“Kino dili ilə erməni yalanlarını həqiqətə çevirmək istəyən Ermənistanın müxtəlif sənətçiləri…” – Yazıçı-kulturoloq Aydın Xan Əbilov
Ermənilər Şuşanın tarixini təhrif edən növbəti film çəkiblər. Məryəm Yeqoryanın “Şuşa. Amin” filmi İrəvandakı Kino Evində təqdim edilib. Bu, “Ermənilərin şərq hüdudları: artsax” seriyasından 6-cı film sayılır. Film seriyalarını Ruben Qriqoryan çəkib, onun ölümündən sonra isə Yeqoryan davam etdirib.
Filmdəki kadrlar 44 günlük savaşdan öncə lentə alınıb. Ermənilər bu filmdə də Şuşa və ümumilikdə Qarabağ tarixini saxtalaşdırıb, özününküləşdirməyə çalışıblar, erməni “arxitekturası”, guya orta əsrlərə aid erməni “tarixi tikililəri”ndən danışıblar. Erməni yalanını həyasızcasına davam etdirən “filmdə” guya Şuşanı sovet hakimiyyətinin Azərbaycana verdiyi haqda cəfəngiyyatı da səsləndirilib.
Şuşada heç vaxt ermənilərin yaşamadığı, ermənilərin Qarabağa köçürülməsinin 150-ci ildönümü ilə bağlı ermənilərin özünün 1978-ci ildə Qarabağda abidə ucaltdıqlarını “unudan” ermənilər torpaq iddialarını, işğal niyyətlərini bütün dünyaya yaymağı dayandırmırlar. Bu filmi də dünyada təbliğ etmək üçün artıq planlar cızılıb.
Təqdimatda növbəti filmin Xudavəng monastrından bəhs edəcəyi də qeyd edilib. Ermənilər bu qədim alban məbədinə də iddia edirlər.
Bununla bağlı Herbiand.az-a danışan Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, Azərbaycanın 3 yerə – Cənub, Şimal, Qərbi Azərbaycana bölünməsilə başlayan, torpaqlarımıza qarşı bizi sevməyən millətlərin böyük imperiyaları və onların əldə qayırma dövlət, millət yaratdıqları indiki Qərbi Azərbaycan torpaqlarında özlərini hay adlandıran, amma bizim erməni adı verdiyimiz bu toplum sözsüz ki, məğlubiyyətlə razılaşmayacaqdı:
“İstər 30 illik işğal dövründə, istərsə də 44 günlük möhtəşəm qələbələrlə bizim xeyrimizə sonlanmış 2-ci Qarabağ müharibəsilə bağlı ideoloji, informasiya savaşı və estetik, mədəni, kulturoloji təsirlər baxımından əndrəbadi layihələrin oraya qoyulması gözlənilirdi. Baxın, kino dili ilə erməni yalanlarını həqiqətə çevirmək istəyən Ermənistanın müxtəlif sənətçiləri diasporanın pulundan gen-bol istifadə edərək müxtəlif erməni fondlarından pulları çəkmək üçün sənədli, bədii filmlər adı altında videofilmlər hazırlayıb erməni cəmiyyətini çaşdırmaqla məşğuldurlar. Bu filmlərdə ekspertlər guya Ermənistanın qədim dövlət olmasını sübut edirlər. Eyni zamanda, Qarabağın onların dili ilə desək Artsaxın azərbaycanlılar tərəfindən mədəniyyətləri və tarixilərinin saxtalaşdırılmasıyla bağlı çox məzmunsuz, mənasız iddialarla çıxış edirlər. Biz Qarabağ müharibəsindəki möhtəşəm qələbədən sonra istər xaricdə yaşayan erməni diaspora və fondlarının, istərsə də Ermənistanda və Rusiyada yaşayan erməni əsilli dırnaqarası böyük sənətçilərin estetik kulturoloji cəbhə açıb Azərbaycana hücum etməsini gözləyirdik. Əvvəlcə onlar bir müddət istədilər ki, Azərbaycanda, Qarabağda və Şuşada dağıdılan erməni kilsələri və mədəni-tarixi abidələri haqqında UNESCO-da sabotaj yaratsınlar. Bu alınmayanda və Azərbaycan tərəfinin məntiqli sübutu və eyni zamanda sənədlərlə təqdim etdiyi dəlillər qarşısında geri çəkilərək məğlub olandan sonra onlar artıq erməni nağıllarının yeni forması sayılan kino diliylə, audiovizual sənət nümunələri vasitəsilə dənizdən-dənizə öz Böyük Ermənistan rəvayətini gerçək hadisələr fonunda erməni gənclərinə, xaricdə yaşayan erməni diaspora nümayəndələrinə, o cümlədən də dünya ictimaiyyətinə çatdırmaq istədilər”.
