad da Çingizin yaradıcılığını qədim türk miflərinə, əfsanələrinə söykəndiyi üçün bəyənirmiş. Qərara alırlar ki, onunla görüşsünlər. Və Mircavad əsərlərinin surətini götürüb Lyuba ilə birlikdə onun görüşünə gedir.

Çingiz Mircavadın əsərlərini görüb valeh olur. Bir müddət sonra Moskvada onun sərgisinin keçirilməsini təşkil edir. Bir qədər yenidənqurma mühitinin, bir az da Çingizin nüfuzunun təsiri ilə Mircavadın üzünə illərdi bağlı qalan qapılar taybatay açılır. Şöhrəti dünyaya yayılır, sərgiləri təşkil olunur. Çingizin də vasitəsilə əsərləri məşhurların, o cümlədən Qabriel Qarsiya Markesin, Artur Miller kimi yazıçıların evlərini bəzəməyə başlayır. Mircavad haqqında sənədli filmlər hazırlanır…

Lakin bu gecikmiş şöhrət Mircavada lazım idimi? Xəstəlik şöhrətdən qabaq ayaq açmışdı onların yoxsul daxmasına, gözünün işığı çəkilmiş, psixologiyası pozulmuş, ürəyi zəifləmişdi.

Bunlar hamısı Mircavadın yazdığı, daha doğrusu Lyubanın əməyinin də cümlələr arasına hopması açıq-açığına hiss olunan, tərtibatına 5 il vaxt sərf etdiyi “Aytokua” adlı kitabda qeyd edilib. Nədən ki, Lyuba Mircavadın hətta uşaqlığı ilə bağlı (kitabda da yer alan) xatirələrini, hər bir detalını elə şövqlə, coşqun danışırdı ki, sanırdın bütün bunlar Lyubanın özünün başına gəlib.

“Aytokua” avtobioqrafik əsəri Mircavad dünyasını, onun şəxsiyyətini anlamaq üçün misilsiz əsərdir. Həmin əsərdə Mircavad deyir: necə ki, su ilə dolu stəkanın içinə bir damcı nəcis düşəndə o, içilməz olur, sənətkar xarakteri də bu cürdür. Özünü mütləq qorumalıdır! Səhv etmirəmsə “Aytokua”ın bir hissəsi doxsanıncı illərdə Səfər Alışarlının tərcüməsində çevrilib. Onu tam şəkildə çap etmək çox gözəl təşəbbüs olardı.

Lyubanın mənzili başdan-başa Mircavadın xatirələri ilə doluydu. Evin bütün divarları Mircavadın irihəcmli əsərləri idi, bu heç. Amma Lyuba ona aid ən xırda əşyaları, xatirələri belə saxlamışdı. Mənzil elə bilirdin muzeydir. Mircavadın nimdaş geyimləri, köhnə ayaqqabısı, rəsm çəkən zaman əlinin boyasını yaxdığı Sovetskidəki köhnə evinin divarının bir parçası, taxta qapısı, fotolar, yazılar, məktublar, kitablar. Lyuba Mircavada aid hər şeyi saxlamışdı.

Lyubanın yoxluğunda görəsən Mircavadın əmanətlərinin axırı nə olacaq? İtib batacaqmı, yoxsa böyük rəssamın ev muzeyi yaradılıb orada gələcək üçün mühafizə ediləcək? Bu suallar hələ ki, cavabsızdır.

Mircavad 1992-ci ildə vəfat elədi. Mən Lyubanı tanıyanda tək qalırdı. Deyəsən yeganə övladları Xəzri də uzun illərdi Danimarkada məskən salmışdı. Amma Lyubaya tək demək olmazdı. Bütün əşyaları ilə Mircavadı xatırladan mənzilin divarları arasında Lyuba ruhən də onunla idi. Özünün dediyi kimi hərdən onunla danışırdı da.

