“Gümüş, qızıl toyların keçirilməsi çox gözəl ənənə idi!” VCA və YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovun açıqlaması
“Azərbaycan milli mental dəyərlərində yubileylərlə bağlı məsələlər o qədər də əhəmiyyətli hadisə kimi qəbul edilmir. Hətta yadıma gəlir ki, keçmişdə biz ad günlərini belə təmtəraqlı qeyd etmirdik. Çünki Şərq, Azərbaycan düşüncəsinə, həyat fəlsəfəsinə görə yaşanan hər bir hadisə artıq tarixdir”.
Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.
Onun sözlərinə görə, ona qayıtmaq, onu təkrarlamaq, yenidən dirçəltmək yox, məhz qabağa baxıb, irəliyə getmək lazımdır: “Məhz nağıllarımızda da bu var. Nağıllarında belə bir fikir var ki, arxaya baxma, arxaya baxan daşa dönər. Bu Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının yeniliyə, innovasiyaya, hər cürə inkişafa açıq bir millət olduğunu sübut edir. Məhz bu baxımdan bunun müsbət və mənfi tərəfləri var. Mənfi tərəflərindən biri odur ki, bizdə arxiv mədəniyyəti yoxdur. Bizdə keçmişə qayğı çox az olub. Baxmayaraq ki, biz gündəlik həyatamızı yaşamışıq. Yəni yaşlı adamlara, qadına hörmət kimi dəyərlər əslində həm də keçmişə hörmət kimi qəbul edilir. Eyni zamanda Vətənə, elə, doğma yurda, ocağa daim sadiq olmaq da o ənənənin davamı kimi qəbul olunur. Amma hər hansı bir hadisənin tarixini qeyd etmək, ad günülərini təmtəraqlı qeyd etmək Azərbaycanda qəbul edilmirdi.
Yubileylərlə bağlı daha çox SSRİ-nin vaxtında bir ideologiya olaraq qəbul edilməyə başalanıldı. Təmtəraqlı məclislərin təşkil edilməsi, yubiley hədiyyələrinin verilməsi, ad günlərinin təmtəraqlı keçirilməsi bu tipli hadisələrə böyük diqqət ayrılması əlbəttə ki, son 100 ilin hadisəsidir. Çünki ondan əvvəl buna iqtisadi vəziyyət də imkan vermirdi. Bizdə daha çox dini bayramlar və günlər qeyd edilirdi. Sovet vaxtında isə toyların və digər məişət hadisələrinin təmtəraqlı keçirilməsində, insanların rəsmi ideologiyaya qarşı bir mübarizəsi kimi də qəbul edilirdi. Yəni insanlar artıq iclaslarda, may və noyabr nümayişlərində iştirak etməkdən yorulmuşdular.
Daha sonra isə toyların 10 illiyi və daha çoxu, artıq 30, 50 ondan artıq toy günlərinin qeyd edilməsi kimi ənənələr yaranmağa başladı. Bildiyimiz kimi hətta briliant toy da var. Yəni 50 ildən artıq kiminsə nikahı duruş gətirirsə, bu tarixi qeyd edir və buna briliant toy deyirdilər. Amma daha çox gümüş toy qeyd olunur ki, bu da 30 ildə yanılmıramsa baş verən hadisə kimi qəbul edilirdi. 50 il isə qızıl toy kimi keçirilirdi. Bununla bağlı keçmişlərdə çox təmtəraqlı məclislər qurulurdu. Hətta o məclislərin bir çoxları bəlkə də həmin insanların öz toyundan da daha təmtəraqalı olurdu. Bu da övladlarının, yaxınlarının, doğmalarının, həmin insanlara qayğısı, hörməti, diqqət və sevgisinin təzahürü kimi qəbul edilirdi. Məncə burada mənfi nəyisə axtarmaq olmaz. Çünki bu həqiqətən də gözəl bir ənənə idi. Bu yaşlı insanlara bir münasibətin etikası idi. Eyni zamanda yaşlı insanlara bir qayğı və diqqətin təzahürü kimi qəbul edilməlidir. Məhz ailə dəyərlərinin qırılmaması üçün bu tipli tədbirlərin keçirilməsi əlbəttə çox gözəl bir ənənədir. Sadələşdirilmiş formada bu cür tədbirlər hələ də keçirilsə yaxşı olar. Düzdür, bu tipli tədbirləri olduğundan daha təmtəraqlı pul yığmaq üçün keçirirlər. Bu təbii ki, düzgün deyil. Bu kimi tədbirlər, məclisləri bütün ailəni bir yerə yığmaq üçün keçirmək lazımdır”.
Səbinə Hüseynli, https://sia.az/az/news/social/958529.html