Yazıçı-kulturoloq deyib ki, bu addımı atan ermənilərə cavab vermək üçün Azərbaycan Mədəniyyət Nazirliyinin nəznində xüsusi mütəxəssilər və ekspertlərdən ibarət bədii ekspert şurası yaradılmalıdır:
“Nəinki, Ermənistandakı bu tipli hadisələr, o cümlədən qonşu ölkələrdə Azərbaycana qarşı kreativ kulturoloji hücumlar, aksiyalar, kampaniyalar təşkil edilən zaman, sosial mediada, internetdə müxtəlif provakasiyalı tədbirlər aparılan zaman mütləq onlara intellektual, dünya estetik və mədəni texnologiyalar çərçivəsində cavab vermək vacibdir. Ermənilərin çəkdiyi bu film hələ böyük ekranlara çıxmayıb. Amma bildiyiniz kimi, ondan əvvəl də Rusiya, Fransa, Kanadanın iştirakıyla ermənilər müxtəlif filmlər çəkmişdilər. O filmləri festivallara aparmağa çalışırdılar. Bizim bir çox ictimai-mədəni xadimlərin, dövlət qurumlarının səyi nəticəsində onların bu təxribatlarına cavablar verilmişdi. Amma artıq bunlar sakit, mədəni surətdə yenə də Azərbaycana qarşı apardıqları şər-böhtan kampaniyasını kino diliylə dünyaya çatdırmağa çalışırlar. Əlbəttə, indi artıq o dövr deyil. İnsanlar onlayn və oflayn formada Qarabağda müharibə gedən zaman ermənilərin yalan, saxta addımlarının şahidi olmuşdular. Yadınızdadırsa Kəlbəcər və digər yerlərdə qədim Alban kilsələrinin üzərində yazıları pozub yerinə erməni xaç və yazılarını müxtəlif kimyəvi məhlullarla işləyib daşlara həkk edərək guya ki, qədimi yazılar formasında həmin Alban kilsələrinə vurulması faktları artıq göz qabağındadır. Dünya, UNESCO-nun ekspertləri, xarici nüfuzlu mədəniyyət xadimlərinin bundan xəbərləri var. Eyni zamanda, Azərbaycanın Qarabağda, Şuşada keçirtdiyi və abidələrin qorunmasıyla bağlı beynəlxalq tədbirlər, forumlar, Xarıbulbul festivalı, Vaqif poeziya festivalı və digər bu tipli kreativ tədbirlər bir daha nümayiş etdirir ki, ölkəmiz Qarabağda və ümumiyyətlə qonşularına qarşı aqressiya, müharibə yox, məhz yaratmaq və qurmaq, incəsənəti və mədəniyyəti inkişaf etdirməklə estetik dildə xalqları birləşdirməyə çalışır. O cümlədən də Qarabağda, Xankəndində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır”.
Aydın Xan Əbilovun sözlərinə görə, Azərbaycan dövləti və vətəndaşları onların dilləri, mədəniyyətləri, dinləri və inanclarına hörmət və qayğı göstərməyə hazırdır. Amma ermənilər bu cür təhrikedici kampaniyalar, dırnaqarası sənət əsərləriylə Azərbaycana qarşı apardıqları mübarizədən imtina etməlidirlər:
“Biz Azərbaycan ictimaiyyəti, mədəniyyət adamları olaraq Ermənistan cəmiyyətinə müraciət edirik. Biz uduzan tərəf deyilik. Sanki siz Azərbaycanın yerinə 44 günlük möhtəşəm qələbə çalmısız. Sanki 10 minə yaxın erməni gənci Qarabağda mənasız bir münaqişəyə cəlb edilib Azərbaycanın dövlət müstəqilliyi və torpaqlarının bütövlüyü uğrunda vuruşan igidlərin əli vasitəsilə məhv edilmədi. Sanki sizin onminlərlə əlil, yaralı, veteran erməni gənci kimi bir bəlanız yoxdur. Bunu təkrarmı istəyirsiniz? Əgər bunu yenə istəmirsinizsə bu cür insanlara qarşı erməni cəmiyyəti yox deməlidir. Onlar lənətlənməli, ifşa edilməli, ictimai-mədəni qınağa çəkilməlidirlər. İnanıram ki, Şuşa və Xudavəng monastrı haqqında növbəti film çəkən insanlara elə erməni tamaşaçıları, ictimaiyyəti, sağlam erməni vətəndaşları yox deyəcək. Bu tip filmlər onsuz da Youtube kanalında yerləşdiriləndə baxış sayı çox az olur. Böyük ekranlara ümumiyyətlə çıxmır. Düşünürəm ki, belə təxribatları biz UNESCO-da və beynəlxalq tədbirlərdə ifşa etməliyik, tənqid hədəfinə gətirməliyik. Beynəlxalq ictimai, mədəni camiə belə hallara qarşı öz kəskin mövqeyini ortaya qoysun ki, ermənilər bir daha bu cür addım atmağa səy göstərməsinlər”.
Bəxtiyar CƏFƏRLİ,https://herbiand.az/post.php?id=29324