Hər sənətkara Mircavad kimi ömrünün axırına qədər qətiyyət göstərib güzəştsiz yaşamaq nəsib olmur. Mircavad Mircavadov yaradıcılığının dərinliyi, novatorluğu ilə yanaşı, həm də bu xüsusiyyəti ilə böyük idi. Çingiz Aytamovla söhbətlərindən birində qırğız yazıçı ona irad tutur ki, niyə elə eləmirsən ki, həm hökumətlə münasibətlərin normal getsin, həm də işlərin qaydasında olsun? Mircavadın cavabına baxın: “Mən guya axmağam, məgər bunu bilmirəm? Sadəcə həyat prinsiplərim sənin kimi yaşamağa imkan vermir”.

Mənə elə gəlir ki, Mircavadın belə dönməz, mətanətli, ideyalarasadiq yaşamasında onun ömür-gün yoldaşı Lyubanın danılmaz xidmətləri olmuşdu. Onun sayəsində Mircavad bu dönməzliyi, mətanəti, prinsipiallığı ömrünün axırına qədər qoruyub saxlaya bilmişdi. Birinci evliliyində yaşadığı məyusluğu ikincidə yaşamamışdı. Hər sənətkara belə qadın, həyat yoldaşı nəsib olmur və Lyubov-Rübabə Mircavadova da belə müstəsna qadınlardan idi.

Mircavad Mircavadov- Ölümlə söhbət

«…Yuxum ərşə çəkilib. Beynimə min cür fikir dolur. Yanıma gələn yoxdur. Hamı məni unudub, heç kimə lazım deyiləm. Yalnız arvadım – Allahın fağır və ən yazıq bəndəsi gecə-gündüz başımın üstünü kəsdirib məni ölümün cəngindən qoruyur.

Bir gün palatada Şeytan peyda olur və elə astanadaca onun dediyi ilk sözlər belə səslənir:

– Maşallah! Heç ölən adama oxşamırsan!

Tablolarımda min dəfə ölmüşəm, bircə dəfə ölməyə nə var?..»

Yuxarıda deyilənlər, rəssam Mircavadın yaşadığı anın sözlə təsviridir. «Ömrümdə birinci və yəqin ki, axırıncı dəfə, necə deyərlər «ədəbiyyata» əl atıram – bu, doğrudan da mənim işim deyil» – özünün etiraf etdiyi kimi ədəbiyyat onun işi olmasa da, lakin qələmə aldığı fikirləri yaratdığı əsərləri kimi dəyərli və əbədidir. Çünki o, kənardan cəhənnəm əzabı kimi görünən həyatından aldığı zövqü, dərin düşüncəsini, bir sözlə Mircavad ruhunu mükəmməl şəkildə sözlə çəkə bilib. Heyif ki, rəssamın fikirləri yalnız bircə dəfə söz halında özünü tanıtdı. Əlbəttə, söz və rəngə çevrilən ifadənin eyni beyindən paralel şəkildə dünyaya gəlməsi o qədər də yüksək nəticə vermir. Sadəcə, ona təəssüflənirsən ki, bu cür düşüncə tərzində olan insanlar yer üzünə nadir hallarda göndərilir.

Qəribədir, Mircavadın ilk və sonuncu dəfə yazdığı fikirləri nə qədər rəvan dildə ifadə olunsa da, onun rəng vasitəsilə gələn fikirlərini hər tamaşaçı olduğu kimi qavraya bilmir. Baxmayaraq ki, gördüyü dünyanı kompozisiya və rəng baxımından yüksək peşəkarlıqla təsvir edib. Odur ki, rəssam öz sağlığında yaratdıqlarının cəfasını, demək olar, ömrünün son illərinə kimi çəkməli oldu. İstedad, qeyri-adi yanaşma tərzi olan yerdə qısqanclığın yaranması təbii proses kimi qəbul edilsə də, rəssamın sağlığında sevilməməsinin əsas səbəblərindən biri yaşadığı rejim idi. O, sovet ideologiyasını qəbul etmədiyindən əsərlərinin böyük qismi Kommunist Partiyasının yaratdığı ölkənin güzgüsü rolunu oynayırdı və rejimə qarşı heç bir kompromisə getməyən rəssam həmin dövrdə acınacaqlı həyat tərzini sürməli oldu. «Mən xoşbəxt adam olmuşam. Bu gərdişə də bir gün gəlib çıxmalı idim. Taleyin işidir. Başlıcası odur ki, heç zaman vicdanıma xəyanət etməmişəm. Etmərəm də! Necə istəmişəmsə, elə də yaşamışam. Allahın yaratdığı nə varsa hamısını sevə-sevə demək olar ki, bütün ömrümü təbiətin qoynunda keçirmişəm. Günəşin alovunu içə-içə rənglərin alovunu kətana köçürmüşəm. Ürəyimin, ruhumun enerjisini rənglərə qatıb neçə-neçə tablolar yaratmışam; o enerji indi də tamaşaçı əzmini üstələyə bilir. Ancaq kimə lazımdır onlar?..» Rəssamın gördüyü «dünya»nı Sovet dönəmində yalnız onu sevənlər dəyərləndirə bilərdilər. Bu auditoriyanın sayı nə yazıq ki, o qədər də çox deyildi.

Ən təəssüf doğuran hal insanı anlaya-anlaya onu inkar edilməsidir. Bu isə bütün dövrlərdə mövcud olduğundan təəccüblənməyə dəyməz. «Qədim əcdadlarımız bizə iki, bəzən yeddi, doqquzdan da çox dünyadan xəbər verib gediblər. Bu haqda bütün xalqların dastanlarında deyilir; bunu Şərqin şairləri də söyləyirdi. Bunu Rable də, Svift də deyirdi, müasir rəssamların əsərləri də bunu etiraf edir; fiziki və metafiziki dünya. Ancaq rəsmlərimi başa düşmək istəmirlər. Ən dəhşətlisi də budur ki, istəmirlər! İnsanlar xəstədir, onlara pəhriz yeməyi, incəsənət horrası lazımdır ki, boğazdan rahat keçsin. Onlar özləri-özlərini başa düşmürlər, dünyanı necə anlasınlar?..» Həqiqətən də, insan çox mürəkkəb bir varlıqdı. Bəzən eyni ailədə dünyaya gələn, eyni tərbiyə və savadı alan övladların həyata baxışı müxtəlif olur. Görünür, Allah da yaradıcı insanlar kimi həmişə axtarışdadır. Bu baxımdan, Mircavadın, qardaşı Tofiq Cavadovla nəinki fikir ayrılığı, hətta yaradıcılıqlarında üslub baxımından bir-birilərindən fərqlənməsi söylədiyimiz fikri təstiqləyir. Ümumiyyətlə, Mircavadın öz dövründə həmfikirlərinin olmasına baxmayaraq, o, öz dünyasında tək idi. Hətta yaxın qohumu Rasim Babayevin rəngkarlıq nümunələrində Mircavadın yaradıcılığına xas olan müəəyən məqamlar olsa da, əsərlərə diqqətlə baxanda həm mövzu, həm də texnika baxımından fərqlilik açıq-aydın sezilir. Məsələn, Rasim Babayev əsərlərində yumşaq yaxmadan istifadə edirdisə, Mircavad əksinə, sərt yaxmaya üstünlük verirdi. Bu da Mircavadın mövzuya daha sərt yanaşmasından irəli gəlirdi. O, sanki əsərləri ilə mübarizəyə qalxırdı. Rejimin bütün eybəcərliyini çılpaqlığı ilə təsvir edib tamaşaçısının deyil, məhz Zamanın ixtiyarına buraxırdı. Əlbəttə, indi söylənilən fikirlərlə razılaşmayanlar tapıla bilər. Amma unutmayaq ki, fikirlər insanlar kimi müxtəlif olur.

Mircavadın əsərlərilə, onun həyat tərzi ilə daha yaxından tanış olanda məni həmişə bir sual maraqlandırır. Rənglər vasitəsilə miflərə, qədim mədəniyyətə, bir sözlə, kökə bu qədər bağlılığa səbəb nədir? Özünü hansısa dünyada görmək, yoxsa…? Məkan etibarilə götürəndə Abşeronda o qədər rəssamlar var ki, amma onların heç biri Mircavad qədər «qədim», «ulu» deyillər. O, sanki hansısa dünyaların gen yaddaşını öz beynində gəzdirirdi. «Bu həyatdan kənarda həyat varmı? Ağılla idarə olunan, yaxud hər hansı bir başqa formada təzahür tapmış dünya da varmı? Ümumiyyətlə, başqa dünyalar da mövcuddurmu? Həyatda hər şey nisbidir. Görə bildiyimiz və görə bilmədiyimiz dünya. Bəlkə də biz ölümümüzdən sonra bu dünyaya qayıdırıq və hərdən bizə elə gəlir ki, öz iradəmizin əksinə hərəkət edirik, amma yaddaşımız bizi idarə edir, istiqamətləndirir…» – bunu rəssam yazırdı.

Qeyd edək ki, Mircavad mükəmməl təhsilini rəssamlıq məktəbində deyil, oxuduğu kitablardan, tanış olduğu, maraqlandığı mədəniyyət nümunələrindən, bir sözlə, istədiyi tərzdə alıb. O, sözün həqiqi və məcazi mənasında azad idi və Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini doqquz ilə bitirməsi, sonradan dostları ilə Leninqrada gedib təhsilini davam etdirməməsi də onun sərbəstliyindən irəli gəlirdi. «Sezann əlimdən tutub məni böyük sənətə doğru aparırdı. Onun sistemində yaxşı təşkil olunmuş rəng, forma və məkan münasibətləri tapmışdım. Analitik üslubda o, dünyanın rəsm mühitini reallaşdırırdı; yox, o, materiyanı əşyalaşdırmırdı. O, materiyaya nəfəs verirdi,  canlandırırdı, onun quruluşunu açaraq bayağı əşyaçılıq anlayışından yuxarıda saxlaya bilirdi…» Təbii ki, rəssama olan rəğbət Mircavadı Ermitaja gətirib çıxardı və o dövrdə impressionistlərin əsərlərinin nümayişinə qadağa qoyulduğundan bakılı gənc şantaja əl atdı. O, muzeyin direktorunu ölümlə hədələyib, nəhayətdə Sezannın əsərlərinin orijinalı ilə daha yaxından tanış oldu. Bu inadkarlıq nəticəsində gənc rəssam Sezann varlığını tamamilə mənimsəsə də, onu özününküləşdirmədi. Çünki Mircavadın dünyası rəngarəng  olduğundan təbii ki, yalnız Sezannla kifayətlənməyəcəkdi. O, Afrika heykəltəraşlığını, Sibir maskalarını, şaman ayinlərini, Birmanın üç metr hündürlüyündə rəngli, müxtəlif Allahların rəmzi olan müqəvvalarını, İran, Hindistan, İndoneziya rəssamlıq məktəbinin nümunələri ilə, bir sözlə, dünya incəsənəti ilə yaxından bələd olandan sonra Bakıya dönüb on il Buzovnanın istisində, küləyində, yağışında, qarında dayanmadan işlədi. Özünün qeyd etdiyi kimi Avropa mədəniyyətinin quru cılızlığı onu təmin etmədiyindən yaratdıqlarını yavaş-yavaş məhv etməyə başladı. «Həmin vaxtlar artıq xeyli babat əsərim var idi ki, onlar da alovdan can qurtara bilmədi. Səbəbi özümə aydın idi: fəth olunmuş zirvə ilə kifayətlənməmək. Tam mükəmməllik qətiyyəti, bir sözlə, maksimalizm. Hər halda onları məhv etdiyimə görə təəssüflənmirəm. Məni təəssüfləndirən onlar yox, bir az başqa üslubda yaratdığım əsərlərin məhvidir ki, o haqda söhbət irəlidədir…». Buzovnadakı bağın sahibi sovet siyasi ideologiyasının təbliğatçısı olduğundan Mircavadı evdən uzaqlaşdırmaya bilməzdi. Bu isə rəssamın böyük taxtalar üzərində müxtəlif vasitələrlə hazırladığı mücərrəd sənət nümunələrinin böyük qisminin köç zamanı tələf olması, müəəyyən hissəsinin imkansızlıq üzündən torpağa gömülməsi ilə nəticələndi. Torpağın altında qorunan əsərlərin xəritəsi rəssam tərəfindən tərtib olunsa da, bir müddət keçəndən sonra kağız parçası da itir və beləliklə, bir neçə qiymətsiz monumental əsərlər torpağın altında «əsirə» çevrilirlər. O əsərlər indi də Buzovna torpağında hansısa imarətlərin yaxud da daxmaların, bəlkə də ağacların altında «yaşamaqdadır».

Neçə yüz illiklər, bəlkə də min illiklər keçəndən sonra Buzovnada arxeoloji qazıntılar zamanı Mircavadın yaratdıqları üzə çıxanda, görəsən, insanlar onu hansı əsrin nümunəsi kimi qəbul edəcəklər?

Çünki Mircavad bütün zamanları özündə birləşdirə bilən sənətkarlardan idi. Bayaq da qeyd etdiyimiz kimi onun rəngkarlıq əsərlərinə baxanda düşünürsən ki, o, hansısa Zamandan, dünyadan ayrılıb gəlmiş bir varlıqdır. Dünyanın insanlara məlum olmayan məqamları sanki Mircavadın ruhunda, yaddaşında üzə çıxırdı. Bu yaddaş sahibinin yaşadığı real dünya isə rəssamın üzünə yalnız ömrünün son illərində xoş baxdı. Böyük qırğız yazıçısı Çingiz Aytmatovla Bakıda görüşü onun yaradıcılığının tanınması və dəyərləndirilməsində böyük rol oynadı. Bu məqamda rəssamın əsərlərini vaxtında qiymətləndirən və onu geniş ictimaiyyətə tanıtmasında bəlli işlər görən Xalq Yazıçısı Anarın əvəzsiz xidmətini qeyd etməmək günah olardı.

Sovet sisteminin buzu yavaş-yavaş əridikcə rəssamın əsərləri də dünya işığına çıxırdı. Təşkil olunan fərdi sərgilər təbii ki, onun həyatının rifahına və ən əsası sənətinin nümayişinə gətirib çıxarırdı. Lakin bu da çox uzun sürmədi, sanki beynində dolaşdığı hansısa dünya və ya zaman ondan intiqam alırdı. Bu isə rəssamın beyninin getdikcə çürüməsinə səbəb olurdu. Əlbəttə, bütün bu ağrılarla rəssamla bərabər onun ömür-gün, sənət yoldaşı Lyubov Mircavadova da mübarizə aparırdı. Ümumiyyətlə, Mircavadın həyatının ən çətin günlərində həyat yoldaşı ona böyük dayaq olub. Həyatın çətin sınaqlarından çıxan hər iki rəssam Avropaya üz tutub ölümlə «dil tapmağa» çalışsalar da, alın yazısını dəyişmək mümkün deyildi. Kopenhagen – Moskva qatarında dünyasını dəyişən Mircavad çətinliklərlə Bakıya gətirilib səssiz-səmirsiz torpağa tapşırıldı. Qəribədir ki, həyatdan nakam getmiş rəssam qardaşı Tofiq Cavadov da Moskva qatarında relysin altına düşüb həlak olmuşdu. Həyatda, yaradıcılıqda fərqlənən qardaşların son məqamlarının oxşarlığının görəsən, bir izahı varmı?

«…Rəssama uzun ömür lazımdır – bu isə absurddur. Çünki rəssam hər əsəri ilə öz ömrünü xırıd edir. Rəssam öz ömrünü xərcləyə-xərcləyə öz rəsmlərində yaşamağa başlayır. Özü yana-yana ətrafa işıq saçır…» – Mircavad bu cür düşünürdü və Azərbaycan da daxil olmaqla dünyanın bir çox məkanlarında onun əsərləri tamaşçısını həmişəki kimi düşündürməkdədir.

Ülviyyə Heydərova

Pəncərə mədəniyyətə baxış: jurnal.- 2010.- №23.- S. 25-31

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir